Dərdlərin dərmanı Qarabağdadır
Şuşanın ilk şəfa ocaqları və tanınmış həkimləri
Şuşanın təmiz havası, daşlardan süzülüb gələn
şirin suyu həmişə can dərmanı olub. Hələ çox qədimlərdən min bir çeşid bitkilər aləmi olan bu bərəkətli
torpaqda insanlar hər otun, hər ağacın dilini bilərdilər. Ona görə, Qarabağ təbiblərin,
loğmanların yurduydu.
Xalq təbabəti nəsildən-nəslə keçərək
yaşayırdı. Şuşanın
Təbrizlilər məhləsinə
yaşamağa gələn
təbrizlilərin, şamaxılıların,
ərdəbillilərin çoxu
öz dövrünün
savadlı adamları hesab olunurdular. Tibb elminə yiyələnmiş belə
şəxslər məscidlərdə,
karvansaralarda müayinə
və müalicələr
aparır, türkəçarələrlə
əhaliyə xidmət
göstərirdilər. Sonrakı
dönəmlərdə Şuşada
doğulub, boy atmış gənclər
ali təhsil almaq üçün Rusiya və Avropaya üz tutdular, ali təhsilli
həkimlər kimi vətənə döndülər.
Şuşada ilk xəstəxananın açılması İbrahimxəlil
xanın qızı Gövhərağa Cavanşirin
adıyla bağlıdır.
1834-cü ildə
Gövhərağa (Gövhər
Nisə) Cavanşir tərəfindən inşa
etdirilən “Aşağı
Gövhərağa məscidi”ndə
ilk müalicəxana yaradıldı. İsfahanda
ali tibb təhsili almış həkim Mirzə Məmmədqulu bəy, Mirzə Məhəmməd
Qarabaği bu şəfa ocağında
işləməyə başladılar.
1847-ci ildə Çar
hökuməti tərəfindən
Şuşa şəhərində
4 çarpayılıq tibb
məntəqəsi yaradıldı.
Şuşanın ilk ali təhsilli
həkimi Əbdülkərim
bəy Mehmandarov idi. Bu arada
Mehmandarov soyadı barədə maraqlı bir faktı qeyd etmək yerinə düşərdi.
Azərbaycanda xanlıqlar dövründə
“mehmandar” adlanan vəzifə vardı. Mehmandar xanlığa gələn rəsmi qonaqları sərhəddə
qarşılayıb yerləşdirmək,
onların istirahətlərini,
gəzintilərini təşkil
etmək işinə baxırdı.
Qarabağda İbrahimxəlil
xanın hakimiyyəti
dövründə xanlığın
mehmandarı Əli bəy adlı bir nəfər olub. XIX əsrin 30-cu illərində Azərbaycanda
yeni soyad sistemi formalaşanda Mirzə Əli bəyin törəmələri
“mehmandar” titulunu soyad götürüblər.
Əbdülkərim bəy həmin Mehmandarovlardandır. 1854-cü il
dekabrın 2-də Şuşada
kiçik məmur Mustafa bəy Mehmandarovun ailəsində
dünyaya gəlib.
1877-ci ildə Əbdülkərim Mehmandarov
Peterburqda tibb təhsilini başa vurub, klinik hərbi hospitala ezam edilir. Arzusu doğma yurda qayıdıb orda xidmət göstərmək
olsa da, ya qaynar müharibə
nöqtələrinə, ya
da epidemiya yayılan ərazilərə
göndərilirdi. Azərbaycana, doğma Şuşaya təyin olunmaq üçün ona yaxın dostu, Avropa təhsilli maarifçi, xeyriyyəçi
Əhməd bəy Cavanşir köməklik göstərib. Əbdülkərim
bəyin həkim kimi şöhrəti həm Qarabağda, həm də Rusiyada yayılmışdı.
Deyilənə görə,
ağır xəstəliyə
tutulmuş Qarabağ bəylərindən biri müalicə almaq üçün Moskvaya, məşhur bir professorun yanına gedərkən, ona deyilib: “Əbdülkərim bəy
kimi həkiminiz ola-ola nahaq yerə
əziyyət çəkib
bu qədər yol gəlmisiniz”.
Əbdülkərim bəyin təşəbbüsü
ilə 1912-ci ildə Şuşada 20-30 nəfərlik
ilk rus-türk qadın məktəbi açılıb. Şuşalıların
ona inamı sayəsində əhali qızlarını o məktəbə
oxumağa göndərib.
Dostu Əhməd bəyin qızı olan Həmidə xanımın Cəlil Məmmədquluzadəyə ərə
getməsi də Əbdülkərim bəyin
məsləhəti əsasında
olub.
Əbdülkərim bəy 1895-ci ildən
1929-ci ilə qədər
Şuşa qəzasında
həkim kimi fəaliyyət göstərib.
Sonralar, daha dəqiqi 1965-ci ildən Şuşa Mərkəzi Xəstəxanası onun adını daşımağa
başlayıb.
1902-ci ildə
Şuşada şəhər
xəstəxanası tikilir.
1909-cu ildə Şuşada
artıq 2 xəstəxana
fəaliyyət göstərirdi.
