Əzəli torpaqlarına qayıdan ilk sakinlər nüvədililər olacaq

Qərbi Azərbaycanın Cənub Şərq qapısı

Nüvədinin işğalından 32 il keçir...

Müsahibimiz Bakı Dövlət  Universitetinin kafedra müdiri, professor İsmayıl Əliyevdir.

- İsmayıl müəllim, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsi hazırda beynəlxalq platformalarda aparılan danışıqların mövzusudur. Bu məsələnin beynəlxalq müstəvidə müzakirə edilməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Əzəli Azərbaycan torpağı olan Ermənistan mövzusu Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Tarixi torpaqlarımıza qayıdış məsələsi beynəlxalq müstəvidə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən üçtərəfli görüşdə qaldırılmışdır.

İyulun 15-də Brüsseldə baş tutan görüşdən sonra mətbuata verilən açıqlamada bildirilir ki, bir çox məsələlərlə yanaşı Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də müzakirə mövzusu olub. Detallar məlum olmasa da, təxminən 100 il bundan əvvəl Azərbaycandan qoparılaraq Ermənistana verilən dədə-baba torpaqlarımıza qayıdış məsələsinin liderlərin görüşündə gündəmə gətirilməsi böyük siyasi əhəmiyyət daşıyır və gec də olsa çox önəmlidir. Təkcə 1988-1991-ci illərdə öz dədə-baba torpaqlarimız olan Ermənistanda 260-dan çox azərbaycanlı yasayan  kəndlərdən 250 mindən çox soydaşlarımız deportasiya olunmuşdur. Bu gün erməni şovinistləri Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların taleyinin müzakirəsindən narahatdırlar və bu məsələnin müzakirə olunmasını heç istəmirlər.

Bu gün Ermənistan rəhbərliyi və əhalisi Qarabağda yaşayan ermənilərin hüquqlarından bəhs edərək, onların təəssübünü çəkir və onlara Azərbaycan torpaqlarında   əla şərait yaradılmasını tələb erdirlər. Bəs biz niyə 1918-1920, 1948-1953, 1988-1991-ci  və digər illərdə öz əzəli torpaqlarından qovulan vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasını niyə tələb və təmin etməyək. Onu da biz və dünya birliyi yaxşı bilir ki, indiki Ermənistan ərazisi Azərbaycanın qədim  torpaqlarıdır. Həmin ərazilərdə  bizim qəbiristanlıqlarımız, məscidlərimiz və qədim abidələrimiz erməni millətçiləri tərəfindən dağıdılıb, izlərimizi itirməyə çalışıb. Ona görə də belə bir vacib tarixi məsələnin də Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqı adından  masaya gətirilib, müzakirəyə çıxarılması təqdirə layiqdir.

Hələ Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabrında, özünün doğum günündə bu məsələni gündəmə gətirərək, həmişə olduğu kimi Azərbaycanda nələrin baş verdiyini dünyanın bir daha diqqətinə catdırmışdı.  Təbii ki, XX əsrdə Sovet imperiyasının təhriki ilə qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətində  bizim 100 minlərlə insanımızın haqqı tapdalanmış, həmyerlilərimizə qarşı ədalətsizliklər, zorakılıqlar edilmiş və  əsrın sonlarında ata-baba torpaqlarından tamamilə qovularaq, təkmillətli erməni dövləti yaratmışlar. Dünya birliyi Cənubi Qafqazda vəziyyət, niyə son dərəcə ağır olduğunu  və bunun günahkarının  kim olduğunu bilməlidir. Hazırda Azərbaycanda 60-65 min erməni, o cümlədən Qarabağda 25-30 min erməni yaşayır. Dünya ermənilər və yerli Qarabağ separatçı erməniləri göstərməyə çalışırlar ki, guya Qarabağda yaşayan  ermənilərin hüquqları pozulur. Bəs onda XX əsrin  müxtəlif vaxtlarda Ermənistandan qovulmuş bir milyondan artıq  Qərbi azərbaycanlı  soydaşlarımızın tapdalanmış hüquqları dünya birliyini niyə maraqlandırmır? Azərbaycan xalqı toleriant xalqdır, 30-a yaxın müxtəlif millət və xalqların on minlərlə nümayəndələri ölkəmizdə doşt şəraitdə yaşayır, öz doğma vətənlərini sevirlər. Bu özünü İkinci Qarabağ müharibəsində bir daha əyani şəkildə göstərdi. Şəhid olanları da, qazı olanları da çoxdur. Bütün azərbaycanlılar erməni işğalçıları tərəfindn işğal olunmuş torpaqlarımızın  azad etdilməsinə görə qürur duyur və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. 

