Şuşanın icra başçısı niyə güllələndi?

 

Ötən saylarımızda “Şuşanın birinci katibləri və onların faciəvi sonluqları...” adlı məqalə dərc edilib. Həmin məqalədə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Gənclər Forumunda çox önəmli məsələlərə toxunmuşdu. Prezident Şuşanın doğma - əzəli Azərbaycan yurdu və ermənilər üçün yad şəhər olması barədə çıxışında demişdi: “İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni bəli, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər”.

 

Azərbaycanlı büro üzvləri kimlər idi?

 

Həmin azərbaycanlı şəxslərin kimliyi barədə müxtəlif mənbələrdən araşdırmağa başladıq. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Kommunist Partiyası Şuşa rayon Komitəsinin birinci katibi vəzifəsində 7 nəfər çalışıb. Belə ki, katiblər sırasında aşağıdakı şəxslər yer alıblar:

İdris Məhərrəmov (1952-1958)

Nurəddin Ağayev (1958-1963)

Arif Ağakişiyev (1966-1972)

Qəşəm Aslanov (1972-1975)

Əhəd Kərimov (1975-1980)

Niyaz Hacıyev (1980-1988)

Vaqif Cəfərov (1988-1991)

Xəbər verdiyimiz kimi, onlardan biri Qəşəm Aslanov faciəvi şəkildə avtomobil qəzasında dünyasını dəyişmişdi. Onun xələfi Vaqif Cəfərov isə 1991-ci ildə Qarabağda bir sıra dövlət xadimləri ilə birgə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuşdu.

Xatırladaq ki, SSRİ dağıldıqdan sonra raykom icra hakimiyyəti adlandırıldı. 7 noyabr 1991-ci ildə isə Mikayıl Gözəlov Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Şuşanın keçmiş icra başçısı, bölgədə böyük nüfuz sahibi olan Mikayıl Gözəlov da sələfləri kimi faciəvi şəkildə dünyasını dəyişmişdi. İcra başçısının öldürülmə səbəbini araşdırmaq üçün bir neçə mənbəyə müraciət etdik.

 

Vətən oğlu Mikayıl Gözəlov!

 

Öyrəndik ki, Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursattexnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən xeyli silah-sursattexnika gətirilməsinə rəhbərlik edib.

Bundan əlavə, Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərib. Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Eləcə də Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib, Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub. Onun rəhbərliyi ilə Xankəndindən qovulan əhali üçün ŞuşadaYeni Xankəndi” qəsəbəsi salınıb.

Əfsuslar olsun ki,  işbaşında ikən 11 dekabr 1991-ci ildə əslən şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin səbəbləri isə indiyədək müəmmalı qalır. Onun məzarı Ağdamın Mərzili kəndindədir.

 

Gözəlovun oğludeyir?

 

Bu məqsədlə də, Gözəlovun yeganə oğlu Müşfiq Gözəlovla görüşüb onun Şuşalı, atalı günlərinə səfər etdik: “Atam 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mikayıl Gözəlovun ailəsinin sonbeşiyiyəm. 1989-cu ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşam. Atamın ən böyük arzusu oğul övladının olması imiş. Ailədə 3 bacının yeganə qardaşı olduğum üçün hamıdan çox diqqət mənə idi. Əslində aprelin 7-də anadan olmuşam. Amma atamın ad günü aprelin 5-də olduğu üçün mənim də sənədlərimə o tarixi yazıblar. Kim bilərdi ki, atam rəhmətə gedəcək və ad günümüzü tək keçirəcəyəm”.

 

Ermənilərin vurduğu hərbi vertolyotda...

 

Söhbət zamanı aydın olur ki, 1991-ci ildə ermənilər tərəfindən vurulan, dövlət xadimlərinin içində olduğu Mi-8 hərbi vertolyotun içində Mikayıl Gözəlov da olmalıymış. Bu hadisədən sonra icra başçısı media qarşısında açıqlamasında deyibmiş:Ağdam-Şuşa yolunda maşınlarımız əzilir, yandırılır, camaatımız yaralanır. Bu gün burada olan deputatlarımız da gözləri ilə vəziyyətin nə yerdə olduğunu gördülər. Camaatın artıq səbr kasası dolub. Nəticə çıxarmaq və qərar qəbul etmək lazımdır. Birdəfəlik bilməliyik ki, biz bu torpağın yiyəsiyik”.

