Heydər Əliyev
çıxışını bitirən kimi
qaçırdım
Müslüm Maqomayevin
son müsahibəsi
EPOXA
(İXTİSARLA)
Əvvəli ötən sayımızda…
- Deyirlər,
sizin konsert verdiyiniz salonlarda milislər at belində keşik
çəkirmişlər...
- Hər
yerdə yox! Olurdu bəzi şəhərlərdə.
- Şair Robert Rojdestvenski gözəl mahnı mətnlərinin
müəllifidir, siz də onları ifa eləmisiniz. O bir dəfə
yazmışdı ki, “mən Müslüm Maqomayevin konsertlərinin
çoxunda iştirak eləmişəm. Və elə bir hal
olmayıb ki, aparıcı onun ad-familyasını axıra
çatdırıb desin. Adətən
“Müslüm” sözündən sonra salonda elə
alqışlar və səslər qopurdu ki, o möhtəşəm
və ehtiraslı gurultu ən güclü mikrofona rəğmən,
aparıcının dediyi “Maqomayev” sözünü eşitməyə
imkan vermirdi.
- (Nostalji ilə). Hə... elə hallar da olub...
- Mənim
fikrimcə, siz azad sənətkarsınız, bütün həyatınız
boyu nə istəmisiniz onu da etmisiniz və siz hər zaman
ürəyinizin diktəsi ilə hərəkət etmisiniz. Bu düzdürmü ki, bir balaca hiss edəndə ki,
səsiniz yerində deyil, ya da yaxşı ovqatda deyilsiniz,
konsertinizi dərhal təxirə salmısınız?
- Bəli.
Təəssüf ki, nəsə qaydasında olmayanda oxuya bilməmişəm;
və düşünəndə ki, tamaşaçılar
nahaq yerə bilet alıblar və mən onlara istədiklərini
verə bilməyəcəm, az qala dəli
olurdum. Əlbəttə, pis əhval-ruhiyyədə, xəstə-filan
olduqda belə, özünü məcbur edib səhnəyə
çıxa bilərdin, lakin...
-
...özünüzü aldada bilməzdiniz...
- Axı
adamlar dərhal duyurlar bunu! Mən bunu görmüşəm
bir neçə dəfə; ümumi tədbirlərdə
konsertlər olanda, mən də bir-iki mahnı oxumalı
olmuşam, amma xəstə halda oxumalı olmuşam...
- Elə
həmin o Yuri Baqatikov sizi qeyri-adi geniş ürəyə
malik insan kimi xarakterizə edib. Deyib ki, gənclik
çağlarında bütün başqa istedadlı şərq
adamları kimi Müslüm də hərdən danqazlıq
edirdi. Misal üçün, bir bakal pivəyə
mütləq yaşıl əllilik verirdi, hərdən də
balkona çıxıb cibindəki yüzlük
paçkasını tullayırdı və əskinasların
yarpaqlar kimi necə oynaya-oynaya asfalta düşməsindən
ləzzət alırdı...
- Eh,
özüm haqqında o qədər nağıllar
eşitmişəm ki! İnanın, mən həyatım
boyu heç vaxt balkondan yerə pul tullamamışam,
tullasaydım, yəqin ki, məni MK-ya çağırar və
tənbeh edərdilər. Bu axı kimə
lazım idi? Lakin zəhmət
adamlarının xahişi ilə balkondan oxumuşam -
Kişinyovda. Deyəsən, Odessada da...Adamlara mənim səsim
lazım idi, kağız parçaları yox...
“SOVET
İTTİFAQINDA QASTROL SƏFƏRLƏRİ ZAMANI MƏN
BEŞOTAQLI LÜKS NÖMRƏLƏRDƏ QALIRDIM VƏ
BƏZƏN GÜN ƏRZİNDƏ DEMƏK OLAR Kİ,
ƏLLİ ADAM QƏBUL EDİRDİM”
-
Çoxlu pul qazanırdınız, lakin pullar səxavətli
şərq adamı kimi sizin əlinizdən
çıxırdı. Eşitmişəm, siz
hay-küylü qonaqlıqları, ziyafətlər verməyi
sevirmişsiniz; kirayələdiyiniz lüks mehmanxana
otaqlarında hər zaman süfrəniz bol olub, konsertlərdən
sonra otağınıza 40-50 qonaq
yığışırmış. Doğrudanmı
siz bu dəstələri yedizdirib-içizdirirmişsiniz?