- Zəngəzur mahalının Nüvədi kəndinin əhalisi də Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma torpaqlarını tərk etməyə məcbur olub. Ümumiyyətlə, bu kəndin tarixi haqqında məlumat verməyiniz maraqlı olardı...

- Araz çayının sol sahilində yerləşən Qədim Oğuz yurdunun bir parçası olan Zəngəzur mahalının Nüvədi kəndi, Tütlar dibi adlanan ərazidən başlayaraq başlanğıcını Hüseynbəy çəmənliyindən alıb, Araz çayına tökülən, təxminən uzunluğu 15 km olan  Nüvədi  (Sələnc) çayının sağ və sol sahillərində Şimala doğru uzanan iki km-lik ərazidə, Zəngəzur sıra dağlarının cənub-şərq ətəklərində 1991-ci il avqust ayının 8-nə kimi azərbaycanlıların yaşadığı qədim Azərbaycan kəndi də bu təxribatların qurbanı olmuşdur.

Bu günə qədər insanın ilkin törəmə mənbəyi hələ tam açılmamış, sirr olaraq qalsa da, Azərbaycanın Füzuli şəhərindən 14 km şimal-qərbdə yerləşən daş dövrü insanlarının yaşayış yeri kimi məşhur olan Azıx mağara kompleksinin aşkar edilməsi Cənubi Qafqazın qədim yaşayış yerləri olması haqqında dəqiq və qəti fikir söyləməyə imkan verir. Aparılan elmi tədqiqat işləri göstərir ki, çox-çox qədimdən bu yerlərdə insanlar yaşamış, əksinə ermənilər son 200 ildə bu torpaqlara köç etməmişlər.

Yazılanlar və aparılan araşdırmalar göstərir ki, nüvədililər Nüvədiyə başlanğıcını Hüseyn bəy çəmənliyindən, Miyanbutun dağının ətəklərindən alan Nüvədi çayının düzənlik orta məsafəsində yerləşən Kəndçayı adlanan kənddən köçüb gəlmişlər. Tarixi faktlar göstərir ki, azı min-min beş yüz illik tarixə malik olan Nüvədi kəndi yaxınlıqlarında olub, xarabalıqlara çevrilmiş  Ataman, Angizet, Qarçinik, Ernəzir, Sultan Səlim kimi qədim kəndlər hesabına məskunlaşmışdır.

Nüvədinin adı haqqında bir neçə fərziyə və  fikirlər vardır. Onlardan ikisini açıqlamaq istəyirəm. Kəndin ilk sakinləri olan  Kazımlılar onu “Novdeh” yəni  “Yenikənd” və ya “Təzəkənd” (farsca “nov” yeni, təzə, “deh” isə kənd deməkdir) adlandırmışlar. Bütün 86 illik ömrünü Nüvədidə yaşayıb, gənclərin təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş Əhmədəli müəllim isə toponimlərin izi  ilə gedərək, yazdığı əsərlərdə kəndin  adının Nohvadı ( “noh” farsca doqquz deməkdir) yerləsdiyi, dodduz vadinin kəsişdiyi ərazinin adından əmələ gəldiyini yazır. Uzun illər həmin adlar dildən-dilə dəyişərək Nügədi, Nüyədi, Nüvədı və s. şəkillərinə düşmüşdür.

- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya baxımından Nüvədinin önəmi nədən ibarət idi? 

