“Aliment Fondu” yaradılır...
Problemlər həllini tapacaq?
Bəzi atalar boşanma zamanı sadəcə, həyat yoldaşlarından
deyil, doğma övladlarından da sanki “ayrılır”, bütün öhdəliklərini,
məsuliyyətlərini unudurlar. Bu zaman tərəflər arasında ziddiyyətlər,
çəkişmələr, qarşılıqlı ittihamlar
başlayır. Boşanma
faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri
yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür
bəhanələrlə ödənişi
həyata keçirmək
istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər
tapırlar. Bu məsələdə ziyan
çəkən tərəf
isə uşaqlar olur.
Ölkəmizdə “Aliment Fondu”nun yaradılması məsələsi yenidən
gündəmə gəlib. Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri
komitəsinin sədri
Hicran Hüseynova bildirib ki, aliment
tələbinə dair
məhkəmə qərarlarının
çoxu yerinə yetirilmir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət
edənlərin sayı
olduqca çoxdur.
Millət
vəkili qeyd edib ki, problemin
aradan qaldırılması
üçün “Aliment Fondu”
yaradılmalıdır və
aliment verməyən şəxslərin
uşaqlarına ödəmələr
dövlət tərəfindən
həyata keçirilməlidir:
“Aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını
çəkməlidir. Amma, müxtəlif vasitələrlə
bu boşluğu doldurmaq lazımdır”.
“Aliment Fondu”nun yaradılması mövcud problemləri həll edə biləcəkmi?
Sualımızı cavablandıran hüquqşünas
Nadir Məmmədovun sözlərinə
görə, uzun illərdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin vətəndaş
cəmiyyəti qurumları
tərəfindən fondun
yaradılmasının zəruriliyi
qeyd olunur. O, bildirib ki, vətəndaş
cəmiyyətini narahat
edən məsələlərdən
biri məhkəmə
qərarlarının olmasına
baxmayaraq, bir çox şəxslərin
aliment verməkdən yayınması
və ya imtina etməsidir: “Bəziləri, ümumiyyətlə,
zamanında ölkə
ərazisini tərk edib gediblər və onları tapmaq mümkün deyil. Ailə Məcəlləsinə görə, valideynlərin
əsas vəzifələrindən
biri uşağın qayğısına qalmaq, onun mənəvi tərbiyəsində iştirak
etmək, sosial-iqtisadi
dəstək göstərməkdir.
Bu baxımdan məhkəmələrin çıxardığı
qərarlar icra olunmalıdır. Çünki
hazırda ölkəmizdə
aliment ala bilməyən uşaqlar
çoxdur”.
Hüquqşünasın fikrincə, dövlətin bu quruma vəsait ayırması aliment ödənməli
olan uşaqların daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər: “ “Aliment Fondu” aliment verilməsində
fasiləsizliyi təmin
edə, eyni zamanda uşaqların
normal böyüməsi məqsədilə
maliyyə mənbələrindən
biri ola bilər. Sonradan aliment ödəməli olan şəxsləri işlə təmin etməklə və ya digər formada
onlardan pulun alınması həyata keçirilə bilər.
Hazırkı vəziyyətdə isə alimentin verilməməsi ailələri
daha çətin vəziyyətə salır,
uşağın böyüməsi,
təhsili, sosial müdafiəsinin təmin
edilməsində çətinliklər
meydana çıxır.
Hesab edirəm ki, “Aliment Fondu”nun yaradılması bu çətinliyin qarşısını alacaq”.
Hər iki valideyn məsuliyyət
daşıyır
Hüquqşünas vurğulayıb
ki, valideynlər ayrıla bilər, amma bu, onları
valideyn məsuliyyətindən
azad etmir: “Düşünürəm ki,
“Aliment Fondu”nun yaradılması
valideynlərin daha məsuliyyətli olmasına
gətirər. Çünki valideynləri ayrıldıqda
bundan əziyyət çəkən hər zaman uşaqlar olur. Uşaqlıq illərinin çətin
vəziyyəti və
ananın problemlərlə
baş-başa qalması
ikinci dəfə uşağın psixologiyasını
sarsıdır. Bu isə gələcəkdə
uşağın həyatına
izsiz ötüşmür.
Atalar bu fəsadları düşünmədən addım
atır. Dünyaya gələn
vətəndaş üçün
hər iki valideyn məsuliyyət daşıyır və daşımalıdır. Məhz bu
səbəbdən “Aliment Fondu”nun
yaranması çox önəmlidir”.