Yoxsa bunlar aktyor uydurmalarıdır?
- Yox,
bunlar həqiqətdir.
- Nəsə
təəssüf hissiylə ifadə etdiniz bunu, hətta məncə
bir qədər kədərlə...
- Ona
görə ki... mən heç vaxt balkondan pul
tullamamışam! Amma ziyafət və qonaqlıq verməyi
sevməyim, yaxud səhər, günorta, axşam yeməklərini
tək yeməməyim olub, bunlar hamısı
cavanlıqda...Tamara İliniçnayla evlənməmişdən
qabaq mən “Rusiya” mehmanxanasında qalırdım, daha
doğrusu, orada özümə beşotaqlı lüks
tutmuşdum; bəzən orda gündə əlli adam qəbul
edirdim. Belə bir şəraitdə pul saxlamaq
olardı? Əlbəttə, pullur
uçub gedirdi. Bəlkə də buna
görə deyiblər ki, o pulu yelə verirdi,
tullayırdı... bilmirəm; amma qonaqlar mənim yanıma həmişə
böyük məmnuniyyətlə gəlirdilər.
Sonralar, şöhrətim ki, bir qədər azaldı,
dostların sayı da azaldı, dəqiq desəm, sürətlə
azaldı...
- Sizin
konsertmeyster Çingiz Sadıxov söyləyirdi ki, cibinizdə
pul qalmırmış deyə, o sadəcə
hamısını götürüb saxlayırmış
özündə və qastrolun sonuncu gününə kimi sizə
vermirmiş...
- Gizlədirdi!
(gülür). Lakin onun
bicliklərinə baxmayaraq, mən yol tapıb sağa-sola xərcləyirdim.
-
Sadıxov həm də deyirdi ki, siz bir dəfə Uzaq Şərqdə
20 min rubl qazanmısınız və maşın almaq arzusunda
olmusunuz. Şəxsi avtomobil ala bildinizmi?
- Yox, yox!
Moskvaya gəldim, “Metropol”a köçdüm (bu
ən bahalı hotel idi). Orada ən
yaxşı nömrə götürdüm özümə və
qazandığım pulları da dərhal dostlarıma xərclədim;
qəbullar düzəltdim, hədiyyələr aldım,
bunları çox sevirdim. Bu tacirlik deyildi, bədxərclik
və israfçılıq da deyildi...
- ...qəlbin tələbiydi, eləmi?
- Əlbəttə, ürəyim belə istəyirdi. Mən indi də pul
yığıb balışımın altına qoymuram;
düzdür, indi konsertlər vermirəm, buna görə də
qazanmıram... nəyim olubsa və varsa budur, ona görə
yaşayıram... Bəlkə də gələcəkdə
pulum oldu... Yəni, adətim üzrə yenə xərcləyirəm
(misal üçün mənim iki kompüterim var, istəsəm,
üçüncünü də alaram), yenə bahalı hədiyyələr
verməkdə davam edirəm: son vaxtlar xəlvəti
üç kompüter paylamışam.
- Mən
özüm bunun şahidiyəm ki, siz Kiyev
konservatoriyasının tələbəsinə necə səxavət
göstərmisiniz. Mənə bunu deyiblər.
Qız internet vasitəsilə sizinlə yazışır- ona
kompüter almısınız, özü də ən
yaxşısından...
-
Düzdür.
-
Doğrusu, belə bir səxavət məni heyrətə gətirdi...
- Amma bu,
görüntü xətrinə deyil! Sadəcə,
kiməsə sevinc bəxş eləyəndə mənim
özümə də ləzzət verir; mən həyatım
boyu yaxşılıq elədiyim o insanlara nifrət edirəm
ki, onlar sonda bunun əvəzində mənə pislik ediblər.
- Narahat
olmayın, Müslüm Məhəmmədoviç, bu
artıq sizin problem deyil...
- Axı,
problem onlardadı...Təəssüf ki, mən tez-tez bu barədə
düşünməli oluram. Allaha
şükür ki, belə naşükür adamlar çox
deyil.