- Naxçıvan Muxtar Respublikasını Azərbaycandan ayıran Qərbi Zəngəzur mahalının Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş, orta təhsilini orada başa vurmuş bir azərbaycanlı kimi bu bölgə haqqında  bildiklərimi oxuculara çatdırmağı özümə borc bilirəm. Naxçıvanı Azərbaycandan ayıran məsafə təxminən  45 km olub, onun 24 km-i Nuvədi kəndinin ərazisinə aiddir. Zəngilan rayonunun Nüvədi kəndi ilə qonşu Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi vaxtilə Bakıdan Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra əhalinin enib minməsi üçün Nüvədi ərazisində yerləşən Sığırtda, sonra stansiya Nüvədidə, daha sonra razyezd Nüvədidə, sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq ərazi olduğuna görə dəmir yol xətti Nüvədidən keçən hissəsində bəzən Araz çayından 15-20 metrlik məsafədə çəkilmişdir.

 

Ərazi çox sərt sıldırım dağlıq olduğu üçün bu məsafəni dəmir yolu çəkilərkən Arazdan uzaq məsafədə çəkmək  mümkün olmamışdır. Hətta dağları yarmaq çox çətin olduğuna görə 1940-cı ildə texniki imkanların çox da geniş olmadığı bir dövrdə dəmiryol xəttinin keçməsi üçün  həm Sığırt, həm də razyezd Nüvədi yaxınlığında tunel tikiblər. Həmin tunellər SSRİ dövləti tərəfindən mühafizə olunurdu. Sığırt və razyezd Nüvədidə həm də zastavalar yerləşib, Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilib (sistem), sistemə elektrik cərəyanı  buraxılıb, rus  əsgərləri  tərəfindən İrandan qorunurdu. Hətta Nüvədi kəndinin özünə və suvarılan torpaqlarına motorlarla borular vasitəsi ilə Araz çayından su vurmaq üçün hər gün zastavalardan icazə alınmalı idi.

Ulu öndər Heydər Əliyev 80-cı illərin ortalarında Moskvada işləyərkən, bilavasitə Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı Naxçıvan şose  yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədi zastavasına kimi (434 km), Naxçıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 10 km və Astazur-Aldərə arası təxminən 5 km asfalt yolun çəkilməsinə və bununla da Bakı- Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə  imkan vermədilər. Moskvaya yazıb tökdülər  ki, guya bu yol  Bakı-Mincivan-Kafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan ərazilərindən keçməklə  hazırdır, Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur, bu, əlavə xərcdir. Əslində isə onlar bunu etməklə yenə də xainliklərindən əl çəkməyib, həm Bakı-Naxçıvan yolunu lüzumsuz yerə təxminən 140 km uzadır, həm də dağ şəraitində payız-qış aylarında beş-altı ay gediş-gəlişi mümkünsüz edirdilər.

Nüvədi müasir şəhər tipli kənd idi. 1940-cı ildə Nüvədidən keçməklə Bakı-Culfa  dəmir yolu, 1949-cu ildə  isə kəndə elektrik işığı  çəkilmişdir. Nüvədidə iki və üç mərtəbəli yaşayış evləri, müasir məktəb binası, xəstəxana,  poçt-teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, lazım olan bütün sosial mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon, maye qaz balonarından istifadə olunurdu. Nüvədi qadınlarının toxudugu xalı və kilimlər, rəngbərəng geyim paltarları, xurcunlar, yun corablar və s. adamı valeh edirdi. Nüvədinin çirişi və caşırı, qoz və palid agaclarının içində arıların bağladığı bal, ovcuların ovladığı kəkliklər, dağ keciləri və cüyürləri, ovlayıb erməni “dostlarına”  göndərdikləri ayı və qaban ətlərini indi də nüvədililər xoş məramla xatırlayırlar.

- Nüvədi əhalisinin məşğulluğu haqqında da məlumat verməyinizi xahiş edirik...

