Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır

 

   YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva

 

 

- Ülviyyə xanım, bir ildən artıqdır ki, ölkəmizin həyatında tamamilə fərqli bir mərhələ yaşanır. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın cənnət məkana çevrilməsi və soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsi istiqamətində atılan addımlar hər birimizi qürurlandırır. Vətəndaşlarımıza Ağdamı və Qarabağın tacını görmək imkanları yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq Füzuli Beynəlxalq Hava Limanının qonaqları qarşılaması, Şuşaya və Ağdama avtobus reyslərinin açılması sizdə hansı hissləri yaradır?

 

- Azərbaycan 30 ilə yaxın Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlərimiz çərçivəsində suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət əsasında dinc yolla nizamlamağa çalışdı. Dövlətimiz tərəfindən bu müddət ərzində BMT, ATƏT və onun Minsk Qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesini pozmaq cəhdlərinə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edildi. Ancaq işğalçı ölkəyə təzyiq göstərilmədi, düşmən tərəfinin danışıqlar prosesinə qayıtması üçün heç bir addım atılmadı. Nəticədə ermənilər daha da azğınlaşdı və ümumiyyətlə danışıqlardan imtina etmək kimi mənfur niyyətlərini ortaya qoydular.

 

30 il ümidsiz idik, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik və gücləndik. Bir il əvvəl dövlətlə xalqımızın birliyini bütün dünya gördü. Ölkə Prezidentinin apardığı siyasət “dəmir yumruq” kimi düşmənlərimizi əzdi və düşməni torpaqlarımızdan qovdu. 10 noyabr 2020-ci il tariximizə qələbə günü kimi yazıldı və Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

 

Prezident İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. İndi az qala bütün dünya həmin ərazilərdə bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir.

 

Hər birimiz müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyirik. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

 

Artıq Qarabağda birinci pilot layihə gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən layihənin başa çatması gözlənilir. Bundan başqa, bir neçə kəndin planı da təsdiqlənib. Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək. Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi üzərində iş gedir.

 

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına yeni obyektlərin açılış və təməlqoyma tədbirlərini əhatə edən səfəri çərçivəsində yeni yarımstansiyanın fəaliyyətə başlaması, su elektrik stansiyasının tikintisi, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, Kəlbəcər və Laçın rayonlarında arıçılıq və heyvandarlıq təsərrüfatlarının artıq fəaliyyət göstərməsi böyük qayıdışın çox yaxında şahidi olacağımıza zəmanət verir.

 

İşlər o qədər sürətlə və geniş miqyasda aparılır ki, görülən işləri tam sadalamaq üçün günlük qeyd etmək lazım gəlir.

 

Bu quruculuq işləri içərisində prioritet sayıla biləcək layihələr sözsüz ki kommunikasiya layihələridir. Füzuli hava limanının tikintisinin qısa bir zamanda həyata keçirilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. İşğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə göstərdik ki, biz bu torpaqlara qayıtmışıq və biz bu torpaqları yüksək səviyyədə bərpa edəcəyik. İqtisadi cəhətdən isə ona görə önəmlidir ki, işğaldan azad edilmiş torpaqlarımız başdan-başa turizm mərkəzidir. Bununla da təkcə Bakıdan yox, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası gələcəkdə turizmin inkişafı, məcburi köçkünlərin iş yerləri ilə təmin edilməsi baxımından çox önəmlidir.

 

Vətənini sevən hər bir vətənpərvər insan kimi, Şuşanı ziyarət etmək məndə sözlə ifadə edilməyəcək dərəcədə güclü hisslər oyatdı. Çox böyük sevinc və qürur hissi keçirirəm. Ali Baş Komandana, ordumuza minnətdaram ki, bizə əzəli torpaqlarımızı ziyarət etmək şansı yaratdılar. Şəhidlərimizi ehtiramla anır və ruhları qarşışında baş əyirəm. Bu gün işğaldan azad edilmiş əraziləri ziyarət edən vətəndaşlarımızın əllərində üçrəngli bayrağı, “Qarabağ Azərbaycandır”, “Şuşa Azərbaycandır”, “Ağdam Azərbaycandır” və s. kimi şüarlar görmək çox təsirlidir. Qədim mədəniyyət diyarı Şuşada, erməni vandalları tərəfindən viran edilmiş gözəl Ağdamda olarkən kövrəlib göz yaşları axıdan insanları, dövlətimizin başlatdığı ağıllı kənd layihələrini, Ağdam Beynəlxalq Hava Limanını, qısa zamanda bərpa edilmiş yolları və infrastrukturu gördükcə bu göz yaşları sevinclə əvəz olur.

 

Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, böyük qayıdış başlayır. Düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

 

- 2022-ci ilin “Şuşa İli” elan edilməsi hansı hədəfləri özündə ehtiva edir? “Şuşa İli” milli mədəniyyətimizin inkişafına hansı töhfələri verəcək?

 

- Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.

 

Şuşa həm də mədəniyyətimizin incisidir. Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır.

