Gözü yolda qalan yurdumuz - İrəvan teatrı
XX əsrin əvvəllərinə qədər əhalisinin 75 faizini azərbaycanlılar təşkil edən İrəvan şəhəri mədəniyyətinin bütün sahələrində olduğu kimi teatr sənətinin təşəkkülü və inkişafı baxımından da ən qabaqcıl mərkəzlərdən biri olmuşdur.
Dünya təcrübəsi göstərir ki, bu və ya digər məkanda teatrın meydana gəlməsi və inkişafı üçün əlverişli mədəni şəraitin olması vacibdir. Bu, bir tərəfdən teatr sənətinin sirlərinə hərtərəfli yiyələnmiş kollektivin, digər tərəfdən isə, teatr sənətini dərk etməyə qadir tamaşaçı kütləsinin formalaşması ilə bağlıdır. Əgər artıq XIX əsrdə İrəvan şəhərində Azərbaycan teatrı fəaliyyətə başlayıbsa, bu o deməkdir ki, uzun əsrlər boyu burada yaşayan Azərbaycan türkləri bu dövrdə teatr sənətini yaratmağa və onu dərk etməyə qadir yüksək mədəni səviyyəyə qalxmışlar.
İrəvan Dram teatrında 1882-ci ildə səhnəyə qoyulan ilk əsər mövzusu baxımından o dövrün Azərbaycan dram sənətində aparıcı fiqur olan Nəcəf bəy Vəzirovun əsərləri ilə səsləşirdi. Dramın zərb-məsəl kimi səslənən adı (“Tamahkarlıq düşmən qazanar”) o dövrdə Azərbaycan dramaturgiyasında Mirzə Fətəli Axundovdan başlayaraq Üzeyir Hacıbəyova qədər davam edən xəsislik probleminə həsr olunmuşdu. Təəssüf ki, bir sıra araşdırmalarda 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan “Tamahkarlıq düşmən qazanar” əsərinin müəllifinin Məşədi İsmayıl, İsmayıl bəy Şəfibəyov olduğu barədə məlumatlara rast gəlinir.
Bu fikirlərə aydınlıq gətirmək üçün onu da qeyd edim ki, 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan əsərin müəllifi İrəvanda yaşayıb-yaratmış ədəbi-bədii sözün görkəmli nümayəndələrindən olan Məşədi İsmayıl Hacı Kazımzadə (“Bəzmi”) olmuşdur. İrəvan 3 sinifli şəhər məktəbinin müəllimi Məşədi İsmayıl Hacı Kazımzadə 1881-ci ildə “Tamahkarlıq düşmən qazanar” adlı əsərin mövzusunu bir neçə dəfə Nəzmiyə danışmış və dram sənətinin sirlərinə yaxından bələd olan Nəzmi isə bu ideyanı pyes şəklində gerçəkləşdirmişdir. Həmin tamaşadakı Hacı Fərəc rolunu da elə Məşədi İsmayıl Hacı Kazımzadənin özü ifa etmişdir. İrəvanın ədəbi-mədəni həyatında fəal iştirak edən Məşədi İsmayıl Hacı Kazımzadə ömrünün 20 ildən artıq bir hissəsini İrəvanda maarif sahəsinə həsr etmişdir. İrəvanda teatrın, maarifin, mədəniyyətin, milli intibahın tərəqqisi naminə çalışan, fədakar ziyalılarımızdan biri olan Məşədi İsmayıl Hacı Kazımzadə həm də “Bəzmi” təxəllüsü ilə xeyli qəzəllər, müxəmməslər, rubailər, qəsidə və qəzəllər yazmışdır.
İrəvan XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin qabaqcıl mərkəzlərindən biri olmaqla yanaşı, paradoksal şəkildə həm də dini fanatizmin tüğyan etdiyi məkanlardan biri idi. Bu da təbii ki, teatr sənətinin inkişafına, xüsusilə tamaşaçı kütləsinin formalaşmasına mənfi təsir göstərirdi. Teatrın inkişafı yolunda əngəl olan mövhumatla mübarizə aparmaq və onu dəf etmək üçün isə əsl sənət fədailəri tələb olunurdu. Belə sənət fədailərindən biri 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan Gimnaziyasına təyinat almış, Firudin bəy Köçərli oldu. Firudin bəy Köçərli 1886-cı ildə gimnaziyanın tələbələrinin iştirakı ilə, müsəlman fanatlarının təqib və hədələrinə baxmayaraq M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya qoya bilmişdir. Sonralar əsər İrəvan teatrının səhnəsində bir neçə dəfə oynanılmışdır.