- Ta qədim zamanlardan əhalinin əsas peşəsi maldarlıq (davarçılıq), bağçılıq olmuşdur. Nüvədinin 19 min hektar torpaq sahəsi vardır ki, onun 16 min hektarı yararlı torpaq sahəsi idi. Nüvədi kəndi  hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.” ( Əhmədəli Əliyev  “Nüvədi axıracan vuruşdu...”, Respublika qəzeti, 12 fevral 1998- ci il , s.3).

Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonunun 6 min nəfəri azərbaycanlılar idi. Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultan Səlim, Əbdül Ata kimi tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə  Ermənistanın kəndləri arasında birinci yerdə dururdu. Nüvədi cazibəli kənd olub, narı, üzümü, ənciri, şaftalısı, əriyi və s. meyvələri ilə məşhur idi. Bu meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayil Amanovun, Nadir Cəfərovun, Məmməd Rüstəmovun  və başqalarının xidmətləri həmişə iftixarla yad edilirdı. 

- Avqustun 8-də Nüvədinin ermənilər tərəfindən işğal olunmasından 32 il ötür... 

 

- Nüvədililər 1905-1907, 1918-1920, 1988-1991-ci illərdə erməni işğalına məruz qalmışlar.  1948-1952-ci illərdə Ermənistan hökuməti Ermənistandakı digər Azərbaycan kəndləri ilə yanaşı Nüvədini də boşaldıb, Mingəçevirə köçürmək üçün dəfələrlə kənd camaatına müraciət edirlər. Amma nüvədililər SSRİ dövlətinin başçısı İ. V. Stalinin sözündən istifadə edib: “...yoldaş  Stalin deyib ki, bu, könüllüdür”- köçməyiblər.

1991-ci il avqust ayının 8-də Nüvədi kəndinin camaatı, Ermənistandan ücüncü dəfə qovulan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək - “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”- demişdir.   

Nüvədi kəndi həm də ziyalılar kəndi olub, nüvədililər  bu kənddən  çıxmış alimləri, müəllimləri həkimləri, aqronomları və digər tanınmış insanları ilə fəxr edirlər. Sovet dövründə ermənilərin Nüvədi kəndini alimlər kəndi adlandırmaları heç də təsadüfi deyildir. Nüvədi kənd məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində qoyulmuşdur. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı seçilmış İsrafil Hüseynov, Azərbaycan Respublikasının əməkdar rəssamı, ustad şair Şəhriyarın əsərlərinə çəkilən illüstrasiyaların müəllifi, Şəhriyarla canlı bağlantıyla danışaraq dünyaya səs salmış Fəxrəddin Əliyev Nüvədi məktəbinin yetirməsidir.

Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini MirMahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatın savadlanması qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular.

Böyük vətən müharibəsində Nüvədi oğulları  alman faşist işğalçılarına qarşı fədakarlıqla vuruşmuş, 66 nəfər şəhid vermişlər. Birinci və İkinci Qarabağ döyüşlərində Nüvədinin Xəqani Qurbanov, Orxan Hüseynov, Həzrətəli Tahirov, Rauf İbadov, Əvəz Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Allahverdiyev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşlar.

Dünyanın harasında, Azərbaycanın   müxtəlif bölgələrində  yaşamalarındann aslı olmayaraq onlar kənd ağsaqqallarından  Balakişi Həsənovu, Qulu Quliyevi, Qoşunəlı Əhmədovu, Məmiş Qurbanovu, Mahmud Həsənovu, Firudin Hüseynovu, Agaməli Hüseynovu, Peyğəmbər övladı VII İmam Museyi Kazım nəvəsinin davamçısı Mir Kazım Mir Yaqub oğlunu və onlarla başqalarını tez-tez arayır, hal-əhval tutur, dəyərli məsləhətlərindən yararlanırlar.

- Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində soydaşlarımız, həmvətənlərimiz Qarabağ və Şərqi Zəngəzura qayıtdıqları kimi, tezliklə Qərbi Azərbaycana, o cümlədən Nüvədiyə də qayıdacaqlar... 

