12 avqust - Beynəlxalq
Gənclər Günüdür
18 il əvvəlki uşaqlar yetişdi və
vətənpərvər Azərbaycan gəncinə çevrildi
Mən
on beş yaşımda - iyirmi yaşımda
Elə bilirdim ki, qırx qocalıqdır.
Əlliyə çatıram, ancaq başımda
Uşaqlıq havası hələ qalıbdır.
Xalq şairimiz Bəxtiyar Vahabzadə özü insan ömrünü şərti olaraq 3 dövrə bölür: uşaqlıq-noğul dövrü, gənclik-nağıl dövrü, ahıllıq və qocalıq isə-ağıl dövrü... Şairin “Yaşdan gileyliyəm” şeirində dediyi kimi, hər yaş dövrünün öz gözəlliyi var. Lakin elə bir yaş dövrü var ki, illər sonra əldən gedəndə köks ötürüb, xəyalı ilə yaşayırsan. Təbii ki, söhbət gənclik illərindən gedir.
Bu gün 12 avqust - Beynəlxalq Gənclər Günüdür. Tarixə nəzər salsaq, görərik ki, 1998-ci ildən etibarən hər il avqustun 12-si dünyada Gənclər Günü kimi qeyd olunur.
İki ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər. Müzəffər Ali Baş Komandanın liderliyi ilə gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən gənclər siyasətidir. Azərbaycanda gənclər siyasəti məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, beş dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.
Gənclərlə bağlı digər mühüm sənəd 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanundur.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi -İlham Əliyev
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq edib. Eləcə də 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını xeyli artırıb.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. 18 il əvvəl uşaq olanlar yetişdi, formalaşdı və cəsur, vətənpərvər Azərbaycan gəncinə çevrildi. Dövlətçiliyimizin inkişafında, torpaqlarımızın düşmən tapdağından azad olunmasında can qoydular. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər.
Təsadüfi deyil ki, dövlətimizin başçısı gənclərlə görüşlərinin birində onlara inamını belə ifadə etmişdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Onun bu
sözləri Azərbaycan dövlətinin gənclərə
etimadının, gənclərin isə Prezidentə məhəbbətinin
və dəstəyinin bariz nümunəsidir.
Gənclər də dövlət qayğısını daim öz üzərlərində
hiss edərək, uğurları ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
MÜŞFİQƏ
Yeni Azərbaycan.- 2022.- 12 avqust.- S.8.