Məni Dövlət Təhlükəsizliyi
Komitəsinə çağırdılar...
Diplomatım
ağzınacan araqla doluydu
Müslüm Maqomayevin
son müsahibəsi
EPOXA
(İXTİSARLA)
- Hmmm... Bəs Vişnevskaya və Rastropoviç, o cümlədən
sizin digər sənət yoldaşlarınız xaricdən
siyasi sığınacaq istəyəndə hansı hisləri
yaşayırdınız? Sizin onlara qarşı
münasibətiniz necə oldu? Axı siz, səhv etmirəmsə,
kiminsə əleyhinə yazılmış donos məktublarına
heç vaxt imza atmamısız!
- (Ləyaqətlə). Nə mən, nə də
Tamara İliniçna. Heç vaxt! Bu, çirkin
işdir!
- O vaxt o
cür məktublara imza atanlar indi özlərinə bəraət
qazandırırlar: “Mən nə edə bilərdim ki? Mənə elə təzyiq göstərirdilər
ki, hünərin var imtina elə!” Bəs
necə oldu ki, siz bu məktublara imza atmaqdan imtina elədiniz?
- Şəxsən
mənim özümə heç kim təzyiq
etməyib, heç kim mənə təklif də etməyib. Çünki gözəl bilirdilər ki, bu işdən
uzaq adamam. Bu işlərlə bir qrup adamcığaz məşğul
olurdu, dəridən-qabıqdan çıxırdılar ki,
bir-birilərinə pislik etsinlər...
-
Onların istedadı çatışmırdı?
- Yox, əksinə,
istedadları bəs qədər vardı, hətta daha
artıq idi. Ağlıma belə gətirə bilmirəm - necə olur ki,
bu cür böyük vergili admlar öz yoldaşlarını
satırlar, özü də bəzən özlərindən
də az istedadlı yoldaşlarını! Bax, bunu heç
vaxt anlaya bilmirəm! Xaricə gedib qayıtmayan
adamlara qarşı münasibətim necəydi? Əlbəttə, onları başa
düşürdüm. Başqa cür necə ola bilərdi axı? Götürək
elə Rudolf Nuriyevi. Əgər insanı ev
özünə çəkmirsə, deməli, burada nəsə
var - evdə adamı qoymurlar özünü realizə etsin...
- Bəyəm Nuriyevi qoymurdular özünü realizə
etməyə?
- Zaman çox pis zaman idi, buna görə də bura onun üçün qaranlıq görünürdü. Əgər o, qastrollar zamanı “aradan çıxmasaydı”, indi onu dünyada kim tanıyardı?
- O, böyük rəqqasdı?
- Bəli, şübhəsiz! Amma indi Rusiyadan kənarda o qədər
çox istedadlı insanlar var ki! Dəmir örtük daha
yoxdu, xaricə getmək azaddır, elə həmin o
“Metropoliten-Opera”da indi nə qədər rus familiyası
eşidirəm, qadın, kişi
müğənnilər... Təəssüf ki,
onlar şöhrəti orada qazandılar, bura da böyük sənətkarlar
kimi gəlirlər. Bizdə, nə qədər
çalışırsan, nə qədər əlləşirsən,
vuruşursan, istedadı maliyyə cəhətdən təmin
edə bilmirlər. Buradakı şəraitlə
oradakı şəraiti necə müqayisə etmək olar
axı! “Metropoliten”də artist işləyən qadınlardan
biri (adını çəkməyəcəm!) gedən kimi
oturub bir qədər gözləyib; hansısa müğənni
xəstələnir, işə çıxmır, onu
götürürlər, üç min dollar verirlər,
özü də hər tamaşaya görə! Özü də
elə belə, heç bir şey də eləmir... Böyük Teatrda belə şeylərə ümid
bəsləmək olarmı? Nə qədər ki, bizdə
sənət bax bu cür həyat sürür, adamlar buradan
çıxıb gedəcək...
- ... və
onları da buna görə mühakimə etmək olmaz...