 

Qarabağ torpağı həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi şair və yazıçıların Vətənidir.

 

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də Vətən müharibəsinin gedişində “Şuşasız bizim işimiz yarımçıq olardı” deməsi Azərbaycanın Şuşanın işğalı ilə heç bir zaman barışmayacağının göstəricisi idi.

 

44 günlük şanlı qələbədən sonra ölkə başçısının Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi mədəniyyətimizdə iz qoymuş dünya şöhrətli dahilərin ruhlarını şad etdi. Ecazkar səsləri ilə bir çox ölkələrdə alqışlarla qarşılanan Qarabağlı xanəndələrin yeni nəsil davamçıları ölməz şəhidlərimizin qanı ilə azad olunan Xarı bülbülün vətəni olan Şuşanın Azərbaycana mənsubluğunu Cıdır düzündə təşkil olunmuş musiqi festivalında bir daha bütün dünyaya çatdırdılar.

 

2022-ci ilin “Şuşa İli” elan olunması bu qədim diyarımızın çiçəklənməsinə, yenidən bərpa olunmasına, əvvəlkindən də gözəl və möhtəşəm görkəminin geri qaytarılmasına, yenidən şərqin mədəniyyət beşiyinə çevrilməsinə təkan verəcək. Sərəncamda Şuşanın 270 illik yubileyinin qeyd edilməsinin öz əksini tapması Qarabağımızın göz bəbəyi Şuşanın milli-mədəni irsinin daşıyıcıları olan abidələrinin bərpası prosesinin çox sürətlə aparılacağına işarədir. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində xalqımız üçün müqəddəs olan bu şəhərə çoxsaylı ölkəmiqyaslı və beynəlxalq səfərlər təşkil olunacaq, mötəbər tədbirlər keçiriləcək.

 

Artıq müxtəlif dövlət qurumları Şuşa ilinə həsr olunmuş tədbirlər planı hazırlayırlar. Məsələn, Mədəniyyət Nazirliyi tərəfindən qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verilib. “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” kimi Şuşa şəhərinin zəngin mədəniyyətini əks etdirən layihələrin həyata keçirilməsinə başlanmışdır.

 

Ölkə Prezidenti İlham Əliyevin tarixi çıxışında söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! şüarlarının reallaşdığı kimi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” mesajının da bütün dünyanın gözü qarşısında çox qısa zamanda reallaşacağının şahidi olacağımıza əminəm.

 

- Dövlət başçısı İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bir daha bu çağırışı etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bu əminlik də ifadə olundu ki, bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Tarixi Zəfərimiz Azərbaycan xalqını dünyaya necə təqdim etdi? Milli-mənəvi dəyərlərimizə bağlılıq Qələbəmizdə nə kimi rol oynadı?

 

- Dövlət gənclər siyasətinin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinin bütün sahələrdə özünü realizə etməsi üçün əlverişli şərait mövcüddur. Gənclər siyasəti ölkəmizdə prioritet istiqamətlərdən biridir və dövlət siyasətinin mühüm, ayrılmaz tərkib hissəsini təşkil edir. Müxtəlif sahələrdə böyük uğurlar qazanmış gənclər ölkəmizin hərtərəfli inkişafına böyük töhfələr verirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir, siyasi, iqtisadi və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

 

Ümummili liderimiz Heydər Əliyev demişdir: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

 

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

 

Bu gün dövlətimiz milli dəyərlərimizin qarantına çevrilib, ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir.

 

Azərbaycan bu gün müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Milli dəyərləri hər şeydən üstün tutmalı və digər xalqların dəyərlərinin öz milli köklərimizi, milli mənliyimizi sıxışdırmasına yol verməməliyik.

 

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir ölkə kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi və bunları edərkən hər zaman milli mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi daima qorudu. Prezident İlham Əliyev milli qürur, prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq.

 

Bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Azərbaycan xalqının qədimdən gələn qəhrəmanlıq ənənələri var. Əminliklə qeyd etmək olar ki, respublikamızda gənclərə yaradılan şərait, dövlət gənclər siyasətinin düzgün istiqamətləndirilməsi nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər Ermənistanın silahlı təcavüzü nəticəsində işğal altında olan ərazilərimizin qaytarılmasında, şübhəsiz ki, həlledici rol oynadılar. Vətən müharibəsi zamanı gənclərin könüllü olaraq torpaqlarımızın yağı düşməndən azad olunması kimi müqəddəs amal uğrunda könüllü olaraq cəbhəyə yollanması, valideynlərin övladlarını toy bayramla düşmən üzərinə göndərməsi xalqımızın milli kimliyinin, əcdadlarımızdan bizə kodlaşdırılaraq ötürülmüş milli dəyərlərimizin heç bir zaman, heç bir şərt altında unudulmadığının göstəricisidr. Bizə qalib xalq olmaq kimi milli qüruru yaşadan və milli mənəvi dəyərimizə çevrilən şəhidlərimizin ruhu qarşısında baş əyir, bu uğurda qazi olmuş gənclərimizə sonsuz minnətdar olduğumuzu bildiririk.

