Çaldıran
döyüşündən 508 il ötür
Osmanlı İmperatorluğu ilə İran Səfəvi Dövləti arasındakı güc mübarizəsi 23 avqust 1514-cü ildə Çaldıran döyüşü ilə nəticələnib.
Yavuz Sultan Səlimin komandanlığı ilə Osmanlı Ordusu Çaldıran döyüşündə Şah İsmayılın ordusunu məğlub edib. Bu gün həmin hadisənin 508 yaşı tamam olur.
Tarixə nəzər salsaq görərik ki, Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları da özlərinə tabe etdilər. Qısa zamanda Səfəvilər dövlətinin getdikcə artan gücü onun qərb sərhədlərində yerləşən və sürətlə genişlənməkdə olan Osmanlı İmperiyasının maraqlarına zidd idi. 1507-ci ildə Şah İsmayıl Anadolu bəylərindən biri olan Bozqurdla aralarında olan inciklik səbəbi ilə Osmanlı sərhədlərini keçərək Dulqədiroğulları bəyliyinə hücum edir. Döyüşdə məğlub olan Bozqurd qaçır, onun oğlu və iki nəvəsi isə Şah İsmayıl tərəfindən qətlə yetirilir. Bu hadisə onsuz da gərgin olan Səfəvi-Osmanlı münasibətlərini bir qədər də korlayır.
I Şah İsmayıl və I Səlimin rəqabəti...
40 min qızılbaşın edamı
Səfəvi hökmdarı I Şah İsmayıl və Fateh Sultan Məhəmmədin yolunu davam etdirən Osmanlı sultanı I Səlimin (Yavuz Sultan Səlim) bir-birilərinə bəslədikləri kin-küdurət toqquşmanın baş verməsində vacib rol oynayır. Şah İsmayıl tərəfindən məğlubiyyətə uğradılan Bozqurd Sultan Səlimin ana tərəfdən babası idi. Babasının başına açılan oyuna, eləcə də dayısının və iki oğlunun qətlinə görə Şah İsmayılla münasibətləri olduqca kəskinləşən sultan Səlim Səfəvilərə qarşı ordu yığmağa başlayır. Müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından ehtiyatlanan Sultan I Səlim döyüş ərəfəsində 40 min qızılbaşı edam və sürgün etdirir. 1514-cü ilin avqust ayında təqribən 300 top və tüfənglə silahlanmış yeniçəri dəstələri, ağır silahlarla silahlanmış atlılardan və Balkan vilayətlərindən gətirilmiş dəstələrdən ibarət 100 minlik Osmanlı ordusu Səfəvilər üzərinə yürüşə başlayır. Avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə iki qoşun üz-üzə gəlir. Səfəvi ordusu əsasən ağır silahlı süvarilərdən ibarət idi. Onları döyüşdə yüngül silahlı atlılar dəstəkləyirdi. Nə piyada dəstələri, nə topu, nə də odlu silahı olmayan qızılbaş ordusu sayca osmanlılardan xeyli az idi. Təxminən 40 min nəfərlik Səfəvi ordusu Osmanlı piyadasının ilk hücumunu dəf edir. Osmanlı atlılarının pərən-pərən düşdüyünü görən Şah İsmayıl bütün ordunu hücuma cəlb edir. Müdafiəni yaran qızılbaş atlıları bu zaman türk toplarının aramsız atəşinə məruz qalır və ağır itki verirlər. Beləliklə, döyüşün müqəddəratı həll olunur. Bundan sonra son hücuma keçən Osmanlı ordusu Səfəvi ordusunu darmadağın edir. Yaralanmış Şah İsmayıl ölkənin içərilərinə çəkilir. Şərəfxan Bidlisi “Şərəfnamə” əsərində Səfəvilərin bu döyüşdə 5 min süvari itirdiklərini bildirir.
Daha sonra ölkənin içərilərinə doğru hərəkət edən Osmanlı ordusu Xoy, Mərənd və Təbriz şəhərlərini ələ keçirir.
Çaldıran döyüşünün
nəticəsində Səfəvi dövlətinin hərbi siyasi nüfuzuna
ağır zərbə vurulur. Anadolu birdəfəlik Osmanlı
imperiyasının tərkibinə qatılır. Oğuz xalqları arasında münasibətlər
korlanır. İpək yoluna nəzarət
osmanlıların əlinə keçir.
Səfəvilər paytaxtı Təbrizdən Qəzvin şəhərinə
köçürməyə məcbur olurlar.
MİKAYIL
Yeni Azərbaycan.- 2022.- 23 avqust.- S.8.