Şərəfli müəllim ömrü
Professor Əli Rəcəblinin 95 illik yubileyinə ithaf edilir
2 avqust 2022-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elm-fond şöbəsinin müdiri, tarix üzrə elmləri doktoru, professor Əli Rəcəblinin 95 yaşı tamam olacaq.
Müasir dövrümüzdə tarixi hadisələrin araşdırılmasında bir elm sahəsi kimi numizmatik bilgilərdən yan keçmək mümkün deyil. Qədim və ortaçağlar tarixinə aid çeşidli qaynaqlar - arxeloji, epiqrafik, sfragistik artefaktlar, salnamələr, narrativ tarixi sənədlər və digər maddi-mənəvi abidələr sırasında numizmatik faktlar öz dəqiqliyi və obyektivliyi ilə seçilir, bəzi hallarda yeganə və qərəzsiz tarixi qaynaq rolunu oynayır.
Vaxtı ilə tarixin yardımçı fənlərindən sayılan arxelogiya, etnoqrafiya, tarixi coğrafiya, antropologiya və digər elm sahələri kimi, numizmatika da hazırda yeni tədqiqat üsulları və fərqli metodoloji araşdırmalar sayəsində təməlli, müstəqil tarixi elmə çevrilmişdir.
Əsas tədqiq hədəfi sikkələr olan numizmatika elminin vəzifəsi sikkə toplumları, xüsusilə sikkə dəfinələrinin kompleks təhlili və tədqiqi əsasında müxtəlif tarixi mərhələlərdə dövlətin pul təsərrüfatı, əmtəə-pul dövriyyəsi, iqtisadi-siyasi durumu, daxili və xarici ticarət əlaqələri, çeşidli mədəni, konfessional və s. hadisə və proseslər haqqında konkret bilgilər əldə etməkdir.
Azərbaycanın numizmatik irsi zəngin olduğu qədər də çox geniş informasiya tutumuna malikdir.
Azərbaycanda tapılmış istənilən sikkə dəfinəsi çox dəyərli, bəzi hallarda əvəzsiz tarixi qaynaq, unikal maddi-mədəniyyət abidəsidir. Sikkə dəfinəsi torpağa gömüldüyü dönəmdə ölkənin pul təsərrüfatında və sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri, daxili və xarici ticarətin səviyyəsi və arealını, siyasi-konfessional durumunu əks etdirən “numizmatik foto”dur.
Sikkə, dəfinəsi, ölkənin bütün yeraltı sərvətləri kimi, xalqa məxsusdur, xalqın tarixi naminə qorunub saxlanılmalıdır.
Sikkə bütün əmtəələrin universal dəyər ölçüsü - pulun xüsusi metal növü olub, əmtəə-pul mübadiləsi üçün buraxılan və pulun bütün funksiyalarını icra edən iqtisadi faktordur. Nəcib metallardan kəsilən sikkələrin vəzn və əyarının dövriyyə prosesində amplitudası dövlətin iqtisadi durumundan xəbər verir.
Sikkə eyni zamanda çox dəyərli siyasi-ideoloji faktordur. Çap sözünün olmadığı dönəmlərdə böyük tirajlarda zərb olunan sikkə tez bir zamanda yayılır, insanların şüuruna təsir edir, dövlətin sosial-iqtisadi, siyasi-hərbi, mədəni-konfessional siyasətinin “missioneri” (carçısı) rolunu oynayır.
Sikkənin meydana çıxdığı ilk zamanlardan sikkə zərbi hüququ - sikkə reqaliyası ali hakimiyyətə məxsus olub, hakimiyyət təmsilçiləri - bazilevs, çar, imperator, şah, kral və s. adından icra olunurdu.
Sikkə suveren dövlətin müstəsna imtiyazı, ən önəmli dövlətçilik rəmzlərindən biridir.
