Bu
insanı məni qorxutmaq üçün öldürüblər!
...Sonra oğlu
İlhama zəng vurub dedi ki, Bakıya getməsin
- Maraqlıdır, siz belə bir fikri mümkün sayırsınızmı ki, ölkə rəhbərliyi, yaxud məsələn, Azərbaycan rəhbərliyi sizdən o qədər qorxur ki, bu qorxunun, əgər o varsa, nəticələri hər cür ola bilər? - Karaulov sual verdi.
- Bilirsiniz, məndən qorxub-qorxmadıqlarını söyləmək çətindir, ancaq ölkənin ayrı-ayrı rəhbərlərinin mənə aşkar mənfi münasibətini üç ildən çoxdur ki, hiss edirəm. Təəssüf ki, Azərbaycanın əvvəlki rəhbərləri tərəfindən də mənə qarşı hücumlar olub, özü də tamamilə qeyri-obyektiv hücumlar. Amma elə indi də mənim öz doğma torpağıma gəlməyim məsələsini nədənsə böyük problemə çeviriblər.
1995-ci ildə, Heydər Əliyev artıq Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə respublika Baş prokurorunun birinci müavini təyin edilmiş İsa Nəcəfov onun qəbuluna gəldi. İ.Nəcəfov Prezidentə xatırlatdı ki, Əjdər Xanbabayevin qətli işi dayandırılmış, arxivə verilmiş və “ümidsiz” işlər siyahısına daxil edilmişdir. Heydər Əliyev bu işin istintaqının təzələnməsi təklifini müdafiə etdi.
- Yadında saxla: bu insanı məni qorxutmaq üçün öldürüblər, - Prezident dedi. - Görünür, bu rəzil terror aktının təşkilatçıları respublikanın o vaxtkı rəhbərləri olub. Tapşır ki, mütləq bu işlə məşğul olsunlar və istintaqın gedişinə şəxsən özün nəzarət elə. Hər şey haqqında mənə vaxtaşırı məlumat verəcəksən. Əjdər Xanbabayevin qətlinin sirri hökmən açılmalıdır!
Sonralar terror aktının əsas icraçıları tapılıb məhkum edildilər. Sifarişçilərin kim olduğu haqqında isə yalnız gümanlar qaldı.
Əjdər Xanbabayevin qətlə yetirildiyini 1990-cı ilin may ayının çıxmasına bir gün qalmış gecə yarısına yaxın eşidən Heydər Əliyev bir az fikirləşəndən sonra oğlu İlhama zəng vurub dedi ki, Bakıya getməsin. Mayın 31-də qardaşı Cəlala zəng vurdu.
Cəlal ona dedi ki, Əjdərin dəfni iyunun 1-nə təyin edilib.
Bildiyimiz kimi, həmin gün Heydər Əliyev Bakıya yola düşməyə hazırlaşırdı. Lakin indi vəziyyət dəyişmişdi və o, iyunun 6-na yenidən bilet sifariş etdi. Ayın 5-də isə Slezko, Gerasimov, Puqo, Kryuçkov ona zəng vurdular.
Deyirdilər ki, Sov.İKP MK-nın kadr məsələlərinə baxan katibi G.P.Razumovski də zəng vurubmuş. O, Qorbaçovun yaxın ətrafına daxil olan adamlardan idi.
Sonuncu zəng vuran Ayaz Mütəllibov oldu. Onun zəng vurması üçün Əliyevdən icazəni DTK-nın sədri Kryuçkov istəmişdi. Heydər Əliyev razılıq vermişdi.
Mütəllibov Əliyevə yalvarırdı ki, Bakıya gəlməsin. Vəziyyətin mürəkkəb olduğunu, son dərəcə kəskinləşdiyini əsas gətirirdi.
- Fitnəkarlıq törədilə bilər, - deyə onu inandırmağa çalışırdı. - Sizin təhlükəsizliyinizi təmin etmək üçün tədbirlər görmək, harada yaşayacağınız məsələsini yoluna qoymaq lazımdır. Buna isə vaxt tələb olunur.