N.Məmmədovun sözlərinə görə,
aliment uşağın sayından
asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin
müəyyən hissəsi
qədər tutulur: “Əgər valideynin qazancı qeyri-müntəzəm
olarsa, yaxud tərəflərdən birinin
marağını əhəmiyyətli
dərəcədə pozduğu
halda alimentin miqdarı məhkəmə
tərəfindən hər
ay ödənilməli olan
sabit pul məbləğində müəyyən
edilə bilər. Alimentlə bağlı məhkəmə
qərarlarının icrası
ilə əlaqəli qanunda bütün lazımı tədbirlər
nəzərdə tutulsa
da, bəzi hallarda çətinlik yaranır. Valideyn işsiz olduqda
boşandıqdan sonra
alimentin ödənməsində
çətinliklər yaşanır.
Qeyd edim ki, bu
gün boşanmaların
əksər hissəsi
maddi imkansızlıqdan
baş verir. Belə olan halda da boşanmadan
sonra aliment ödənməsi
mümkün olmur. Amma düşünürəm ki,
vicdanı olan ata məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməz.
Qanuna əsasən,
aliment bütün tərəflər
üçün eyni nəzərdə tutulub. Hər iki
valideynin hüquq və vəzifələri
bərabərdir. Maddi vəziyyəti
yaxşı olan tərəf digər tərəfə kömək
etməlidir. Bu, qanunvericilikdə də əksini tapıb”.
Alimentdən yayınanları hansı cəza gözləyir?
N.Məmmədov qeyd edib ki,
alimentlə bağlı
qətnamənin icrasını
aliment ödəməli olan
valideynin yaşayış
yeri üzrə İcra şöbələri
və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə
icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü
təmin etməsi təklif olunur: “Qərar könüllü
icra olunmadıqda şəxsin mülkiyyətində
hər hansı əmlakın olub-olmamağı
barəsində müvafiq
orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər.
Həmin şəxsin
rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir.
Şəxsin barəsində məcburi
gətirmə və axtarış tədbirləri,
ölkədən çıxışına
məhdudiyyət qoyulması
kimi tədbirlər də görülə bilər”.
3 ilədək həbs...
Hüquqşünas qeyd edib ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər: “Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur.
Dünya praktikasına nəzər
salsaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə
dövlət o öhdəliyi öz üzərinə götürür.
Lakin borclu tərəf
dövlətə borclu qalır və sonradan o borclar
ödənilməlidir. Bir çox
ölkələrdə “Aliment Fondu” yaradılıb. Hesab
edirəm ki, fondun Azərbaycanda
da yaradılması vacibdir”.
Məsuliyyətdən yayınmaq olmaz
Milli Məclisin Əmək
və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov
bildirib ki, alimentlərin
verilməsi ilə bağlı ciddi
problemlər var: “Təəssüf ki, bu problemlər həm
şəhərlərdə, həm də kəndlərdədir.
Düşünürəm ki, “Aliment Fondu”nu yaratmaqla problemi həll edə bilərik. Məsələn, aliment yaradılacaq fond tərəfindən valideynə
verilsin və aliment verməli olan şəxs tapılsın
və ondan həmin məbləğ alınsın. Çünki
valideyn aliment almaq üçün məhkəməyə
müraciət zamanı
vəkil də tutmalıdır. Bu isə valideyn tərəfindən əlavə
xərclərin çəkilməsinə
səbəb olur.
Onun belə bir imkanı
olsa idi, o heç aliment almaq üçün müraciət
etməzdi”.
Deputat qeyd edib ki,
Azərbaycan qanunlarına
əsasən bu məsələdə ədalətli
qərarlar çıxarılır,
aliment ödəməkdən yayınan belə valideynlər inzibati və ya cinayət
məsuliyyətinə cəlb
edilirlər: “Övlad
dünyaya gətirən
valideyn onun sağlam və sevgi ilə böyüməsi, maddi ehtiyaclarının qarşılanması,
şəxsi inkişafı,
təhsili, şəxsiyyət
kimi cəmiyyətdə
yer tutması üçün məsuliyyət
daşıyır. Bu məsuliyyətdən yayınmaq
olmaz. İnanıram ki, uğurlu
və vacib nüanslara toxunaraq, layihənin gerçəkləşməsinə
nail olmaq mümkündür”.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan 2023.- 9 avqust.- S.6.