Brejnev düz iki saat çıxış elədi, kağızsız - filansız...

 

 

Müslüm Maqomayevin son müsahibəsi

EPOXA

(İXTİSARLA)

Əvvəli ötən sayımızda…

 

...Hə, bir dəfə Yurayla oturmuşuq zalda, darıxırıq və birdən gördük ki, Şelest yaxınlaşdı. Soruşdu: “Nədir, noolub, niyə belə yorğun görünürsünüz? Darıxdınız? İşiniz-gücünüz yoxdu bəyəm?” Sonra da əlavə etdi: “Durun gedin mənim bağıma, orda süfrə hazırdı. Oturun, mən də indi gəlirəm”. Bizi dilə tutmaq uzun çəkmədi... Getdik, ev sahibi gələnəcən necə lazımdı yeyib-içdik və artıq Pyotr Yefimoviç gələndə halımız yaxşı, kefimiz də yerindəydi. O xahiş elədi ki, oxuyaq: “Hə, başlayın, uşaqlar, bir şey oxuyun”. Yura mənə dedi: “Gəlsənə mən sənin “O, dəniz, dəniz!” mahnını oxuyum”. Dedim, buyur. Oturdum royalın arxasında, başladım onu müşa?iət eləməyə. Və gördüm, o çaşdı, mətni unudub, dedi: “Sözləri yadıma sal, kömək elə!” Mən də başımı tərpədirəm, deyirəm yavaşdan: “Dəniz qayıdıb...” Qulyayev də ucadan və gözəl səslə “O, dəniz, dəniz!” və susur, yenə yadına düşmür sözlər, mənə baxır. “Qağayıların...” deyirəm, o da yenə “O, dəniz, dəniz!” Nə isə, elə axıradək beləcə şuluqluq edirik, mən deyirəm “sahildə nəğmə ilə...”, o da deyir “O, dəniz, dəniz!”, mən deyirəm “Dan yeri oyatdı...”, o da: “O, dəniz, dəniz!” Belə... Şelest heyrətə gəlmişdi, donub qalmışdı. “Nə gözəl nəğmədi!” dedi. “Xüsusilə sözləri xoşuma gəldi!”... Nə isə, bu bir haşiyə idi.... Hə, biz nədənsə danışırdıq axı?

- Yerevanda Brejnevə necə qulaq asırdınız?

- Hə, deməli iclasdan sonra təntənəli şam süfrəsiydi və burda Brejnev düz iki saat çıxış elədi (o zaman onun nitqi normal idi), özü də kağızsız-filansız, bir dəfə də olsun duruxmadı, çox səlis danışdı.

- Təəccüblüdü!

- Elə biz də Yurayla təəccüb elədik! Yuraya dedim: “Bura bax, mən elə bilirdim ki, yalnız Heydər Əliyeviç fasiləsiz olaraq dörd-beş saat danışıb auditoriyanı saxlamağa qadirdi”. Qulyayev də başıyla təsdiqləyirdi. Lakin bu hələ hamısı deyil. Leonid İliç birinci dəfə Bakıya gələndə cavan oğlanlar kimi çevik idi, qatardan yerə tullandı... Sonralar isə...

- ...tullanacaq halı qalmamışdı... Sizin ona hədiyyə etdiyiniz klavir vardı ha... o tarixçəylə bağlı bilmək istəyirəm....

- Brejnevin Bakıya növbəti səfəri nəzərdə tutulmuşdu və Heydər Əliyeviç məndən xahiş elədi ki, onun gəlişinə bir mahnı yazım. “Bir dənə qızıl suyuna salınmış klavir düzəldərik”, dedim,- “Leonid İliçə hədiyyə verərik”...

- Axı siz şüurlu olaraq həmişə sovet mövzularından qaçmısınız, elə sənətə gələndən klassikaya və lirikaya üstünlük vermisiniz...