İki min ildən artıq bir zaman kəsiyində Azərbaycan sikkəsi milli dövlətçiliyimizi müşayiət edir və çoxsaylı örnəkləri ilə onu təsdiqləyir.
Azərbaycan numizmatikasına gəldikdə isə o, ilk addımlarını Azərbaycan Cumhuriyyətinin dəvəti ilə 1919-cu ildə Tiflisdən Bakıya, ilk Azərbaycan Universiteti - Bakı Darulfununda dərs demək üçün gələn məşhur kolleksiyaçı, numizmat, arxeoloq alim, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeniy Aleksandroviç Paxomovun (1880-1965) sayəsində artmışdır. Y.Paxomov Muzek?kursda (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) işə başlayaraq, bir neçə sikkədən ibarət azsaylı numizmatik kolleksiyanın əsasını qoymuşdur.
Bu kolleksiya zaman keçdikcə zənginləşmiş və Azərbaycanın numizmatik irsinin toplandığı, qeydə alındığı, qorunduğu, tədqiq və təbliğ ediliyi respublika mərkəzinə çevrilmişdir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda 70 000-dən artıq sikkə qorunur. Bu faktiki tapıntılar sırasında həm yerli, həm də xarici sikkələr vardır.
Professor Y.Paxomov 35 il Numizmatika fondunun mühafizi olmuş və eyni zamanda Universitetin tarix fakültəsində numizmatika və arxeologiya fənləri üzrə mühazirə oxumuşdur. O, Azərbaycanın və qonşu ölkələrin ərazisində aşkar olunan sikkə tapıntılarına xüsusi diqqət yetirmiş, onların qeydiyyatını aparmışdır.
Görkəmli alimin daimi axtarışları və müntəzəm elmi işi nəticəsində tarixi araşdırmalarda numizmatik faktların həqiqi yeri və önəminin sübut edilən əsərlərində Azərbaycan numizmatikasının çeşidli problemləri əksini tapmış, Azərbaycanda ilk dəfə aşkarlanmış sikkə dəfinələrinin topoqrafik və metroloji özəllikləri qeyd edilmişdir.
Professor Əli Rəcəbli elmi rəhbəri Yevgeni Paxomov ilə tanışlığını belə xatırlayır: “Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyəti zamanı professor Yevgeni Paxomov “Şərqşünaslıq” fakültəsi məzunlarının müdafiəyə təqdim olunacaq diplom işlərini nəzərdən keçirirmiş. Həmin illərdə o mənim də diplom işimi yoxladı və daha sonra mənimlə maraqlanmağa başladı”.
Beləliklə, Əli Rəcəblinin yüksək elmi səviyyədə işlənilmiş diplom işini qiymətləndirən Yevgeni Paxomov, onun Şərq dillərini mükəmməl bildiyinə əmin oldu və ona numizmatik axtarışlarla daha ciddi məşğul olmağı tövsiyə etdi.
1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Şərqşünaslıq” fakültəsini fərqlənmə diplomu ilə bitirən Əli Rəcəbli görkəmli alim Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, tarix elmləri namizədi Saleh Qazıyevin (1893-1971) təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.
Həmin illərdə həm də muzeyin numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli müəllim numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm elmi tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli müəllimin nailiyyətləri nəzərə alınmış və iki il sonra o, böyük elmi işçi vəzifəsinə keçirilmişdir.
Əli Rəcəbli 1963-cü ildə “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi - XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1968-ci ildən Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri vəzifəsində işləyən Əli müəllim həm də pedaqoji fəaliyyət göstərərək respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənlər üzrə mühazirələr etmiş, bir sıra metodik tövsiyələrin, dərs proqramlarının müəllifi olmuşdur.
Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir.
Dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və d. müəssisələr tərəfindən təşəkkürlər almış Əli Rəcəbli muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.
Onun müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahəni təmsil edən ilk dəyərli və təcrübi əhəmiyyətli əsərdir.
