Jurnalistika - riskli peşələr sırasında...
Jurnalistlərin peşə fəaliyyətlərini
yerinə yetirərkən
qətlə yetirilməsi
bütün dövrlərin
ən aktual mövzularından biri hesab olunur. Hazırda
dünyada baş verən hərbi-siyasi proseslərin gedişatı
fonunda media nümayəndələrinin
təqiblərə, təzyiqlərə
məruz qalmaları, qətlə yetirilmələri
səbəbindən bu
məsələ bir az da aktuallaşıb. Bir neçə
gün öncə naməlum şəxslər
Kolumbiyanın Maqdalena
departamentində odlu silah vasitəsi ilə iki jurnalisti
qətlə yetiriblər.
Xarici mətbuatın
yazdığına görə,
Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş
açılıb. Jurnalistlərdən Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qanlı olayla
əlaqədar departamentin
rəhbərliyi təcili
iclas çağırıb.
Qeyd edilən
fakt nə ilk, nə də son deyil. Belə ki, hazırda
təkcə Rusiya-Ukrayna
müharibəsi səbəbindən
30-dan çox jurnalist
qətlə yetirilib.
Müharibə hələ də
davam edir. Deməli, qarşıdakı dövr
üçün bu rəqəmin artacağı
istisna edilmir. Bununla yanaşı, dünyanın
bir çox inkişaf etmiş ölkələrində jurnalistlərin
qətlə yetirilməsi
ilə bağlı xəbərlərə demək
olar ki, hər gün rast gəlinir. KİV nümayəndələrinin
çoxsaylı ölüm
halları ilə bağlı məsələ
nüfuzlu beynəlxalq
təşkilatların da
diqqət mərkəzindədir.
Araşdırmaların nəticəsi onu
deməyə əsas verir ki, yaxın
bir neçə ildə jurnalistikanın riskli peşələr sırasına daxil olacağına şahidlik
edirik.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Jurnalistlərin
Həmkarlar İttifaqının
(JuHİ) sədri Müşfiq Ələsgərli
deyir ki, dünyada jurnalist ölümləri ilə bağlı statistika həmişə aparılıb. Onun sözlərinə görə,
1992-ci ildən etibarən
bu sahədə sistemli bir iş
aparılır: “O baxımdan,
bu günə qədər olan statistika bundan ibarətdir ki, dünyada təxminən
30 nəfərə yaxın
jurnalist bu otuz il müddətində
peşə fəaliyyətinə
görə qətlə
yetirilib. 10 min nəfərə yaxın jurnalist isə yaralanıb, xəsarət
alıb və ya hədələrə məruz qalıb. Bu baxımdan jurnalistika
yavaş-yavaş riskli
peşələr sırasına
meyil edir. 2006-cı və 2015-ci illərdə BMT-nin xüsusi deklarasiyası qəbul olunub ki, jurnalist təhlükəsizliyi
ilə bağlı məsələlər diqqətə
götürülsün. Eyni zamanda, bu təhlükəsizliyin
təmin olunması üçün hər bir dövlət əlindən gələn
işləri görsün.
Statistika hər il yenilənir.
Orta hesabla dünyada hər il 100-ə yaxın jurnalist qətlə yetirilir”.
Bütün ölkələrdə var
JuHİ
sədri qeyd edib ki, jurnalistlərin
qətlə yetirilməsi
faktları bütün
dünya ölkələrində
müşahidə edilir:
“Bildiyimiz kimi, dünyanın ən inkişaf etmiş, təhlükəsiz məkanlarından
biri Avropa məkanıdır. Burada aparılan statistikaya görə, son 5 il
ərzində (2016-cı ildən
sonrakı dövrdə),
hətta Avropanın özündə 47 nəfər
jurnalist ayrı-ayrı
ölkələrdə qətlə
yetirilib. Siyahıda Böyük Britaniya, Fransa və digər ölkələr
də yer alır”.
Qətlə yetirilən jurnalistlərin
sayının artacağı
ehtimal edilir
M.Ələsgərli bu il qətlə
yetirilən jurnalistlərin
sayının artacağı
ehtimalını da istisna etməyib: “Çünki bunu stimullaşdıran məsələlər
var. Xüsusu olaraq Rusiya-Ukrayna müharibəsi
fonunda jurnalist ölümlərinin sayı
artır. Təcrübəyə əsasən bu
statistika ilin sonunda sistemləşdirilir.
Elə bu səbəbdən də builki göstəricilər hələ
ki, bilinmir, açıqlanmayıb. Buna
baxmayaraq, orta hesabla sayın artacağı gözlənilir.
Çünki təkcə Rusiya-Ukrayna
müharibəsinin gedişatında
bu günə qədər 37 nəfər
jurnalist və yaxud KİV işçisi
qətlə yetirilib.
Bunun üzərinə dünyanın
başqa ölkələrində
qeydə alınan ölüm faktlarını
da gəldikdə, bu statistika artacaq”.
Azərbaycana gəldikdə...
Ölkəmizdə qeydə alınan
jurnalist ölümlərinin
səbəblərindən danışan
JuHİ sədri bildirib ki, Azərbaycan
jurnalist təhlükəsizliyi
üçün kifayət
qədər təhlükəsiz
ölkələrdən biridir:
“Artıq əvvəldə
qeyd etdiyim kimi, dünyanın demək olar ki, bütün ölkələrində jurnalistlər
təqibə və təzyiqə məruz qalırlar, hədələnirlər,
qətlə yetirilirlər.
Ölkəmizdə də jurnalist
ölümləri ilə
bağlı statistika
var. Amma bizi onlardan fərqləndirən
budur ki, bir-iki faktı istisna etməklə Azərbaycanda qətlə
yetirilmiş jurnalistlər
hamısı Dağlıq
Qarabağ münaqişəsi
gedişatında və
Azərbaycan-Ermənistan müharibəsi
fonunda həlak olublar”.
M.Ələsgərli ölkəmizdə
peşə fəaliyyətlərini
yerinə yetirərkən
həyatlarını itirən
jurnalistlərin sayı
barədə də məlumatlarını bölüşüb:
“Əldə etdiyimiz məlumata görə,
1990-cı illərdən başlayaraq
2020-2022-ci illərə qədər
olan dövrdə təqribən 11 Azərbaycan
jurnalisti Ermənistan-Azərbaycan
müharibəsinin gedişatında
həyatlarını itiriblər.
18-ə qədər jurnalistimiz
ağır formada xəsarət alıb”.Riskli
peşə...
“Bir daha
xatırlatmaq istərdim ki, qeyd olunan faktlar
nəzərə alınaraq jurnalistika dünya riskli peşələr
sırasına meyil edir”,
- deyə M.Ələsgərli fikirlərinə əlavə edib.
Nicat
PAŞA
Yeni Azərbaycan.- 2022.- 31 avqust.- S.7.