- Hə, elədir...Mən imtina etdim: axı heç vaxt yaltaqlıq etməmişəm, partiya haqqında mahnılar oxumamışam, şəxsən rəhbərlər haqqında da heç nə oxumamışam... “Siz yoldaş Brejnev haqqında mahnı yazmayın.”- deyə  Əliyev öz ideyasını yeritdi, - “qoy olsun ölkə barədə mahnı, adamlar haqqında”. Mən də razılaşmalı oldum. Bu əlamətdar tədbirlə bağlı Robert Rojdestvenski ailəsi ilə birlikdə Bakıya gəlmişdi, biz onunla birlikdə qərara aldıq ki, nəsə “təntənəli bir mahnı” yazaq. Yazdıq, “Sən - mənim sevimli ölkəm!”... Mətni Əliyevə göstərdik, o isə baxıb dedi: “Bu nədi, uşaqlar, neyləmisiz? Elə şey yazmısınız ki, bilmək olmur hansı ölkədən bəhs olunur! Bir halda ki, bunu Brejnevə hədiyyə edəcəyik, onda, olmazmı ölkənin adını dəqiq göstərəsiniz?” Robert diqqətlə qulaq asırdı və anlayırdı ki, mübahisə etmək mənasızdı, şeirin mətnində düzəliş etdi. “Sən - sovetlər ölkəsi...” Heydər Əliyeviç yeni variantı bəyəndi: “Hə, bax, indi normaldı” dedi. Amma mahnı artıq öz mahiyyətini itirmişdi, bu formada onu oxumaq olmazdı...

- Buna baxmayaraq, sizin hədiyyəniz Brejnevin xoşuna gəlmişdi, eləmi?

- Fotolar, çəkilişlər var... Klaviri qızıl basmanaxışla xüsusi kağızda çap etmişdilər, onu səliqəylə gözəl dəri qovluğa qoymuşdular; kömək üçün mənə Niyazi və Rəşid Behbudovu da qoşmuşdular... “Leonid İliç”- dedim, - “bu hədiyyəni sizə təkcə mən yox, bizim xalqımız, bütün incəsənət ustaları verir”. Təntənəli sözləri gərək ucadan deyəydim, mənsə dilucu mızıldadım, demək olar ki, pıçıldadım. Hardan biləydim axı Brejnev artıq yaxşı eşitmir? Nə isə, o heç bir şey anlamadı. Baxıb görürəm ki, keçib oturdu stol arxasında, kimdənsə qələm xahiş edir... Stolun üstü doluydu və Heydər Əliyevin işarəsiylə cəld stolun üstünü təmizlədilər, ali qonaq üçün şərait yaratdılar. Leonid İliç qovluğu açdı, oraya yayğın və səliqəsiz bir imza atdı.

- Belə çıxır ki, sizə avtoqraf

verib?

- Hə də... Mən Əliyevə pıçıldadım: “Nə edək?”, o isə cavabında: “Sənə avtoqraf yazdı da, özün də götür!” Təyyarədə Leonid İliçə hədiyyənin hər ehtimala qarşı əvvəlcədən hazırlanmış dublikatı verildi.

“MƏNİM İTALYAN DOSTUM VİNSENT DONDURULMUŞ QARA ƏT PARÇASI ÜÇÜN UZUN NÖVBƏ GÖRƏNDƏ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ”

 

- Səhv etmirəmsə, siz, hətta bir dəfə Leonid İliçin ad günündə də iştirak və çıxış etmisiniz...

- Bir dəfə yox, iki dəfə (gülür). Mənsiz ola bilərdimi heç?!

- Tam doğru! Sizsiz nə bayram olardı ki!..

- Qurultaylar Sarayının banket zalı doluydu, 500-600 adam vardı, bəlkə də min nəfər idi, dəqiq deyə bilmərəm. Çünki səhnəyə yaxın yerdə oturmuşdum, hamını görə bilmirdim. Brejnev stola yaxınlaşanda gördüm Heydər Əliyeviçə çönüb nəsə dedi. Dodaqlarının tərpənməyindən bildim ki, söhbət məndən gedir, sonra Əliyev bunu təsdiqlədi və dedi: “Oturmamışdan qabaq Leonid İliç soruşdu: “Maqomayev burdadı?”