-
Düzü, etiraf edim ki, qəzetlərdə oxuyanda,
televiziyada eşidəndə ki, müasir “ulduzlar” (nə səsləri,
nə istedadları, nə də bir repertuarları var!) öz
mülkləri, sahib olduqları avtoparkları ilə
öyünürlər: nə bilim, qarajlarındakı
“Bentli”ni, sonuncu model “Mersedes” və “Ferrari”lərini
nümayiş etdirirlər... bunlar mənə çox gülməli
gəlir! Maraqlıdı, bəs sizdə
hansı avtomobillər olub?
- Mənim
maşınpərəstlik bioqrafiyam “Volqa”dan başlayıb...
indi heç modeli də yadımda deyil...
- ...buna
da min şükür... başlanğıc ümidvericidir...
- ...sonra keçdim nəsə xarici modelə... hə,
yadıma düşdü, “Fiat” aldım. Doğrusu, heç
xoşuma da gəlmədi, mənim üçün çox
darısqal maşın idi, sonra yenidən “Volqa” aldım, indi
isə cip “Mersedes”im var... Tamaranın avtomobili
balacadı - adını da bilmirəm, mənim belə
şeylərdən başım çıxmır.
-
Düzdümü ki, ümumxalq populyarlığınızdan
istifadə edib siz maşını sürücülük vəsiqəsi
olmadan sürmüsünüz?
- Cəmi
ikicə dəfə... hə, iki dəfə olub - sadəcə,
sürücülük vəsiqəm evdə
qalmışdı, unutmuşdum. Çox
şükür ki, milis hələ də məni
tanıyır, amma mən özüm... güzgüyə
baxıram, çox vaxt özümü tanımıram.
- Məncə,
bir qədər şişirdirsiniz...
- Mənə
elə gəlir ki, o dövrdən məni yadında saxlayanlar
da necə dəyişdiyimi görürlər... Bununla belə,
yanımdan ötəndə boylanıb baxırlar, əl edirlər...
Adama xoş olur belədə...
“HƏ,
BAX, BU DA MAQOMAYEV, - GÖMRÜKÇÜ QADININ ÜZÜ
İŞIQLANDI, - İNDİ BİZ ONU YOXLAYARIQ”
- Sizə
təkcə sovet xalqı (həm də postsovet) məftun
deyildi, sizin heyrətedici istedadınız, hətta İran
şahı Məhəmməd Rza Pəhləvini də vəcdə
gətirmişdi. Deyilənə görə, sizə bir
çamadan qiymətli daş-qaş da hədiyyə verib...
- Nə
danışırsız, çamadan-zad nədi?
-
Çantadı bəlkə, çiyindən asılan
çanta, hə?
- Balaca
bir mücrüydü, içində də üzük
vardı - budur, barmağımda... bir də hansısa şahanə
bəzək-düzək əşyalarıydı...
- Bu
üzüyü tez-tez barmağınızda görürəm,
bunu həmişə taxırsınız?
- Əvvəllər açıq-aşkar taxmağa
cürət etməzdim, sonralar nə oldusa, taxdım və bu
üzük mənə uğur gətirdi. Görəndə
ki, artıq hamı bu üzüyü görməyə
alışıb, qərara aldım ki, bir daha
çıxartmayım.
- Necə
olub ki, total dəmir pərdə illərində bu qiymətli əşyanı
sərhəddən keçirmisiniz? Axı o zaman bir quş belə
cürət edib gömrükdən buyana keçə bilməzdi...
-
Çox böyük çətinliklə... və yalnız
buna görə ki, aeroportda məni İran səfirliyinin
nümayəndəsi qarşıladı. Gömrüyü
keçəndə mənim iri çamadanım
gömrükçü formasında olan hansısa xalanın
diqqətini cəlb etdi. “Hə, bax, bu da
Maqomayev,” deyə üzü işıqlandı, - “indi biz onu
yoxlayarıq!” Düzü, elə bildim
gömrükçü qadın zarafat edir, lakin gördüm
ki, çamadanı açır, orda isə şahın mənə
hədiyyə verdiyi xalça vardı...
- ...fars
xalçasıydı?..
- ...hə, əla bir şey idi, orara saat və içində
üzük olan balaca mücrü də vardı. “Bilirsinizmi ki,
qabaqcadan deklarasiya olunmamış şeyləri gətirmək
olmaz?” - deyə qadın soruşdu. Sonra o mücrünü açdı. “Ooooo, burda qızıl üzük var ki!”
