Qərara
alıram!
22 il əvvəl...
2001-ci il avqustun 22-də cari ildə
100 illiyi ölkəmizdə və dünyada yüksək səviyyədə qeyd olunan ulu
öndər Heydər Əliyev “Erməni millətçilərinin
apardığı etnik təmizləmə
nəticəsində Ermənistan ərazisindəki öz tarixi
torpaqlarından didərgin salınmış azərbaycanlıların
məskunlaşması problemlərinin həlli
haqqında” mühüm bir
Fərman imzaladı. Ulu Öndərin bu sənədi imzalaması Onun
tarixi qan
yaddaşımıza çox həssaslıqla
yanaşmasının daha bir
ifadəsidir.
Son 200 ildə ümummilli müstəvidə çox
itkilər vermişik. İtkilərimizin əsas
baiskarları da dünyanın müxtəlif
qütblərindəki imperiya mərkəzlərinin
maşası qismində çıxış edən ermənilər
olublar. Məhz onların nankorluğu, sözün bütün mənalarında pis
qonşular olmalarının nəticəsində
sərhədlərimiz daralıb, faciələrlə üzləşmişik.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq
Cümhuriyyəti qurulan dövrdə tarixi şəhərimiz olan
İrəvan və bir sıra başqa ərazilər ermənilərə verildi və onlar burada öz dövlətlərini
qurdular. Zamanında bir
çoxları İrəvanın Ermənistana verilməsini
müxtəlif səbəblərlə izah
edir və buna haqq qazandırmağa
çalışırdılar. Belələri indi
də var. Ancaq heç bir
izahat qəbul edilən deyil,
çünki ermənilər bu addımla kifayətlənməmişlər.
1920-ci ildə sovet hökumətinin qərarı
və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi
torpağımız Zəngəzuru da Azərbaycandan
ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti
cinayət idi.
İrəvanın və Zəngəzurun Ermənistana
verilməsi ilə Qərbi azərbaycanlıların faciələri
bitmədi. 1948-1953-cü illərdə xalqımız növbəti
deportasiyaya məruz qalıb. Bu, sovet hökumətinin Qərbi
azərbaycanlılara və bütövlükdə Azərbaycan
xalqına qarşı törədilmiş
bağışlanmaz cinayəti idi. Növbəti mərhələdə - ötən əsrin
70-80-ci illərində əvvəlcə Azərbaycana rəhbərlik
edən, sonra isə keçmiş
ittifaqın rəhbərlərindən biri
olarkən Heydər Əliyev xalqımıza və məmləkətimizə
qarşı yönələn məkrli erməni siyasətinin
qarşısında keçilməz bir
sipərə çevrildi. Ermənilər
həmin illərdə də Azərbaycandan yeni
ərazilər qoparmaq, o
cümlədən də keçmiş
Dağlıq Qarabağı Ermənistana birləşdirmək
istəyirdilər. Ancaq Heydər Əliyev hər belə cəhdin
qarşısını qətiyyətlə alırdı.
Yalnız Heydər Əliyev 1987-ci ilin
noyabrında tuduğu bütün
vəzifələrdən uzaqlaşdırılandan cəmi iki həftə sonra erməni
millətçiləri yenidən baş
qaldırdılar. Sovet hökuməti
onlara dəstək oldu
və həm Qarabağda, həm
ovaxtkı Ermənistan Respublikasında xalqımıza
qarşı yeni ağır cinayətlərə
rəvac verildi.
Azərbaycan xalqı gen
yaddaşı ilə ənənələrinə və tarixi torpaqlarına sıx bağlı olan bir toplumdur.
Onilliklər ötsə də, azərbaycanlıların ruhu dolaşan, hər
qarışında milli kimliyimizin
izləri qalan ərazilərə geri dönmək istəyi bizləri heç vaxt tərk etməyib.
Prezident İlham
Əliyevin xeyir-duası ilə Qərbi Azərbaycan
İcmasının yaradılması ilə tarixi
torpaqlarımıza qayıdacağımıza əminliyimiz daha da artıb. Mövzunun aktuallığını nəzərə
alaraq Ulu Öndərin
22 il bundan əvvəl
imzaladığı Fərmanı dərc edirik.
