İtkin talelər
6 ay
xəstə erməniyə
qulluq elədim ki, bəlkə...
İllər keçsə
də, qocalmayan, yaşamayan və ölməyən adamlar
Müharibə çox talelərə amansız yaralar vurub. Elə yaralar ki, indi
onlar barədə danışanda həqiqət
olduğuna bəzən
inanmırsan. Erməni
kimi nankor düşmənin olarsa, yaşanan faciələrin,
insanlıq dramlarının
miqyası da böyüyür, dillə
deyilməyəcək şəklə
düşür. II Qarabağ
müharibəsi zəfərlə
başa çatandan sonra, bu müharibədən
fərqli yaralarla çıxmış soydaşlarımızın
ürəyinə ümid
qondu. Söhbət I Qarabağ müharibəsi
zamanı əsir və itkin düşənlərdən,
onların yolunu gözləyən ailə
üzvlərindən gedir.
Gedirsən tez
qayıt gəl,
Gözü yolda
qalan var.
1988-ci il hadisələri
başlayarkən Qarabağın
müdafiəsinə ilk
növbədə polislər
göndərildi. Qarabağ
müharibəsində Azərbaycan
polisinin 932 nəfər
əməkdaşı şəhid,
681 nəfəri isə
əlil oldu. Onlar arasında 23 yaşlı polis əməkdaşı Babayev
İslam Əhmədağa
oğlu da var idi. Taleyinə
itkin qisməti yazılan, özündən
sonra ailəsini 30 illik həsrətə, iztirablara məhkum edən İslam. O, Qarabağa döyüşə
gedəndə həyat
yoldaşı hamiləydi,
oğlunun üzünü
görmək nəsibi
olmadı. Əhməd
atasız böyüdü.
Ömrü üzünü
görmədiyi atasının
axtarışlarında keçdi.
“Hanı o keçmiş sevgilər”,
“Daha ölməyən
sevgilər yoxdur” deyənlərə sədaqət,
vəfa nümunəsidir
İslamın həyat
yoldaşı Solmaz xanım Şirəliyeva.
23 yaşı var idi İslamı yola salanda. İndi
onun 53, İslamın isə yenə 23 yaşı var. Solmaz hələ də inamını itirməyib, ərinin yolunu gözləyir. “Mən onu Allaha
əmanət etmişdim.
Birini Allaha əmanət edəndə,
onu görmədən
ölməzsən” deyirlər.
Mən buna inandım. Bir gün İslam mütləq gələcək”,-
deyir Solmaz.
Onun hekayəsi
sevginin, sədaqətin
və müharibənin
bir qadın ömrünə vurduğu
zərbənin hekayəsidir.
İslam Solmazın bibisi
oğlu idi. Yaşıd idilər.
Uşaqlıqdan bir-birlərinə könül bağlamışdılar.
1991-ci ilin sentyabr
ayında toy etdilər,
Solmaz Kürdəmirdən
Ağsunun Musabəyli
kəndinə gəlin
köçdü. O zamanlar
bütün qızların
yaraşığına heyran
olduğu, baxıb köks ötürdüyü
İslam çevik Polis Alayında
işləyirdi. Bir neçə
ay sonra İslam ata olacağı xəbərini
eşidib çox sevinmişdi. Amma balasını
qucağına almaq, boyunu sevmək qismət olmadı.
“1992-ci ilin aprel ayında İslamgili Qarabağa döyüşə
apardılar. 60 polis işçisi
Şuşa uğrunda döyüşlərdə
iştirak etdi. İtkin xəbərini aldığım
gün mənə dedilər ki, İslam Bala Kirs deyilən
ərazidə 2 həmkarı
ilə postda dayanıbmış. O, Əfsun
və Şahin. Mayın 8-də Şuşa
işğal olunan gün İslam və 2 yoldaşı itkin düşdü. Nə ölüləri tapıldı, nə diriləri. Dünya başımıza yıxıldı. 3 nəfərdən başqa,
57 polis sağ-salamat geri
qayıtdı. Biz İslamın axtarışlarına
başladıq.