 

İcra başçısının ailəsi buradan qaçsa, Şuşada kim qalar?!

 

Şuşanın başını dumanla yanaşı odlu atəş hücumları almışdı. Gözü dönmüş ermənilərdən qorunmaq üçün zirzəmilərə sığınan insanların yalnız bir dayaq yeri vardı. O da Mikayıl Gözəlov idi: “Atam günün əksər hissəsini işdə olduğuna görə, Şuşaya güclü atəşlər olan vaxtı biz binanın bütün sakinləri ilə birlikdə zirzəmidə gecələyirdik. Zirzəmidə olanda atışmaların səsini aydın eşidirdim. Mətbəx şüşəsinin atışmanın təzyiqindən necə qırılması hələ də yadımdadır. Bir gecə atam zirzəmiyə gəldi və həmin zaman yanında hərbi geyimdə, iki hərbçi şəxs var idi. Atamı görən kimi çox sevindim. Amma uşaq olduğum üçün zirzəmidə niyə qaldığımızı o vaxtlar dərk edə bilmirdim. Günlərlə orada gecələməli olduq. Babam dəfələrlə istəyib ki, bizi Şuşadan Ağdama aparsın. Çünki Şuşada vəziyyət çox gərgin idi. Rəhmətlik anam danışırdı ki, atam buna qəti etiraz edibmiş. “Şuşanın müdafiəsinə rəhbərlik edən adamın ailəsi buradan çıxsa, Şuşada kim qalar?! Bu dəqiqə hamı Gözəlovun ailəsi, uşağı buradadır deyə qalıb” deyibmiş. Ona görə də atamın qətlə yetirildiyi günə qədər biz orada qalmalı olmuşuq. Anam İsmət xanım 2014-cü ildə vəfat etdi. Həmişə deyirdi ki, bizi axıra qədər getməyə qoymadı. Şuşa üçün çox can yandırırdı”.

 

Gözəlovun ölümü...

 

Müsahibim deyir ki, Gözəlov yaşasaydı, bəlkə də, Şuşa işğal edilməyəcəkdi: “Şuşadan getmək istəmirdi. Həmişə düşünürəm ki... (red: qəfil gözlərini uzağa zilləyib, bayatı deməyə başlayır)

 

Əzizim, Şuşa qala,

Yolları şüşə qala,

Gözəlov öldü getdi,

Çətin ki, Şuşa qala

 

Atam rəhmətə gedəndən sonra bu bayatı dillər əzbəri olmuşdu. Bütün Şuşa yas saxlayırdı. Gözəlovun ölümü Şuşanın işğalını daha da sürətləndirdi. Düşünün ki, özünün maliyyələşdirdiyi ordusu, batalyonu, texnikası və ən etibarlı əsgərləri var. Bu gücün qarşısında kim dayana bilərdi?”.

 

Əməliyyatın başlamasına bir saat qalmışdı

 

Gözəlovun çox yaxın dostu və silahdaşı Fəzail bəy xatirələrində qeyd edib ki, Mikayıl bir gün öncə, yəni dekabrın 10-da axşam saatlarında onları qanı qaralmış vəziyyətdə yanına çağıraraq Xocalının artilleriya atəşinə məruz qaldığını və şəhidlərin olduğunu deyib. Bunun qisasını almaq üçün Xankəndi istiqamətinə güclü artilleriya zərbələri endirməklərinə göstəriş verib: “Biz həmin gecə səhər saatlarına qədər Xankəndi istiqamətinə durmadan zərbələr endirərək Mikayıl Gözəlovun verdiyi əmri yerinə yetirdik. Gözəlov Daşaltı kəndinin ermənilərdən təmizlənməsi məqsədilə hərbi əməliyyatın olacağını, topları lazımı mövqelərə yerləşdirməyimizi və əmri gözləməyimizi bildirdi”.