Sonra Mütəllibov dedi ki, Puqo ona zəng vurmuş və Əliyev haqqında neqativ materialların toplanıldığını bildirmişdir.
- Heydər Əliyeviç, əgər siz qurultaya gəlməsəniz, Boris Karloviçdən xahiş edərəm, o materialları üzə çıxarmasın.
- Ayaz, - deyə Əliyev onun sözünü kəsdi. - Sən, axı, mənim yetirməmsən və bilirsən ki, mən qanun və vicdanım qarşısında təmizəm. Niyə mənə alver təklif edirsən? Yeri deyil. Bir də, ümumiyyətlə, mən vətənə qayıtmaq istəyirəm. Bunun qurultayla əlaqəsi yoxdur. Bu barədə səndən hələ dörd ay əvvəl xahiş etmişəm.
- Heydər Əliyeviç, bu məsələni biz hökmən həll edəcəyik. Amma yalnız qurultaydan sonra, - deyə Mütəllibov vəd etdi.
İyunun 6-sı üçün bilet bronlanmasına baxmayaraq, həmin gün Əliyev Bakıya yola düşmədi. Yox, onu saxlayan nə Partiya Nəzarəti Komitəsindən, nə DTK-dan edilən zənglər, nə də Mütəllibovun yalvarışları deyildi.
Ayın 6-na keçən gecə Heydər Əliyev qardaşı Cəlala zəng vurdu. Çamadanı yığılmışdı. Soruşdu ki, şəhərdə vəziyyət necədir?
- Heydər, burada belə bir iş var... Qardaşının səsində təlaş duyulurdu. Bu təlaş
Heydər Əliyevə də sirayət etdi.
- Nə olub? Danış...
- Mütəllibovçular öz adamlarını sənin gəlməyinə etiraz etmək üçün hazırlayıblar. Onlar aeroporta gələcək və nümayiş düzəldəcəklər... Şüarlar yazırlar, plakatlar hazırlayırlar...
- Başqa cür ola da bilməz, - deyə Heydər Əliyev zarafata salmağa çalışdı. - Savadlı adamlardır.
- Vəziyyət daha çətindir, Heydər.
- Çətinliyi nədədir ki?
- Ondadır ki, başqa bir qrup sənin doğma torpağa gəlməyini alqışlayacaq... Qruplar toqquşa bilər. Mənim fikrimcə, burada hansısa bir niyyət var...
Heydər Əliyev fikrə getdi.
- Bütün günahları sənin üstünə yıxacaqlar,
Heydər. Bircə əllərinə bəhanə düşsün - istər Moskva olsun, istərsə də Bakı. Bəhanə olmasa da, bir şey uyduracaqlar. Sən ki bu adamları tanıyırsan.
- Onlar məndən nə istəyirlər, axı? - Heydər Əliyev hirslə dedi.
- Nə istəyirlər? Qorxurlar ki, birdən sən yenidən böyük siyasətə qayıdarsan...
- Ciddi sözündür, Cəlal?
- Bəs sənin xəbərin yoxdur ? Bazar-dükanda, çayxanalarda bütün söhbətlər bu barədədir. Xalq sənin tərəfindədir. Necə ki, Rusiyada Yeltsinin tərəfini saxlayırlar. Ona görə də Mütəllibov əl-ayağa düşüb. Qorxur ki, uduzar. Onun tərəfdarları sənin qabağını almaq üçün hər şeyə hazırdırlar. Onları qan da saxlaya bilməz...
- Cəlal, fikirləşirsən ki, qan tökülə bilər?
- Allah eləməsin. Amma onlar qana susayıblar. Axırda da səni günahkar edəcəklər...
Heydər Əliyev fikirləşdi: axı, həqiqətən, günahı onun üstünə yıxarlar. Deyərlər ki, öz gəlişi ilə iğtişaşlara təhrik edib.