2000-ci ildə “Arxeologiya” və “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir.
Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli müəllim həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın eksperti olaraq fəaliyyət göstərmişdir.
2006-cı ildə AAK-nın qərarı ilə professor elmi adına layiq görülmüş Əli Rəcəbli 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Professorun çoxillik elmi axtarışları və numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycan qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri” (Azərb., rus və ing. dillərində), “Sikkə və dövlətçilik” (Azərb. və rus dillərində), “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” (rus dilində), “Şirvanşahlar dövlətində sikkə zərbi - VIII - XVI əsrlər” (Azərb., rus və ing. dillərində), “Qafqaz pulları” (Azərb., rus və ing. dillərində), “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” (Azərb. və rus dillərində), “Sikkə dəfinələrinin izi ilə” kitablarında Azərbaycan numizmatikasının ən unikal faktları təmsil edilmişdir.
Onun “Azərbaycan” xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponomiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Pol-Araz, Hunan və s.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, “sikkə” və “xütbə” hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərrux Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI - XIII yüzilliklərdə baş vermiş “gümüş böhranı”nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır.
Onun şəxsi təşəbbüsü ilə çoxsaylı sikkələr və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar və MDB məkanında ən zəngin mərkəzlərdəndir.
Görkəmli mütəxəssis respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialın təyin edilməsi, qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyət göstərmişdir.
Respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq aktual mövzulara həsr edilmiş elmi məruzələrlə iştirak edən, mətbuat, radio və TV-də Azərbaycan tarixi və numizmatikası problemləri üzrə çıxışlar edən Əli müəllim müntəzəm olaraq xarici numizmatlarla fikir mübadiləsi aparmış, gənclərə bilik və təcrübəsini öyrətmişdir.
Professor Əli Rəcəblinin üç namizədlik dissertasiyasına elmi rəhbərlik etmişdir. Hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d, dosent Sənubər Qasımova, həmin muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova və Lənkəran Dövlət Universitetinin müəllimi, t.ü.f.d. Mayis Cəfərov professor Ə.Rəcəblinin yetirmələridir. Bir sıra yerli və beynəlxalq nəşrlərin müəllifi olan bu alimlər pedaqoji sahədə də biliyini təbliğ edirlər.
Bundan əlavə professor Ə.Rəcəbli ali tədris ocaqlarında çalışdığı illərdə bir sıra dərs proqramları, metodik tövsiyələrin tərtibatçısı olmuş və diplom işlərinə rəhbərlik etmişdir.
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə A.A.Bakıxanov adına mükafatın laureatı adına layiq görülmüş, növbəti ildə isə V Filekspo sərgisi münasibətilə qızıl medalla təltif edilmişdir.
Öz ixtisasını sevən, daim elmi axtarışlarda olan, yeni metodikaya əsaslanaraq numizmatika elminin inkişaf tapmasına çalışan alim bacarıqlı, işgüzar muzey işçisi olan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının dərin hörmətini qazanmış və dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürlər almışdır.
Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyur. Alimin zəhmətkeş həyat yolu və fəaliyyəti gələcək nəsillərə nümunədir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti və bütün kollektivi adından ixtisasını sevən, qocaman muzey işçisi, t.e.d., prof. Əli Rəcəblinin 95 yaşı münasibətilə təbrik edirik.
Şairə Şərafət Dağıstanlının professor Əli Rəcəbliyə həsr etdiyi “Yaxşıların yaxşısı” şeirindən bir hissəni təqdim edirik:
Daim axtarışlarda
Keçib ömrün, həyatın,
Elin itmiş tarixini
Sən yenidən yaratdın!
Sən tarixin sirrini
Açan
sənət vurğunu,
Qoy Allah yüz yaşatsın
Elin sən tək oğlunu!
Məmmədova Aygün Musa qızı
Yeni Azərbaycan.- 2022.- 2 avqust.-
S.6.