Tarixdə
iz qoyan əvəzolunmaz şəxsiyyət
Xalqımız həmişə Ulu Öndərlə bağlı əlamətdar tarixləri böyük minnətdarlıq hissi ilə qeyd edir. Bu il isə ulu öndərin anadan olmasının 100 ili tamam olur. 2023-cü ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsi bütün cəmiyyətimizin Ulu Öndərin xatirəsinə olan yüksək ehtiramının ifadəsinə çevrilmişdir.
Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Təsadüfi deyildir ki, Milli Məclis xalqın istəyini gerçəkləşdirərək 1997-ci ilin iyun ayında Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsinə dair qərar qəbul etmişdir. Milli Qurtuluş Günü dövlətçilik tariximizin qızıl hərflərlə həkk edilmiş şanlı səhifəsi, böyük ictimai-siyasi əhəmiyyətə malik mühüm hadisə olaraq xalqımızın müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ilə Ümummilli Liderin şəxsiyyəti ətrafında sıx birləşməsinin yeganə nicat yolu olduğunu sübut etmişdir.
1993-cü ilin iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Vaxtında atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.
Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmiş, ölkədə aqrar islahatları aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilmişdir.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.
İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi.
İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olunmuş ilk Milli Konstitusiyamızın preambula hissəsində Azərbaycan xalqı Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı özünün əsas niyyəti olduğunu təntənəli surətdə bəyan etmişdir. Əsas Qanunun 1-ci maddəsində müəyyən olunduğu kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın xalqın suverenliyinə xüsusi olaraq həsr edilmiş 2-ci maddəsinə görə sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi olan referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırmış Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsi bəyan edilmişdir. Konstitusiyada Azərbaycan Respublikasının Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.
1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi; 32 əfv, 8 amnistiya aktının imzalanması, mütərəqqi qanunların qəbuluna start verilməsi, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və hakimlərin test üsulu ilə seçilməsi, 1998-ci ilin 22 - ?? “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanın imzalanması, 1998-ci il iyulun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması, Azərbaycanın beynəlxalq konvensiya və sazişlərə qoşulması, 2001-ci ilin 17 yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, 24 avqust 2002-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi kimi mühüm islahatlar məhz Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən atılan bu addım ümummilli lider Heydər Əliyevin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davamı olduğunu bir daha təsdiq edir.
Bildirmək lazımdır ki, qarışıq və təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerin, oynadığı rolun, həmçinin ölkəmizin dünya üçün strateji önəminin düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə olduqca çevik və müxtəlif gedişli xarici siyasət kursu yeridən Heydər Əliyevin xarici siyasət strategiyası Azərbaycana beynəlxalq aləmdə nüfuz və hörmət qazandırmış, ölkəmizin beynəlxalq münasibətlər müstəvisində tutduğu mövqeyə böyük inam yaratmışdır ki, bunun nəticəsi olaraq Azərbaycan dünyanın əksər aparıcı ölkələrinin maraq mərkəzinə çevrilərək beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başlamışdır.
2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Respublikası tamhüquqlu üzv kimi Avropa Şurasına qəbul olunmuş, “İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasına qoşulmuşdur. Hazırda Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər qurumların tam hüquqlu üzvüdür. Azərbaycan Avratlantik məkana inteqrasiya yolu ilə gedərək Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə münasibətləri daha da genişləndirmiş, 2003-cü ildə “Avropa Qonşuluq Siyasəti” ilə Avropa Birliyi Azərbaycanla qurduğu əlaqələrində yeni səhifə açmışdır.
Müasir Azərbaycan dövlətinin inkişaf tarixi qeyd etməyə əsas verir ki, müstəqilliyimiz və suverenliyimiz etibarlı əllərdə olmaqla respublikanın uğurlu və davamlı tərəqqisinin əsasını təşkil etmişdir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanmaqla onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti nəticəsində daha da möhkəmləndirilmiş müstəqilliyimiz və suverenliyimiz sayəsində sabitlik və təhlükəsizlik şəraitində yaşayır.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir anında millətinin mənafeyinə şərəflə xidmət etmiş, həyatın sərt sınaqlarına məharətlə sinə gərərək, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapmaqla xalqını və dövlətini xilas etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin qüdrətlənməsi, iqtisadiyyatımızın dirçəlməsi, xalqın rifah halının yaxşılaşdırılması üçün mümkün olan hər şeyi edərək ölkəmizi sürətli inkişaf yoluna çıxarmışdır.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilməkdədir. Ötən il sentyabrın 27-də başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir.
Əldə edilən bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu, xalqına və Vətəninə xidmət nümunəsi dayanır.
Ümummilli Lider Heydər Əliyevin bütün həyat fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər saldıqda yalnız və yalnız dövlətinə, xalqına bağlılığını, sevgisini görmək mümkündür.
Vüqar QULİYEV
Yeni Azərbaycan.- 2023-
2 iyun.- S.5.