Həmin gecə daha gözünə yuxu getmədi. Yataqda ağır-ağır çevrilərək vəziyyətdən çıxış yollarını axtarıb tapmağa çalışdı. Səhər qərar hazır idi - getməyəcək. Bu, düzgün qərar idi. O vaxt Bakıda danışırdılar ki, qurultayda Əliyevi respublika Kommunist Partiyası MK-sının birinci katibi və Sov.İKP-nin XXVIII qurultayının nümayəndəsi seçəcəklər.
Respublika Kommunist Partiyasının qurultayı Əliyevsiz keçdi. Mütəllibov MK-nın birinci katibi seçildi - onun qabağına çıxa bilən güclü rəqib tapılmadı. 1990-cı ilin mayından Mütəllibov həm də Azərbaycan SSR-in Prezidenti idi. Müttəfiq respublikalarda prezident vəzifəsinin təsis edilməsinə gətirib çıxaran zəncirvari reaksiya Özbəkistan lideri İ.Ə.Kərimovdan başlamışdı. O hamıdan əvvəl, 1990-cı ilin martında Prezident olmuşdu.
Yadımdadır, 1990-cı il martın 30-da hələ indiki Rusiyaya deyil, o vaxtkı İttifaqa aid olan Federasiya Şurasının ilk iclasında Qorbaçov əsəbi şəkildə Kərimovdan soruşdu:
- Bu, necə olur? Məsləhətsiz, tövsiyəsiz, heç kəsdən soruşmadan Özbəkistanda Prezident seçilir. Axı, Ali Sovetin Rəyasət Heyətində biz razılaşdıq ki, ölkədə bir Prezident olacaqdır!
Hamı ehtiyatla Kərimova baxdı. Düşünürdülər ki, görəsən, Kərimov müşkül vəziyyətdən necə çıxacaqdır. Amma İslam Əbdüqəniyeviç bu sözlərdən sonra heç gözünü də qırpmadı.
- Mixail Sergeyeviç, - deyə sakitcə cavab verdi, - bunu xalq istəyib. Özbəkistan Ali Sovetinin sessiyasına prezident məsələsi çıxarılmamışdı, bu məsələ sessiyanın işi əsnasında meydana gəldi. Burada Konstitusiyanın hər hansı pozuntusu yoxdur.
On beş müttəfiq respublikadan biri olan Özbəkistanın rəhbərinin bu cəsarəti Qorbaçovu karıxdırdı. O dedi:
- İslam Əbdüqəniyeviç, bu məsələni bir daha müzakirə etmək və sizin qəbul etdiyiniz yanlış qərarı ləğv etmək lazımdır.
- Yox, Mixail Sergeyeviç, - Özbəkistan Prezidenti qətiyyətlə cavab verdi. - Artıq respublikanın ali dövlət hakimiyyəti orqanı qərarını qəbul edib.
Mənim yaddaşımda Kərimov son dərəcə cəsarətli, dediyindən dönməyən, öz qədir-qiymətini bilən bir lider kimi qalıb. Siyasi Büronun iclasından bir səhnəni heç vaxt unutmaram. 1989-cu ilin yazında Fərqanədə baş vermiş faciəli hadisələrdən sonra o vaxt Özbəkistan Kommunist Partiyası Qaşqa-Dərya Vilayət Komitəsinin birinci katibi olan İslam Əbdüqəniyeviçin Özbəkistan Kommunist Partiyası MK-sının birinci katibi vəzifəsinə namizədliyini irəli sürmüşdülər.
Onu irəli çəkilməyə tövsiyə etmək üçün Siyasi Büronun iclasına dəvət etmişdilər. İclasda kimsə anketinə baxıb gördü ki, onun qohumlarından biri həbs olunub. Belə bir adamın namizədliyi üzərində dayanmağın məqsədəuyğun olub-olmaması barədə şübhələr səslənməyə başladı. Birdən Kərimov ayağa qalxıb dedi:
- Görürəm, mənim məsələm hələ hazır deyil. İcazə verin, gedim.