1892-ci ildən 1905-ci ilə qədər İrəvanda yaşayan görkəmli yazıçı, publisist Eynəli bəy Sultanov və 1898-1903-cü illərdə böyük sənətkarımız Cəlil Məmmədquluzadə bu sənət ocağının tərəqqisinə böyük səy göstərmiş teatr həvəskarlarını yeni-yeni uğurlar əldə etməyə ruhlandırmışlar.
İrəvan Azərbaycan teatrının təşəkkülündə və inkişafında hələ gənc yaşlarında məhz bu teatrda səhnəyə qədəm basmış, sonralar isə onun korifeyinə çevrilmiş Yunis Nurinin də rolu əvəzedilməzdir.
1903-cü ildə Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Şəfibəyov, Həsən Əliyev kimi açıq fikirli ziyalıların köməkliyi ilə mütəşəkkil həvəskarlar dəstəsi yaradılaraq, teatrın yeni bir inkişaf mərhələsinə qədəm qoymasına yol açmışdır. Truppaya rəhbərlik gələcəyin böyük aktyoru, teatrın sütunlarından biri Yunis Nuriyə həvalə edilir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Vasaq Mədətovun “Qırt-qırt”, “Tamahkarlıq düşmən qazanar”, “Gözə görünməyən şal”, M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərləri tamaşaya qoyulmuşdur. 1905-ci il hadisələri gərginləşdiyi zaman mədəniyyətin digər sahələri kimi, İrəvan Azərbaycan teatrı da böhran və düşkünlük dövrü keçirmişdir. Buna baxmayaraq, bu dövrdə Azərbaycan ziyalıları Yunis Nuri, Məmmədağa Şahtaxtinski kimi mədəniyyət xadimləri “Hacı Qara”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “İrəvanda qarət” kimi pyesləri tamaşaya qoymağa nail olmuşdular.
Ermənilərin 1905-ci ildə törətdikləri vəhşiliklər İrəvanda Azərbaycan mədəni həyatına ağır zərbə vursa da, teatrın fədakar kollektivi bu sənət ocağının inkişafına təkan verməklə yanaşı, tamaşaların bədii səviyyəsini yüksəltməyə çalışırdılar. 1905-18-ci illər ərzində Azərbaycan teatrının böyük sənətkarları Hüseyn Ərəblinski, Mirzə Ağa Əliyev, Sidqi Ruhulla, Mustafa Mərdanov, Əliqulu Qəmküsar, Zülfüqar Hacıbəyov, Cəlil Bağdadbəyov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyyə Davudova və başqalarının etdikləri qastrol səfərləri İrəvanın mədəni həyatının oyanmasına, yerli aktyorların səhnə yaradıcılığına, teatrın dərnək səviyyəsindən peşəkar teatr səviyyəsinə yüksəlməsinə böyük təsir göstərirdi.
1918-ci ildə İrəvanda qaniçən erməni daşnakları hakimiyyətə gəldi. Bununla da təkcə İrəvanda deyil, hətta bütün Ermənistanda Azərbaycan xalqına qarşı güclü genosid siyasəti başlandı: ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasının birinci hədəfi azərbaycanlılar olmuşdur. 1918-1920-ci illərdə minlərlə azərbaycanlı məhv edildi, qalanları isə əzablı ölümdən xilas olmaq üçün ölkəni tərk etməyə məcbur oldu. Demək olar ki, İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı tam tənəzzülə uğradı.
1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti
quruldu. Bir qayda olaraq sovet tarixçiləri bu
dövrü daşnak millətçiliyinə son qoyulması,
bolşevik beynəlmiləlçi ideyalarının təsbit
olunması, Ermənistanda yaşayan xalqlar arasında dostluq və
qardaşlıq münasibətlərinin bərpası və
inkişaf dövrü kimi dəyərləndirirlər. Amma əslində, daşnakların genosid siyasəti
sovet hakimiyyəti illərində daha incə üsullarla davam
etdirilmişdi.
Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Məmmədəli
Nasirin, Yunis Nurinin təşəbbüsü və fədakar
fəaliyyəti sayəsində 1922-ci ildə İrəvan Azərbaycan
teatrı yenidən bərpa olunur. Teatrın ümumi rəhbəri
və baş rejissoru isə artıq təcrübəli səhnə
ustası kimi yetişmiş olan Yunis Nuri təyin olunur.