İndiki
kimi deyildi, o zaman nə nizami
ordu vardı, nə doğru-dürüst
iş aparan. Ölkədə vəziyyət qarışıq
idi, bir yanda Vətən uğrunda müharibə gedirdi, bir yanda
da hökumət qarışmışdı.
Başıpozuqluq idi. Beynəlxalq
Qırmızı Xaç
Cəmiyyətinə, Daxili
İşlər Nazirliyinə,
əlimiz çatan hər yerə müraciət etdik, bütün xəstəxanaları,
morqları gəzdik. Qayınatamla,
qayınlarım günlərlə
evə gəlmədilər,
bir soraq çıxar deyə mümkün olan hər yerə gedirdilər. Ürəyimizə atəş düşmüşdü,
iynə üstündə
gəzirdik elə bil. Qapıdan bayıra çıxanda
qayınanam qapıya qıfıl asmırdı
ki, İslam gələr,
ya da kimsə xəbər gətirsə,
qapıdan qayıtmasın,
girib evdə gözləsin.
Sonra Füzuli rayon sakini olan bir kişi, adına Seyid Əhəd deyirdilər, dedi ki, mən sizin
adamı tapıb gətirə bilərəm.
O əsir düşənləri
araşdırır, pul
müqabilində tapıb
gətirirdi. O zaman əməlli-başlı insan
alveri gedirdi. Bizə dedi ki, guya görən
olub, İslam əsirlikdədir,
bir erməni əsirlə dəyişmək
lazımdır. Bir gün Seyid Əhəd bizə yaralı bir erməni gətirdi, dedi buna baxın,
ölməsin, İslamla
dəyişəcəyik. Yaralı ermənini
bizə pulla satdı. Adı Levon idi.
Bitin, birənin, yara-xoranın içində idi. Düz 6 ay Levona evdə baxdıq. Yaralarını sarıdıq, sağaltdıq
ki, ölməsin, İslamla dəyişə
bilək. Ayağı qanqren
olmuşdu, müalicə
etdik. O qədər
yaxşı baxdıq
ki, ayağı kəsiləsi olmadı. 6
ay sonra Levon qayınanama dedi ki, mənə elə yaxşı baxırsınız, deməsəm
ürəyim dözməyəcək.
“Ermənilər məni sizin oğlunuzla dəyişməyəcək.
O polisdir, mən isə heç döyüşdə də
olmamışam. Məni Marneuli
qatarından öz ermənilərimiz tutub döyə-döyə gətirdilər,
azərbaycanlılara satdılar.
Mən Rusiya vətəndaşıyam.
Ermənilər azərbaycanlı əsirlərlə dəyişmək
üçün oradan-buradan
erməni oğurluğuna
çıxırlar. Sonra da azərbaycanlılara
satırlar”. Levon
belə dedi. Əsir dəyişilməsi üçün
belə oyunlar gedirdi o zaman. Levonun atası-anası Moskvada yaşayırmış. Özü
də döyüşə
aidiyyəti olmayan, 45 yaşlı bir adam idi.
Qayınatamgil araşdırdılar, hətta Moskvada ailəsini də tapdılar. Sonra Levonu dövlətə
təhvil verdilər.
Seyid Əhəd
hər gün “sabah olacaq deyirdi”,
amma heç bir xəbər çıxmırdı. Ondan sonra da bir gürcü
çıxdı ortaya,
dedi tapmışam gətirirəm, bir həftə qayınatamla,
qaynım Qazaxda oturub, yol gözlədilər.
65 min manata qədər
pul tökmüşdülər,
xəbər gəlmədi,
gürcü də aradan çıxdı.
Bizim kimi çox adam
var idi, əsirlərinin, itkinlərinin
dalınca düşüb,
onları geri almaq istəyən. Tapa bilmədik. Getsin o günlər gəlməsin.