- Biz nüvədililər gələcəyə inamla baxır, inanırıq ki, Azərbaycanın Pespublikasının Prezidrnti, Ali Baş Komandan  İlham Əliyevin apardığı müdrik siyasət nəticəsındə tezliklə öz doğma dədə-baba torpaqlarımıza qayıdacaq və əbədi yaşayacağıq.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti, Fateh sərkərdə İlham Əliyevin apardığı hərbi, siyasi, iqtisadi, ildırım sürətli yenidənqurma siyasətini bütün nüvədililər ürəkdən bəyənir, dəstəkləyir, dəmir yumruğun həmişə düşmənlərimizin, Azərbaycanı istəməyənlərin başı üzərində parlamasını Ulu Tanrıdan arzu edir. Biz bir daha inanırıq ki, Qarabağa başlayan Böyük Qayıdış kimi, Qərbi Azərbaycana da qayıdan Böyük Qayıdış Ermənistanın cənub-sərq qapısı Nüvədidən başlayacaqdır.

Ümummilli Lider Heydər Əliyev demişdir: “... XX əsrin 20-ci illərində yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan  arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”. 

Meğri ərazisi Nüvədi kəndi ilə birlikdə Ordubad qəzasına daxil edilərək , 1849-cu ildə ilk dəfə yaradılmış İrəvan quberniyasına, mərkəzlə məsafə uzaq olduğuna görə bir-neçə vaxt sonra isə Zəngəzur qəzasına verilmişdir. Gəncə quberniyasinin  Zəngəzur qəzası 1920-ci ildə Azərbaycan torpaqları hesabına yeni yaradılmış Ermənistan respublikasına veriləndən sonra, Zəngilan rayonunla sərhəddə yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə  Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdir (3 ¹-li Protokol). Bu sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanuniləşdirilib” Zəngilan rayonunu tərkibindən çıxarılmışdır.

1991-ci ilin avqust ayının 8-ə kimi Nüvədidə 300 ailə olmaqla 1500-dən artıq sakin yaşamışdır. İndi bu ailələr artaraq 1000-dən şox ailə, 5 mindən çox sakin olmuşlar. Son vaxtlar erməni saytlarının verdiyi məlumatlara görə kənddə cəmi 44 ailə olmaqla 133  erməni yaşayır. 2006-cı ildə Ermənistanın digər ərazilərində olduğu kimi kəndin adı erməniləşdirillərək Nrnadzor ( Narlı dərə) adlandırılmışdır. Kənddəki evlər, ictimai binalar dağıdılıb, xarabazara çevrilmişdir. Amma bu, nüvədililəri qorxutmur. Qayıdacaq, quracaq, yaradacaq və əbədi yaşayacağıq.

Azərbaycan  Prezidenti İlham Əliyev 2014-cü il aprel ayının 8-də  Naxçıvan Muxtar Respublikasınin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir : “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtki əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.   

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtması ücün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı unikal siyasəti dərindən dəstəkləyir, qaydışı  səbirsizliklə gözələyir və az vaxt qaldığına inanırıq. Qərbi Azərbaycana ilk qayıdan onun cənub-şərq qaqpısını ən son tərk etniş Nüvədi kəndinin sakinləri olacaqdır. 

Nüvədili publisist  Füzuli müəllimin bir bənd şeri ilə yazımı tamamlamaq istəyirəm:

Soruşan olsaydı  cənnətin yerin,

 

Deyərdim ki, cənnət Nüvədidədir.

Alimlər, şairlər yetirən ana,

Səadət beşiyi Nüvədidədir.

Hərkəs o yerlərdə olarsa qonaq,

Qayalar başında çatarsa ocaq.

Dolanıb hər yeri, sonra deyəcək,

Dərdlərin davası Nüvədidədir......

Üzüyü tanıdar onun daş- qaşı,

Buluda söykənər həmişə başı,

Olsa da ömrünün boranı, qışı,

Ömrün gözəlliyi Nüvədidədir.

Yeni Azərbaycan  2023.- 5 avqust.- S.5.

Söhbətləşdi: Nardar Bayramlı