Qaxda istirahət neçəyə başa gəlir?
Yolumuz Azərbaycanın qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olan Qax şəhərinədir. Qaxda istirahət neçəyə başa gəlir? Ev, nəqliyyat, eləcə də bazar qiyməti... 3 gün ərzində Qaxda gördüklərimizi, bildiklərimizi sizinlə bölüşəcəyik. Qax səfərimiz elə avtovağzaldan başladı. Avtovağzaldan Qaxın mərkəzinə -402 km-lik yol bir nəfərə avtobusla 9 manat 60 qəpiyə başa gələcək. Əgər 3 nəfərlə birləşib taksi tutmaq istəsəniz, bu zaman nə az, nə çox 25 manatınızdan keçməlisiniz.
Uzun yol bizi gözləyirdi. Dəqiqələr dəqiqəni, saatlar saatı əvəzləyirdi. Yol isə bitmək bilmirdi. Kilometrlərcə yolu qət edən zaman fasilə verməyi unutmayın. Yoxsa uzun yol çəkilməz olar. Ən azından Ağsuda maşını əyləyib bir samovar çayı içib, təbiətin təmiz havasını ciyərlərinizə çəkə bilərsiniz. Hava pulsuz, çay isə 7 manatdır. Yanında da böyürtkən mürəbbəsi ilə. Çaylarımızı içib, yolçu yolda gərək deyib məqsədimizə doğru irəlilədik. Axı heç vaxt olmadığımız, görmədiyimiz Qax bizi gözləyirdi.
Haqqında çox şey eşitmişdik. Deyilənə görə, Qax şəhərində arxeoloji axtarışlar nəticəsində neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınıb. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə Qax rayonunun ərazisində rast gəlinir.
İsmayıllı, Qəbələ, Oğuz, Şəki və ən nəhayət
Qax... Sözün əsl
mənasında, Qax bu
zonanın tacıdır. Budur ən hündür təpədən,
yaşıllıqlar içərisində Alban
kilsəsi bizi qarşılayır. Tolerant və multikultural dəyərlər burada özünü daha çox büruzə verir. Məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud
olmuş qədim Alban
məbədinin qalıqları
üzərində 19-cu əsrdə
Çar Rusiyası tərəfindən tikilib.
Burada olduqca öz-özünə Bakıdan
uzun yolu qət etməyə dəyərdi deyirsən.
Onun havası, tarix
qoxan küçələri,
evləri, qonaqpərvər
və ünsiyyətcil
insanları ilk baxışda
bizə özünü
sevdirmişdi. İndidən
az müddətə
qalacağımız üçün
heyfislənməyə başlamışdıq.
Günün bir çox hissəsi yolda və fasilə
zamanı keçdiyi üçün Qaxın gözəllikləri ilə
yalnız səthi tanış ola bilmişdik. Möhkəm
yuxu çəkib, səhərə güc toplamaq lazımdır ki, Qaxı qarış-qarış
gəzə bilərsiniz.
Bunun üçün
öncədən ev tutmağı unutmayın. Əks təqdirsə, turistlərin
çoxluğunu nəzərə
alaraq ev
tapmaq bir qədər çətin
olacaq. Yerlilər deyir ki, mövsüm
səbəbilə Qaxda
boş ev
tapmaq müşkül
məsələdir. Ən
azından günlər,
hətta həftələr
öncə danışıb
ev ayırmaq
lazımdır. Əgər siz
də bizim kimi işinizi son günə saxlamısınızsa,
şansa ehtiyacınız
olacaq. Burada gündəlik kirayə
qiymətləri əvvəllər
20 manat idisə, hazırda 60 manatdan başlayır. Yaydan-yaya qazanc
əldə etdikləri
üçün 60 manat
elə də böyük məbləğ
deyil. Evlərin təmizliyinə, səliqə-səhmanına
isə söz ola bilməz.
Evdə öz yeməyini bişirmək istəyənlər
üçün hər
cür şərait yaradılıb.
Bir məqamı
da diqqətinizə çatdıraq ki, Qaxın bir çox kəndlərində
sakinlər öz evlərini kirayə verir, özləri isə başqa yerlərə köçürlər. Öncə də
qeyd etdiyimiz kimi insanları o qədər mehriban və qonaqpərvərdilər
ki, sizə kirayəşin deyil, qonaq kimi yanaşırlar.
