“Əxlaqi-Nasiri”yə nə qədər riayət edirik?

 

 

Azərbaycanın elm, tərbiyə və mədəniyyət tarixindən bəhs edərkən XIII əsrdə yaşamış, dünya şöhrətli mütəfəkkir Nəsirəddin Tusinin fikirlərini xatırlamamaq olmaz. Dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) düşüncə tarixində möhtəşəm bir iz qoyub. Tusi yaradıcılığının əsasını insan əxlaqının saflaşdırılması ideyası təşkil edir. Nəsirəddin Tusinin zəhməti ilə qurulan Marağa rəsədxanası Şərq elmi, təhsili və mədəniyyətinin ən əzəmətli abidələrindən biridir. Onun “Əxlaqi-Nasiri” əsəri isə yaratmış olduğu Marağa rəsədxanası qədər məşhurdur. Bu kitab 700 ildən artıq müddətdə orta və yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə edilib.

Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində nəzəriyyə ilə təcrübənin, elmlə əməlin əlaqəsindən danışaraq göstərir ki, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir. Nəsirəddin Tusi belə hesab edirdi ki, əgər bu fəzilətin hər ikisi kimdə varsa, o ən müdrik insan, ən kamil alimdir. Belə adamın yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqedə durmalıdır.

 Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Ruhəngiz Əliyevanın məqaləsində qeyd olunur ki, “Əxlaqi-Nasiri” əsərinin “Məqsədlər haqqında” bölməsi əxlaqı saflaşdırmaq baxımından olduqca maraqlıdır. Bu bölmədə uşaqların fitri qabiliyyət və istedadından, təcrübə vasitəsilə əldə olunan peşə və vərdişlərdən, mühit və şəraitdən, uşaqlıq və gənclik dövründəki tərbiyədən, insanın formalaşmasında təlim və tərbiyənin oynadığı böyük roldan danışılır. Kitabda olan müdrik söhbətlər həyati misallarla nümayiş etdirilir. Tusi tərbiyə işində əsas sima kimi müəllim və tərbiyəçilərin rolunu yüksək qiymətləndirir, onların yüksək təhsilli, elmli, əxlaqlı, tələbkar, mərhəmətli, şirin danışıqlı və ehtiramlı olmasını vacib hesab edirdi. Tərbiyə prosesində mənəvi təmizliyə, əxlaq saflığına, vicdan aydınlığına son dərəcə yüksək qiymət verən mütəfəkkir bu keyfiyyətləri uşaqlara kiçik yaşlarından aşılamağı lazım bilirdi. Tusi uşaqların əxlaq tərbiyəsində cəza, tərif, alqışlamaq, mükafat və şirnikləndirmək kimi rəğbətləndirmə vasitələrinə xüsusi yer ayırırdı.  Əsərdə “Nəfsin sağlamlığı”, “Nəfsi xəstəliklərin aradan qaldırılması” kimi tərbiyə elmi üçün vacib olan fəsillərmühüm yer tutur. Burada qeyd edilir ki, uşaqların pis hərəkətlərinin səbəbini aşkara çıxarıb onları islah etdikdən sonra tərbiyə öz məqsədinə nail ola bilər. “Boyaqçı paltarı çirkdən təmizləməyincə, o, lazım olan rəngi tutmaz”. Tusi nəfsi sağlamlığı qorumaq üçün sağlam ruhlu, tərbiyəli, namuslu, istedadlı, nəzakətli dostlarla oturub-durmağı məsləhət görürdü. İnsan nəfsini sağlamlaşdırmaq üçün faydalı əməyi əsas şərt hesab edirdi. Tusi yazırdı ki, faydalı əməyi sevməyən adam gec-tez fəlakətlə üzləşməlidir. 

“Əxlaqi-Nasiri” əsərində ailə quruluşu məsələsinə də xüsusi diqqət yetirilir. Tusi ailəni tam bir bədənə bənzədirdi. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edirdi. O göstərirdi ki, bədənin ayrı-ayrı hissələri ağrıdıqda, bütün bədən laxladığı kimi, ailə üzvlərinin də birinin tərbiyəsindəki naqislik bütün ailəni tar-mar edə bilər. Ona görə də ailə üzvlərinin hamısına eyni münasibət göstərmək, heç birinə üstünlük verməmək, onların arasında düzgün əmək bölgüsü aparmaq, ailədə möhkəm nizam-intizam yaratmaq kimi davranışları möhkəm ailənin dayaqları hesab edirdi. Tusi ideal tərbiyəli ailə yaratmaq üçün ev yeri seçməyi, ev tikdirməyi, ailəni saxlamaq üçün mal toplamağı, qənaətcil olmağı, evi idarə etmək qanunlarını bilməyi, qazandığı pulları simiclik etmədən ehtiyatla xərcləməyi gənclərə öyrətməyi vacib hesab edirdi. 

 

Öz növbəsində, Tusi övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında da qiymətli fikirlər irəli sürüb.  O, uşağın tərbiyəsində ən birinci cəhət kimi onda həya hissini oyatmağı zəruri hesab edirdi. Uşaqların tərbiyəsindən danışarkən onlara pul verməyi, maddi şeylərlə şirnikləşdirməyi qorxulu hal kimi qiymətləndirirdi. Tərbiyə üsulu kimi uşaqların şüuruna, idrakına təsir edən məntiqli söhbətlər aparmağı, tələbkarlıq və mehribanlıq göstərməyi, məhəbbət doğuran motivlərdən istifadə etməyi tövsiyə edirdi. Uşaqlara zorla yemək verməyi, bahalı paltar geyindirməyi tənqid edərək yazırdı ki, sadə geyim uşaqların həqiqi vəziyyətlərini göstərmək üçün əsas şərtdir. O, müəllim və tərbiyəçilərin uşaqların səliqəli və təmiz geyinməsinə, çox hərəkət etməsinə fikir vermələrini lazım bilirdi. Qeyd edirdi ki, uşaqlara elə tərbiyə vermək lazımdır ki, onlar ata-babalarından qalan var-dövlətlə lovğalanmasınlar, zəiflərə əl qaldırıb, güclülərə boyun əyməsinlər, tay-tuşlarına paxıllıq etməsinlər. 

Qızların tərbiyəsindən isə danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara cinsinə müvafiq faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi. 

Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir. And içməyi, ümumiyyətlə, pis adət hesab edən mütəfəkkir yazırdı ki, “bəlkə də böyüklərin yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı yoxdur”. Tusi tərbiyənin lap kiçik yaşlardan başlanmasını lazım bilərək yazırdı: “Sokratdan soruşurlar: Sən nə üçün həmişə yeniyetmələrlə həmsöhbət olursan? -deyir: ona görə ki, nazik tər budaqları düzəltmək asandır. Təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”. 

Bir sözlə, “Əxlaqi-Nasiri” əsəri bütün dövrlər üçün əhəmiyyətini itirməyən, təlim-tərbiyə, əxlaq və digər davranış qaydalarına dair qiymətli fikirlərlə zəngin olan əbədiyaşar bir əsərdir. Görkəmli alimin “Əxlaqi-Nasiri” əsəri gələcək nəsillər üçünqürur  iftixar mənbəyi olaraq qalacaq.

 

MÜŞFİQƏ

 

Yeni Azərbaycan.- 2022.- 25 avqust.- S.7.