-
Heç bir halda! Allaha şükür ki, sovet epoxası
keçmişdə qaldı, o zaman səni hədələyirdilər:
yalnız burada oxu, belə oxu-filan! Axı bu sənin
səsindir, bu səsi sənə partiya və hökumət
yox, bütün dünya-aləmin tək hakimi Allah verib; deməli,
sənin öz səsindən istədiyin yerdə istifadə
etmək haqqın var. Bu sənin şəxsi işindir. Əsas məsələ budur ki, öz ata yurdunu,
ocağını yaddan çıxarmayasan, öz evini,
doğma həyətini, yaxınlarını və
dostlarını unutmayasan. Gəl, təmasda ol, yenidən
qayıt ora, işlə, harda rahat və sərfəlidirsə,
orada işlə! Düz demirəm?
“OBXSS”dən
OLAN UŞAQLAR DƏRHAL BAŞA DÜŞDÜLƏR Kİ,
MƏN TƏMİZƏM, MƏNƏ SADƏCƏ TOR QURUBLAR”
- Tamam
düz deyirsiz! Yeri gəlmişkən, İosif Kobzon mənə
dedi: “Elə bilirsən, Müslümün həyatı hamar
olub? Onu az qala gözdən salmışdılar, Andropov
olmasaydı, məlum deyildi taleyi necə olacaqdı...”
- Hə,
sarsaq bir oyun idi... Bir solo konsertə görə mənim rəsmi
qonorarım təxminən 200 rubldan bir az çox idi; impresario
Leonidov 45 minlik tamaşaçısı olan stadionda
çıxışıma görə mənə bundan
üç dəfə çox qonorar təklif elədi. O, məni
inandırdı ki, SSRİ Mədəniyyət Nazirliyinin qərarına
əsasən, çoxminlik auditoriya qarşısında
iki-üç mahnı oxumağa görə üçqat
qonorar verilir, deməli, mənə də düşür 600
rubl. Sadə hesabdır, lakin... Məlum oldu ki, Mədəniyyət
Nazirliyinin bu barədə heç bir əmri yox imiş,
axı mən bunu bilmirdim. Buna görə də Rostova
getdim və konsertdə oxudum... Beləliklə,
o dövr üçün əməlli-başlı məbləğ
qazandım, daha sonra “Penza işi” ortaya çıxdı; orada
konsertin administratoru mənim familiyamı cədvələ
salmışdı, özü qol çəkib pulu
götürmüşdü. Məni
“OBXSS”-ə (sosialist mülkiyyətini oğurlayanlara
qarşı mübarizə şöbəsi)
çağırdılar. “Axı mən Penzada bircə
dəfə də olmamışam!” dedim, o zaman şahidlər
dəvət elədilər, canlı üzləşdirmə
qurdular. “OBXSS”dən olan uşaqlar dərhal başa
düşdülər ki, mən təmizəm, sadəcə
mənə tor qurublar, Fursovanın məndən xoşu gəlməyən
müavinlərindən biri bu məsələyə görə
ayağını iki başmağa soxub dirəndi: “Bu
oğlanı gərək nümayişkaranə cəzalandırasan,
çox göynən gedir!” Çingiz
Sadıxovun da başını ağrıtdılar. “Yaxşı, deyək ki, Maqomayev hələ cavandı,
bu incəlikləri bilməyib, axı siz bilirsiniz ki, belə
şeylər etmək olmaz!” demişdilər ona. Bizə
elə baxırdılar ki, guya biz əməlli-başlı
oğru, qulduruq və dövlətin sonuncu rublunu
çırpışdırmışıq! Tələb
edirdilər ki, bütün pulları qaytaraq...
- ... pullar isə çoxdan sovrulub getmişdi, hə?
- Məsələ
heç bunda da deyildi. Əgər mən o
pulları qaytarsaydım, deməli, belə
çıxırdı ki, günahkaram, səhvimi boynuma
alıram. Belə oldu ki, evə, Bakıya
getdim, Azərbaycanın Baş Prokuroru ilə məsləhətləşdim,
o, hüquqi məsələlər üzrə ən
yaxşı mütəxəssis idi. Məndən
soruşdu: “Cədvələ qol çəkib pulu
götürmüsən?” “Əlbəttə,”- dedim. “Tamam, bir qəpik də qaytarma! Əgər sadəcə
pulu alıb cibinə qoysaydın, onda iş başqa yön
alardı, belədə aldığın pul sənin təmiz
zəhmət haqqındır!” Nə isə... Mədəniyyət
Nazirliyində anladılar ki, mənə bir şey edə
bilmirlər, o zaman mənə Rusiyada oxumağı bir il qadağan elədilər: qastrollara gedə
bilməzsən, radio və televiziyada çıxış edə
bilməzsən! Moskvada olmaz, Piterdə olmaz, Azərbaycanda isə
mümkündü, buyur, get ora, oxu! “Lap yaxşı!”
sevindim,”nəhayət, mən də Konservatoriyanı bitirə
bilərəm!”(saysız-hesabsız hökumət tədbirləri
və ora-bura qastrol səfərləri ucbatından təhsilimi
heç cür başa çatdıra bilmirdim)...