Müdrik düşüncələri ilə
həmişə zamanı qabaqlayan Heydər
Əliyev bu sənədlə
qayıdış konsepsiyasının və hərəkatının
əsasını qoyub.
Erməni
millətçilərinin apardığı etnik təmizləmə
nəticəsində Ermənistan ərazisindəki öz
tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların
məskunlaşması problemlərinin həlli haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Son iki yüz il ərzində tarixi Azərbaycan
ərazisində gedən mürəkkəb siyasi
proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə
həyata keçirilən etnik təmizləmə
və deportasiya siyasətinin qurbanları olmuşlar. Bu siyasət
iki istiqamətdə gerçəkləşdirilirdi.
Bir tərəfdən,
Türkmənçay və Gülüstan
müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilər
kütləvi surətdə Azərbaycan torpaqlarına
köçürülməyə başlanmışdı.
Digər tərəfdən isə, torpaqları zəbt olunmuş azərbaycanlılar qaçqın
və köçkün vəziyyətinə
salınırdılar. Təkcə XIX əsrdə
imperiya qüvvələrinin dəstəyi
ilə 400 mindən artıq erməni başqa
ərazilərdən Azərbaycana köçürülmüşdü.
O zaman yaranmış vəziyyətdən
narahatlıq keçirən bir çox alim, siyasətçi
və diplomat Azərbaycana qarşı
aparılan siyasəti pisləyərək Azərbaycan
torpaqlarının zəbt olunması nəticəsində gələcək
nəsillərin hansı problemlərlə üzləşəcəklərini
böyük uzaqgörənliklə xəbər
verirdilər.
1905-1907 və 1918-1920-ci illərin hadisələri, mart qırğınları zamanı azərbaycanlılar kütləvi surətdə qətlə yetirilir, onların yaşadıqları kəndlər talan edilir, viran qoyulur, minlərlə soydaşımızın qaçqın və didərgin vəziyyətinə salınması üçün müxtəlif silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunurdu. 1918-ci ildə Zaqafqaziya Seymi nəzdində Müsəlman fraksiyasının qaçqınlar şöbəsinin yaradılması sayəsində bu insanların problemlərini qismən həll etmək mümkün oldusa da, kütləvi qırğınlara son qoyula bilmədi.
1918-ci il mayın 28-də
müstəqilliyini bəyan edən Azərbaycan öz sərhədlərini təyin etmək
istədikdə, yenə də erməni millətçilərinin
torpaq iddiaları ilə üz-üzə
gəldi. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan
xanlığı kimi daxil
olmuş İrəvan
xanlığının torpaqlarında erməni dövləti
yaratmaq ideyası ortaya
atıldıqdan sonra bu
məsələlər daha kəskinləşdi.
Bu dövrün Azərbaycan
siyasətçiləri tarixi şəraitə
uyğun olaraq bir sıra güzəştlərə getməyin
zəruriliyini dərk edirdilər. Yüz
ildən də çox bir
zaman ərzində ermənipərəst
qüvvələrin və erməni millətçilərinin
yürütdükləri siyasətin nəticələri göz qabağında idi.
Artıq bu acı tarixi
gerçəkliklə hesablaşmamaq mümkün deyildi. Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski həmin günlərdə
gedən gərgin danışıqları
yekunlaşdıraraq qeyd edirdi
ki, ermənilər dövlət yaratmaq niyyətlərini siyasi
mərkəzləri olmadığına görə gerçəkləşdirə
bilmirdilər. Ona görə də qərara
alındı ki, ermənilərin bütün ərazi iddialarını aradan qaldırmaq məqsədilə İrəvan
onlara paytaxt kimi verilsin. Lakin hadisələrin
sonrakı gedişatı, xüsusən Zəngəzurda baş verənlər göstərdi ki, erməni millətçiləri öz məkrli planlarından heç
də əl çəkmək niyyətində deyildirlər.