- Bir dəfə siz etiraf etmisiniz ki, inqilab olacaq (yəni yenidənqurmanı nəzərdə tutmusunuz), çünki bütün həyatınız boyu qatı antisovet olmusunuz. Axı necə olur ki, rəhbərin və xalqın bir nömrəli sevimlisi hökumətə qarşı müxalifətçilik etsin?

- Bilirsiniz, Dmitri, məsələ heç də antisovetizmdə deyil, sadəcə, mən görürdüm ki, ölkə iflasa doğru gedir. Mənim dostum vardı - Vinsent De Finn, çox ehtiraslı bir meloman idi, Mario Lançın bütün kolleksiyasının sahibiydi; bir dəfə onu Moskvaya, evimizə dəvət eləmişdim. Gəldi və birdən məndən xahiş elədi ki, mağazalara baxmaq istəyir. Etiraz elədim:”Mağazalara baxmağa dəyməz, inan mənə”. Özü də təmiz italyan dilində dedim ona!

- İtalyan dilini bilirsiniz?

- Əlbəttə. O da italyandı axı, düzdü, amerikalı italyandı, dilini çox da yaxşı bilmirdi, amma başa düşürdü. Nə isə, mən onu nə qədər dilə tutdumsa, mümkün olmadı, o mağazalara baxmağa daha çox can atırdı. “Baxmaq istəyirəm, vəssalam!” O zaman mən də dedim ki, bir halda ki, belədi, onda gəl gedək baxaq. O, bir parça dondurulmuş ət parçası üçün uzun növbələri və bomboş piştaxtaları görəndə göz yaşlarını saxlaya bilmədi. Mağazaların piştaxtalarında üçlitrlik meyvə şirəsi bankalarından başqa heç nə yox idi. Vinsent həqiqətən ağlayırdı. Tamara qoymaz məni yalan danışım, şahiddir. “Gərək uşaqları da gətirəydim bura”- Vinsent dedi, - “görəydilər bu mənzərəni, yoxsa, uşaqlara elə gəlir ki, pis yaşayırlar”. Vinsent sarsılmışdı və elə sarsıntı içində də çıxıb getdi...

...Belə həyat uzun müddət davam edə bilərdimi? Mən anlayırdım ki, bax, çox keçməz, bunun bir nəticəsi olacaq; və indi, kommunist partiyasının nümayəndələri başlayırlar bizə nağıl oxumağa ki, yalnız kommunistlər xalqı günə çıxara bilər, düşünürəm: “İlahi, axı siz özünüz də dediklərinizə inanmırsınız! Sizə yalnız, sadəcə öz partiyanızı üzdə saxlamaq lazımdı!” Onlar bunların hamısını gözəl başa düşürlər - buna əminəm! - başa düşürlər ki, keçmişə qayıtmaq mümkün deyil və ola da bilməz!

- Allaha çox şükür! İcazənizlə oxuculara xatırladım ki, siz heyrətamiz ailədən çıxmısıniz. Sizə babanızın adını qoyublar, gözəl bəstəkar Müslüm Maqomayevin adını! Azərbaycn filarmoniyası onun adını daşıyır. Sizin ananız isə istedadlı aktrisa olub, atanız teatr rəssamı idi, özü də müharibənin qurtarmasına bir neçə gün qalmış həlak olub. Yeri gəlmişkən, düzdürmü ki, onun cəbhədə həlak olmasını sizdən uzun müddət gizlədiblər?

- Bəli. Yeddi yaşa qədər mənə deyirdilər ki, o, uzunmüddətli ezamiyyətə gedib, xarici ölkəyə, tezliklə gələcək... Sonralar əmim məni qabağında otuzdurub başa saldı hər şeyi, atamın son məktubunu da mənə göstərdi... Amma, əlbəttə, elə əvvəlcədən də təxmin edirdim ki, böyüklər məndən nəyisə gizlədirlər...

- Sizin sözlərinizə görə, Camal əminiz faktiki olaraq atanızı əvəz edib; o ailədə kiçik qardaş olub   ömrünün sonuna kimi sizin qayğınıza qalıb. Mən isə hesab edirəm ki, sizə həyatda daha bir nəfər atalıq edib - uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Heydər Əliyev...

