Qoy onlar bizi cavan kimi xatırlasınlar

 

 

Əvvəli ötən sayımızda…

Müslüm Maqomayevin son müsahibəsi

EPOXA

 

Gözəl insan idi, əntiqə söhbətlər, tarixçələr danışardı; lakin bir dəfə - bunu yəqin bilirəm - siz onunla möhkəm mübahisə eləmisiz, küsülü qalmısız. Sirr deyilsə, nəyin üstündə?

- Hə, elə bu məsələnin üstündə! Kremlin qurultaylar Sarayında hökumət konserti gedirdi, hansısa növbəti ildönümünə həsr olunmuşdu... Səhnəyə çıxmamışdan qabaq balerinaların qrim otaqlarının yanında gördüm Mahmud dayanıb, kiminləsə qızğın söhbət edir, ətrafına da xeyli adam yığışıb. Məni görən kimi sevindi. “Bu da Müslümün özü! De görüm, sənin millətin nədir?” elə belə də soruşdu. Dedim “Azərbaycanlıyam!”. Hamı xorla Mahmuda: “Gördün?”. O isə coşdu, mənə: “Bura bax, sən çeçen olduğuna görə qürur duymursan?” dedi. “Bu hardan ağlına gəldi? Məgər bilmirsən ki, mənim ulu babam hardandı, hansı kökə bağlıdı? Bu bir. İkincisi, bağışla, mənim nənəm tatar qızıdır, anamda isə Allah bilir neçə millətin qanı var, indi, de görüm, mən özümü hansı millətdən hesab etməliyəm? Allahıma şükür edirəm,- deyə söhbətə yekun vurdum,- şükür edirəm ki, məni belə yaradıb, buna görə də, mən qatı beynəlmiləlçiyəm, hansı millətdən olmağımın fərqi yoxdu mənimçün!”

- Mahmud incidi?

- İncidi də sözdü! Mənimlə uzun müddət danışmadı, sonra, əlbəttə, bağışladı məni, bilirsiz bu ha vaxt baş verdi? Çeçenistanda...

- ... onun evi bombardman ediləndən sonra? Bütün rəsm əsərləri, antikvar şeyləri, səhnə kostyumları darmadağın olunandan sonra, hə?

- Bəli. Bundan sonra tamam başqa adam olmuşdu. Bir dəfə pərdə arxasında rastlaşdıq, birdən məni qucaqladı, öpdü, dedi: “Müslüm, gəl hər şeyi unudaq!” Çox kövrəldim, dedim: “Mahmud, mən artıq çoxdan unutmuşam! Mənim üçün əsas odur ki, sən gözəl insansan, əla rəqqassan, ikinci belə rəqqas olmayacaq dünyada və burda hansı millətdən olmağının qəti fərqi yoxdu!”

- Bilirsiz, elə məhz o Çeçenistanda baş verən faciəli günlərdə, Viktor Stepanoviç Çernomırdin (o vaxt Rusiya hökumətinin sədriydi) süfrəsinin başına incəsənət xadimlərini yığmışdı, Mahmuddan xahiş edib ki, bir tost desin. Mahmud da etiraz edib, “Yox, istəmirəm!”. Çernomırdin bir də xahiş edib, təkidlə xahiş edəndən sonra Yesambayev əlində bakal ayağa durub və deyib: “İstəyirəm ki, Qraçov ölsün!” Məclisdə ölü bir sükut yaranıb. Mahmud da bir qədər susandan sonra əlavə edib: “Kim içməsə, qoy o da ölsün!”

- (Gülür). Aman Allah, dəhşət! Məsələ təkcə Qraçovda deyildi... Keçmiş müdafiə naziri sadəcə axmaqlamışdı, demişdi: icazə verin Qroznıya girim, orda bir aya qayda-qanun yaradaram!

- Amma əvvəlcə bildirmişdi ki, paraşüt-desant polkunun gücüylə Qroznını iki saata alacaq, sonra nə düşünübsə, dəqiqləşdirərək deyib: iki günə alaram!..

- Belə şeyləri ya möhkəm içkili halda deyərlər, ya da çiyinlərinin üstündə başları olmayan adamlar deyər. Məgər sən bilmirsən ki, onlar dağ adamlarıdı? Elə bilib ki, elə çeçenlər küçədə cərgəyə düzülüb bunun gəlişini gözləyəcəklər, hə?

- Axı onlar dağları öz evləri kimi bilirlər...

- ... və sən heç vaxt onları tuta birməzsən!

