100 il əvvəl, bu gün...
Zəfərin
mübarək, Türkiyəm!
Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr yazıb.
Türk ordusu dedikdə, ilk öncə göz önündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışıb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır. Vaxtilə böyük türk imperatoru Meeə xaqan nizam-intizamın bir ordu üçün qəhrəmanlıqdan da üstün olduğunu anlayır və bu düşüncə ilə tarixin ən intizamlı ordusunu qurur.
Türkiyə Cümhuriyyəti türk millətinin 20-ci yüzillikdə cahan tarixinə qızıl hərflərlə yazmış olduğu bir qəhrəmanlıq dastanıdır. Yarandığı gündən yer üzündə əmin-amanlığı bərqərar etməyə çalışan türk dövlətləri özlərinin mütərəqqi islahatları və mədəni quruculuq səyləri ilə bəşər mədəniyyəti xəzinəsinə yeni-yeni töhfələr veriblər. Bütün bu proseslər düşmən qüvvələrə qarşı çətin və qanlı müharibələrlə müşayiət olunub. Türklərin yenildiyi məqamlar da olub. Lakin böyük təşkilatlanma qabiliyyətinə malik olmaları onlara yeni-yeni zəfərlər qazandırıb.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyevin “Yeni Azərbaycan”a açıqlamasına görə, təsadüfi deyil ki, türk tarixi zəfərlərlə zəngindir. Bu zəfərlər sırasında ən önəmli yer tutan və 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşını türk millətinin yenidən dirçəlişi günü hesab etmək olar: “Bu savaş Anadolu torpaqlarının “Türk Vətəni” olduğunu bir daha düşmənlərə sübut etdi. Qurtuluş savaşının yekunu olan və o zaman türk ordularının baş komandanı, istedadlı və qətiyyətli general Mustafa Kamalın şəxsən rəhbərlik etdiyi böyük hücumun son günü - yəni, 1922-ci il avqustun 30-u Baş Komandanlıq müharibəsi adını da alıb. Bu zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar və İzmirdə böyük təntənə ilə bayram edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşanın da qatıldığı bir törəndə bu qələbə Baş Komandan zəfəri adı ilə bayram edildi. Kamal Paşa həyat yoldaşı Lətifə xanım ilə birlikdə Naməlum əsgər abidəsinin təməlqoyma mərasimində iştirak etdilər. 1926-cı ildən etibarən bu bayram Zəfər bayramı kimi qeyd olunur. Rəsmən 1935-ci ilin mayında qəbul olunmuş qanunla Zəfər bayramı elan olunub və hər il bütün yurdda şənliklərlə qeyd olunmaqdadır. Hazırda bu bayram, eyni zamanda, Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin milli bayramı hesab olunur”.
Parlament üzvü qeyd edib ki, qardaş ölkənin bu zəfəri təsadüfi bir qələbə olmayıb: “Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda apardıqları ölüm-dirim müharibəsi sonda qurtuluş hərəkatına gətirib çıxardı. İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsindən çıxmış yorğun türk əsgəri mübarizə apara bilməyəcək. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə bir il yarım ərzində hazırlanan ordunun, yetkin və fədakar zabitlərinin komandası ilə türklər düşməni işğal etdikləri torpaqlardan qovdu. Onların ruhlarını zəfərə inam bürümüşdü. 1922-ci ilin yayında Mustafa Kamal Paşa deyirdi: “Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir.”
1922-ci il avqustun 26-sı sübh tezdən saat 05.30-da müzəffər türk ordusunun topçu birliklərinin atəşləri altında geniş hücum əməliyyatı başlandı. Düşmən mövqeləri bir-birinin ardınca ələ keçirildi. Bu qanlı döyüşlər iki gün davam etdi. Avqustun 27-də türk qoşunları Sincanlı və Afyon düzənliklərinə enib, Afyonu azad etdilər. Düşmən böyük bir şaşqınlıq içində özünə gəlməyə, qüvvələrini səfərbər etməyə çalışırdı. Darmadağın olmuş yunan birlikləri Sincanlı düzənliyindəki təpələrdə təkrar müdafiəyə keçməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər.
Dumlupınar-Uşak istiqamətində canlarını qurtarmaq üçün qaçan yunanların böyük bir qismi cənubdan 1-ci ordu, simaldan 2-ci ordu birliklərinin təzyiqi nəticəsində Aslihanlar bölgəsində sıxışdırıldı. Ancaq avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk birlikləri onların İzmirə doğru qaçış yollarını kəsdi. Bu əməliyyatın nəticəsi olaraq düşmənin beş diviziyalıq bir qüvvəsi Dumlupınar bölgəsində mühasirəyə alındı. Türk əsgər və zabitləri böyük bir rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər.
Beləliklə, türk
milləti özünün şanlı tarixi qələbəsini qazandı. Bu qələbənin məntiqi nəticəsi
isə müasir Türkiyə dövlətinin
yaranması oldu. Bu gün Türkiyə ilə yanaşı,
çiyin-çiyinə qardaş Azərbaycan
da Zəfər bayramını böyük coşqu ilə
qeyd edir”.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.- 2022.- 30 avqust.- S.3.