Amma elə hey gözümüz
yollarda qaldı, dedik bəlkə bir xəbər gələr. Öləni bilirsən
ki, öldü getdi. İtkini olmaq ağır
dərddir. Hardadır, nə
edir, bəlkə zülm çəkir, sənə ehtiyacı var.
Amma sən bilmirsən. Gözünə yuxu gedərmi? Oddan köynək geyinmişdik
ailəlikcə, rahatlıq
nədir bilmirdik.
Qayınanam illərlə qapını
bağlamağa qoymadı
ki, İslam gələr,
eşitmərik. Bala
dərdi çəkə-çəkə
köçdü dünyadan,
o da qayınatam da”,- deyir Solmaz.
Solmaz bir ara qayınanasından möhkəm
inciyib. Qayınanası
ona “cavansan, İslam gəlməyəcək yəqin,
get atan evinə, ailə qur, öz yuvan olsun”
deyərkən ağlamayıb
qayınanasını acılayıb:
“İslam ölməyib ki,
itkin düşüb,
gələcək” - deyib.
“Müharibə başa
çatanda elə bildim ki, nə
qədər əsir var, hamısını tapıb qaytaracaqlar. Ürəyim səksəkədə hər
gün yol gözləyirəm. DİN
İslama şəhid
statusu verib, amma axı öldüsü-qaldısı
məlum deyil. Çox istərdim ki, dövlət bizə yardım etsin, bir məlumat əldə edək. İllər öncə gəlib bizdən DNT üçün
qan analizi götürdülər. Amma heç
bir xəbər çıxmadı. İslamın adını nəvəmə
vermişəm. Hər dəfə
adını çəkəndə
səksənirəm, Allaha
dua edirəm. Bizə ondan bir xəbər
gəlsin deyə.
İslam evimizdən gedib, ürəyimizdən
getməyib. Nələr çəkdiyimizi
ancaq itkini, əsiri olanlar bilər”.
Kövrəlir. Yaş damlası
parlayan, yaşıl gözlərində oğurlanmış
bir gəncliyin, itmiş səadətin qüssəsi yatır.
O, dərzilik edərək
balasını böyüdüb,
kiməsə ağız
açmayıb.
Düz 30 ildir cəmi
7 ay birlikdə yaşadığı
ərinin yolunu gözləyir. Bizlərdə ər-arvad haqqında danışanda ömür
yoldaşı, həyat
yoldaşı deyirlər.
İslamla Solmaza bir-birlərinin
həyat yoldaşı
olmaq qismət olmayıb. İslam onun əri olub,
o da İslamın arvadı.
Dalıb gedir. Bilmirəm mənəmi deyir.
Yoxsa dodaqaltı pıçıldayır.
“Şuşa dağlarında
bir igid itirmişəm. Şuşa boyda dağ
daşıyıram ürəyimdə.
Şuşaya gedib, döyüşdüyü
yerləri görmək,
ayağı dəyən
yerlərdən iyini almaq istəyirəm.
Deyirlər orda bir “Ərim gəldi qayası var”. Orda dayansam, gözləsəm gələrmi
itkinim?”.
Son məlumata görə, 719
nəfəri mülki
şəxs, 3171 nəfəri
isə hərbçi
olmaqla, ümumilikdə
3890 nəfər itkin düşmüş şəxs
kimi qeydiyyata alınıb. İtkin düşmüş mülki
şəxslərdən 20 nəfəri
qız, 71 nəfəri
uşaq, 154 nəfəri
qoca, 267 nəfəri qadındır. 3890 nəfərdən
872 nəfərinin, o cümlədən
29 uşağın, 98 qadının,
112 ahıl şəxsin
əsir götürülməsi
və işğal ərazisində qalması
faktı sübut edilib.
Qarabağda yolumuzu
gözləyən narahat
ruhlar var hələ. Haqqında heç nə bilmədiyimiz 3171 insan taleyi var.
İlhamə
RƏSULOVA
Yeni Azərbaycan.- 2022.- 18 fevral.- S.6.