 

“NƏ ELÇİLİK-FİLAN? NƏDİ, MƏGƏR BİZ AULDA YAŞAYIRIQ? PYEXA İLƏ EVLƏNMƏK İSTƏSƏYDİM, ELƏ BİRBAŞA DEYƏRDİM: “DİTA, MƏNƏ ƏRƏ GƏL!”“

 

- “Baharın on yeddi anı” filmindəki məşhurlaşmış mahnını əvvəlcə siz oxumalıydınız, hətta məncə, oxumuşdunuz artıq, niyə sonda o mahnını İosif Kobzon oxudu?

- Rejissor Tatyana Lioznova mənim tembrimi bəyənmədi; düzünə qalsa, mənim ona qarşı heç bir incikliyim də yoxdu. Filmə baxandan sonra anladım ki, mənim səsim Tixonova uyğun deyil, eynilə çəkildiyim “Nizami” filmində onun da məni səsləndirməyə uyğun olmadığı kimi. Çox istəyirdim ki, bu filmdə məni Smoktunovski dublyaj etsin, lakin aktyor məşğul idi, rejissor Eldar Quliyev isə qərara aldı ki, gözləməsin, Tixonovu dəvət elədi. Nəticə də, gözlədiyim kimi, məni məyus etdi...

- İcazənizlə qadın mövzusuna toxunum. Cavanlıqda siz tələbə yoldaşınız Ofeliya ilə evlənmisiniz. Sizin bu ni?ahdan Marina adlı qızınız da dünyaya gəlib, indi Birləşmiş Ştatlarda yaşayır; lakin mən təsəvvür edirəm xanımlar sizi necə dövrəyə almışdılar; sizin populyarlığınıza və yaraşıqlı olmağınıza vurulub kəpənək kimi üstünüzə qonurdular. Yəqin ki, təkcə sizinlə tanış olmaq üçün yox, həm də sizinlə yatağa girməyə, sizdən uşağa qalmağa belə can atırmışlar. Bütün bunlarla necə mübarizə aparmısız, ya da əksinə, şansınızı necə əldən buraxmısız?

- Nə cür mübarizə aparmışam ki? Küçələrdə gəzmirdim axı! Lakin mən nə etmişəmsə, yalnız əsl qadınlarla etmişəm.

- Edita Pyexa mənə danışırdı ki, əri Aleksandr Broneviçki sizi ona möhkəm qısqanırmış. Onun sözlərinə görə, qastrollarda əri gecənin bir yarısı qəfil gələ, arvadının qaldığı mehmanxana otağına soxulub qışqıra bilərmiş: “Hanı o Maqomayev, harda gizlənib?”

- (Təəssüflə). Son vaxtlar Dita həddən artıq uydurur. O qədər uydurur ki! Bir dəfə də bildirib ki, guya mən ona elçilərimi göndərmişəm. Məcbur oldum ona qəzet vasitəsilə cavab verim: hansı zamanda yaşayırıq ki, mən ona elçilərimi göndərim? Hə, biz saatlarla telefonda danışa bilərdik, onun tanış telefonçu qızı vardı, bundan o yana bir şey olmayıb... Yox!

- Müslüm Məhəmmədoviç, axı roman olub...

- Yox əşşi, bizim aramızda heç bir roman-zad olmayıb!

- Məncə, siz bu sözləri təəssüflə dediniz...

- Mən onu sadəcə bir müğənni, artist kimi sevirdim, yaxşı dost kimi... Elçilik necə ola bilərdi axı, nədi, biz aulda yaşayırdıq bəyəm? Əgər ona evlənməyi təklif etmək istəsəydim, şəxsən özünə birbaşa deyərdim: “Dita, xahiş edirəm mənə ərə gəl!”

- ... elə indi...

- Hə (gülür), elə bax bu dəqiqə! Yeri gəlmişkən, Broneviçki məni onun çarpayısı altında axtarmayıb. Lakin o, doğrudan da qəflətən Parisə gəlmişdi, biz onunla “Olimpiya” konsert salonunun çıxış qapısında rastlaşdıq.

- Yaxşı ki, otaqda rastlaşmamısız...

- (Alnını qırışdırır). Məgər biz hotelin qarşısında rastlaşmalıydıq? Dita hoteldə mənim otağımda olmurdu, onun öz otağı vardı. İnanın, Dima, bizim aramızda heç nə olmayıb, bunlar hamısı yalandı; bilmirəm, Ditaya bunu uydurmaq nə üçün lazım olub!

