Tələbələrin
çiynindəki dost əli
Jurnalistikanın Nəsir İmanquliyev
fenomeni
Nəsir İmanquliyev xarakterində bir neçə keyfiyyət var idi ki, bu keyfiyyətlər jurnalist tələbələrə dərs deyən bir müəllim kimi çox böyük əhəmiyyət kəsb edirdi və ona “ustad” epiteti ilə müraciət etməyimizə əsas verirdi. Bu keyfiyyətlər hansılar idi? Nəsir müəllim hər şeydən əvvəl böyük şəxsiyyət idi. Ətrafındakılara qayğı ilə yanaşan bir rəhbər, bir müəllim idi. Nəsir müəllim çox böyük biliyə və geniş dünya görüşünə malik idi...
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli deyir ki, onun tələbələrinin bəxti onda gətirmişdi ki, onların bu müəllimi jurnalistikanın nəzəriyyəsi ilə təcrübəsini elmdə və praktikada birbaşa birləşdirmişdi. Nəsir müəllim Bakı Dövlət Universitetində jurnalistika təhsili başlanan gündən - 1945-ci ildən ömrünün sonunadək - burada müəllim kimi fəaliyyət göstərib. Digər tərəfdən Nəsir müəllim 1958-ci ildən özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru olub. O bir imtiyazlı qəzet rəhbəri kimi dərs dediyi tələbələri içərisindən istedadlılarını hələ birinci kursdan gözaltı edib sonda redaksiyada işə götürürdü. Bu sırada Nüsrət Kəsəmənli, Aqil Dadaşov, Famil Mehdi, Şamil Qurbanov, Abid Tahirli, Qərənfil Quliyeva və başqaları var. Hansı ki onların hər biri elmlər doktoru və professor adı qazandılar və bunların hamısında Nəsir müəllimin xüsusi əməyi var.
Cahangir müəllim özünü Nəsir müəllimin tələbəsi olduğu üçün xoşbəxt hesab edir: Mənim bəxtim onda gətirmişdi ki, Nəsir İmanquliyev mənim müəllimim olmuşdu, həm də 30 ilə qədər bir yerdə müəllim işləmişik. Onun mənə və digər müəllimlərə göstərdiyi qayğıları saymaqla qurtaran deyil. O sayılıb-seçilən bir redaktor kimi hansı qapını döysəydi, üzünə açılardı. O zamanlar müəllimlərimizin evlənən övladlarına lazım olan və tapılmayan nə varsa, onun bir zəngi ilə əldə edirdik. Mən hələ tələbəlik illərimdən “Bakı” qəzetinə xəbərlər yazırdım. Mənim yetimliyimi, kimsəsizliyimi hiss etmiş bu müəllimim kiçik bir yazıma görə mənə 40-50 manat qonorar verirdi. Bir yerdə işlədiyimiz 30 ildə də həmişə onun qayğısını görmüşəm, elmi bacarığından, praktik yaradıcılığından dərs almışam. Mən bu gün də qürurla deyirəm ki, Nəsir İmanquliyevlə bir yerdə işləmişəm. Ustad şəxsiyyətlər heç vaxt unudulmur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bugünkü tələbələri, yaşlı müəllimlərinin xoş xatirələrindən Nəsir İmanquliyevi bir nəzəriyyəçi və bir praktik jurnalist kimi yaxşı tanıyırlar...
Günel
ABBASOVA
Yeni Azərbaycan.-2023.-
22 dekabr, ¹235.- S.5.