Teatr İrəvanda Əzizbəyov adına
azərbaycanlı klubunun nəzdində fəaliyyət
göstərirdi. Tamaşaların çoxu da
burada səhnəyə qoyulurdu.
Bununla da İrəvanda Azərbaycan teatr sənəti
yeni inkişaf mərhələsinə qədəm qoydu. Teatrı ağır vəziyyətdən
çıxarmaq üçün Rza Şeyxzadə, Əkbər
Rzayev, Əşrəf Yusifzadə, Abbasəli Axundov, Yusif Fikrət,
Yusif Ziya, Mehdi Kazımov, Kərim Əhmədov, Hüseyn
Salmanov, Məhəmməd Yusifzadə, Cəmil Fəxralı,
Cəfər Əhmədov, Rza Abbasov, Rəhim Allahverdiyev, Fatma
Əfəndiyeva, Yasəmən Əhmədova, Məhəmməd
Abbasov, Firəngiz Rzayeva və başqaları bu sənət məbədinin
ətrafına toplaşaraq onun dirçəlməsinə və
canlanmasına böyük təsir göstərmişdilər.
1922-ci ildə İrəvanda Azərbaycan
teatrı yenidən təşkil edildikdən sonra həmin ilin
oktyabr ayında Mərkəzi fəhlə klubunda ilk dəfə
“Türk inqilabi” tamaşasını göstərmişlər.
Tamaşada Kərim Əhmədov - Sədrəzamin, Yusif Məhəmmədov
- Xəfiyə, Cəfər Əhmədov - Molla Qara, Yaqub -
Atıcı Qasım, Yusif Ziya - Qurban Hacı Əli, Məmməd
Abbasov - Azər Əlibala rolunu ifa etmişdilər.
1922-ci ildən
1929-cu ilə, yəni daimi fəaliyyət göstərən
teatr statusu alana qədər bu fədakar kollektiv N.Nərimanovun
“Nadir şah”, S.S.Axundovun “Laçın yuvası”, “İki
yol”, C.Məmmədquluzadənin “Ölülər”, M.F.Axundovun
“Hacı Qara”, Ü.Hacıbəyovun “Məşədi
İbad”, “Əsli və Kərəm”, Molyerin “Zorən təbib”,
Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”,
“Ağac kölgəsində”, N.Vəzirovun
“Yağışdan çıxdıq, yağmura
düşdük”, H.Cavidin “İblis”, “Şeyda” əsərlərini
və s. tamaşaya qoymuşdur. Teatr kollektivinin
işindən ruhlanan ziyalılar, tələbələr
İrəvanda və başqa şəhərlərdə teatr
dərnəkləri təşkil edirdi. Belə dərnəklər
İrəvan fəhlə fakültəsində, yeddi illik Azərbaycan
məktəbində, İrəvan azərbaycanlı
qadınlar klubunda, mədəni-maarif müəssisələrində,
inşaatçılar klubunda, pedaqoji texnikumda, hətta kəndlərdə,
islah evlərində həvəskarlar tərəfindən təşkil
olunur və müxtəlif səviyyədə tamaşalar
göstərirdilər.
1930-cu ildə İrəvan Azərbaycan teatrı Ermənistanda
keçirilən teatrlar olimpiadasında iştirak etmək
hüququ qazanmışdı. Kollektiv bu olimpiadada
“Sevil” tamaşası ilə iştirak etmişdi. Olimpiadanın münsiflər heyətində Azərbaycanın
görkəmli səhnə ustaları Hüseynqulu Sarabski və
Rza Təhmasib də təmsil olunurdular. Yunis Nuri
(Atakişi), Məmmədbağır Qaraxanov (Babakişi), Qəniyev
Naci (Balaş), Xədicə (Ediya), Qafar Həqqi (Əbdüləli
bəy) rolunu ifa etmişdilər. Aktyorlar
oynadıqları rolların bədii obrazına güclü səhnə
təcəssümü verə bilmiş, olimpiadada müvəffəqiyyət
qazanmağa nail olmuşlar. Münsiflər heyətində
təmsil olunan Hüseynqulu Sarabski və Rza Təhmasib İrəvan
Azərbaycan teatrının uğurlu
çıxışını yüksək dəyərləndirərək
demişlər: “kiçik aktyor qüvvəsi çox
böyük məharət göstərdi”. Amma
bununla yanaşı, onlar teatrın təcrübəli
aktyorlara, rejissorlara böyük ehtiyacı olduğunu da qeyd
edirdilər.