Bakıda yaşadığım müddət ərzində
Konservatoriyanın bütün kurs imtahanlarını ekstern
verdim və keçdim. Hələ musiqi texnikumunda oxuyarkən aldığ?m biliklərin faydası oldu, harmoniyadan,
ümumi fortepianodan... imtahanları asanca verdim. Ən pisi
Sov.İKP tarixi fənniylə bağlı oldu: bir-iki dəfə
mühazirələri dinlədikdən sonra anladım ki, yox,
bu, mənlik deyil, buna dözümüm çatmayacaq. Bəxtim
gətirdi ki, müəllimlərim yaxşı
çıxdı, onlar da mənim pərəstişkarım
idilər... Yadımdadı ki, onlardan biri soruşdu: “Əmtəə”
nə deməkdir? Başladım ki, “əmtəə - o deməkdir
ki...” dalını deyə bilmədim, nəsə,
özümü birtəhər toparladım, dedim: “Əmtəə
o deməkdir ki, onu satırlar və alırlar”. Gördüm
professor səmimiyyətlə heyrətləndi. “Haradan bilirsən bunu?” soruşdu. “Necə yəni,
har?dan?” dedim,- “”bu ki təbii haldı!” Professor
güldü, dedi: “Amma futbolçu Eduard
Markarov deyir ki, əmtəə “şmotka”dır, yəni
pal-paltar, əski-üskü!”
Nə isə, mən bir aya bütün imtahanları
verdim və bir qədər istirahət etməyə qərar
verdim; birdən məni hara olsa yaxşıdı, Azərbaycan
Dövlət Təhlükəsizliyi Komitəsinə
çağırdılar. O zaman sədr Heydər Əliyev idi.
Məni sədrin müavini qəbul elədi, elə kandardaca
dedi: “Müslüm, səni Moskva tələb edir!” “Tələb edir nədi? Yenə
mühakimə edəcəklər?”. “Yox, “KQB”nin yubiley
konsertində oxumaq üçün!” dedi. Dərhal burnumu
salladım, dedim: “Mən heç hara getməyəcəm! Onlar məni cəzalandırıblar. Mən hələ məzuniyyətdəyəm!”
Sədr müavini dedi: “Getməli olacaqsan. Bu
Andropov yoldaşın şəxsi xahişidir.” “İstəmirəm”,
deyə tərslik elədim, o isə sakitcə, lakin qətiyyətlə
bildirdi: “Müslüm Məhəmmədoviç, noolub, sakitləşin!
Belə olmaz... Siz Mədəniyyət Nazirliyi ilə
dava-şavada olmusuz, “KQB” ilə aranı pozmağı,
özü də şəxsən Yuri Vladimiroviç Andropovla
münasibətləri korlamağı məsləhət
görmürəm...” Razılaşmalı oldum:
“Yaxşı...”, o isə mənim əlimi
sıxıb dedi: “Yaxşı yol. Elə
günü sabah biz sizi təyyarəyə oturdub yola
salacağıq”. Bununla da mənim “türmə həyatım”
uğurla başa çatdı...
- Gəlin
Furtsovaya qayıdaq... Bir dəfə siz onunla necə tanış olmanızı
xatırlatmışdınız... Bir tədbirdən sonra
Xruşov onu sizə tərəf itələyərək deyib:
“Get, Katya, get, komsomolçulara züy tut!”
- Yeri gəlmişkən
deyim ki, mən komsomolçu olmamışam...
- ... amma Nikita Sergeyeviç bunu bilmirdi. Deyilənə görə,
çox güclü SSRİ Mədəniyyət naziri iki
artistdən ötrü ölürdü: Yefremov və
Maqomayev. Sizə isə nəvazişlə “Oğlan” və
“Musik” deyirmiş...
