444 il əvvəl...
Tarixin üz
qarası: Çıldır döyüşü
Tarixdə bu gün Səfəvi-Osmanlı müharibəsinin Çıldır döyüşü (1578-1590) baş verib. Mənbələrə görə, döyüş 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə olub. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanıb.
Tarixi vərəqləsək görərik ki, Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə tənzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. III Murad Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi və Səfəvilərlə müharibəyə ciddi hazırlıq gördü. O, yenidən şiələrə qarşı sünniliyin cihad ritorikasından istifadə etdi və cihad elan edildi. Həmçinin Səfəvilərin daxilindəki narazı qüvvələrin olması ordunun bir növ çörəyinə yağ sürmüş oldu. 1577-ci ildə də Osmanlı imperiyasının təşviqi ilə kürdlər Səfəvi imperiyası əleyhinə üsyana qalxdı. Yürüşün idarə edilməsi Lələ Mustafa Paşaya həvalə edildi. 1578-ci ildə ordunun Ərzurumdan çıxaraq şərqə doğru hərəkət etməsi ilə yürüş başladı.
Osmanlılar Ərzurumdan Qarsa tərəf hərəkət edəndə Məhəmmədi xan Toxmaq Osmanlı basqınını dayandırmaq üçün Çuxursəəddə qüvvələri birləşdirmək çağırışı ilə Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkmanın və Qarabağ hakimi İmamqulu xan Qacarın yanına adam göndərdi. Lakin Əmir xan ifrat tərsliyi və türkman və ustaclı tayfaları arasında mövcud olan düşmənçilik üzündən istəyirdi ki, həmin tayfadan bir nəfər də adlı-sanlı adam sağ qalmasın. Buna görə də o, çıxış etməyi təxirə salaraq öz qoşunlarının silahlandırılmasına və təchizatına cinayətkarcasına laqeydlik göstərdi. İmamqulu xan Qacar Çuxursəəd bəylərbəyinin çağırışına cavab verərək öz qoşunu ilə buraya gəldi. Onların birləşmiş qoşunlarının sayı 15 min nəfərdən artıq deyildi. Onlar Əmir xanın dəstələrinin yaxınlaşmasını gözləyərək Qarsın şimal-şərqində, Çıldır gölünün sahilində yerləşdilər. Səfəvi sərkərdələri düşmənin Gürcüstana yolunu kəsmək istəyirdilər.
Döyüş avqustun 9-da baş tutsa da... Hadisələrin müasiri Oruc bəy Bayat (1560-1604) döyüşün səbəbləri, gedişatı və məğlubiyyətin səbəbləri barədə məlumat versə də, döyüşün tarixi barədə heç nə yazmamışdı. Hər bir halda, Peçeviyə görə həmin gün Osmanlı ordusu Vale və Yeniqala adlı iki qalanı ələ keçirmiş və ardıyca Çıldır döyüşü baş vermişdi.
Osmanlı tarixçiləri və hadisələrin müasirləri olan İbrahim Rəhimizadə yaxər ki, döyüş zamanı qızılbaş ordusu 50 min nəfərdən ibarət idi. Lakin digər qaynaqların incələnməsi sübut edir ki, döyüşdə bu qədər qızılbaş döyüşçüsü olmamışdı və həqiqi rəqəm bundan azdır. Azərbaycan tarixçisi Fərəhə görə, Rəhimizadə qızılbaş ordusunun sayını bilərəkdən çoxaldır ki, Osmanlı ordusunun başlanğıcda verdiyi xeyli sayda itkini əsaslandıra bilsin.
Osmanlı ordusu Yeniqalanı mühasirəyə alıb və onu atəşə tutdu. Qızılbaş ordusu əvvəlcə 40-50 nəfərlik ön Osmanlı dəstəsi ilə qarşılaşdı. Ardınca Dərviş paşa 300-400 nəfərlik yardımla onların köməyinə yetişdi. Lakin qüvvələr qeyri-bərabər olduğuna görə qızılbaş ordusu bu mərhələdə üstün oldu. 2-3 minlik Osmanlı ordusunu məhv etdi. Dərviş paşa aldığı yaralara görə döyüşdən sonra vəfat etdi. Bu qələbədən ruhlanan Azərbaycan döyüşçüləri qaçan düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq 20-30 min nəfərlik əlavə qoşun göndərdi. Kritik bir məqamda Özdəmiroğlu Osman paşa Dərviş paşanın yardımına yetişdi və igidlik göstərdi.
“Elə bir qırğın və qarışıqlıq olmuşdur ki, hətta göylərdəki mələklər belə heyran qaldı” ifadəsi bu zaman deyilmişdi. Güclü leysan yağışı yağdığına görə iki ordu da artilleriyadan istifadə etmədi. Döyüşçülərin qanına qarışan leysan yağışları meyitləri aparan çaylar əmələ gətirdi. Növbəti günün səhərinə qədər davam edən döyüşün sonunda qızılbaş ordusu məğlub oldu.
Osmanlı ordusu zəngin qənimət ələ keçirdi. Səfəvi qoşunlarına başçılıq edən Məhəmmədi xan Toxmaq yanlış məlumatın qurbanı oldu. O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və Bəhram paşanın qırx minlik qoşununu Osmanlıların başlıca zərbə qüvvəsi hesab edib, onlara hücum etmişdi. Lakin Mustafa paşanın yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib Səfəvilərin sağ cinahına zərbə endirəndə Məhəmmədi xan öz səhvini başa düşdü. Ancaq artıq gec idi. Səfəvi qoşunu iki xoşbəxt təsadüf üzündən tam darmadağın edilməkdən xilas oldu. Birincisi, Toxmaq tərəfindən göstərilmiş sərkərdəlik məharəti, ikincisi isə qaranlığın düşməsi idi.
Döyüşdə qızılbaş ordusunun itkisi ağır olmuşdu. Tarixçilər 5-10 min arası rəqəm səsləndirirlər. Həmçinin 500 yüksək rütbəli əsir də ələ keçirilmişdi ki, onlar hüzura gətirildikdən sonra edam edildilər. Muradın əmri ilə 3000 əsir edam edildi. Meyitlərdən və kəsilmiş başlardan iki bürc tikildi. Osmanlı ordusunun da itkiləri çox idi.
Qızılbaş ordusunun məğlubiyyətinin səbəbləri Səfəvi dövlətinin daxilində idi. Qızılbaş əmirləri aralarında olan münaqişələrə görə birləşə bilmədilər. Təbrizin hakimi Əmir xan Tür?man tür?man və ustaclı tayfaları arasındakı düşmənçiliyə görə döyüş meydanına gəlmədi. 10-15 min nəfərlik qoşunla Mustafa paşanın yüz minlik qoşununa qarşı çıxmağı mümkün saydılar. Bir qızılbaş on nəfər rumiyə qarşı dururdu. Məhəmməd xan yalnız gecə vaxtı ordusunun bir hissəsini geri çəkməklə qızılbaş ordusunun tam darmadağından yayınmasına şərait yaratdı.
Çıldırdakı qələbədən
sonra Osmanlı qoşunları üçün Gürcüstana
yol açıldı. 1555-ci il sülh müqaviləsi
Gürcüstanı Osmanlı İmperiyasının və Səfəvi
dövlətinin təsir dairələrinə böldü.
Osmanlı ordusu Tiflisi
işğal etdi.
Mikayıl
Yeni Azərbaycan.- 2022.- 9 avqust.- S.8.