 

- Ülviyyə xanım, bu günlərdə Milli Məclis iki dost, qardaş ölkənin-Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsini təsdiqlədi. Mədəniyyət paytaxtımızın şahidliyi ilə imzalanan bu sənədi necə şərh edərdiniz?

 

- Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirmiş oldu. İkinci Qarabağ müharibəsi başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstəyini ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

 

Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün dünyaya nümayiş etdirilməsi və bunun həqiqi qardaşlıq olduğunu göstərmək üçün Qarabağın incisi Şuşada iki qardaş arasında bəyannamə imzalandı.

 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm mənəvi simvoludur. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamları ilə formalaşan iki dövlət arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlmişdir.

 

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.  Prezident İlham Əliyev bu sənədin məhz Şuşada imzalanmasına dair isə belə demişdir: “Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Bu tarixi sözlər imzalanan Şuşa bəyannaməsinin önəmini bir daha vurğulayır.

 

Bu yaxında Şuşa bəyannaməsinin həm Milli Məclis tərəfindən, ardınca isə Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olunması ölkələrimizin və xalqlarımızın bütün regional məsələlərdə həmrəy olduğunu bir daha sübut etdi.

 

- Hazırkı dövr, eyni zamanda, Azərbaycanın postmünaqişə dövrünün reallıqlarını dünyaya qəbul etdirmək mərhələsi kimi də səciyyələnir. Regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini dəstəkləyən dünya gücləri bu mühüm addımın reallaşmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dəstəklənməsi deyilmi?

 

  - Doğru buyurursunuz. Lakin postmünaqişə reallıqlarının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə baxmayaraq, hələ də Ermənistan tərəfindən qəbul edilməməsi sülh müqaviləsinin imzalanmasını ləngidir. Bu gün ölkəmiz müharibənin başa çatdığını bəyan edib və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə və siyasi elitasına obyektiv şəkildə təqdim edir. Bu reallıqlar bölgədə sülhün və siyasi-iqtisadi əməkdaşlığın bərqərar olmasına yönəlmişdir. Ölkəmiz bu gün Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsini və ölkələrin qarşılıqlı ərazi bütövlüyünün tanınmasını təklif edir.

 

44 günlük şanlı zəfərimizdən sonra Azərbaycan-Ermənistan prezidentlərinin müxtəlif siyasi platformalar çərçivəsində görüşlərindən belə nəticəyə gəlmək olar ki, artıq qərb və ümumilikdə, Ermənistanın havadarları erməni riyakarlığı və saxtakarlığını artıq dəstəkləmirlər. Bunu Soçi və Brüssel görüşlərinin nəticələrini analiz etsək çox aydın şəkildə görərik. Avropa İttifaqı tərəfindən Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin tez ya da gec qəbul ediləcəyinə bir işarədir. Aİ rəhbəri Şarl Mişel açıq şəkildə Avropa İttifaqının Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə edir. Ermənistan üz tutduğu bütün beynəlxalq təşkilatlardan rədd cavabı alır və ona Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin qısa zamanda qəbul edilməsinin zəruri olduğu bildirilir. Aİ Prezidenti məzlum imici yaradaraq ona sığınmaq istəyən Ermənistana artıq onun deyil, haqlı və güclü Azərbaycanın yanında olduğunu bildirdi.

 

Bundan əlavə, müharibədən sonra Ermənistanın Azərbaycana qarşı üç iddiasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsinin şahidi olduq. Müharibə məhbuslarının dərhal geri qaytarılması, Bakıda mövcud olan Hərbi Qənimətlər Parkının bağlanılması və Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması ilə əlaqədar iddiaları məhkəmə tərəfindən ləğv edilməklə Ermənistan üzərinə öhdəlik qoymuşdur. Məhkəmə etnik zəmində zorakılıqla bağlı çağırışlar edən qruplaşmalara və fərdi şəxslərə qarşı Ermənistan dövləti tərəfindən təcili tədbirlər görülməsi barədə qərar qəbul etmişdi.  Azərbaycana qarşı qaldırılan iddiaların ləğv edilməsi və Ermənistan üzərinə öhdəlik qoyması bunu göstərir ki, Beynəlxalq Ədalət Məhkəməsi də artıq erməni yalanlarından bezib və bundan sonra Ermənistanın populist və uydurma tələblərini yerinə yetirmək niyyətində deyil.

 

Ölkəmizin dünya siyasi arenasında qazandığı bütün uğurların özəyində Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin nüfuzu və güclü siyasi iradəsi dayanır.  Ali Baş Komandan sülh müqaviləsi barədə demişdir: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

 

Bəli, Ermənistan yenidən revanşist düşüncələrə üstünlük versə, faşist düşüncəsindən əl çəkməsə, yenidən öz havadarlarına üz tutsa, dövlət başçısının dediyi kimi, budəfəki “dəmir yumruq” daha ağır olacaq.

 

 

 Yeni Azərbaycan.- 2022.-15 fevral.- S.5.