- Həmin
gün bəlkə də karyeranın sonu ola
bilərdi...
- Kimin
karyerasının, o qadının?
- Yox e,
sizin karyeranızın...
- (Qürurla). Nə danışırsız? Qadın növbə rəisini
çağırdı. Yaraşıqlı bir kişi, əlini yellədib dedi: “Qaydalar
hamı üçündü...” Özümü
itirmədim, onu cavabsız qoymadım. “Bunlar
şahın hədiyyələridi!
Görmürsünüz, İran səfirliyindən gələn
adam məni qarşılayır? Xahiş
edirəm, onu bura çağırın, deyin ki, qoy
bütün bu hədiyyələri şaha geri göndərsin!”
Gömrükçü görünür qorxdu,
çamadanı mənə tərəf itələdi, dedi:
“Yooox, yooox, hər şey qaydasındadı! Götürün
çamadanı və gedin. Yaxşı
yol, sağ olun!” O vaxta kimi məni heç kim yoxlamamışdı, başa
düşürsünüz, bu ilk dəfəydi ki, baş
verirdi; sonralar mən Azərbaycan Ali Sovetinin Deputatı oldum və
toxunulmazlıq hüququm vardı, hər yerdə sərbəst
keçirdim, yoxlamırdılar.
-
Heç təsəvvür etmirəm... siz deputat olanda
iclaslarda saatlarla necə oturmusunuz...
-
Üç il dalbadal əziyyət çəkdim!
Axı xaraktercə mən bir yerdə oturan deyiləm... Gedirdim, bir saat otururdum, Heydər Əliyev
çıxışını qurtaran kimi aradan
çıxırdım... və qalan bir neçə gün mənsiz
də keçirdi. Bir dəfə,
ümumiyyətlə sessiyaya getmədim; lakin bir qayda olaraq, hər
halda Heydər Əliyevə hörmət əlaməti olaraq,
sessiyalara gedirdim. Bir dəfə Əliyev mənə məzəmmətlə
dedi: “Müslüm, niyə səni zalda heç vaxt
görmürəm? Bu nədi? Adamlar düzgün başa düşməzlər
bunu!” “Heydər Əliyeviç” dedim,-
“siz ki bilirsiniz, mən Azərbaycan dilində çox da
yaxşı danışa bilmirəm”. “Bilirəm”- dedi. “Onlar əsasən Azərbaycan dilində
çıxış edirlər, mənsə oturub yalnız
gözlərimi döyürəm. Mənim
üçün, hətta rus dilində də qulaq asmaq
maraqlı deyil, nə qədər pambıq
yığıblar-filan... nəyimə lazımdı mənim?”
Heydər Əliyev güldü, dedi: “Heç olmasa
özünü elə göstər ki, guya hamısını
başa düşürsən!” Mən daim onun zəhləsini
tökürdüm: misal üçün, filan musiqiçiyə
ev verin, filankəsə fəxri ad verin, ya
da onu xaricə göndərin... Bir dəfə Əliyev mənə
dedi: “Sən elə hey mənim yanıma gəlib onun-bunun
xahişini edirsən, buna görə də səni deputat etdim
ki, bu işlərlə qanuni məşğul olasan”. Yenidənqurma başlayanda Heydər Əliyeviç
Moskvaya köçdü və təbii ki, mən də
deputatlıq fəaliyyətinə son qoydum. “Tamam, bəsdi
daha, xudahafis!” dedim.
- Sovet
dönəmində ümidverici opera
ifaçılarının ən yaxşılarını
Milanın məşhur “La Skala” teatrına təcrübə
keçməyə göndərirdilər. Siz də
orada olmusunuz, bunun sizin karyeranıza, ya da sənətinizə
hansısa müsbət təsiri oldumu?
- Əlbəttə, oldu. Maestro Cenarro Barrın və Enriko
Pyaççanın dərsləri mənə çox
şeylər verdi (“Siviliya bərbəri”ndə
Fiqaronun partiyasını və “Toska”nı hazırladım).
Sizə deyim ki, mütləq deyil ki, yaradıcı adam orada nəsə etsin, yetər ki, sadəcə
İtaliyada olsun, qədim abidələri görsün, muzeylərə
getsin...
- ...və
görsün ki, adamlar necə yaşayırlar...