İrəvan xanlığı ərazisindən minlərlə
soydaşımızın didərgin salınması davam edirdi. Nəticədə
ermənilər Zəngəzur dəhlizini ələ
keçirərək İranla sərhəd
yaradılmasına nail oldular.
Beləliklə, tarixin
bu mərhələsində Azərbaycan
torpaqlarında paytaxtı İrəvan şəhərində
olan erməni dövləti
yaradıldı. Bundan sonra
azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və onlara qarşı tətbiq olunan
etnik təmizləmə siyasətinin yeni mərhələsi başlandı. Zaqafqaziya Federasiyasının qurulması
və ləğvi, Azərbaycan SSR və Ermənistan
SSR-nin yaradılması dövründə
sərhədlərin dəqiqləşdirilməsi adı ilə
Azərbaycan kəndləri yenə də Ermənistan SSR-in tərkibinə salınırdı. Həmin
kəndlərin köklü azərbaycanlı
əhalisi isə bu və ya
digər üsullarla öz
dədə-baba yurdlarını tərk etməyə məcbur
edilirdi.
Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan
torpaqlarının tarixi adlarını dəyişdirmək
süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin
tərkib hissəsini təşkil edirdi.
1935-1989-cu illərdə Ermənistanda hətta yer
adlarına qarşı qərəzli siyasət tətbiq
edilmiş və minlərlə Azərbaycan
toponimi xəritələrdən silinmişdir.
SSRİ
Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan
SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” 4083 nömrəli qərarı, 1948-ci il martın
10-da isə həmin qərara əlavə olaraq qəbul edilən
“Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi ilə əlaqədar tədbirlər
haqqında” 754 nömrəli ikinci qərar əsasında 150
minə yaxın azərbaycanlı yaşadıqları yerlərdən
didərgin salınaraq öz doğma torpaqlarından
köçürüldü.
1987-ci ildən Dağlıq Qarabağ ətrafında cərəyan etməkdə
olan məlum hadisələrdən sonra Ermənistan SSR-in ərazisində
azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesi
misilsiz bir qəddarlıq
və vəhşiliklə həyata keçirilməyə
başlandı. 250 mindən artıq soydaşımız
mərhələ-mərhələ öz
yurdlarından qovuldu və didərgin
salındı. Həmin dövrdə Azərbaycan hökuməti
belə bir problemin mövcud olduğunu rəsmən
inkar edirdi. Yalnız 1990-cı il dekabrın
22-də Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Statistika
Komitəsinə və digər qurumlara Ermənistan
Respublikasında öz yerlərini məcburi
tərk etmiş insanlar
haqqında ilkin statistik
məlumatlar toplanmasını tapşırdı. Təqribən
bir il sonra
isə həmin insanlara yardım
proqramlarının gerçəkləşdirilməsi
işinə başlandı. Sovet hökuməti
və Azərbaycan rəhbərliyi dünya
ictimaiyyətinə 250 min insanın faciəsi
barədə heç bir
məlumat çatdırılmasına imkan
vermirdi. Hadisələrin cərəyan etdiyi ilk vaxtlardan
düz beş il keçdikdən sonra
qaçqınların və məcburi köçkünlərin
statusu məsələsinə
baxıldı.
Beləliklə,
XX əsrdə müxtəlif dövrlərdə iki milyona
yaxın soydaşımız öz tarixi vətənindən
köçürülmüş, etnik təmizləmə
siyasətinin qurbanına çevrilərək
öldürülmüş və ya didərgin
salınmışdır.
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi Konvensiyaya görə insanların kütləvi şəkildə məhv edilməsi, deportasiya və bu qismdən olan cəza aksiyaları soyqırımı sayılmalıdır. Buna görə də 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları imzalandı. Eləcə də “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edildi.