- Yox,
yalnız “Oğlan” deyirdi mənə. Mən yalnız
uşaqlıq dostlarım üçün “Musik” olmuşam...
-
Duyurdunuzmu ki, o, sizi təkcə müğənni kimi yox, həm
də bir kişi kimi xoşlayır?
- Bu barədə
bizim söhbətimiz olmayıb; sadəcə, bir neçə
hadisədən sonra hiss etmişəm ki, onun məndən
xoşu gəlir... Bilmirəm,
bunu demək olar, ya yox, bir dəfə “Krım şəfəqləri”
festivalının bağlanış mərasimi ilə
bağlı qəbulda Yekaterina Alekseyevna o qədər
içdi ki, özünü pis hiss eləməyə
başladı və sərbəst yeriyə bilmədi. Biz
artıq üç nəfər qalmışdıq, hamı
çıxıb getmişdi; Furtsova, mən və direktor
(familİyasını unutmuşam)... Məncə, Zimina idi, hə,
hə... Bax o qadın mənə dedi: “Müslüm, siz burada
yeganə kişisiniz, onu aparmalı olacaqsınız”.
- Siz də
apardınız, hə?
- Hə, əlbəttə.
Qadın çox yüngül idi... Haradasa yolun ortasında
birdən Yekaterina Alekseyevna gözlərini açdı və
soruşdu: “Bə niyə mən sizin
qucağınızdayam?”... Bir qədər baxandan sonra əlavə
etdi: “Di yaxşı, yaxşı, sənə olar,
özümüzünküsən!” O zaman mən anladım ki,
onun mənə qarşı çox böyük iltifatı
var. Bir müddət sonra biz birlikdə Kubaya uçduq. Onun ayrıca salonu vardı, salona lazım bildiyi
adamları dəvət edirdi. Qonşular araya söz
atdılar: “Bəlkə bir az kart oynayaq, hə?” O
güldü, dedi: “Yaxşı deyil axı!”.
Mən xahiş elədim: “Yekaterina Alekseyevna, noolar, xahiş
edirəm, biz bir qədər başımızı qataq da...”
Sonra da əlavə elədim: “Bəlkə bir az araqdan... azca
vuraq, hə?” Qadın qızardı, dedi: “Oy, uşaqlar, siz məni
lap məcbur edirsiz!”. Mənim
diplomatım isə ağzınacan araqla doluydu,
götürmüşdüm ki, gənc kubalıları qonaq
edim. Və biz başladıq, nə başladıq,
diplomat çantam boşalanadək içdik.
Qısası, yaxşıca vurduq... Beş
saatdan sonra təyyarəmiz hansısa xırda dövlətin ərazisində
yanacaq doldurmaq üçün yerə endi, adını
artıq yadıma sala bilmirəm. Bizim yanımızda
oturanların hamısı gözlərini güc-bəla ilə
açırdılar, o qədər içmişdilər ki...
- ... o isə dipdiriydi, eləmi?
- Əlbəttə, elə bil heç nə dilinə
vurmamışdı, cəld təyyarədən
düşdü, tələsə-tələsə
yürüyürdü, sonra baxırıq ki, kiməsə
müsahibə verir... biz isə güclə yeriyirdik. Budu bax, əsl partiya məktəbi!
Onun sağlamlığı da yerindəydi...
-
Yuxarılara görünür hər adam
düşə bilməzdi, başa
düşürsünüz də məni, yəni
seçim-filan edirdilər...
- O, unikal
qadın idi, əsl dəmir ledi...
“BREJNEV
VƏ ÇERNENKO AĞLAMAĞA BAŞLAYANDA
DÜŞÜNDÜM: “BƏLKƏ DAYANIM?” QOCALARA YAZIĞIM
GƏLDİ”
-
Müslüm Məhəmmədoviç, siz fantastik
sıçrayış yaşamısız: 31 yaşında
Sovet İttifaqının Xalq artisti olmusunuz, sizsiz bir dəfə
də olsun “Qoluboy Oqonyok” keçmirdi. Bildiyimə görə,
hökumət tədbirlərində konsertdən qabaq Brejnev həmişə
soruşarmış ki...
- ...”MaQaamayev olacaq? “(gülür). O, Bakıya gələndə
Heydər Əliyevə birbaşa demişdi ki, onun iki sevimli
müğənnisi var -Zıkina və MaQaamayev.