1930-cu ildə Şuşa
rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil
edilmiş, tədricən
xəstəxanalar və
kənd tibb müəssisələri şəbəkəsi
yaradılmışdı. Yuxarıda
qeyd etdiyimiz kimi, Şuşanın təmiz dağ havası, suyu, təbiəti can dərmanıdır. Elə
bütün bunlar nəzərə alınaraq,
Sovet illərində dağlar qoynundakı bu gözəl şəhərdə müxtəlif
kurort və sanatoriyalar yaradıldı.
Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 18 bina daxil idi. Şuşa
kurortunun əsası
1941-1945-ci il Böyük vətən müharibəsindən əvvəl
qoyulsa da, inkişafı
müharibədən sonra
başladı. 1969-cu ildə
“Narzan” tipli karbohidratlı Şırlan
mineral suyu 30 km. məsafədən
çətin dağ yolları ilə Şuşa şəhərinə
gətirilir. Bu həmin vaxt üçün ən uzaq məsafədən gətirilən mineral su kəməri idi. Şuşa kurortunda tənəffüs
yolları xəstəlikləri,
sinir-əsəb xəstəlikləri,
maddələr mübadiləsinin
xəstəlikləri, qan
azlığı, mədə-bağırsaq
xəstəliklərinin müalicəsi
aparılır. 1939-cu ildə Şuşa
şəhərində ixtisaslaşdırılmış
respublika uşaq sanatoriyası yaradılır.
Bu müalicə ocağında
hər il
800-1000 vərəmli uşaq
müalicə alırdı.
1970-ci ildə Şuşada “Şəfa”
turist bazası və respublika meşə-sağlamlıq məktəbi
də yaradılmış,
Şuşanın işğalına
qədər fəaliyyət
göstərmişdi.
Bir ailənin 10 elmlər doktoru
Kurort şəhəri cənnət
Şuşa torpağı saysız-hesabsız
həkimlər yetişdirib.
Belə həkimlərdən biri də bu günlərdə
100 yaşı tamam olan professor Kazım Fərrux oğlu Axundovdur. O, 1922-ci il fevralın 28-də Şuşa
şəhərində anadan
olmuşdu. Kazım Axundov 1952-ci ildə Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun Sanitar Gigiyena fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Əmək fəaliyyətinə Milli Elmi Tədqiqat
tibbi profilaktika İnstitutunda elmi işçi kimi başlayan Kazım Axundov 1964-cü ildə
SSRİ-nin “Səhiyyə
əlaçısı” fəxri
adını, 1970-ci ildə
tibb üzrə elmlər doktoru dərəcəsini, 1973-cü ildə
“Əməkdar həkim”
fəxri adını qazanıb. 1992-ci ildə professor diplomunu alarkən onu təbrik edənlər arasında gigiyena elmi sahəsinə hazırladığı 10 nəfər
elmlər namizədi,
5 nəfər elmlər
doktoru da var idi.
O, 1970-ci ildə Azərbaycan Respublikasında içməli
və məişətdə
istifadə edilən su mənbələrinin sanitar gigiyenik səciyyələndirilməsi və
onların sanitar mühafizəsi sahəsində
apardığı elmi
tədqiqat işləri
ilə gündəmə
gəlmişdi. Alim yaşayış
məskənlərinin su
ilə təchiz edilməsi, yeni su mənbələrinin aşkar edilib öyrənilməsi, su normativlərinin hazırlanması,
suda tətbiq edilən reagentlərin gigiyenik qiymətləndirilməsinə
dair sanballı elmi işlər yazıb, praktiki nəticələr əldə
edib. Kazım Axundov Yeni Azərbaycan
Partiyasının yarandığı
ilk günlərdən partiyanın
üzvü olub. Tibb elmləri doktoru, professor Kazım Axundov 2006-cı ildə vəfat edib.
Onun atası Fərrux müəllim 50 il Şuşada müəllim
işləyib, Fərrux
müəllimin 10 övladı
olmuş və maraqlıdır ki, 10 övladının hamısı
elmlər doktoru adını qazana bilmişdi. 10 uşaqlı
qəhrəman ana Maya
Cavad qızı Axundova Şuşanın tarixinə 10 alim yetişdirmiş ana kimi düşüb.
Qədim
ənənələrini yaşadan
Şuşa Mərkəzi Xəstəxanası
1992-ci ildən Bakının
Yasamal rayonunda fəaliyyət göstərir.
1979-cu ildən bu günə qədər xəstəxanaya
Əməkdar həkim
Ramiq Məhərrəmov
rəhbərlik edir.
Şuşa azad edildikdən
sonra, əslən şuşalı olan Ramiq həkimin həsrətinə, qubarına
son qoyulsa da, hamı kimi o da doğma ocağa dönəcəyi
günü səbirsizliklə
gözləyir. O günə
isə çox az qalıb.
Şuşa kurortları, sanatoriyaları
yenidən fəaliyyətə
başlayacaq, dərdi
olan dərdinə bu ellərdə dərman tapacaq. Dünya Şuşa
adlı bir cənnətlə tanış
olacaq.
İlhamə RƏSULOVA
Yeni Azərbaycan.- 2022.- 16 fevral.-
S.6.