- Əgər SSRİ-nin bütün qadınları Müslüm Maqomayevə vurulmuşdusa, onda elə kişilər də - bunu dəqiq bilirəm! -Tamara Sinyavskaya, qeyri-adi səsi və gözəlliyi ilə seçilən qadına vurulmuşdu. Necə oldu ki, taleyinizi birləşdirdiniz? Necə oldu ki, siz, dünya səviyyəli iki opera nəhəngi, ailə qurdunuz və hələ üstəlik də onu qoruyub saxlaya bildiniz?

- Çətindi demək, yəqin bax ordan gəlir hamısı (yuxarıya baxır)...

- Düzdürmü ki, sizi Əliyev tanış edib?

- Yox.

- Axı o, sizin evlənməyinizi istəyib?

- Heydər Əliyeviçin xəbəri yox idi və biz evlilik qərarı barədə ona sonra məlumat verdik. Hər şey Allahın izniylə oldu... Biz tanış olanda Tamara ərdəydi, sonra başladıq görüşməyə və...

- Sizin tərəfdən bu, ilk baxışdan sevgiydi, hə?

- Yəqin ki...

- Sinyavskaya ilə münasibətlərinizin korlandığı pik vaxtında  ayrılmaq qərarına gəlmisiniz. Paxmutova və Dobronravov iki təsirli mahnı yazıb. Sizin üçün “Melodiya” (Sən - mənim melodiyam, mən sənin sadiq Orfeyin...”),, Tamara üçün isə “Əlvida, sevgilim!” mahnılarını yazıblar (Bütün aləm qu nəğməylə dolub, əlvida, sevgilim, əlvida, mənim əvəzolunmaz...”)

- Dəfələrlə ayrılmaq istəmişik, cavanlıq idi də... Hətta bir dəfə Heydər Əliyeviçə dedim, daha dözə bilmirəm, ayrılmaq istəyirəm, o, qulaq asdı mənə və dedi: “Bax! Əgər bir dəfə evlənib səhv etmisənsə, ikinci dəfə boşanıb səhv buraxma”. Müdrik adam idi rəhmətlik!

- Düzdürmü ki, Tamara İliniçna evdə sizi Mitya, Kutya, Tyapa çağırır?

- Bizim o qədər ayamalarımız olub ki... bir neçəsini artıq unutmuşam. Daim təzələyirik...

“ADAMLARIN ARTİSTİN VƏ ONUN SƏSİNİN NECƏ QOCALMASINI GÖRMƏSİNİ LAZIM BİLMİRƏM, QOY ONLAR BİZİ CAVAN KİMİ XATIRLASINLAR”

 

- Sizin heyrətamiz səsiniz var, bu gün də o səs yerindədi və hər dəfə də təkrar edirsiniz: “Mən öz sözümü deyib qurtarmışam” və səhnəyə çıxmaqdan qətiyyətlə imtina edirsiniz. Sizcə, bu düzdürmü?

- Tamamilə düzdü. Adamların artistin və onun səsinin necə qocalmasını görməsini lazım bilmirəm, qoy onlar insanların yaddaşında cavan kimi qalsınlar. Bəli, mən elə indi də oxuya bilərəm, yaxşısı budur oxumayım, artıq mənim zamanım deyil... Mənim bəzi sənət yoldaşlarım hesab edirlər ki, formadadılar... Misal üçün, götürək Lev Leşenkonu. Gözəl və əla görünür və indiki gəncliklə onlar arasında heç bir fərq də görmürəm. Amma mən uşaqların yanında oxumaq istəmirəm. Hələ beş il bundan qabaq səhnəyə konsert verməyə çıxanda həmişə xahiş edirdim ki, “məni əvvələ salın, sonra gəncləri...” Mənə deyirdilər: “Sizdən qabaq yalnız baletdir”, o zaman pərdə arxasında sütül oğlan və qızları gördüm, məni tər basdı. Düşündüm: “İlahi, görəsən nə üçün burdayam? Axı burda mənim nə işim var?”

- Siz nə vaxtsa belə demisiniz: “Mən, müqayisəyə görə üzr istəyirəm, bülbül kimiyəm, istəsəm- oxuyuram, istəməyəndə- oxumuram”. Amma, bağışlayın, Sovet İttifaqı xalq artisti Mark Reyzen 90 yaşında Böyük Tea?rın səhnəsinə çıxırdı...

- Əvvəla, o Böyük Teatrın artisti idi, orda isə belədi-əgər səsin yerindədisə, nə qədər istəsən işləyə bilərsən. Həmin Lemeşev də 70 yaşında oxudu, məncə, Lenskini oxuyurdu...