- Sov.İKP MK-nın Baş Katibinin sevgisi necəydi,
isidirdimi sizi?
- Mən
ondan heç nə əldə etməmişəm və
heç vaxt bundan da sui-istifadə etməmişəm. Bu sevgi məni heç məmurların
özbaşınalığından da xilas etməyib. Bayaq dediyim o həmin nazir müavininin məni
görməyə gözü yox idi, bütün qanıyla,
canıyla mənə nifrət bəsləyirdi. Nəyin bahasına, hansı yolla olur-olsun məni ləkələmək
istəyirdi. Əgər Heydər
Əliyeviç ona təpinməsəydi, dayanmayacaqdı.
Əliyev ona sərt şəkildə dedi: “Maqomayevlə
işiniz olmasın, əl çəkin ondan!” Və
yalnız bundan sonra o, iyrənc hərəkətlərindən
əl çəkdi. Bəlkə də mənim yerimdə
kim olsaydı, necə deyərlər,
özünü ora-bura soxardı, girərdi, yaltaqlanardı, bəzi
qadın həmkarlarım kimi nələrsə edərdi, amma
mən heç vaxt...
-
Görünür, tərbiyəniz yol verməyib... ayrı
cür...
- Məni Bakıya “sürgün” edəndə birbaşa
Leonid İliçə müraciət edə bilərdim, lakin
o vaxtlar da onun mənə isti münasibətindən istifadə
eləmədim. Və Allaha çox şükür! Bu
gün deyirəm ki, məni “cəzalandıranlar” sağ
olsunlar, yoxsa Konservatoriyadakı təhsilim çox uzana bilərdi.
-
Eşitmişəm Bakıda Paxmutovanın “Kiçik torpaq”
mahnısını oxuyanda - məncə çox unikal və
dahiyanə mahnıydı - Brejnev və Çernenko
hönkür-hönkür ağlayıblar...
- Yox, hönkür-hönkür yox... sadəcə gözlərindən yaş gəlirdi.
- Siz bunu görürdünüz?
- Əlbəttə. Hətta kinoxronikada kadrlar var, saxlanılıb...
- Bu mənzərəni görəndə özünüzü necə hiss edirdiniz?
- Düşünürdüm: “Bəlkə dayanım, oxumayım?” Qocalara yazığım gəlirdi. Axı göz yaşları elə-belə axmaz, onlar həqiqətən səmimiyyətlə həyəcan keçirirdilər, müharibə dərhal yadlarına düşmüşdü, həlak olan dostlarını xatırlayırdılar...
- Deyirlər Leonid İliç sizin ifanızda səslənən italyan partizanlarının “Bella, çao” mahnısını çox sevirmiş; bu mahnını eşidən kimi başlayırmış ayaqlarını yerə vurmağa və əl çalırmış...
- ... və həmişə də hamıdan bərk vururdu ayaqlarını yerə və əl çalırdı... Yadımdadı, Almaniya Demokratik Respublikasına getmişdik, Berlində böyük konsert oldu; səhnədən elan etdilər: “Müslüm Maqomayev. Bella, çao”. Birinci sırada əyləşən Brejnev Heydər Əliyevə sarı dönərək əli ilə işarə edib: hə, bax, indi işləməli olacağıq, əl çalıb, ayaq döyəcəyik! Heydər Əliyeviç özü də bu mahnını əzbər bilirdi... Leonid İliç çox nadir şəxsiyyət idi, xeyirxah və yaxşı insan idi...
- ... həm də çevik idi...
- Biz Yerevanda Yura Qulyayevlə birlikdə Leonid İliçə canlı qulaq asırdıq, bunu heç unuda bilmirəm. Heydər Əliyeviç Ermənistana səfər edəndə məni də Azərbaycan nümayəndə heyətinin tərkibinə salmışdı. Ukrayna KP MK-nın birinci katibi Pyotr Yefimoviç Şelest isə Qulyayevi özüylə gətirmişdi.
Kiyev-Moskva-Kiyev
(Oktyabr-Noyabr, 2008-ci il.
Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)
Tərcümə etdi: Kamran Nəzirli
Bakı, 18 avqust 2022-ci il
Ardı növbəti sayımızda…
Dmitri
Qordon,
Ukrayna
jurnalisti
525-ci qəzet.- 2022.- 25 avqust.- S.5.