İrəvan
Azərbaycan teatrının 1929-1949-cu illəri əhatə edən
dövrü istər tamaşaların çoxluğu, istər
mükəmməl yaradıcı kollektivə malik olması,
istərsə də Bakıdan görkəmli səhnə
ustalarının teatra dəvət edilməsi, rejissorluq
işinin kamilləşməsi, dünya klassiklərinin əsərlərinə
müraciət olunması və s. cəhətdən
özünəməxsusluğu ilə seçilir. Bu, bir tərəfdən fədakar kollektivin gərgin
fəaliyyətinin nəticəsi idisə, digər tərəfdən
İrəvanda Azərbaycan teatrında çalışan
Kazım Ziya (1935- 1938), İsmayıl Dağıstanlı
(1937-1938), Əli Zeynalov (1935- 1946), Ətayə Əliyeva
(1935-1949), Baxşı Qələndərli (1935- 1949), Əli
Şahsabahlı (1938-1949) kimi görkəmli və istedadlı
sənətkarların gərgin yaradıcı əməyi ilə
bağlı idi. Kazım Ziya İrəvan teatrında
çalışmaq üçün özü ilə birlikdə
Kamil Qubuşov, Tura Mirzəyeva, Midəd Rəsulzadə, Adil
Əsgərov, Həsən Mirzəyev kimi gənc aktyorları
da gətirmişdir. Onlar Bakı teatr ənənəsini
İrəvan Azərbaycan teatrına gətirmişdilər.
1935-ci ilin noyabr ayının ortalarında İrəvan
teatrında çalışmağa başlamış
Kazım Ziya teatrın həm baş rejissoru, həm də
aktyoru kimi çalışırdı. O “Sevgililər”,
“Yaşar”, “Cancur Səməd” və s. tamaşaların
quruluşunu vermişdir. Kazım Ziya aktyor heyətinin
yaradıcılıq səviyyəsini yüksəltmək
üçün “Azərbaycan teatr tarixi” mövzusunda
mühazirələr oxumuşdur. İrəvan
Azərbaycan Dram Teatrı öz varlığının ikinci
dövründə çox mürəkkəb problemlərlə
üz-üzə gəlməsinə baxmayaraq, İrəvanda
mövcud olan teatrlar içərisində öz dəst-xəttilə
seçilən bir kollektivə çevrilmişdi.
Buna baxmayaraq, İrəvanda azərbaycanlı əhalinin
azalması teatrın fəaliyyətini dayandırmağa məcbur
edən faktorlardan biri idi. SSRİ Nazirlər Sovetinin
“Kolxozçuların və digər azərbaycanlı əhalinin
Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında”
23 dekabr 1947-ci il tarixli qərar azərbaycanlıların
deportasiyası üçün başlıca sənəd
oldu.
Beləlilkə, yuxarıda qeyd etdiyimiz kimi, böyük
uğurlara imza atan İrəvan Azərbaycan Dram Teatrı
1949-cu ilin sonlarında Basarkeçər rayonuna
köçürüldü və bir müddətdən sonra
1950-ci ilin ortalarında fəaliyyəti dayandırıldı.
Erməni şovinizminin tarixin səhnəsindən silməyə və sıxışdırıb çıxarmağa çalışdığı bu sənət ocağı 1967-ci ilin yanvar ayında yenidən bərpa edilərək öz üçüncü həyatını yaşamağa başlayır. 1968-ci ilin iyun ayında 23 yaşlı gənc Hidayət bu sənət ocağına direktor təyin edilir. İrəvan Azərbaycan Dram Teatrı varlığının üçüncü dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, Hidayətin yorulmaz zəhməti sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xətti ilə seçilən bir teatra çevrildi. Bütün bunlara baxmayaraq, 1988-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı həyatında dördüncü dəfə didərginlik taleyini yaşamağa məcbur oldu. Bu il teatr sənətimizin inkişafında mühüm yer tutan, səhnə sənəti tariximizə parlaq səhifələr yazan İrəvan Azərbaycan Teatrının yaranmasının 140 ili tamam olur. Şərəfli tarixi yol keçmiş İrəvan Azərbaycan Teatrı - böyük qürur və fərəh doğuran 140 illik yubileyin mübarək! Növbəti yubileyində doğma yurdda görüşənədək!
Cəlal Allahverdiyev
Filalogiya üzrə fəlsəfə doktoru,
dosent
Yeni Azərbaycan.- 2022.- 24 avqust.- S.7.