Nəsimi dərvişliyin şəhididir
Əvvəli
ötən sayımızda...
Bu gün bir dərvişlə,
özünə “heç kim” deyən ruh adamıyla, bir dəli
ozanla özümüzə, iç dünyamıza səyahət
edəcəyik.
Müsahibimiz Azərbaycan
Milli Konservatoriyasının dosenti, fəlsəfə doktoru Fəxrəddin
Salimdir.
- Allah insanı niyə yaratdı?
- Aşiq olmaq üçün insanı yaratdı. Eşq o qədər gözəldir ki, tanrını insan yaratmağa vadar elədi. Allahın özündə məqsəd elə insandır. Allah özü tək qaldı darıxdı. Bu qədər yaratdığı məxluqda məna görmədi. Aşiq olacağı birini, yəni insanı yaratdı. Madam ki, Haqq-taala mənə aşiqdir, mən niyə onun eşqini qəbul etməyim? Sonuncu yaratdığı da elə insan oldu. Öncə yaratdıqlarının hər biri insanda var. Dörd ünsürdən tutmuş, kainatın özü, planetlərin, çayların, göllərin hərəkət mexanizminin hamısı insandadır. Mənim Allaha qorxu, maddi-mənəvi ehtiyacım yoxdur. Allah məni ehtiyac babında, müstəvisində saxlayacaq qədər kiçik deyil. Burada ancaq aşiq-məşuq əlaqəsi var.
- Bəs Allah nə
üçün dünyada insanların törətdiyi şərə
mane olmur? Sevdiyi insan özü-özünü məhv edir?
Müharibələr olur, qan tökülür.
- Bir uşağın qarşısında çoxlu oyuncaqlar olanda onlara sakitcə durub kənardan baxmır ki. Bir-birinə vurur, oynayır, əylənir.
- Allahın oyun
meydanıdır dünya?
- Biz sadəcə təslim olmağı
bilmirik. Müsəlman,
əslində, təslim olan deməkdir. Biz təslimiyyəti
bacarmadıq. Məhəmməd yüzlərlə
büt sındırdı, biz yenidən büt yaratdıq.
Ona yüzlərlə sifət verdik. Biz Quranı fərqli təfsir edərək, yeni
tanrı yaratdıq.
- Allah mərhəmətlidir ya
zalım?
- O,
heç bir şey deyil. O, sadəcə var.
- O zaman
yaradılışımızın anlamı olmur axı.
Böyüyən, 92 milyard işıq ili
böyüklüyündə var olduğunu bildiyimiz bu
kainatın yaradılmasının bir anlamı
olmalıydı.
- Bəli,
olmalıdır. İnsanın mahiyyəti bunu tələb
edir. Amma insan cənnət eşqi və ya
cəhənnəm qorxusu ilə insan olmamalıdır. Bu, Allaha rüşvət verməkdir və ya
rüşvətlə bizi imanlı etmək deməkdir. Dünyadan məna anlamayan, cənnət-cəhənnəmdən
nə anlayacaq? Bu ömrü doğru,
dürüst anlaya, yarıda bildikmi ki, axirət kimi mürəkkəb
bir yerə də üz tutaq. Cənnət
dindarların gözündə Bakı bulvarı kimi bir
şeydir. Ağzıbağlı qablarda
şərab, əl dəyməmiş hurilər və
qılmanlar. Rüşvətlə
qazanılan axirət deməkdir bu? Burada nə
edirlərsə, orada da onu istəyirlər, amma deyirlər
öləndən sonra burada haram deyilən orada halal olacaq?
- İnsanları cənnət
ümidi, cəhənnəm qorxusu bir çox pis əməlləri
törətməkdən saxlayır.
- Deməli, din vəhşilər, avamlar
üçündür. Bir yarpağın rəngi,
bir kiçik çiçək yaradanın
böyüklüyünü göstərmirmi? O
yaradıcını görə bilməyib, din, şəriət
qanunları icad edirik. Mən kainatı qüsursuz çəkən
o rəssamı sevirəm, mənə vacib deyil, dəstəmazı
almaq üçün üzümü hansı tərəf
tutum, əlim necə dayansın, ayağım necə dursun və
s. Mən Nəsimi ilə cəhənnəmdə olmağa
razıyam, amma belə düşüncəli dindarlarla cənnəti
istəmirəm.
- Namaz qılırsınız?
- Namaz
qılırdım, tövbə elədim. Bir
gün dərsdəydim, dedilər rektor
çağırır. O ərəfələrdə mənə
ev veriləsiydi guya. Və
bir də 1 gün öncə bir mühazirədə
aşağı-yuxarı danışmışdım.
Düşündüm ki, ya ev verəcəklər,
ya da işdən atacaqlar. Dərsi buraxıb
böyük həyəcan içində rektorun yanına
qaçdım. Hətta yolda tələsdiyimdən
yıxıldım, ayaqqabım ayağımdan
çıxdı. Liftdə sanki biri
başıma vurdu. Özümə dedim “sən heç
Allahın hüzuruna belə həyəcanla
çıxmırsan. Dünya malı
üçün bu nə təlaşdır? Hanı
bəs sənin imanın?” Qayıtdım
geriyə, getmədim. Namaz qılıb,
fikri-xəyalı Allahda olmayan adamla, gecə-gündüz pəhriz
saxlayıb, fiqurasını qoruyan biri arasında heç bir fərq
yoxdur. Mən onu düşünmədən
yaşaya bilmirəm. Azad seçim etdim.
Konyadan təsbeh gətirmişəm. 1001 dənəsi var, sübhə qədər uzun
zikr edib, özümü pillə-pillə ona doğru qalxan
hiss edirəm. Bağışlanmamı, ya da nəsə
bir dünya malı istəmirəm. Nə məqamdır bilmirəm. Sadəcə
onun hüzuruna çıxıram. Gerçəyi
sözlə ifadə edə bilmirəm. Ona
görə dərvişlər susurlar. Çünki
onların aləmində olan şeylər bu maddi aləmdə
yoxdur. Tutaq ki, ömründə saat
görməyən, onun nə olduğunu bilməyən adama
saatı necə başa salmaq olar? Ona
görə, “dərvişlər sirr saxlayır” deyirlər.
Gördüklərimiz sözə gəlmir.
Anlamaq üçün sən onun
gördüyünü görməlisən, dediyi məqama gəlməlisən.
Sirr deyil, dediklərini anlada bilmirlər.
- Eşq günahdır?
- Həqiqi
eşq yasaq deyil, əgər şəhvət deyilsə. Ona qalarsa, sevgisiz evlilik daha böyük
günahdır.
- Reinkarnasiyaya inanırsınız?
- İnsanın mahiyyəti qayidır. Bu gün mən
Nəsimini daşıyıramsa nəsimiyəm. Əsas olan düşüncədir. Düşüncəsi məndə olmayınca, Nəsiminin
bədənində görünsəm də, fərqi yoxdur.
Həllac Mənsurun mahiyyəti Nəsimidəydi.
Seyid Əzim deyir:
Bir gəlmiş
idim verməyə can, olmadı qismət,
Getdim,
dolanıb, bir dəxi ey can, yenə gəldim.
Seyyid,
neçə yol gəlmiş idim mülki-cəhanə,
Səd
şükr, tapıb, surəti-insan, yenə gəldim!
Minlərlə adı olan tanrı ilə, minlərlə
heykəli olan tanrının heç bir fərqi yoxdur. Adlar da, heykəllər
də insanların ehtiyacından yaranmışdır.
İlhamə HƏKİMOĞLU
Yeni Azərbaycan.-
2022.- 25 fevral.- S.7.