Müdriklər akademiyasının banisi - Heydər Əliyev

 

Yer üzərində millətlərin formalaşması, ərazilərin bölünməsi və çəpərlənməsi, dövlətlərin yaranması, insan qruplarının idarə olunma qayda-qanunların hazırlanması, təhlükəsizliyin təmin edilməsi üçün silahların hazırlanması və yaşamaq haqqını qorumaq yollarının axtarışı getdikcə daha ağıllı idarəedicilərin axtarışına ehtiyac yaradıb. Dünyada gedən bütün sahələrdəki inkişafın səbəbi insan ehtiyaclarının daha dolğun ödənilməsi üçün aparılan axtarışlar olub. Bacarıqlılar axtarışı əslində, ağıllı, müdrik insan axtarışı idi.

Müdrik insan axtarışları müasir dünyada xüsusilə aktuallaşıb. Bu gün yer kürəsində qərarlaşmış 200-dən artıq dövlətin hər birində ağıllı idarəedicilərin axtarışı gedir. Artıq uzun illərin təcrübəsindən bəlli olub ki, dövləti, xalqı idarəetməyə gələn və ya gətirilən şəxslərin heç də hamısı müdrik şəxsiyyətlər sayıla bilməz. Tarixdə elə dövlət başçıları olub ki, onu müdrik bilib hakimiyyətə gətirən insanları, xalqları nəinki ağıllı idarə etməyi bacarmayıb, hətta onların və digərlərinin məhvinə, illər boyu geri atılmasına gətirib çıxarıblar.

Azərbaycanın tarixində müdrik rəhbərlər olub və bunların gördükləri xüsusi işlər barədə bütün zəruri araşdırmalar aparılıb. Müasir dövrümüzün ən müdrik rəhbər şəxsiyyəti kimi tarixə düşmüş Heydər Əlirza oğlu Əliyevin haqqında isə hələlik dərin və obyektiv tədqiqatlar davam etməkdədir.  Heydər Əliyevin elmi-siyasi fəaliyyəti, onun uzaqgörən düşünmə tərzi, bütövlükdə şəxsiyyət göstəriciləri tədqiq olunur. Heydər Əliyevin müdrikliyinə o insanlar səcdə edirlər və həmişə də səcdə olunacaqdır ki, dünya bilavasitə onların çiyinlərində saxlanılır, hərəkət etdirilir. Bunları nəzərə alaraq, Heydər Əliyev, eyni zamanda, təkcə Azərbaycanda, keçmiş SSRİ-də və Sosializm Birliyi ölkələrində deyil, bütün dünyada müdriklərin yetişdirilməsinə çalışmışdı. Bu mənada, Heydər Əliyevi Müasir Müdriklər Akademiyasının banisi hesab etməyə haqqımız var.

Heydər Əliyevin özü Azərbaycan xalqının ağır günlərində cəsarətlə önə çıxan, ölkəni və xalqı bəlalardan qurtarmaq üçün əlindən gələni əsirgəməyən insanları müdriklər adlandırır və onlara insani keyfiyyətlərinə görə yüksək qiymət verirdi. Heydər Əliyevin müdrikliyinin bir sübutu da ona xəyanət etmiş çoxsaylı insanlara mərhəmətlə yanaşması, xəyanətkarları nümayişcəsinə bağışlamasıdır. Tarixdə bu nadir hadisədir. Lakin bu Heydər Əliyevin müdrikliyinin göstəricisidir. O, yalnız Vətənə, xalqına xəyanət edənləri bağışlamırdı.

Heydər Əliyev üçün ən əsas mənafe xalqın, Azərbaycan dövlətinin mənafeyi idi. Öz şəxsi mənafeyi arxasınca getmədi. Özünə xidməti, bəlkə də, öz mənafeyini, qürurunu, şəxsiyyətini daim yüksək səviyyədə saxlamaq, nüfuzunu qorumaq, təmiz ad saxlamaq olmuşdur. Heydər Əliyevin müdrikliyinin yetkinlik və kamillik səviyyəsini hələlik hər adam dərk edə bilməyib. Lakin Heydər Əliyevin kamillik, müdriklik səviyyələrini dərindən dərk etmiş şəxsiyyətlər - milliyyətindən, hansı ölkəyə rəhbərliyindən asılı olmayaraq - onu dinləməkdən, onunla müsahib olmaqdan yorulmaq bilməyənlərin müdrik məsləhətlərinə ehtiyacları olduqlarını gizlətməyiblər.

