Mədəni irsimizə
qarşı soyqırımı...
Ermənistan cavab verməlidir!
2020-ci ildə baş vermiş Vətən müharibəsi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızla yanaşı tarixi, mədəni abidələrimizi də azadlığa qovuşdurdu. Ötən dövr ərzində Azərbaycanın tarixi keçmişinə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib. Tarixi Azərbaycan topaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb. Azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb. Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycan mədəniyyətinə qarşı soyqırımı aktı törədib. Təəssüf ki, fəaliyyətini humanitar siyasət üzərində quran bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrini yerlə-yeksan etməsinə susqunluq nümayiş etdirir, bu günə qədər həmin məsələyə münasibət bildirməyib: “Ermənistanda monoetnik dövlət yaradılandan bəri təkcə həmin torpaqlardan azərbaycanlılar köçürülməyib. Eyni zamanda, İslam dini ilə bağlı müqəddəs abidələrimiz, məscidlər, mədrəsələrin əksəriyyəti imkan düşdükcə ermənilər tərəfindən dağıdılıb. İrəvan şəhəri daxil olmaqla, Qərbi Azərbaycan torpaqlarında kifayət qədər dini-tarixi abidələr var idi. Onlar bununla da kifayətlənmədilər. Saxtakarlığa əl ataraq həmin torpaqlarda olan alban abidələrini erməniləşdirməyə başladılar. Alban abidələri ermənilərin qədim tarixi kimi təqdim edildi. Lakin bu, əbədi ola bilməzdi. Ancaq işğalçı ölkəyə elə gəlirdi ki, işğal etdikləri Azərbaycan ərazilərində havadarlarının köməyi ilə əbədi məskən salacaqlar. Bundan istifadə edib mədəni abidələrimizi yer üzərindən silmək istəyirdilər”.
Hüquq müdafiəçisi Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 1990-cı illərdən sonra geniş vüsət aldığını, işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparıldığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı erməni faşizmi məqsədyönlü dövlət siyasəti aparıb: “Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan ordusu Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv edib. Bunu faktlar da təsdiqləyir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 min 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalıb”.
Komitə sədri Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlər, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin gördüklərindən dəhşətə gəldiyini vurğulayıb. Bununla yanaşı, İrəvanda Azərbaycan irsi dağıdılmış, toponimlərimiz məhv edilmiş, Azərbaycana məxsus mədəniyyət abidələri ya yerlə-yeksan edilmiş, ya da erməniləşdirilmişdir. Ç.Qənizadə deyib ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi dövründə erməni faşistləri Azərbaycan xalqına qarşı hansı soyqırımı həyata keçiribsə, onun mədəni-dini abidələrini necə məhv edibsə, İrəvandakı, Zəngəzurdakı tarixi abidələrə qarşı da eyni vəhşiliyi törədiblər. “Xalqımıza məxsus olan və salamat qalmış müəyyən abidələri isə ermənilər azərbaycanlıları 1948-1953-cü illərdə deportasiya edərkən dağıdıblar. 1980-ci illərin ortalarında azərbaycanlılar İrəvandan köçürüləndən sonra yer adları, şəhər-kənd, dağ adları birmənalı olaraq erməniləşdirilib. Bu gün hansı şəhərə, kəndə baxırsan, onun əvvəlki adı Azərbaycana məxsus olub, lakin sonradan erməniləşdirilib. Düşmən o qədər həyasızlaşmışdı ki, hətta qədim Azərbaycan ərazisi olan Zəngəzurun, Ağdamın, Füzulinin də adını dəyişmişdi”, -deyə Ç.Qənizadə əlavə edib.
Komitə sədri onu da bildirib ki, İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə ermənilərin bütün arzularını ürəyində qoydu: “Artıq bütün dünya erməni vandallığının şahididir. Söz yox ki, dövlətimiz, həmçinin Heydər Əliyev Fondu ermənilərin dağıtdıqları tarixi-mədəni abidələri bərpa edir, adları dəyişdirilmiş rayonlarımızın, eləcə də yaşayış məntəqələrimizin əvvəlki adları bərpa olunub. Buna baxmayaraq, beynəlxalq təşkilatlar Ermənistanın tarixi-mədəni abidələrə qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə ?atdırılması” istiqaməti üzrə hazırlanmışdır
P.İSMAYILOV
Yeni Azərbaycan.- 2022.- 20 avqust.- S.4.