Hidayətin “Burdan min atlı
keçdi” kitabından
Cəfər Vəlibəyov
(1907-1981)
Köhnə bolşevik. Partiya və dövlət
xadimi. Tanınmış jurnalist.
İyirmi iləcən “Sovet Ermənistanı” qəzetinin
redaktoru. Müharibədən
əvvəl C.Cabbarlı
adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
direktoru işləmişdi.
Hamı ona yoldaş Vəlibəyov, yaxın adamları isə Cəfər Mehdioğlu deyə müraciət edirdilər, mən isə “Cəfər dayı”.
Bir söhbətimizdən parça:
- Cəfər dayı, teatrdan nə yadınızdan qalıb?
- Nə unudulub ki?! Teatr mənə dünyaya
açılan pəncərə
olmuşdu. Orda bişdim
və sonrakı işlərə tam hazır
vəziyyətdə gəldim.
Rəhbər işdə ən
çətini adamları
tez tanımaq, onların yerini tez müəyyənləşdirmək
və zəhmətini
düz qiymətləndirməkdir.
Bax, bu çətin akademiyanı mən teatrda qurtardım.
Bu söhbəti eləyəndə
Cəfər Mehdioğlu
respublika Ali Soveti Rəyasət Heyətinin Sədr müavini idi. Teatrdan bu yüksək vəzifəyəcən
uzun yollar keçmişdi, rayon partiya
komitəsi işçisi,
sonra onun birinci katibi, qəzet redaktoru, deputat, Mərkəzi Komitə üzvü... Və mənə elə gəlirdi ki, vəzifələrinin və şöhrətinin
indiki mərhələsində
bəlkə də teatr onu az maraqlandırır.
İlk tamaşalarımıza
gələrdi. Əli Məmmədovla, Yunis Rzayevlə, Həbib Həsənovla, Rza Vəlibəyovla Cəfər
Vəlibəyov və
onun dostları hər tamaşadan, bəzən hər pərdədən sonra fikirlərini mənə açıq söyləyirdilər.
Cəfər dayı hərdən gülə-gülə:
- Bax, bunu köhnə
teatr direktoru kimi deyirəm ha... - əlavə edərdi.
Teatrın uğurları ilə ürəkdən sevinərdilər,
problemlərlə maraqlanardılar
və ciddi məsələlərlə bağlı
respublikanın rəhbərliyinə
müraciət edərdilər.
Cəfər Mehdioğlu respublikanı
beş barmağı
kimi tanıyırdı.
Ona hər yerdə hörmət edərdilər.
Bir dəfə
Göyçə mahalına
səfərimiz zamanı
mən bunun şahidi oldum. Onlar “Volqa” maşınında arxada əyləşmişdilər,
Qədim Axta (indiki Hrazdan), Bəyazid (indiki Kamo), Basarkeçər (indiki Vardenis), Qaraqoyunlu (indiki Krasnoselo) kəndlərini keçdikcə keçmişləri
xatırlayır, hər
rayondan azı on-on beş adamın
adını çəkirdilər.
Harda dayanırıqsa böyük
bir dəstə onları dövrəyə
alırdı, evə dəvət edirdi. Cəfər Vəlibəyov da, Əli Məmmədov da camaatın güzaranı ilə maraqlanır, nəyə ehtiyacları olduğunu soruşurdular. Həllini gözləyən
məsələlər hər
yerdə vardı.
Camaat danışdıqca onlar bu arzu və
şikayətləri cib
dəftərlərində qeyd
edirdilər.
Bu səfər rəsmi
olmasa da, onları hər rayonun girəcəyində
rayon partiya komitələrinin
birinci katibləri, zəhmətkeş deputatları
sovetlərinin sədrləri
qarşılayırdılar. Və o cib
dəftərinə qeyd
olunan məsələlərin
çoxu elə oradaca həll olunurdu (İrəvana qayıdandan sonra müxtəlif nazirliklərə
və idarələrə
zəng çalıb,
yerdə qalan məsələləri də
həll edirdilər).
Təkrar
edirəm: o səfər
ezamiyyət deyildi, işgüzar səfər
deyildi, bayram günləriydi, hava dəyişmək üçün
şəhərdən çıxmışdılar.
Amma nə ova getdilər, nə kef elədilər, nə qədəh qaldırıb sağlıq
dedilər. Üç gün
xalqın içində
oldular. Camaatla bir yerdə
dincəldilər.
Basarkeçərin bir kəndində
bir baməzə qoca dedi ki,
Allah sizə ömür
versin, bizim təzə birinci katibimizin üzünü hələ görməmişdik...
Cəfər Vəlibəyov da, Əli Məmmədov da təəccüblə Qriqoryan familiyalı birinci katibə baxdılar. Katib qızarmışdı.
Cəfər Vəlibəyov ömrünün
yarısını qəzet
işinə həsr eləmişdi. Ermənistan SSRİ-in əməkdar jurnalistiydi. Ondan xahiş elədim
ki, xatirələrini yazsın. Yazdı. Amma hələ indiyəcən
heç yerdə nəşr olunmayıb.