Dost-tanışlarına “Evimdə qonağım var” deyirlər.
Alp dağları yox, Qax dağları...
Səhər isə ev yiyəsinin xoruzunun səsi ilə açıldı.
Dağlarının təmiz havası,
həyətdəki meyvə
ağacları, üzümləri,
al-əlvan çiçəkləri
belə qonaqlarını
salamlayırdı. Səhər pürrəngi
bir çay dəmləyib bu gözəlliyin seyrinə
dalmadan gəzintiyə
çıxmayaq deyə
düşündük. Çay demişkən, qaxlılar
çayı gül suyu olmadan içməzlər.
Ən dəyərli qonaqlarına
çayın yanında
şirniyyat ilə yanaşı, gül suyu da gətirirlər.
Bu xoşətirli çayı dadıb yola düşdük.
Şəhəri qarış-qarış gəzmək üçün,
kənddən-kəndə dolaşmaq
üçün sizə
avtomobil lazımdırsa,
ən münasib və sərfəli seçiminiz *0066 taksi xidməti ola
bilər. Kəndin bir başından
o biri başına 3-5
manat arası pul ödədik. Elşən Sultanovun bələdçiliyi ilə
şəhərin gəzməli-görməli
yerləri ilə tanış olduq. Elşən Bakıda təhsil
alsa da, öz elində-obasında
xidmət edənlərdəndir.
Heç bir maddi xeyir güdmədən
buraya gələn qonaqları ən gözəl məkanlarla tanış edir. Deyir ki, təki qonaqlarımız Qaxdan xoş ab-hava ilə ayrılsınlar.
Təbii ki, yenidən qayıtmaq şərtilə...
Qaxın İlisu kəndində gəzişdikcə qarşımıza
dizaynına görə
digər otellərdən
xüsusilə seçilən
Səngər Qalası
çıxdı. Qalanı
xatırladan oteldə
özünüzü orta
əsrlər Azərbaycanında
hiss edə bilərsiniz.
Qaxda ən gözəl səhər yeməyini harada yemək olar?
Qaxda səhər
yeməyi üçün
bir çox məkanlar fəaliyyət
göstərir. Həm mənzərəli, həm ləziz, həm də münasib olsun deyirsinizsə, Ulu körpüyə gedin.
İlisu
kəndinə gedən
yolda Kürmük çayının üzərində
yerləşən bu körpünün 18-ci əsrdə
inşa edildiyi düşünülür. Körpü tağ formasındadır və tikintisində kərpicdən
və yumurtadan istifadə olunub. Dağlardan gələrkən özü
ilə çoxlu çöküntü gətirdiyi
üçün üzərində
yerləşdiyi Kürmükçayın
rəngi həmişə
qara olur.
Burada bol-bol oksigen ala və şəkil çəkdirə
bilərsiniz. Qaxın pendiri, yağı,
ətirli çayı
və pomidor-yumurtasından
dadmağı unutmayın.
Yeməkdən sonra ən gözəl əyləncə
axtarırsınızsa, çayın
yatağına enə
bilərsiniz. Çayın yatağından isə körpüyə gözəl
mənzərə açılır.
Çınqıl daşlarının üzəri ilə yol alıb, çaya doğru irəlilədikcə yorğunluq
əvəzinə insana
güc-qüvvət gəlir.
Qaxa gələnlərin
ilk üz tutduqları
məkanlardan biri də heç şübhəsiz, İlisu
şəlalələridir. Verilən məlumata
görə, şəlaləyə
ancaq 15 manata “Uvaz” maşınları qalxır. Piyada qalxmağa cəhd
edənlər də vardı, amma deyilənə görə
bu istidə heç də məntiqli seçim deyil. Çünki şəlaləyə qalxan yol dağ
yolu olduğu üçün təhlükəlidir.
Bundan əlavə yolboyu hər tərəf çay daşları ilə döşənib.
Şəlaləni görmək istəyən
qonaqlar bura qədər öz avtomobilləri ilə gəlib dayanacaqda saxlayaraq səyahətlərini
“Uvaz” maşınları
ilə davam etdirə bilərlər.
