Azərbaycan - Özbəkistan...

 

Ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət

 

 

Hər il sentyabrın 1-i Özbəkistanda dövlət müstəqilliyi günü kimi qeyd olunur. 31 avqust 1991-ci ildə Daşkənddə Özbəkistan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Özbəkistan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi haqqında” qərar və “Dövlət müstəqilliyinin əsasları haqqında” qanun qəbul edilib. Üç onilliyi əhatə edən müstəqillik tarixində Özbəkistan bütün istiqamətlərdə böyük nailiyyətlərə imza atıb. Müasir dövlət kimi inkişaf edən bu ölkə qloballaşma şəraitində özünün tarixdən gələn milli ənənələrini də yüksək səviyyədə qoruyaraq daha da zənginləşdirir. Bu gün Türkdilli dövlətlər birliyinin möhkəmlənməsində fəal iştirak edən Özbəkistanın Azərbaycanla münasibətləri də uğurla inkişaf edir. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir. Tarixdən gələn bu bağlılıq Azərbaycanın və Özbəkistanın müstəqilliyi dövründə hər iki tərəfin səyləri ilə daha da möhkəmləndirilib.

Siyasi dialoqun yüksək səviyyəsi

İki dost ölkə arasında diplomatik münasibətlərin təməli 2 oktyabr 1995-ci ildə qoyulub. 1996-cı ilin avqust ayında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyul ayında isə Özbəkistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlərtarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. Bu sənədlər sırasında ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamənin önəmini xüsusi qeyd edə bilərik. Müstəqillik illərində iki ölkənin yüksək səviyyəli rəsmiləri, eləcə də dövlət başçıları həm Azərbaycanda, həm də Özbəkistanda çoxsaylı səfərlərdə olublar.

Bu gün iki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Cari ilin iyun ayında Azərbaycan Prezidentinin Özbəkistana uğurlu səfəri baş tutub. Dövlət başçımızın dost ölkəyə səfərinin gündəliyinə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi kimi aktual məsələlər daxil idi. Səfər zamanı keçirilən görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznesregional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetiriblər. Liderlər qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinin zəruriliyini bildiriblər. Səfər çərçivəsində müvafiq qurumlar tərəfindən çoxsaylı sənədlərin imzalanması mərasimi keçirilib. O cümlədən iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığına diqqət çəkərək vurğulayıb: “Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.

Prezident İlham Əliyevin Özbəkistana budəfəki səfəri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dost ölkəyə birinci rəsmi səfərindən düz 25 il sonra baş tutub. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycanın və Özbəkistanın dövlət başçıları paytaxt Daşkənddə ulu öndərin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılış mərasiminə qatılıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata BəyanatındaBu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir”, - deyə məmnunluq hissi ilə vurğulayıb.

Azərbaycanla Özbəkistan arasında əlaqələrin yüksək səviyyəsindən söhbət açarkən hər iki ölkənin Türkdilli dövlətlər birliyinin möhkəmlənməsində yaxından iştirak etmələrini xüsusi olaraq vurğulaya bilərik. Zaman-zaman ayrı-ayrı güc mərkəzləri tərəfindən Türkdilli dövlətlər arasında nifaq salınmasına, onların tarixi coğrafi birliyinə xələl gətirilməsinə çoxsaylı cəhdlər göstərildiyi hər kəsə bəllidir. Prezident İlham Əliyev çıxışlarında bir faktı dəfələrlə gündəmə gətirib. Söhbət, zamanında Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsindən gedir. Azərbaycanın dövlət başçısı bunu Türk birliyinə vurulan böyük bir zərbə kimi dəyərləndirib. Bu, bütün Türk dünyasının düşmənlərinin xəbis niyyətini ifadə edən tarixi ədalətsizlikdir. Diqqətəlayiq haldır ki, məhz Azərbaycan Prezidenti postmüharibə dövründə Zəngəzur dəhlizinin açılmasına güclü qətiyyət göstərməklə Türkdilli dövlətlər arasında əvvəllər də mövcud olmuş coğrafi bağlılığı bərpa etməyə çalışır. Tarixin indiki mərhələsində Türkdilli dövlətlər arasında birliyin bərpası, əlaqələrin möhkəmləndirilməsi üçün heç vaxt olmadığı qədər geniş imkanlar yaranıb. Tarixi ənənələr, dil, din birliyi, mədəniyyətlərin oxşarlığı, yaxın coğrafiyalarbu kimi digər amillər Türkdilli dövlətlərin sıx birliyini mümkün edir. Eyni zamanda, indiki geosiyasi reallıqlar fonunda inteqrasiyanın dərinləşməsi, güclərin və səylərin əlaqələndirilməsi zərurətə çevrilib. Yaxşı haldır ki, Xəzər-Qara dəniz hövzələri boyunca yerləşən bütün Türkdilli ölkələr birliyə can atır. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri  xalqlarımızın yaxın mədəniyyəti bölüşdüklərini, tarixdən gələn ənənələrin oxşarlığını dəfələrlə diqqətə çatdırdılar. Xoş olan həm də o amildir ki, prezidentlər bəzi görüşlərdə təmaslarını Azərbaycan və özbək dillərində qurdular və bir-birlərini aydın şəkildə başa düşdülər.