Maraqlı xatirələrdir. Az qala Sovet
Ermənistanının bütün
tarixi, bu canlı tarixdə bugünkü Ermənistanın
ərazisində Azərbaycan
mədəniyyəti, maarifi,
tarixi abidələri,
iyirmi-qırxıncı illərdə
ayrı-ayrı görkəmli
şəxsiyyətlərin fəaliyyəti əks olunubdur orada.
Qərbi Azərbaycanda soydaşlarımız
içində uzun illər yüksək vəzifə tutan bu hörmətli, ağsaqqal, nurani insanla bütün mövzularda söhbətimiz
tuturdu, bircə mənim qatı şovinist saydığım
“Hovhannes Bağdasaryan”
mövzusundan başqa.
Problem bundaydı ki,
bu şovinist, antitürk, anti-Azərbaycan
tip Cəfər Mehdoğlunun
dostuydu və mən Cəfər dayını inandıra bilmirdim ki, Hovhannes
kişi bizə düşmən mövqedədir.
Onlar eyni dövrdə redaktor olmuşdular, Cəfər Vəlibəyov
- “Sovet Ermənistanı”nın, Hovhannes Bağdasaryan - “Sovetakan Hayastan” (“Sovet Ermənistanı”) qəzetinin.
Hovhannes oradan Mərkəzi Komitənin ikinci katibi “seçildi”. Sonra Moskva onu millətçilik
üstündə guya
tənqid elədi və 1966-cı ildə A.Koçinyan birinci katib seçiləndə Hovhannes ikinci katib vəzifəsindən
azad olunaraq, mədəniyyət naziri təyin olundur. Tezliklə nazir kreslosu darlıq elədi və onun üçün
Respublika Ali Sovet Rəyasət Heyəti Sədrinin birinci müavini vəzifəsi təsis edildi və bu vəzifəyə
“seçildi”. Bu vaxtlar C.Vəlibəyov da Ali Sovet Rəyasət
Heyətinin Sədr müaviniydi, pensiyaya çıxandan sonra Bakıya köçənəcən
parlamentdə müxtəlif
vəzifələrdə işlədi.
H.Bağdasaryanın yeni təyinatına gəlincə...
Hətta Rusiya Federasiyası kimi nəhəng respublikanın
Ali Sovetində belə
vəzifə yox idi! Onu bu vəzifədə
əsas fəaliyyət
istiqamətlərindən biri
respublikada Azərbaycan
toponimərini dəyişdirərək
erməniləşdirmək idi. Cəfər dayıya belə
gəlirdi ki, bunlar hamısı yuxarıların tapşırığıdır,
“Hovhannes Minayeviç
sadəcə, icraçıdır”.
Sonralar Cəfər
dayıya da hər şey aydın oldu. Bir dəfə mənə: “Sən düz deyirsən, bu əclaf millətçi imiş!”- dedi.
Bu fikrin davamını Hovhannes Bağdasaryan özü danışdı:
“Eşitdim Cəfər
Mehdioğlu Bakıya köçür, zəng
çaldım ki, bu nə məsələdir?
Sizə gəlmək istəyirəm.
Dedi: gəlmə, mən özüm gələcəyəm. Gəldi, özü
də evə yox, işə. Qapını açan kimi dişinin dibindən çıxanları
dedi mənə: “Yüz ilin dostuyuq,
ailələrimiz də
dostdur, amma indi anladım ki, sən saxta
adamsan, sən şovinistsən... Milli hissləri
sən qızışdırdın,
aləmi qatıb-qarışdırdın,
Azərbaycan toponimlərinin
hamısını sən
dəyişdin. Azərbaycana qarşı düşmənçilik
yaratdın. Sən əclafsan!”-
dedi və çıxıb getdi.
Cəfər Mehdioğlu Bakıya köçdü. Sözləri Hovhannesə sərt
sillə kimi dəymişdi. Cəfər
Mehdioğlunu tanıyan
kim çıxsaydı
qabağına Hovhannes
keçmiş dostuyla
son görüşünü xatırlayacaqdı, acıqla,
yana-yana, bir az da, əlbəttə,
nifrətlə qarşılaşacaqdı!
Hətta mənə də - oğlu yaşında cavana da...
Bu nekroloq həyatını Azərbaycan mətbuatının,
mədəniyyətinin inkişafına
həsr edən, uzun illər çox yüksək vəzifələr tutan, ömrünün qürub
çağlarında erməni
şovinist millətçiliyini
ifşa edən, bütün əsaslı ittihamlarını Hovhannes
Bağdasaryanın gözlərinin
içinə deyən
Cəfər Mehdioğlunun
keçdiyi böyük
ömrü yolunu dolğun əks etdirmirdi.
Yeni Azərbaycan 2023.- 12 avqust.- S.4.