Ulu öndər Heydər Əliyev Naxçıvanda...

 

Azərbaycanın müstəqil siyasətinin əsasını qoydu

 

3 sentyabr 1991-ci il. O tarixdən bizi 31 illik zaman məsafəsi ayırır. İllər ötdükcə o tarixin müstəqil Azərbaycanın həyatında nə qədər böyük, əvəzsiz rol oynadığı bütün miqyası ilə daha aydın dərk olunur. Söhbət ümummilli lider Heydər Əliyevin qeyd olunan tarixdə Naxçıvan Ali Məclisinin sədri seçilməsindən gedir. Bu, baş verməsə idi, keşməkeşli dönəmdə, müstəqillik yolunda respublikamızın hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil. Ümumiyyətlə, müstəqilliyi qazanmaqqorumaq mümkün olacaqdımı? Azərbaycanın müstəqil siyasətinin təməlini Naxçıvana məlum qayıdışla qoyan da, sonradan onu qoruyan da məhz ulu öndər Heydər Əliyev oldu.

Dünyada ömrünün xalqının, ölkəsinin taleyindən ayrılması mümkün olmayan tarixi şəxsiyyətlərin, siyasi liderlərin sayı elə də çox deyil. Əgər belə bir siyahı tərtib olunarsa, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin adı sıralamada ilk yerdə qərar tutar. Uzaq 1969-cu ildən başlayaraq bu günümüzədək Heydər Əliyev və Azərbaycan kəlmələri qoşa çəkilir. Heydər Əliyev deyəndə Azərbaycan yada düşür, Azərbaycan deyəndə isə Heydər Əliyev xatırlanır. İndiyədək belə olub, bundan sonra da belə olacaq. Bu əbədi bağlılıq isə bilavasitə Ulu Öndərin ideoloji cəhətdən bir-birindən fəqli ictimai-siyasi formasiyalarda doğma Azərbaycan naminə misilsiz fəaliyyəti və xalqın bu fəaliyyəti həmişə minnətdarlıq hissi ilə dəyərləndirməsi, ona  yüksək ehtiram bəsləməsi ilə bağlıdır. Bu sarsılmaz vəhdəti yüksək dəyərləndirən Prezident İlham Əliyev  “Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, Ona inanırdı, Ona həmişə dəstək olurdu. O isə Öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Bütün dövrlərdə Heydər Əliyev Öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir”, - deyə vurğulayıb.

Naxçıvanın xilası və dirçəlişi

Ulu Öndərin Azərbaycan naminə fəaliyyətinin bir neçə mərhələsini xüsusi fərqləndirə bilərik. Bu böyük azərbaycanlının həmişə ümummilli səciyyə daşımış fəaliyyətinin ilk mərhələsi keçmiş sovet hakimiyyəti illərinə təsadüf edir. O dövrdə nəhəng ittifaq məkanında siyasi xadimin fəaliyyəti ciddi nəzarət altında saxlanılırdı və ölkəyə tamam fərqli ideologiya hakim idi. Burada milli təəssübkeşliyin kiçik bir elementinin sezilməsi isə həmin siyasi xadimin, yüksək vəzifə mənsubunun  karyerasının və bütövlükdə taleyinin puç olması demək idi. Belə sərt məhdudiyyətlər şəraitində başdan ayağadək milli olan Heydər Əliyev özünəxas müdrikliklə rejimin sərt buxovlarından məharətlə yayınaraq respublikamızda milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi üzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Həmin mütəxəssislər sonradan müstəqil Azərbaycana ləyaqətlə xidmət göstərdilər və respublikamızın inkişafına sanballı töhfələr verdilər. 

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil.