Şəlaləni seyr etdikdən sonra dağ havası sizi acdırıbsa, elə uzağa getmədən dayanacaqların yerləşdiyi
“Füzuli bağı”
nda otura bilərsiniz. Meşənin içində Qaxın
milli yeməklərini,
eləcə də kabab çeşidlərini
dada bilərsiniz. Əfsuslar olsun
ki, bir çox
yerlərdə ağacların
kəsilən kötükləri
qalmışdı. Ürəkağrısı
ilə seyr etsək də, həmin məkandan ayrılmalı olduq.
Bu cür misilsiz təbiətin məhv olmasına daha çox göz yuma bilməzdik.
Daha sonra soraqlaşa-soraqlaşa Qalaça
və ya Şamil Qalanın yolunu tutduq. Qala İlisu kəndinə gedən yolda yerləşir. Sumuq Qala
və Ulu körpüyə çox
yaxın bir dağın zirvəsində
yerləşir. 19-cu əsrdə Rusiya tərəfindən Şeyx
Şamilə qarşı
aparılan mübarizədə
müşahidə məqsədilə
tikilib. Bu qalanı ziyarət etmək üçün hündür dağın dik yamacından keçən cığır
ilə dağın zirvəsinə qalxmaq lazımdı. Biz cəhd etsək də başarısız olduq. Yolun yarısından dönmək
məcburiyyətində qaldıq.
Amma daha riski və
adrenalini sevənlər
üçün gözəl
seçimdir. Siz
daha ürəkli olun! Sonda Qaxın mükəmməl
panoramik görüntüsünü
görmək şansı
qazana bilərsiniz.
Adrenalin və gəzinti
tutqunu olmayan insanlar üçün ən doğru ünvan Uludağ otelidir. Sərinləmək istəyənlər üçün otelin 3 hovuzu var. Burada sərinləşdirici içkilərinizdən
dadaraq günəşin
istisində dincələ
bilərsiniz.
Bir sözlə, Qax şəhərində həm
kənd, həm də şəhər həyatını bir arada yaşamaq mümkündür. Çaya, şəlaləyə
və yaxud qalaya çıxmaq isə sizin seçiminizə qalıb.
Səfərimizin son günü Qax bazarına baş çəkdik. Satıcıların sözlərinə görə, gəlmə məhsullar yerli məhsullardan daha bahadır. Pomidorun kilosu 1 manat 80 qəpik, üzüm 1 manat 50 qəpik, badımcan 50 qəpik, lavaş turşu 1 manat, çiyələyin kilosu 3 manat, Cəlilabaddan gətirılən qarğıdalı 50 qəpikdir. Bazarda Qax qarpızı ilə yanaşı, Sabirabad qarpızı da tapa bilərsiniz.
- Qaxın qarpızı yaxşıdır, ya Sabirabadın?
- Satıcı: Sabirabadın.
Əldə etdiyimiz məlumata görə, Qax bazarında satıcıların əksəriyyəti Azərbaycan gürcüləridir. Onların bir neçəsi ilə söhbətləşdik. Satıcı Manana xanım Qaxda doğulub. Bazarda özünün düzəltdiyi çaxırı (2 manat), alça turşusunu (3 manat), üzüm tənəyini (4 manat), kabab soslarını (1 manat 50 qəpik) satır. Deyir ki, mövsümü olduğu üçün satışlar qənaətbəxşdir. Sentyabrdan sonra isə satışlar adətən azalır. Qış fəslində isə Bakıdan sifarişlər qəbul edir.
İlboyu onlar əkir-becərir, bişirdiklərini bazarda satırlar. Qışı isə hər kəs öz evinə çəkilir. Buranın qışı o qədər sərt keçir ki, çölə çıxmaq mümkünsüz olmur. Söhbət etməyi çox sevən qaxlılar üçün qış dözülməzdir, desək, yanılmarıq. “Yolun başında dururuq ki, biri keçsəydi, söhbət edərdik”- sakinlərdən birinin zarafatyana sözü bu fikri bir daha təsdiqləyir.
Dünya səyahətinə öncə Vətəni gəzməklə başlamaq lazımdır.
Müşfiqə BAYRAMLI
Bakı-Qax-Bakı
Yeni Azərbaycan.- 2022.- 23 avqust.- S.5.