- Camal əmi öləndə Əliyev onun cənazəsini Moskvadan doğma vətənə gətirmək üçün öz təyyarəsini verdi; dəfndə hamıyla bərabər o da tabutu çiyinlərində daşıdı... Mənim halımı görüb dedi: “Müslüm, məni ən yaxın adamın kimi bil, bu gündən sən mənim ailəmin bir üzvüsən, ha vaxt istəsən gəl, bütün məsələlərlə bağlı hər vaxt mənə müraciət edə bilərsən...”O vaxtdan Heydər Əliyeviç doğrudan da mənə əmilik edib. Əlbəttə, mən onu narahat etməmişəm, yalnız hansısa vacib məsələlərdən ötrü ona zəng vurmuşam. Yadımdadı, Mstislav Rostropoviç mühacirətdən qayıdanda (o mənim yerlimdir, bakılıdır), mənə belə bir etiraf elədi: “Müslüm, çox istərdim ki, Bakıya gedim. Çoxdandı Bakını görməmişəm, amma bilmirəm Əliyev necə adamdı, mənə necə münasibət bəsləyəcək... ”Əminliklə ona dedim: “Slava, əmin edirəm ki, o səni çox böyük ehtiramla qarşılayacaq.” “Sən onun ağzını araya bilərsən?”. - “Əlbəttə, bu saat elə sizin yanınızda ona zəng vuraram”. Elə onunla bizim evdə oturmuşduq. “Yox, yox, sonra, sonra zəng edərsinız, birdən imtina edər, yaxşı düşməz”. Nə isə, mən zəng vurdum və Heydər Əliyevin cavabı belə oldu: “Müslüm, bu nə sözdü, ha vaxt istəyir gəlsin. Bizdə onu sevirlər, dəyərləndirirlər, onun qəbulunu da yüksək səviyyədə təmin edərik”... Elə məhz Slavanın ad günü ərəfəsiydi, daha doğrusu, o özü üçün xırda bir yubiley törəni düzəltmək niyyətindəydi. Mən indiyədək onun məktublarını da saxlamışam. Əliyevlə Rostropoviç arasında sanki körpüydüm, ondan buna, bundan ona söz ötürürdüm, nəhayət, bir dəfə dedim: “Tamam, siz öz aranızdakı məsələləri  birbaşa özünüz həll edə bilməzsiniz ki?”

“POLAD BÜLBÜLOĞLU BARƏDƏ MƏNƏ DANIŞMAYIN. BİZ ONUNLA BİR BİNADA YAŞAMIŞIQ, QOY ALLAH ÖZÜ ONU MÜHAKİMƏ ETSİN!”

- Qorbaçovun vaxtında Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Əliyev SSRİ hökumətinin sədrinin birinci müaviniydi, sonra onu bu postdan vurub çıxartdılar; və dünən ona sadiqlik və sonsuz sevgi nümayiş etdirən bir çoxları dərhal ondan üz döndərdilər. Siz dürüst və xeyirxah bir adam kimi “çar qəzəbi”nə tuş gəlmiş liderə münasibətinizi dəyişmədiniz. Ona hər cür ehtiram və hörmətinizi bildirirdiniz...

 

- Təkcə mən yox...belələri bir neçə nəfər idi...

- Elə bir neçə nəfər?

- Təəssüf ki, hə....

- O bunu başa düşürdü?

- Gözəl anlayırdı...

 

- Siz erməni əsilli unikal bəstəkar Arno Babacanyanla birlikdə tarixə düşmüsünüz;  o çoxlu gözəl mahnı bəstələyib, siz isə azərbaycanlı olaraq onları ifa eləmisiz. Bu gün Dağlıq Qarabağdakı qanlı hadisələrdən sonra - bu hadisələr azərbaycanlı-erməni düşmənçiliyini üzə çıxartdı- deyəsən sizin əməkdaşlığınızın mümkün olmadığı da görünür. Bu münaqişə barədə mən bir çox mədəniyyət xadimləri ilə söhbətlər eləmişəm, həm Azərbaycan, həm də erməni nümayəndələri ilə danışmışam. Lakin onlar mövzuyla bağlı danışmaqdansa, susdular, yayındılar.  İki xalqı birləşdirmək üçün hansısa addımlar atmaq əvəzinə ziyalıların nümayəndələri kənar müşahidəçi mövqeyini tutdular. Başa düşürəm ki, bu ağrılı məsələdir, lakin soruşmaya da bilmərəm: siz bir insan kimi ermənilərlə azərbaycanlıların silahlı toqquşmalarına necə reaksiya verdiniz? Axı sizin - Babacanyanın mahnılarını oxumuş bir müğənninin - damarlarınızda beynəlmiləl Bakıda böyümüş bir azərbaycanlı qanı axır!