1988-1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın Azərbaycana gəlməsindən ötən müddət ərzində onların məskunlaşması və digər problemlərinin həlli ilə əlaqədar dövlət səviyyəsində xeyli işlər görülməsinə baxmayaraq, bu günədək həllini tapmamış bir sıra problemlər mövcuddur. Rayon və şəhər icra hakimiyyətlərinin məlumatına əsasən 1000-ə yaxın qaçqın ailəsi daimi yaşayış yeri ilə təmin olunmamış və hazırda onlar yaşayış üçün yararsız olan binalarda yerləşdirilmişdir.
Bundan başqa Ermənistan
Respublikasından qaçqın düşmüş,
oradakı ev və mənzillərini
Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək
daimi məskunlaşmış 793 nəfərdən
ibarət 170 qaçqın ailəsinin yaşadığı
evlərə qeydiyyata alınmaması,
24385 nəfərdən ibarət 3823 ailənin
daimi məskunlaşdıqları evlər
üçün qeydiyyat
vəsiqəsi ala bilməməsi,
respublikanın müxtəlif bölgələrində
qaçqınların məskunlaşdırılması üçün tikintisi
yarımçıq qalmış evlərin
inşasının başa
çatdırılmaması və digər problemlər mövcuddur.
Ermənistan Respublikasından didərgin
salınmış azərbaycanlıların daimi
məskunlaşması problemlərinin və bununla
bağlı digər məsələlərin həlli məqsədilə
qərara alıram:
1. Etnik təmizləmə nəticəsində Ermənistan
Respublikasından didərgin salınmış azərbaycanlılara
Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Qaçqın statusu
verilməsi haqqında vəsatətə baxılması
Qaydası” əsasında verilən “Qaçqın” statusu öz qüvvəsində
saxlanılsın.
2.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,
müvafiq şəhər və rayon icra hakimiyyətləri,
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi
ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı
şəhəri və respublikanın digər
rayonlarının ərazilərində qaçqınların
məskunlaşdıqları yerlərdə ayrı-ayrı və
imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi
üçün qəsəbə şəklində fərdi
yaşayış evlərinin tikilməsi məqsədilə
Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında
həmin ərazilərdə nəzərdə tutulmuş normalara
uyğun müvafiq torpaq sahələrinin ayrılmasını
təmin etsinlər.
3. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpasını təmin etsin.
Goranboy Rayon İcra
Hakimiyyətinə tapşırılsın ki,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi və
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi ilə birlikdə həmin kəndlərdə məskunlaşan
qaçqınlara müəyyən olunmuş
qaydada həyətyanı və əkin
üçün torpaq
sahələrinin ayrılmasını təmin etsinlər.
Azərbaycan Respublikası
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə və
müvafiq rayon, şəhər
icra hakimiyyətlərinə
tapşırılsın ki, müvəqqəti
məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini
təmin etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, qaçqınların köçürülməsi ilə əlaqədar repatriasiya xərclərinin maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan
Respublikasının Dövlət Neft Fondunun hesabından Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə qaçqınların daimi məskunlaşması üçün
ayrılacaq torpaq sahələrində
yaşayış evlərinin və qəsəbələrin,
mühəndis xətlərinin tikintisi üçün
20,0 milyard manat, Goranboy rayonunun Gülüstan ərazisindəki
Aşağı Ağcakənd və Yuxarı Ağcakənd
kəndlərində dağıdılmış 1400
yaşayış evinin bərpa edilməsi
üçün 53 milyard
manat, 1995-ci ildən tikintisi
yarımçıq qalmış 322 evin tikintisinin başa
çatdırılması üçün
10 milyard manat məbləğində
vəsait ayrılsın.
5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında qaçqınların daimi məskunlaşması məqsədilə ayrılacaq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını təmin etsin.
6. Sifarişçi təşkilat
Azərbaycan Respublikasının İşğaldan
Azad Olunmuş
Ərazilərinin Bərpası və Yenidən Qurulması
üzrə Agentlik təyin edilsin.
(qüvvədən
düşüb)
7. Azərbaycan
Respublikası Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 22 avqust
2001-ci il
Yeni Azərbaycan .- 2023.- 22 avqust.-
S.4.