3890 itkin...

 

Ermənistan onların haqqında məlumat verməyə niyə qorxur?

 

İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi - Humanitar yanaşmamövzusunda konfrans keçirilib

 

Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi - Humanitar yanaşma” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bildirib ki, Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edili və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. Artıq münaqişənin bitdiyini vurğulayan H.Mikayıl qeyd edib ki, Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib: “Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir. Mina problemibu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

Həbib Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər. Ən effektiv yol isə Azərbaycan və Ermənistanın bu sahədə səmimi əməkdaşlığı olar”.

53 məhkəmə molekulyar-genetik ekspertizası

Çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov isə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının eksqumasiyasına dair birgə pilot layihə həyata keçiriləcəyini deyib. O vurğulayıb ki, itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Prezident İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edib. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir. İ.Axundov deyib ki, şübhəsiz ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir: Misal üçün diqqətinizə çatdırım ki, ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib”.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib.

Birincisi, Üçtərəfli Bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari il aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari il aprel ayının 3-dək işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış eksqumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərində tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı (9 məzar boş çıxıb, 1 məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib) eksqumasiya edilib. Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilibgötürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib.

3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə

İ.Axundovun sözlərinə görə, həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi işi olub. İşçi qrupunun rəhbəri bildirib ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə də başlanıb: “Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”. Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir. I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilmişdir. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib. Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası isə 159 nəfər (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə edib, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim etmiş, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin, əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, video ismarıclar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib”, - deyən İ.Axundov onu da əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.

6 hərbçimizin taleyi qeyri-müəyyəndir

İ.Axundov qeyd edib ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülübya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər: “Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlətmiş, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınmışdır. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”.

Onun sözlərinə görə, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. İ.Axundov deyib ki, Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib: “Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmamış və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır”.

 

P.İSMAYILOV

 

Yeni Azərbaycan.- 2022.- 31 avqust.- S.3;4.