- Bəli, Dmitri, ağrılı sualdır! Lakin mən bu suala qəti cavab verə bilərəm! Bu məsələdə Azərbaycanın günahı yoxdu! Vəssalam! Bizim respublikada hər zaman ermənilər yaşayıb, heç bir inciklik-filan da olmayıb! Biz hamımız dost olmuşuq. Mənim yaşadığım həyətdə ermənilərlə azərbaycanlılar bərabər yaşayırdılar. Sinfimizdə dörd-beş azərbaycanlı, dörd-beş erməni oxuyurdu, bir o qədər də yəhudi vardı... Və bununla belə heç bir anlaşılmazlıq olmazdı. Ola bilsin ki, rus qadını ilə evlənmiş əmim Camaləddin Maqomayev barədə bəzən qeybət edən ağzıgöyçəklər tapılırdı (halbuki, əmim arvadı əslən daha çox polyak idi), lakin Allah şahiddir ki, bu söz-söhbətlər hər yanda olur. Bakı o qədər isti və mehriban şəhər idi ki, belə şeylər barədə danışmaq belə ədəbsizlik hesab olunurdu. Hətta ağzını açmaq istəyənləri də dərhal susdururdular; sonradan bu hadisələr başlayanda, ermənilər çıxıb getdilər, yəhudilərin çoxu (şükür Allaha, hamısı yox!) köçdü...Vəziyyət  hələ ki, qeyri-müəyyəndi, bircə bu qalır ki, Ermənistanın ağıllanması üçün dua edək. Siyasətə girişmək istəmirəm, lakin bu gün Azərbaycanın başqa qayğıları da peyda olub; özünüz bilirsiniz də, qonşu ölkələrdə nələr yaşanır...Türkiyənin, İranın da problemləri var. Nə isə, yazıq mənim vətənim!..

“MAHMUD YESAMBAYEV ÖZÜNDƏN ÇIXDI, DEDİ: “SƏN ÇEÇEN OLDUĞUN ÜÇÜN QÜRUR DUYMURSANMI?”

- Əminəm ki, oxucularımızın əksəriyyəti sizi təmiz azərbaycanlı hesab edir; lakin, axı sizin atanız ləzgidir, ananızın damarlarında isə həm türk, həm adıgey, həm də rus qanı axırdı...

- ...nənəm isə tatar idi.

- Aha!

- Bununla belə, hələ məlum deyil, mənim atam hansı millətdəndir. Ailəmizin danışdığı rəvayətə görə, atamın babası Məhəmməd dəmirçi olub, hələ ağlı kəsməyən vaxtlarda onu məşhur Şamil oğurlayıb. Bu həmin Şamil idi ki, hesab edirdi ki, Qafqazın problemlərini onun çoxsaylı xalqlarını bir-birinə qarışdırmaqla həll etmək olar. Bunun üçün o, balaca uşaqları götürürdü, bir kənddən o biri kəndə aparırdı, yaşayış yerlərini dəyişdirirdi. Mənim ulu babam da nəticədə Qroznıda peyda olub, lakin onu bu şəhərə hardan gətiriblər - hələ də məlum deyil.

- Bir vaxtlar mən də Mahmud Yesambayevlə çox təmasda olurdum, ona saatlarla qulaq asmışam.

 

Kiyev-Moskva-Kiyev

(Oktyabr-Noyabr, 2008-ci il.

Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)

Tərcümə etdi: Kamran Nəzirli

Bakı, 18 avqust 2022-ci

Dmitri Qordon,

Ukrayna jurnalisti

 

Yeni Azərbaycan.- 2022.- 26 avqust.- S.6.