Tarixi Buzovna qayaları geri qaytarıldı
Rəmzlər barədə çox danışmaq mümkündür. Rəmzlər özlərində tarixi yaşadaraq nəsillərdən-nəsillərə ötürürlər. Bir sıra hallarda ölkələr, şəhərlər barədə ilkin təsəvvürlər məhz rəmzlərə görə formalaşır. Doğma Bakımızın hər birimizin qürur mənbəyi olan, şəhərin qonaqlarında heyrət doğuran rəmzləri çoxdur. Onları “tarixi” və “müasir” deyə iki qrupa bölə bilərik. Qız Qalası, Şirvanşahlar Sarayı, Qala divarları, bütövlükdə İçərişəhər keçmişimizdən gələn yadigarlardırlar. Bu daş abidə-rəmzlər xalqımızın şəhərsalma mədəniyyətinin tarixin dərin qatlarınadək uzandığını əyani şəkildə təsdiqləyir. Müstəqillik illərində yüksək zövqlə inşa olunan “Üç alov” tikililəri, Heydər Əliyev mərkəzi kimi binalar isə Bakının yeni rəmzlərini təşkil edir.
Xəzər sahilində təbiət abidələri
Yüzilliklər boyunca Bakının rəmzlərini yalnız insanlar yaratmayıblar. Bizə təbiət də gözoxşayan, tamaşa edənlərə sonsuz zövq verən və duyğulandıran abidələr bəxş edib. Buzovna qəsəbəsində mavi Xəzərin sahilində qərar tutan tarixi qayalar da bu qəbildəndir. Bəhs olunan qayalar ən mahir rəssamın, heykəltəraşın firçasından, tişəsindən çıxan mükəmməl, ən xirda cizgisi, ştrixi belə yerində çəkilən bir əsərə bənzəyir. Təbiət bu qayalarla sanki daşların nağılını danışır, onların və sonsuzluğa qədər uzanan dənizin bir-birilərinə əbədi bağlılığını izhar edir. Olur ki, hərdən Xəzər coşub-daşır, onun sərt dalğaları zərblə qayalara çırpılır. Mərdliyi, dözümlülüyü, güc və qüvvəti ifadə edən qayalar isə dənizin hər şıltaqlığına dözür, heç vaxt təhərini pozmur. Dənizlə qayaların bu bağlılığı, ülfəti insanları da özünün cazibə dairəsinə salır. Eh, bu qayalar və Xəzərin sahil suları neçə gəncin gizli görüşünə, pünhan sevgi söhbətlərinə, bir-biriləri ilə əhd-peyman bağlamalarına şahidlik edib və sirləri əbədiyyata qədər qoruyub saxlayıb. Qayaların yaratdığı ecazkar mənzərə neçə-neçə filmin səhnələrini bəzəyib. Unudulmaz Müslüm Maqomayevin Xəzər sahillərində, məhz bu qayaların üstündə ifa etdiyi mahnıları, yaratdığı klipləri xatırlayaq. Qayalar kimi, dünya şöhrətli müğənninin ifaları da möhtəşəmdir.
Tarixi Buzovna qayaları, bu qayaların həndəvəri həm də bakılıların yaddaşında unudulmaz istirahət məkanı kimi qalıb. İnsanlar istirahət günlərində, iş saatlarından sonra dincəlmək, filmlərdə, kliplərdə gördükləri mənzərələrə canlı-canlı şahidlik etməkdən ötrü bura təşrif gətirir və asudə vaxtlarını mənalı keçirirdilər.
Bir gün gəldi ki, yolkəsənlər...
Hər şey beləcə yaxşı, bəlkə də yaxşıdan da yaxşı gedirdi. Amma bir gün gəldi ki, hansısa qoçular - onları yolkəsənlər adlandırmaq daha doğru olardı - şəninə mahnılar qoşulan, şeirlər yazılan Buzovna qayalarını özününküləşdirmək xülyasına düşdülər. Belələrinə nə var ki? Onlar ətrafdakı hər şeyə şəxsi maraqlar prizmasından yanaşırlar. İnsanların hisləri, ictimai əhəmiyyətli məkan, paytaxtın, Abşeronun rəmzləri kimi anlayışlar belələri üçün əsla əhəmiyyət daşımır. Həmin yolkəsənlər adlarını “mülkiyyətçilər” qoyaraq əraziyə daş, çınqıl, sement tökdülər və tarixi qayaları, bütövlükdə dəniz sahillərini hasarladılar. Təbii ki, yerlərdə özlərini kiçik padşahlar kimi aparan məmurcuqlarla sövdələşmələrə girməklə, onlardan “xeyir-dua” almaqla. Buzovnalılar danışırlar ki, dəniz sahilləri hasara alındıqdan sonra sanki həyatlarından nə isə böyük bir şey əksilmişdi. Qəsəbə sakinlərinin bu itkilərinin, məhrumiyyətlərinin əvəzini heç nə ilə ödəmək mümkün deyildi. Həm yaşlı insanlar, həm də cavanlar onların xatirəsində silinməz izlər qoyan qayalar, Xəzərin sahilləri üçün xiffət çəkirdilər, darıxırdılar. İnsanlar bir-biriləri ilə görüşəndə sual edirdilər: Nə üçün məhdud sayda “mülkiyyətçi” dəniz sahillərini və qayaları zəbt etməli, bu gözəlliyi, istirahət məkanını minlərlə sakinin üzünə bağlamalıdır?
