General Cəmşid Naxçıvanski -127

 

 

 

Hərb tariximizə tanınmış generallar bəxş edən Kəngərlilər (Naxçıvanskilər) nəslinin görkəmli nümayəndəsi olan Cəmşid Naxçıvanskinin bu gün doğum günüdür. Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 9 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub. Cümhuriyyət Ordusunun zabiti, diviziya komandiri Cəmşid Naxçıvanski zəngin fəaliyyətində babaları Kalbalı xan, İsmayıl xan, Ehsan xanHüseyn xanın sərkərdəlik bacarıqlarını yüksək məharətlə davam etdirib. Bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçən sərkərdə nəsil şəcərəsində general-mayor II Kalbalı xanın oğlu Cəfərqulu xanın ailəsində dünyaya göz açıb.

Cəmşid də xan nəslinin nümayəndəsi, zadəgan övladı kimi hərb elminin sirlərini öyrənir. O, 1914-cü ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbində təhsil alır. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olan Cəmşid Naxçıvanski “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edir və şücaətinə görə 4-cü dərəcəli “Müqəddəs Georgiordeni ilə təltif olunur. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılır.

Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin böyük xidmətləri olub. Rusiyada baş verən inqilablar böyük çar ordusuna da təsirsiz ötüşmür. Cənub-Qərb cəbhəsinin dağılmasından sonra Cəmşid Naxçıvanski komandiri olduğu süvari alayı ilə birlikdə Vətənə dönür və təcrübəli zabit kimi AXC-nin möhkəmlənməsi uğrunda mübarizəyə qoşulur. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu, milli qoşun hissələri, Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin Bakıdan çıxarılmasında və Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsində inamla döyüşür.

Təsadüfi deyil ki, Qarabağda erməni quldurlarının məhv edilməsində və Əskəran qalasının azad olunmasında İkinci Qarabağ süvari alayının komandiri Cəmşid Naxçıvanski və əsgərləri əsl qəhrəmanlıq göstərdilər. 1920-ci ilin aprel işğalından sonra onun süvari alayı da qızıl ordu hissələrinin tərkibinə keçir. Təcrübəli zabit Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli dağ-atıcı diviziyasının komandiri təyin olunur, yüksəkixtisaslı hərbçi kadrların hazırlığında mühüm rol oynayır. Cəsur sərkərdə milli dağ-atıcı diviziyasını keçmiş İttifaqın hər yerində tanıdır. Qeyd edilməlidir ki, onun bacarıqlı hərbi rəis kimi yetişməsində tanınmış hərbi xadimlərdən Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin böyük rolu olub. Bu məşhur sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutmuşdu. Cəmşid Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli dağ-atıcı diviziyasının komandiri olub. Bu 10 il müddətində ölkənin hərbi quruculuğuna böyük töhfələr verib.

O, xan əsilli olduğu üçün Kommunist Partiyasının sıralarına qəbul edilmir, daim təqib olunurdu. Cəmşid Naxçıvanskiyə 1935-ci ilin 5 dekabr tarixində kombriq, yəni, general hərbi rütbəsi verildi.  Ötən əsrin 30-cu illərinin sonlarında qırmızı terrorun geniş “vüsət” aldığı bir dönəmdə diviziya komandiri Cəmşid Naxçıvanski repressiyaya məruz qaldı. O, məşhur Lefortovo həbsxanasının divarları arasında 97 gün ağır işgəncələrə məruz qaldı. Hökm güllələnmə ilə nəticələndi. Yaşadığı dövrün totalitar rejim qayda-qanunları istedadlı sərkərdə, general Cəmşid Naxçıvanskinin ömrünü yarıda qoydu. 43 illik həyatının 26 ilini hərb sənətinə həsr edən sərkərdə ömrünün ən parlaq çağında qırmızı terrorun qurbanı oldu.

Bu gün xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir. Ölümündən sonra da qəhrəman gənclər yetişdirir. Şanlı adı ucaldılır, yeni nəsillərə tanıdılır. Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış hərbi təmayüllü məktəb bu fikri daha da qüvvətləndirir. Hərbi lisey 50 ildir cəmiyyətin sevgisi, ehtiramıyla əhatələnən təhsil ocağıdır.

Məhz Ulu Öndərin qətiyyəti ilə SSRİ hökumətinin bu məktəbin yaradılmasına birmənalı etirazı mükəmməl, dönməz  məntiqlə, ideoloji qüdrətlə dəf edildi. Məktəbə “Qırmızı terrorun qurbanı olan Cəmşid xan Naxçıvanskinin adının verilməsi də cəsarətli, tarixi bir hadisə idi. Bu məktəbin yaradılması təkcə hərbi təhsil məsələsi deyildi, Azərbaycanın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə inamın təntənəsi, uzaqgörən təşəbbüs idi. Ocaq min illərdi Azərbaycan mühitində necə müqəddəs hesab edilibsə, xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu hərbi təhsil ocağı da eyni səviyyədə ziyarətgaha çevrilib.

Bundan başqa, Prezident İlham Əliyev 2015-ci il aprelin 2-də general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalayıb.

 

MİKAYIL

 

Yeni Azərbaycan.- 2022.- 10 avqust.- S.8.