-
...oranın havasını udsun, mədəniyyəti və incəsənəti
ilə dərindən tanış olsun, bu
ölkənin özü də elə başdan-ayağa mədəniyyətdən
ibarətdi...
“SƏS
PARTİYA VƏ HÖKUMƏT TƏRƏFİNDƏN YOX,
ALLAH TƏRƏFİNDƏN VERİLMİŞDİ”
-
Eşitmişəm ki, Parisin “Olimpiya” salonundakı triumfal
konsertinizdən sonra sizə fövqalədə kontrakt təklif
ediblər, lakin SSRİ Mədəniyyət Nazirliyi buna etiraz
edib...
- Yox,
kontrakt deyildi... Məsələ bundadır ki,
tanınmış impresario və həm də “Olimpiya”nın direktoru Bruno Kokatris mənə
yaxşı münasibət bəsləyirdi; o mənim uğurlu
çıxışımı gördü, başa
düşdü ki, məni almaqla nəsə...
-
...özü də qazana bilər...
- ...Fransada mənim adımı daha da məşhurlaşdırar,
sonra məni bütün dünyaya tanıdar. Ona dərhal dedim: “Məni
buraxmazlar!”, lakin o inanmadı. “Furtseva mənə
ehtiramla yanaşır”- dedi. Doğrudan da, Yekaterina Alekseyevna
ona hörmət edirdi, bununla belə mənim cavabım qəti
oldu: “Yox!” Mən bilmirəm bundan sonra orada nə oldu, nə
baş verdi, yalnız təxmin edə bilərəm...
Düşünürəm ki, məmurları
qorxudan mənim orada aradan çıxa biləcəyim deyildi,
onlar çox gözəl başa düşürdülər
ki, mən bu ölkədən çıxıb gedən deyiləm.
Lövbərini Qərbdə salmaq məni
açmır, orda yalnız necə pul qazanmaq barədə
düşünürlər, bu da mənim xoşuma gəlmir.
Elə həmin o Amerikada da mənim ürəyim
sıxılır, mədəniyyət yetərli deyil, buna
baxmayaraq... Birincisi, orada mənim qardaşım
yaşayırdı...
- ...özü
də varlıydı...
-
...çox varlıydı (Allah ona rəhmət eləsin!),
ikincisi, onlar mənim xarakterimdən qorxdular: işdir, birdən
artıq içib nəsə qaynatdım... Lakin
belə hərəkətlərə heç vaxt yol verməmişəm.
Yox, mən içirəm, əlbəttə,
içə bilirəm, lakin duysam ki, artıq özümü
yaxşı hiss edirəm, dərhal məclisi tərk edirəm
və gedib evdə sakitcə otururam.
- Yeri gəlmişkən,
hansı içkilərə üstünlük verirsiniz?
- Əvvəllər konyakı sevirdim, indi isə yalnız araq içirəm. Şərabla aram yoxdu.
- 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində çox geniş yayılmış belə bir zarafat vardı: “Kiçik teatr nədir? Xarici qastrollardan sonra Böyük teatr olur”. Doğrudan da, həm opera, həm də baletdə çalışan çox artistlər olub ki, Qərbdə qalıblar. Sizdə niyə belə bir əminlik var ki, belə bir sürprizi sizdən heç kim gözləməyib?
- Mən hardasa heç nəzəri cəhətdən də xaricdə qala bilməzdim, çünki mənim əmim Camal Moskvada Azərbaycanın səfiri idi (o vaxt daimi nümayəndə deyirdilər buna). O mənim üçün ata əvəzi idi, mən onu sevirdim, ona xəyanət edə bilməzdim, bunu da yuxarılar yaxşı bilirdi. Mənim Vətənə dönməməyim onun karyerasının sonu ola bilərdi; lakin xaricə qaçmamağımın səbəbi təkcə bu da deyildi, yenə təkrar edirəm, orada yaşamaq mənim üçün maraqlı olmazdı.
Kiyev-Moskva-Kiyev
(Oktyabr-Noyabr, 2008-ci il.
Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)
Tərcümə etdi: Kamran Nəzirli
Bakı,
18 avqust 2022-ci il
Dimitri
Qordon
Ardı
növbəti sayımızda…
Yeni Azərbaycan.- 2022.- 24 avqust.- S.4.