Ulu öndər Heydər Əliyev fenomeni Azərbaycan xalqı, onun tarixi və tarixçiləri  üçün möhtəşəm bir mövzu olaraq əsrlər boyu öz aktuallığını saxlayacaq. Tarixçilər, filosoflar, politoloqlar Heydər Əliyevin həyatını, yarradıcılığını müxtəlif mərhələlərə ayırırlar: Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövr; Azərbaycana rəhbərlik etməsi dövrü - 1969-1982-ci illər; 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində fəaliyyət göstərməsi; sonra onun Naxçıvan dövrü ilə əlaqəli olan fəaliyyəti - 1990-1993-cü illər və ikinci dəfə Azərbaycan Respublikasına siyasi hakimiyyətə gəldiyi 1993-2003-cü illər bütün məqamlarda vaxt, zaman özü Heydər Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir.

1969-cu il 14 iyulda Heydər Əliyev Azərbaycan KP MK-nın birnci katibi seçildi. Heydər Əliyev Azərbaycana hakimiyyətə gələrkən keçmiş ittifaq respublikaları arasında Respublikamız özünə layiq mövqelərdə deyildi. Qısa müddətdə Heydər Əliyevin yüksək işgüzarlığı, intellektual səviyyəsi sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı. Bir-birinin ardınca dəfələrlə keçici “Qırmızı bayraq” ordeni aldı. İttifaq respublikalar arasında layiq olduğu yeri tutdu.

Heydər Əliyevin hakimiyyətdə olmadığı 1988-1993-cü illər Azərbaycan xalqı üçün ən ağır və çətin illər olmuşdur. Çox mürəkkəb, gözlənilməz hadisələr baş verirdi, hərc-mərclik idi. Azərbaycanın getdikcə parçalanmaq təhlükəsi gerçəkləşmək həddinə yaxınlaşırdı. Belə bir vaxtda böyük dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə  1993-cü ilin iyun ayında Bakıya gəldi. 15 iyul 1993-cü il tarixdə Heydər Əliyev Milli Məclisin sədri vəzifəsinə seçildi. Və bu hadisə Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Prezidenti kimi Heydər Əliyev 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinin sarsılmaz təməllərini atdı, ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdi və beynəlxalq müstəviyə çıxardı.

Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bill Kilton bildirirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Almaniya parlamentinin üzvü K.Vimmer Heydər Əliyevin şəxsiyyətindən danışarkən söyləmişdir ki, “Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq,  zənn edirdik ki, o, Azərbaycanda sosializm ideyalarını bərpa edəcək. Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan II Dünya müharibəsindən çıxmış Almaniyanı, Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq”. Böyük Britaniyanın sabiq Baş naziri, “Dəmir ledi” Marqaret Tetçer onu müasir zəmanəmizin görkəmli siyasi xadimi, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər şəxsiyyət” kimi xarakterizə etmişdir. Türkiyənin Baş Naziri R.T.Ərdoğan H.Əliyevi yüksək qiymətləndirərək demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz  ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində sərfəli yer tutmuşdur”. Eduard Şevarnadzenin söylədiyi kimi: “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin, nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək”.

Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi bütün dövrlərdə onun səhvə yol vermədiyi də xalqın nəzərindədir. Bu isə Heydər Əliyevin  ömür yolunda məğlubedilməzliyinin və yenilməzliyinin tərənnümüdür.

 

Ədalət Fərəcov,YAP Veteranlar  Şurasının üzvü, 91-lərin üzvü, Prezident təqaüdçüsü, professor

Sultanəli Qurbanov, Səbail rayonu YAP “Ü.Hacıbəyli-68” ƏPT sədri, ADPU-nun dosenti

Yeni Azərbaycan.-2023.- 22 dekabr, ¹235.- S.4.