İcazə verilmədən iclasdan çıxıb getdi və Daşkəndə yollandı. Arxasınca da Siyasi Büronun müsbət qərarını göndərdilər.
Orada belə adamlar da vardı. Heç də hamısı yaltaq və dəmtutan deyildi.
O vaxt Federasiya Şurasının iclasında Qazaxıstan lideri Nazarbayev Kərimovun tərəfini saxlamışdı:
- Qazaxıstanda da xalq deyir: nə üçün bizim də Prezidentimiz olmasın?
Qorbaçov kəskin nəzərlərlə Nazarbayevə baxdı, amma mübahisəyə girmədi, söhbətin mövzusunu dəyişdi. Orada olan Mütəllibov məqamdan istifadə etməyi qərara aldı və beləcə, o da öz respublikasının Prezidenti oldu. Digər partiya katibləri də əlüstü onlardan nümunə götürdülər. Beləliklə, unitar dövlətdə on beş Prezident, Rusiyada isə üstəlik, muxtar respublikaların prezidentləri meydana gəldi. İttifaq dövlətinin onsuz da əsaslı surətdə laxlayan təməli suveren respublikaların və onların prezidentlərinin sayı qədər yeni çatlar verdi.
Heydər Əliyev Bakıya ay yarım sonra - iyulun 20-də gəldi. Onun hakimiyyətə qayıda bilməsi ilə bağlı İttifaq və Azərbaycan rəhbərliyinin keçirdiyi qorxu hissi artıq sovuşmuşdu. Hər şey öz yerini tutmuş, Kremldəkilər də, Bakıdakılar da sakitləşmişdilər.
Sakitləşmişdilər? Bəs onu həbs etməyə hazırlıq görülməsi barədə versiya necə olsun? Bu sualı mən Slezkoya verdim.
- Pyotr Yakovleviç, deyilənə görə,
Heydər Əliyeviçin həbsi məsələsi artıq həll olunubmuş. Mətbuatda hücumlar, təqiblər hamısı ictimai rəyi hazırlamaq üçünmüş. Əgər o, Bakıya qurultaya gəlsəymiş, hökmən tutulacaqmış.
- Bilmirəm, bilmirəm. Bu barədə heç bir məlumatım yoxdur, - Slezko cavab verdi. - O vaxt hər cür şayiə yayırdılar... Ancaq o, qurultaya getməməyi qərara almaqla tədbirli adam olduğunu göstərdi.
- Həbsə hazırlıq görülməsi versiyasının tərəfdarları iddia edirlər ki, Heydər Əliyeviçin yerli deputat seçkiləri ərəfəsində olan vətəni Naxçıvana qayıtması da təsadüfi deyildi. Bu mənada ki, o, deputat toxunulmazlığı əldə etmək və hakimiyyət orqanlarının təqiblərindən qorunmaq istəyirmiş. Bu, doğrudur?
- Doğrusunu yalnız o özü bilir. Qalan şeylər hamısı güman, ehtimal, versiya, şayiədir...
- Bəzi məqalələrdə hətta ona Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə namizədliyini irəli sürməyi məsləhət görmüş adamların adları da çəkilib.
- Əliyevə? Məsləhət görüblər? Əliyevə məsləhət verməyə cürət edənlərin sifətini görmək istərdim! O, güclü şəxsiyyət idi və heç kəsin məsləhətinə möhtac deyildi.
İndi, vəfatından sonra uydurmağa nə var ki? Əliyev tam təcrid şəraitində yaşayırdı. Yanına heç kəs gəlmir, telefonla zəng etmirdi.