Sonradan keçmiş ittifaqın rəhbərliyində təmsil olunan Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi. Lakin vəzifədən getsə də, onun qəlbi yenə də Azərbaycanla döyünürdü. Heydər Əliyev xatirələrində danışırdı ki, tutduğu vəzifələrdən istefa verdikdən sonra Moskvada yaşamaq onu sıxırdı. O, xalqının yanında, doğmalarının arasında olmaq üçün sonsuz bir istəklə respublikamıza qayıtmağa can atırdı.

Bu qayıdış baş tutdu-Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya döndü. Lakin paytaxtda qalmaq ona müyəssər olmadı. İmperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutduburada insanlar Onu böyük sayğı ilə qarşıladılar.

SSRİ-nin dayaqlarının sarsıldığı həmin dövrdə keçmiş ittifaq miqyasında baş alıb gedən hərc-mərclik ölkənin hər yerinə sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda, o cümlədən də Azərbaycanda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, muxtar qurum üzərində qurulan siyasi oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.

Belə çətin şəraitdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə tale sanki bu qədim diyarın üzünə güldü. Qeyd etdiyimiz kimi, Naxçıvan sakinləri bu diyarın yetirməsi olan Heydər Əliyevi ən əziz adamları kimi qəbul etdilər, o da öz növbəsində muxtar respublikanı gözləyən bəlaların qarşısını aldı.  1991-ci il sentyabrın 3-də Naxçıvanın taleyində xüsusi önəm daşıyan hadisə baş verdi. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi. Təqdim olunan video kadrlar Ulu Öndərin Naxçıvana necə çətin şəraitdə rəhbərlik etdiyi barədə konkret təsəvvürlər formalaşdırır. Ermənilər sərhəddə vaxtaşırı təxribatlar törədirdilər. Muxtar respublikada ərzaq, sənaye məhsulları, elektrik enerjisi çatışmırdı. Belə kritik dönəmdə Ali Məclisin Sədri seçilən ulu öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyə, tərəqqiyə və həmrəyliyə nail oldu. O, Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.

Azərbaycanın müstəqilliyinə hesablanan siyasi qərarlar

Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrü bütün ölkə üçün müstəsna əhəmiyyət daşıyan bir sıra siyasi qərarların qəbul edilməsi ilə yadda qalıb. Heydər Əliyev doğma diyara qayıtdıqdan sonra Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Sessiyada, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət irəli sürüldü. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdi. Bu qanunla üçrəngli bayrağımız yenidən respublikanın Dövlət bayrağı elan edildi. Sonralar Ümummilli Liderin Özü bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Əvvəlki illərdə olduğu kimi, Naxçıvanda da Heydər Əliyevin fəaliyyətinin əsas enerji mənbəyi milli ideyalar idi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində çalışarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr-Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Hazırda biz dünya miqyasında azərbaycanlıların ana Vətən naminə müxtəlif istiqamətlərdə çalışmalar həyata keçirdiklərinin şahidi oluruq. 44 günlük Vətən müharibəsində bu fəaliyyət xüsusilə nəzərə çarpdı. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın ədalətli müharibə apardığını müxtəlif vasitələrlə yerli ictimaiyyətin diqqətinə çatdırır və erməni diasporunun yalanlarını ifşa edirdilər. Minnətdarlıq hissi ilə xatırlayırıq ki, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsi məhz Ulu Öndərin sayəsində mümkün olub.

Biz yuxarıda Heydər Əliyevin zamanında Azərbaycanın gələcəkdə müstəqil yaşaması üçün möhkəm zəmin yaratdığını qeyd etdik.  Ulu Öndər fəaliyyətinin Naxçıvan mərhələsində də xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Naxçıvandan bütün Azərbaycana qayıdış