- Yenə səslənir, hə?

- Əlbəttə, axı bu teatrdı! Estrada ayrı şeydi. Özü də axı, mənim mahnılarım sevgidən idi. Başqa mövzuda olsaydı, yenə düşünmək olardı, lakin ötmüş hislər barədə, hansısa peşmançılıq hisləri barədə bu yaşda oxumağın adı yoxdu.

- Düzdürmü ki, bir vaxtlar Aleksandr Zarxi sizə “Anna Karenina”da Vronskini oynamağı, Leonid Qayday isə Ostap Bender rolunu təklif edib?

- Təkliflər həqiqətən çox olub; misal üçün Qriqori Roşal Karl Marks haqqında filmdə şair Herveqin rolunu oynamağa çağırdı, bir ildən sonra bu film “Həyat kimi bir il” adında ekrana çıxdı.

- İmtina etdiniz?

- Bəli. Mənim işim deyildi, mən heç vaxt belə filmlərdə çəkilməmişəm. İndi bəzi kinolara baxıram, xatırlayıram: “Bax, bu filmdə gərək baş rola çəkiləydim”. Axı bu qədər gözəl kinoaktyorlar ola-ola niyə gedəydim çəkilişlərə, özümü sınayaydım? Nizami rolu isə mənim ürəyimcə oldu, çünki sakit, fəlsəfi film idi. Orda at sürmək, tullanmaq yox idi. Məndən yalnız səhərdən axşamadək ağıllı sima nümayiş etdirmək və müdrik sözlər demək tələb edilirdi.

- Allah sizə çoxlu istedad və qabiliyyət bəxş edib: musiqi yazırsız, heykəlciklər düzəldirsiz, rəsm çəkirsiz, internetdə “gəzib-dolaşırsız”... Bunları necə çatdırırsız?

- Yaxşı ki, darıxmalı olmuram. Məsələn, heç vaxt ağlıma gəlməzdi ki, kompüteri öyrənə bilərəm. Mənə dedilər: “Özünüzü sınayın, sadəcə maraq üçün”... İlk vaxtlar proqram qurdum ki, musiqi yazım: “makintoş” klavişlərə birləşdirilib, bütün alətləri əvəz etməyə qabildir. Sonra yavaş-yavaş internetə girdim.

- Ümumiyyətlə, müasir adamsız. Müslüm Maqomayevdən bir sitat gətirirəm: “İçkini həmişə sevmişəm, kəskin, acı yeməkləri də sevirəm. Gündə üç paçka siqaret çəkirəm”. Sizin bu zərərli adətləriniz ilahi səsinizə tərs mütənasibdi. Uyğun gəlmir axı?

- (Gülür) Uyğun gəlib!

- Özünüzdən muğayat olun, Müslüm Məhəmmədoviç! Sonuncu sualım: Siz həmişə demisiniz ki, mənim həyat prinsipim var: “Gözləmə, qorxma, istəmə!”. Hələ də bu prinsipə riayət edirsinizmi?

- Mən kimdən nə istəyim ki? Və nə üçün istəyim axı? Bu mənada mən qürurlu adamam. Allah mənə çox şey verib - hər gün bunu düşünür, yada salıram, dua edirəm və Ona deyirəm: “Sağ ol!” Buna görə də O məni darda qoymaz.

- Bilirsiz, mən qəti əminəm ki, dahi və böyük sənətkarın özü barədə yaxşı sözlər eşitməyə haqqı çatır, öləndən sonra yox, sağlığında deyilməlidir, düz gözünün içinə deyilməlidir bu sözlər. Mən də fürsətdən istifadə edib bu sözləri milyonların adından sizə çatdırıram, onlar hələ də sizə heyrandılar...

- Bunu sonra yaza bilərsinizmi? Yəni, mən olmayanda? Sizə də təşəkkür edirəm! Sizinlə təmasda olmaq hər zaman mənim üçün xoşdur. Sizinlə Kiyevdə görüşümüzü məmnunluqla xatırlayıram. Və Moskvada da, daim sizin saytınıza girirəm, sizin müsahibələrinizi izləyirəm. Sizə can sağlığı arzulayıram. İndi isə, gəlin nahar etməyə bir yerə gedək...

 

Kiyev-Moskva-Kiyev

(Oktyabr-Noyabr, 2008-ci il.

Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)

Tərcümə etdi: Kamran Nəzirli

Dmitri Qordon,

Ukrayna jurnalisti

Bakı, 18 avqust 2022-ci il

 

Yeni Azərbaycan.- 2022.- 27 avqust.- S.6.