Heydər Əliyevin ömrünün qalan hissəsini Bakıda sakit şəraitdə keçirməyə hazırlaşdığına aid çoxlu dəlil var. O, respublikanın rəhbəri olduğu dövrdə yaşadığı mənzilə köçmək istəyirdi. Şəhərin yeni rayonlarından birində başqa bir mənzilə də razı idi. Lakin Bakının hakimiyyət orqanları onu qeydiyyata götürməkdən imtina etdilər. Xalq arasında yüksək nüfuza malik olması iqtidar sahiblərini hələ də qorxuya salırdı. Əliyevin şəxsiyyətinin böyüklüyü o vaxt hakimiyyətdə olanların cılızlığını daha aydın göstərirdi. Azərbaycan iqtidarının rəhbərləri daim respublikanın keçmiş rəhbəri ilə müqayisə ediləcəklərindən çəkinir və bu müqayisənin heç də onların xeyrinə olmayacağını bilirdilər. Odur ki, müqayisənin mümkünlüyünü aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırdılar. “Gözdən uzaq, könüldən iraq” prinsipi ilə hərəkət edirdilər.
Xalqın qəlbi, həqiqətən, möcüzədir. Bu barədə Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında çox təsirli bir şəkildə belə demişdi:
- Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...
Doğrudan da, Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün onların göstərdikləri yöndəmsiz cəhdlər yalnız Əliyevi hakimiyyətə yaxınlaşdırırdı.
Bakıda onu qeydiyyata götürməkdən imtina edilməsi, əlbəttə, Heydər Əliyevə ağır bir yara vurdu. Bu yara hələ uzun müddət sızlamış və qaysaq bağlamamışdı. Şəhərdə nəhəng tikinti işlərinə bu qədər qüvvə və vaxt sərf etmiş, şəhərin yenidən qurulmasının təşəbbüsçüsü olmuş, üstəlik, bu yenidənqurmanın planını Moskvada saysız-hesabsız nazirliklərdə bəyəndirmək üçün olmazın əziyyətlər çəkmiş bir şəxsin ən kiçik mənzildə belə yaşamasına razılıq verməmişdilər. Şəhərin on mikrorayonunda və Əhmədli adlı çox böyük yaşayış massivində onun üçün mənzil tapılmamışdı.
İnsan qədirbilməz məxluqdur. Xüsusən kənardan süni surətdə qızışdıranlar olanda bu qədirbilməzlik heç bir sərhəd tanımır. Bakıda yaşamasından imtina edilməsi qəlbini nə qədər ağrıtsa da, Heydər Əliyev vaxtilə şəhərdə tikintidə eşitdiyi bir söhbəti yadına salıb özünü ələ aldı.
Paytaxtın baş küçəsi təmir olunurdu. Yükünü özüboşaldan maşınların biri gedib o biri gəlirdi. Qumu, çınqılı boşaldıb tez qayıdırdılar. Bir müddət Heydər Əliyev ahəngdar, sahmanlı işi könül xoşluğu ilə seyr etdi.
Sürücülərdən birinə yaxınlaşdı. Digərlərindən fərqli olaraq o, kefsiz görünürdü.
- Nəsə olub? - Heydər Əliyev maraqlandı.
- Yox, hər şey qaydasındadır.
- Bəs niyə qaşqabağını tökmüsən?
- Fikirləşirəm ki, küçənin tikintisini qurtaracağıq, gətirib nişan qoyacaqlar ki, yük maşınlarının girməsi qadağandır. Əziyyəti biz çəkəcəyik, burada maşını başqaları sürəcəklər.
Onda Əliyev gülmüşdü. O vaxtdan neçə il keçib, amma bu epizod möhkəm yadında qalıb. O da şəhəri və respublikanı tikib, onun da qarşısına qadağan nişanı qoyublar: giriş qadağandır. Özünə təskinlik verirdi: birinci adam deyil ki, zəhmətinin bəhrəsini görməyə qoymurlar. Nə etmək olar? Həyatı necə varsa, o cür qəbul etmək lazımdır.
Nikolay Zenkoviç,
Yeni Azərbaycan.- 2023-
3 iyun.- S.4.