Müslüm Maqomayev 81!

Günel ABBAS

Müslüm Maqomayev bəşəri insan idi. Müslümün ifa tərzi, səsi, sənəti SSRİ kimi hüdudsuz, qapalı və qaranlıq bir ölkənin çərçivəsinə sığmırdı. Təsadüfi deyil ki, ParisinOlimpiyasalonunda uğurlu konsertlərindən sonra ona Fransada qalmaq təklif olunmuşdu. Hətta Müslüm bu təkliflə əlaqədar ona ayrılmış mənzilə də getmişdi. Lakin bu addımının onu boya-başa çatdırmış doğma əmisinin başına hansı dəhşətli oyunlar açacağını düşünəndə, həmin fikirdən vaz keçmişdio, SSRİ-yə geri qayıtmışdı. Bu, Müslüm Maqomayevin vicdan sahibi olmasından xəbər verirdi.

Müslüm Maqomayevin xarakterindən, onun sənətindən təsadüfən söz açmırıq. Bu gün-avqustun 17-də dünya şöhrətli sənətkarın doğum günüdür. Müslüm sənətini, şəxsiyyətini bir neçə səhifədə izah etmək mümkünsüz olsa da, onun bəzi çalarlarını vurğulamaq istərdik...

Dahi sənətkar haqqında danışmaq çətin və məsuliyyətlidir, çünki Müslüm bütöv şəxsiyyət idi. Əlləri Azərbaycan xalqının qanına batan M.Qorbaçovun dönəmində keçmişin təftişinə başlanılmışdı. Sənətkarların bir çoxu SSRİ-nin və Azərbaycanın keçmiş rəhbərlərinin arxasınca danışırdı. Amma heç bir media nümayəndəsi bu mövzuda Müslümdən hər hansı açıqlama ala bilmədi...

Müslüm vətənpərvərlikdən bəsit danışmazdı. Bəstələdiyi “Azərbaycan” mahnısını təkrarsız ifa etməklə doğma Vətəninə olan böyük məhəbbətini göstərdi. Təsadüfi deyil ki, bu əsər müasir ölkəmizin müsiqili rəmzinə, vizit vərəqəsinə çevrilib.

Hətta bu əsər Ulu Öndərimiz tərəfindən o qədər sevilirdi ki, o bir dəfə Müslüm Maqomayev haqqında çıxış edəndə “Əgər Müslümün heç bir şeyi olmasaydı, “Mənim Azərbaycanım” mahnısına görə o, ən yüksək hörmətə layiqdir” ifadəsini işlətmişdi.

Heydər Əliyev heç vaxt onu yaddan çıxarmırdı, ona ata qayğısı ilə yanaşırdı, hətta Müslüm onun ərköyün bir övladı idi. Amma Müslüm Maqomayev öz mədəniyyəti və tərbiyəsi ilə heç vaxt aradakı xətti keçmirdi.

Müslüm Maqomayev Heydər Əliyevin onun həyatında oynadığı əvəzsiz rolu hər zaman çox böyük ehtiramla yad edirdi. Ulu Öndər də hər zaman onun sənətini maraqla qarşılayırdı. Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya ilə konsertindən sonra Heydər Əliyev üzünü mehriban sənət cütlüyünə tutaraq demişdi: “Siz səhnədə bir-birinizi çox gözəl tamamlayırsınız, səs tembrləriniz də oxşardır. Mən Müslümün ifasında Tofiq Quliyevin “Azərbaycan” mahnısına çox qulaq asmışam, ancaq Tamara xanımla bugünki dueti lap ürəyimdən xəbər verdi. Müslüm rus dilini mükəmməl bildiyi kimi, Tamara xanım da Azərbaycan dilini mükəmməl bilməlidir, çünki o, Azərbaycanımızın gəlinidir. Müslüm ölməz Müslümün yadigarıdır, atasına layiq bir övladdır. Moskvada yaşasa da hər zaman qəlbi Azərbaycanla döyünür. Heçyox, oxuduğu “Azərbaycan” mahnısına görə onu alqışlamağa dəyər. Müslüm əcnəbi, rus və digər millətə mənsub bəstəkarların əsərlərini, partiyalarını çox gözəl oxuyur. Qeyri-adi səsə malik olan Müslüm axtarışda olan sənətkardır. O, hər zaman axtarır, arxayınlaşmır, şöhrət onu yolundan azdırmır, əksinə hər zaman irəliyə getməyə, birinci olmağa səsləyir. Müslümü dünya tanıyır və qəbul edir. Azərbaycan sənətini dünyaya tanıdan, sevdirən ifaçılardan biriMüslümdür. O, bizim operaları gözəl bilir, opera səhnəmizdə parlaq obrazlar qalareyası da yarada bilərdi... Ən əsası odur ki, Müslüm deyiləndə qulaqlarda Azərbaycan adı səslənir. Mən Müslümdən çox şeylər gözləyirəm və ona özüm qədər inanıram. İfa etdiyi partiyalar məni qayğısız gənclik illərimə qaytarır”.

Heydər Əliyev insanları və onların gördüyü işləri dərindən müşahidə edir və hər kəs haqda belə yüksək təəssüratda olmurdu. Bu həm də Müslümünonun sənətinin böyüklüyündən xəbər verir.

Müslümün sənəti dünən də yüksək qiymətləndirilirdi, bu gün də ölkə rəhbərliyi tərəfindən onun sənətinə dəyər verilir. Ötən il dünya şöhrətli sənətkarın 80 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin tapşırığına əsasən Dənizkənarı Milli Parkda abidəsinin ucaldılması bu dəyərin bariz nümunəsidir.  Ölkə başçısının abidənin açılış mərasimində dediyi kimi, Bakının gözü olan bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır.

Bəli, Müslüm Maqomayev kimi dahi sənətkarlar hər əsrdə meydana gəlmirlər və onların ruhları bizimlə əbədi yaşayır. Nə yaxşı ki, dünyanın Azərbaycan adlı pəncərəsinin önündən çılğın olduğu qədər istedadlı, istedadlı olduğu qədər də məsum bir Müslüm Maqomayev keçib və qısa bir ömrü bizi öz möhtəşəm səsinə qonaq etməklə keçirib...

Yeni Azərbaycan  2023.- 17 avqust.- S.8.