Lakin səhəri gün, yəni 11 dekabr 1991-ci il tarixdə əməliyyatın başlamasına bir gün qalmış artıq Mikayılın ölüm xəbəri gəlir. Son qanıma qədər Şuşanı qoruyacağıma and içirəm” deyən, davranışı və sadəliyi ilə şuşalıların rəğbətini qazanmış Gözəlovun yoxluğu Şuşanı yasa batırır. Şuşalılar sonuncu mogikanları ilə birgə yeganə ümidlərini də itirirlər. Səmanı bürüyən qara buludlar isə bir növ gələcəkdə baş verəcək fəlakətin carçısı olur...

 

Onun varlığı bəzilərini narahat edirdi

 

Deyilənə görə, müəyyən qruplar var idi ki, Gözəlovun varlığı onları narahat edirmiş. Yaxın ətrafı bunları bildiyinə görə, atasına mühafizəçi ilə gəzməyi təklif etsələr də, o, bundan imtina edib. “Xalqın içərisində kimdən qorunuram?” deyərmiş. Hətta icra başçısının xidməti otağında belə heç vaxt mühafizəçi olmayıb.

 

Təcili yardım sürücüsü icra başçısını niyə qətlə yetirdi?

 

Mikayıl Gözəlova güllə atan təcili yardım sürücüsü idi. Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi?” sualı illər boyu məni də düşündürüb deyən Müşfiqin sözlərinə görə, atasını otağında güllələyən Elbrus adlı şəxsin anası erməni olub: “Bir övlad kimi yox, bir vətəndaş kimi buna münasibət bildirmək istəyirəm. Təcili yardım sürücüsündə silah nə gəzirdi axı? İçəri girirsən, öldürüb çıxırsan. Nə üçün? Guya aralarında yaranmış mübahisədən sonra qətl törədildiyini deyənlər də var. O zaman başqa bir sual yaranır. Sən icra başçısının otağına niyə silahla girirsən ki? Qətl hadisəsi atamın dostları Mirzə dayı və keçmiş sürücümüz Malik əminin gözləri qarşısında olub. Çox insanlar qətlin sifarişlə yerinə yetirildiyini düşünürlər”.

 

Tale özü qardaşını qarşıma çıxartdı

 

Müşfiqin sözlərinə görə, atasını otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb: “Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib. Cinayəti etiraf etməsi üçün dəfələrlə təkliflər edilsə də, o,  susub. Heç bir bəhanə də gətirməyib. Niyə öldürdüyü isə hələ də müəmmalı olaraq qalır. Onun qohumları da əslən Şuşalıdırlar. Bir neçə il əvvəl tam təsadüf nəticəsində qardaşı ilə rastlaşdım. Dedim dayı, sizin danışığınız çox yaxın gəlir. Haralısınız? Şuşalı olduğunu biləndə sevindim. Dedim nə yaxşı, mən də şuşalıyam. Mikayıl Gözəlovun oğluyam. Gördüm, dondu qaldı. Sonra ağlayaraq özü etiraf etdi. “Sənin atanı öldürən adamın qardaşıyam” dedi. Düşünün ki, 3 yaşından 23 yaşına kimi bu anı gözləyəsən və tale özü sənin qarşına çıxara. Qardaşı danışanda sadəcə üzünə baxırdım - ona çox oxşayırdı. Deyirdi ki, qətl hadisəsindən sonra bir Allahın qulu evimizin qapısını açmadı. Nə toyumuza, nə də yasımıza gələn oldu. Özümüz də dəfələrlə Elbrusun hərəkətini qınadıq. Bizə də niyə öldürdüyünü heç vaxt demədi. Bilmirəm, bəlkə də yalan danışırdı. Hadisəni evdəkilərə aylarla demədim. Gecələri fikirdən yata bilmirdim. Yalnız 4 ay sonra bu məsələni açıb anama danışmaq qərarına gəlmişdim”.

