Füzuli və Cəbrayılın
işğalından 29 il ötmür...
Bu gün Azərbaycanın tarixinə iki rayonumuzun işğalı günü kimi yazılıb. Nə qədər ağrılı, acılı olsa da, tarixdə törədilən cinayətkarlıq halları unudulmamalıdır. 1993-cü ilin 23 avqustu - Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi...
Cəbrayılın işğalı
180 nəfər həlak oldu
Cəbrayıl rayonu Ermənistan tərəfindən 23 avqust 1993-cü ildə işğal olunub. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl zəngin yeraltı sərvətlərə malik olan diyarımızdır. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil ehtiyatı olub. Həmçinin ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Füzulinin işğalı
1100-dən çox şəhid...
Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun 50 kənd və rayon mərkəzi uzun illər işğal altında saxlanılıb. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Füzuli rayonunun təbii sərvətlərini talan edir. Belə ki, rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Qey edək ki, hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb.
Qələbə tarixinin şanlı səhifələri
2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 27 illik həsrətə son qoyuldu. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfəri də şanlı tariximizin ən parlaq səhifələrindəndir. Belə ki, Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Füzuli əməliyyatı da Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Məlum olduğu kimi, 30 ilə yaxındır düşmən tapdağı altında qalan dədə-baba yurdlarımız həm də ekoloji, milli-mədəni terrora məruz qalıb. Azərbaycanın tarixi torpaqlarında müxtəlif cinayət aktları həyata keçirilib, milli-mədəni irsimizə qarşı təcavüz törədilib. Xalq-İqtidar-Ordu birliyi nəticəsində cəmi 44 gün ərzində işğaldan azad edilən torpaqlarımız sözün bütün mənalarında cənnətə çevrilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Füzuli və Cəbrayılda bərpa-tikinti-quruculuq işləri yüksək səviyyədə həyata keçirilməkdədir. Qısa müddət ərzində təhvil verilən layihələrdən biri də Füzuli Beynəlxalq Hava Limanıdır.
Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə 2021-ci ilin oktyabr ayının 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub.
Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
İcrasının yaxın vaxtda yekunlaşması nəzərdə tutulan irimiqyaslı layihələrdən biri də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisidir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın tam şəkildə yekunlaşması üçün önəmli məsələlərdən biri olan yol infrastrukturunun inşası artıq yekunlaşmaq üzrədir. Belə ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Bununla yanaşı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 57 faiz icra olunub. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsi 6, qalan 46.1 km-lik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Bu gün
böyük fəxarət hissi
ilə deyə bilərik ki, Füzuli və Cəbrayıl
rayonlarının işğalından 29 il
ötmür!..
N.PAŞA
Yeni Azərbaycan.- 2022.- 23 avqust.- S.4.