Hüquqi məsuliyyət
Yox, “mülkiyyətçilər”in “burada mənəm, Bağdadda kor Xəlifə” davranışları yalnız mənəvi məsuliyyət yaratmırdı. Belə özbaşınalıq həm də qanunlarla qadağan olunur. Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı və Torpaq Məcəlləsinə dəyişikliyi özündə ehtiva edən 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Qanunvericiliyə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4, 8 və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər üçün 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Belə görünür ki, “mülkiyyətçilər” özlərini qanunların fövqündə hesab edirlər. Əks halda, onlar yüksək cərimələrə rəğmən, qanunları pozmağa və Xəzərin sahillərini hasarlamağa, tarixi Buzovna qayalarını zəbt etməyə özlərində cəsarət tapmazdılar.
Ədalətin bərpası
Haqq nazilər, ancaq üzülməz, deyiblər. Bu deyim tarixi Buzovna qayalarının geri qaytarılmasının, sahilboyu qanunsuz inşa olunan hasarların sökülməsinin timsalında bir daha təsdiqini tapdı. Dənizləri hasarlanan, sevimli qayaları əllərindən alınan qəsəbə sakinləri uzun illər ərzində rahatlıq nə olduğunu bilmədilər. Yerli icra qurumlarına müraciətlər də bir nəticə vermirdi. Get-gəllər, “araşdıracağıq, baxacağıq” cavabları insanları, sözün əsl mənasında, bezdirmişdi. Nəhayət, qəsəbənin ağsaqqalları, fəalları inandıqları, özlərinə ümid yeri sandıqları Prezident İlham Əliyevə müraciət ünvanlamaq qərarına gəldilər. Müraciətin mətni birlikdə hazırlandı və dövlət başçısına ünvanlandı.
Bu dəfə ünvan dəqiq seçilmişdi. Prezident İlham Əliyev apardığı ardıcıl siyasətində cəmiyyətdən gələn sosial sifarişlərə ciddi önəm verən dövlət başçısıdır. Təsadüfi deyildir ki, O, müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında, keçirdiyi görüşlərdə məmurları intizama, xalqa vicdanla xidmət etməyə çağırdığı kimi, vətəndaşlara da mesajlarını çatdırır ki, fəal olsunlar, yaşadıqları ərazilərdə ictimai nəzarəti gücləndirsinlər. Məhz bu yolla problemlərin üstünə getmək və onları aradan qaldırmaq mümkündür. Azərbaycanın hansısa bir bölgəsində insanları narahat edən məsələlər həllini tapırsa, bu, bütün ölkənin problemlərinin aradan qalxması deməkdir. Prezident İlham Əliyev bu dəfə də ənənəsinə sadiq qaldı və Buzovna qəsəbəsinin sakinlərinin müraciətini şəxsi nəzarətinə götürdü. Dövlət başçısının tapşırıqları əsasında müvafiq qurumlar hərəkətə keçdilər və qəsəbə sakinlərinin istəkləri yerinə yetirildi. Bu barədə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən qeyd edib. Şəhərsalma normalarının pozulmasının, torpaqların zəbt edilməsinin yolverilməz olduğunu bir daha məmurların diqqətinə çatdıran dövlət başçısı vurğulayıb: “Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir”.
Dövlət başçısının da bildirdiyi kimi, bu gün belə hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər.
Biz tarixi
Buzovna qayalarının zəbt
olunmasının qarşısının
alınmasının, Xəzər sahillərində qanunsuz çəkilən hasarların
sökülməsinin timsalında ədalətin öz yerini
tapmasının şahidi olduq.
Bu dəfə də Xeyir
Şər üzərində qalib gəldi.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2022.- 10 avqust.- S.4.