 

Atamın qatilinin dəfnini kənardan izlədim

 

Qətlin səbəbləri indiyədək müəmmalı qalır. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov isə 2020-ci ildə həbsxanada vərəm xəstəliyindən vəfat edib. “Hətta onun dəfn mərasimini uzaqdan izləmişəm. Heç bir hiss yaşamadım. Sadəcə, kənardan vəziyyəti izləmək istəmişdim. Onun dəfnində kimlərin iştirak etdiyi məni çox maraqlandırırdı. İnanırsınız, heç kim yox idi. Cəmi 6 nəfər var idi. Heç onları da tanımırdım. Beləcə, oradan uzaqlaşdım”.

 

Balaca Mikayılı bütün nəslimiz gözləyirdi

 

Mikayıl Gözəlov dünyadan köçsə də, onun adını nəvəsi - balaca Mikayıl yaşadır. Nəslinin göz bəbəyi olan körpə nəhayət ki, babasının həsrətini dindirir. Ailəsinin evinə günəş kimi doğur, onların sevimlisinə, əziz balasına çevrilir: “Bir oğlum var. 3 yaşı bu günlərdə tamam olacaq. Adını Mikayıl qoymuşam. Balaca Mikayılı bütün nəslimiz gözləyirdi. Dünyaya gəlməsi ilə evimizi toy-bayrama döndərdi. Heyif ki, nənəsi onu görə bilmədi. Bu gün bacılarım, bibilərim atamın yoxluq acısını onunla dindirirlər. Mikayıl mənim üçün sadəcə övlad deyil. Deyirlər ki, atana çox oxşayırsan. Mən deyərdim ki, oğlum babasına məndən çox bənzəyir. Soruşanda babanın adı nədir? Deyir, “mən baba”. Atamın adını fəxrlə yaşatmağa, layiqli övlad olmağa çalışsam da, heç vaxt onun zirvəsinə çata bilmərəm.  Heç kim Mikayıl Gözəlov ola bilməz”.

 

Oğlum Şuşadan çıxdığım yaşdadır

 

Şuşadan çıxanda müsahibimin 3 yaşı vardı. Deyir, şükürlər olsun ki, övladlarımız bizim kimi torpaq həsrəti ilə böyüməyəcəklər: “Arzu edirdim ki, övladım Qarabağımızı, Şuşamızı görə biləydi. Qələbə xəbərləri gələndən sonra sevincimin həddi-hüdudu yox idi. İlk sevincimi  Malik əmi ilə bölüşdüm. Malik əmi uşaqlığımızdan bu yaşımıza kimi yanımızda olub. Şuşa azad olandan 1 ay sonra rəhmətə getdi, amma o xəbəri eşitdi. Uşaq olanda bütün dostlarımın yay tətillərini keçirə biləcəkləri rayonları var idi. Amma mən bu sarıdan həmişə qəlbi-qırıq idim. Öz ata yurdumuzda yay tətilini keçirmək hissini heç vaxt yaşamamışam. Artıq yurd-yuvamız azaddır və mənim də gedəcəyim bir rayonum var. O uşaqlıq arzumu 33 yaşımda gerçəkləşdirə bildim.

 

Ən dəhşətli anlarımın şahidi olan zirzəmini tapdım

 

“Gözlərimə inanmırdım ki, Şuşadayam. Şuşanın havasını uduram, torpağına ayaq basıram. İlk evimizi ziyarət etmək istədim. Doğulduğum evdən əsər-əlamət qalmamışdı. Ermənilərin hücumundan qorunmaq üçün sığındığımız həmin zirzəmini də getdim tapdım. Evimdən demək olar ki, heç nə xatırlamıram. Ən çox xatirimdə o zirzəmi qalıb. Mənim ən dəhşətli anlarımın şahidi o zirzəmi olmuşdu”, - deyə M.Gözəlov vurğulayıb.

 

Müşfiqə BAYRAMLI

 

Yeni Azərbaycan.- 2022.- 25 fevral.- S.7.