Heydər Əliyevin ömrünü bütünlüklə xalqa həsr olunmuş ömür kimi səciyyələndirə bilərik. O dövrdə Ulu Öndərin Naxçıvanda xalqa, Vətənə böyük məhəbbətlə atdığı qətiyyətli addımlar, aldığı siyasi qərarlar Onun böyük cəsarətinin ifadəsi idi. Gəlin, xatırlayaq, bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Heydər Əliyevin həyatında belə cəsarətli məqamlar çox olub. Harada kı xalqın, Vətənin mənafeyi tələb edirdi, orada Heydər Əliyev üçün şəxsi maraqların sərhədi bitirdi. 1990-cı ilin qanlı Yanvar hadisələrini yada salaq. Keçmiş ittifaqın rəhbərliyi yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qırğını beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırdı. Belə bir şəraitdə Heydər Əliyev üzləşə biləcəyi hər hansı bir represiyadan çəkinmədən ailə üzvləri ilə birlikdə Azərbaycanın Mos?vadakı nümayəndəliyinə gəldi və mərkəzi hakimiyyətin Bakıya qoşun yeritməsini pisləyən Bəyanat verdi. Beləliklə də, 20 Yanvar faciəsi ilə bağlı informasiya blokadasına son qoyuldu, məlumatlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Sonrakı mərhələdə Heydər Əliyev Naxçıvandan başladığı xilaskarlıq missiyasını Bakıda, bütün ölkə miqyasında davam etdirdi. 1992-ci ilin mayında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi çox qısa müddətdə Azərbaycanı “ölüm, ya qalım” dilemması qarşısında qoydu. Səfalət, anarxiya, dövlət idarəçiliyinin iflasa uğraması, əhalinin sosial durumunun hədsiz dərəcədə ağırlaşması, ölkənin beynəlxalq aləmdən təcrid vəziyyətdə qalması, ordudakı pərakəndəlik, torpaqların işğal altına düşməsi, korrupsiyanın tüğyan etməsi... Bütün bunlar AXC-”Müsavat” iqtidarının birillik hakimiyyətinin acı nəticələrinin tam olmayan siyahısını təşkil edirdi. 1993-cü ilin yayında isə vəziyyət daha kritik nöqtəyə gəlib çıxdı-Gəncədə qarşı duran tərəflər arasında silahlı insident yaşandı və qardaş qanı axıdıldı. Hər an genişmiqyaslı vətəndaş qarşıdurması başlaya bilərdi.

Belə bir taleyüklü məqamda ümidlər Naxçıvana, bu diyarın xilaskarı olmuş Heydər Əliyevə ünvanlanmışdı. Xalq nicat yolunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsində görürdü və təkidlə bunu tələb edirdi. Heydər Əliyev bu dəfə də xalqının ümidlərinin puç olmasına imkan vermədi və Azərbaycanın rəhbərliyinə gəlməyə razılığını bildirdi. Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.

Çin olan arzular

Ulu öndər Heydər Əliyev Özünəxas uzaqgörənliklə qısa müddətdə hadisələri normal axarına istiqamətləndirməyə, ölkəni parçalanmaqdan xilas etməyə, cəmiyyətin potensialını inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə yönəltməyə nail oldu. 

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə bir məqamla barışmırdı və bununla bağlı xüsusi narahatlıq keçirirdi. Hər bir məsələdə səbr və təmkin nümayiş etdirən Ulu Öndərin bu narahatçılığı torpaqlarımızın 20 faizinin işğal altında olması ilə bağlı idi. “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir” deyən Ulu Öndər həmişə azərbaycanlıların Şuşaya, Kəlbəcərə, Laçına, ümumiyyətlə, işğal altında qalan bütün ərazilərə qayıdacağına böyük inam ifadə edirdi. Ulu Öndərin vəsiyyətini Onun layiqli siyasi varisi İlham Əliyev həyata keçirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz şanlı Zəfərə imza ataraq üç onillik ərzində işğal altında qalan torpaqlarımızı geri qaytarmağa müvəffəq oldu. Bununla da Ulu Öndərin arzuları çin oldu.

 

Mübariz ABDULLAYEV

 

 

Yeni Azərbaycan.- 2022.- 3 sentyabr.- S.4.