Azərbaycanla Özbəkistanın beynəlxalq təşkilatlarda fəaliyyətlərini əlaqələndirmələri də təqdirəlayiq haldır. Bu gün iki dost ölkənin Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələri mövcuddur. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə dəstək verən dost ölkələr sırasında yer alır. Bu ölkə Vətən müharibəsində işğaldan azad edilən  Füzuli şəhərində məktəb tikintisi layihəsini reallaşdırmağa qərar verib. Özbəkistanın dövlət başçısı Azərbaycana qardaşlıq münasibətinin ifadəsi olaraq belə bir təşəbbüslə çıxış edib. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Pezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirdiyi kimi, bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Genişlənən iqtisadi əlaqələr

Azərbaycanla Özbəkistan arasında mövcud olan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı şəkildə genişlənir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi son 5 ildə 6 dəfə, birgə müəssisələrin sayı isə 4 dəfə artıb. Ötən il ticarət dövriyyəsi 12 milyon dollar təşkil edib və 2020-ci illə müqayisədə 35,98 faiz artıb. Həmçinin idxalın həcmində 32,48 faiz, ixracın həcmində isə 44,95 faiz artım olub. Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatov bildirib ki, Özbəkistanda Azərbaycan kapitallı 234 şirkət fəaliyyət göstərir. Onların çoxu turizm, kənd təsərrüfatı və digər xidmət sahələrində çalışır. Özbəkistan şirkətləri də respublikamızda fəaliyyətlərini genişləndirirlər. İki ölkənin qarşılıqlı investisiya qoyuluşu hesabına reallaşdırılan uğurlu layihələr sırasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək mümkündür. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində hər iki tərəfdən çoxlu sayda adamının qatıldığı biznes forum keçirilib və 20-yə yaxın sənəd imzalanıb. İmzalanan investisiya sazişlərinin və ticarət müqavilələrinin ümumi dəyəri yarım milyard dollardan yuxarıdır. Bu sənədlərin sırasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Azərbaycanın Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla bağlı layihələrin icrası üçünimkanlar var. Tərəflər çoxsaylı layihələrin icrası üçün birgə investisiya fondunun yaradılması barədə razılığa gəliblər. Çoxplanlı əməkdaşlığın genişlənməsində birbaşa regionlararası əlaqələrə də böyük önəm verilir. Ən yaxın vaxtlarda paytaxtlarımız və iri şəhərlərimiz tərəfdaşlıq münasibətləri quracaqlar.  Cari ildə Daşkənddə regionların birinci forumunun və onların sənaye potensialı sərgisinin keçirilməsi nəzərdə tutulur.

Nəqliyyat sektoru iki dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Son vaxtlarda regionda cərəyan edən geosiyasi proseslər AvropadanAsiyadan olan ayrı-ayrı ölkələrin, transmilli şirkətlərin diqqətini Orta Asiyadan və Cənubi Qafqazdan keçən multimodal dəhlizə cəlb edib. Azərbaycan və Özbəkistan bu marşrutda mühüm halqaları təşkil edirlər. Şübhə yoxdur ki, ölkəmizin nəqliyyat imkanlarının genişlənməsi Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycanın və Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışını təmin etməyə imkan verəcək. Səfər çərçivəsində bəhs olunan layihə ilə bağlı birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəlinib.

Əməkdaşlığın yeni istiqaməti-enerji sektoru

Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın yeni bir istiqaməti də formalaşmaqdadır. Söhbət iki ölkənin enerji əməkdaşlığından gedir. Prezident İlham Əliyevin Özbəkistana baş tutan səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti dost ölkədə  səfərdə olub. SOCAR rəsmisinin “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə dairYol xəritəsi” imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Eyni zamanda, sənəd “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.

Bu günlərdə isə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Energetika Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata görə, görüşdə dövlət başçısının Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. “Yol Xəritəsi” Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçididekarbonizasiya sahələri ilə yanaşı, neft-qazkimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur. Məlumatda bildirildiyi kimi, “Yol Xəritəsi” üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2022.- 1 sentyabr.- S.3.