Azərbaycan Dövlət Teatr Muzeyinin yarandığı
gündür
24 noyabr teatr tariximiz üçün əlamətdar günlərdən
biridir. 89 il əvvəl, 1934-cü ilin
bu günündə keçmiş Tağıyev
teatrının binasının
üçüncü mərtəbəsində
Azərbaycan Dövlət
Teatr Muzeyinin təntənəli açılışı
keçirilib. Azərbaycanın
böyük dramaturqu Cəfər Cabbarlının
vəfatından sonra,
1935-ci ildə teatr muzeyinə onun adı verilir.
Muzeylərə
ancaq qiymətli əşyaların, maddi sərvətlərin
saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər
tarixin müəyyən
məqamlarını özündə
yaşadan, eksponatları
kompleksləşdirən, qoruyan,
saxlayan, öyrənən
və nümayiş etdirən maddi-mənəvi
mədəniyyət mərkəzləridir.
Burada saxlanılan hər bir eksponat
xalqımızın çoxəsirlik
tarixini, qədimliyini və milliliyini əks etdirir.
Dünənimizi sabaha
bağlayan “körpü”
Milli-mənəvi dəyərlərimizin
qorunmasında xüsusi
rolu olan Azərbaycan Dövlət Teatr Muzeyinə yollandıq. Muzeyin işçiləri hazırda
orada 130 mindən artıq eksponatın saxlanıldığını bildirirlər.
Muzeyin yeddi ekspozisiya zalı var. Xalqımızın qədim adət-ənənələrində,
məişətində, bayram
şənliklərində, dini ayinlərdə teatr elementlərini təsvir edən rəsmlər, Azərbaycan
maarifçilərinin teatr
fəaliyyətinə, səhnə
sənəti korifeylərimizə
həsr olunmuş guşələr maraq doğurur.
Keçmişə səyahət...
Muzey işçiləri
bildirirlər ki,
1927-ci ildə teatr işçilərinin respublika
müşavirəsində belə
bir muzeyin yaradılması barədə
məsələ qaldırılıb.
Elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında
belə bir muzey təşkil olunub. Əslində bu, teatr tarixinə
aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə,
sərginin açılış
lentini kəsən böyük ədiblərimiz
- Cəlil Məmmədquluzadə
və Əbdürrəhim
bəy Haqverdiyev belə deyiblər: “Yaşasın Azərbaycan
teatrı!”
Məhz həmin
gündən bu muzey teatr tarixinə
və teatr xadimlərinə aid yadigarları, əlyazmaları,
fotoşəkilləri, rəsm
əsərlərini, müxtəlif
sənədləri toplayan
və qoruyan məbədə çevrilib.
Sərgi tez bir zamanda o vaxtlar
fəaliyyət göstərən
Azərbaycan Dövlət
Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət,
1934-cü ildə Azərbaycan
Dövlət Muzeyinin müvafiq şöbəsinin
bazasında Azərbaycan
Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir.
Bir şeyi də çox təəssüflə qeyd
etmək lazımdır
ki, muzey sonrakı illərdə bağlanıb, yenidən təşkil olunub, dəfələrlə müxtəlif
yerlərə, hətta
muzey üçün
yararsız məkanlara
köçürülüb.
Balış üzərində
tamaşa...
Elə muzeylər
var ki, eksponat
özü artıq tamaşaçıya nə
isə deyir, amma Teatr Muzeyindəki
eksponatlar hər şeydən əvvəl sənədlər toplusudur.
Onlarla bağlı məlumatları ziyarətçilərə
çatdıranda maraq
artır. Məsələn,
ipək parça üzərində proqramlar
var - tamaşaçı
buna səthi yanaşa bilər, maraqlı bir iş kimi. Yaxud
balış üzərində
tamaşa proqramı. Tamaşaçı məlumatlı
deyilsə, ona sadəcə maraqlı eksponat kimi baxır.
Amma ona söylədikdə ki, o vaxtlar bu balışları
teatra gələn bəylərin, zəngin adamların dirsəklənməyi
üçün hazırlayıblar,
onlar həm də tamaşa haqda məlumatı oradan oxuya bilərdilər.
Bu informasiya
o eksponata sanki can verir, ziyarətçi marağını daha da artırır.
Muzeyin işçiləri
dünyada teatr muzeyinin çox az olduğunu bildirirlər. Onların sözlərinə görə,
Azərbaycan Dövlət
Teatr Muzeyi Cənubi Qafqazda yeganə belə muzeydir. Hətta keçmiş Sovet İttifaqında Moskvada Baxruşin teatr muzeyindən sonra ikinci belə muzey idi.
600-dən çox şəxsi arxiv...
Muzeyin xanım
işçilərindən biri qeyd edir
ki, əvvəllər gözəl
bir ənənə vardı - aktyor sağlığında öz
arxivini muzeyə bağışlayırdı: “İndi, hətta tədbir keçirəndə belə,
bəzən onların
özündən materialları
ala bilmirik, əsasən
tapdığımız materiallarla
kifayətlənməli oluruq.
Bəzən aktyorlar özləri bizdəki fotoşəkillərinin üzünü
çıxarıb götürürlər.
Odur ki, sənətkarlarımızın bu işə, şəxsi arxiv yaradılmasına daha diqqətli olmasını istərdik. Əlbəttə,
şəxsi arxivini bağışlayanlar da var. Muzeydə
600-dən çox şəxsi
arxiv var”.
3D texnologiyalı sayt
İşçilərin bildirdiyinə
görə, muzeylər
maddi-texniki bazasını,
ekspozisiyasını müasir
tələblərə uyğunlaşdırmağa
çalışmalıdır: “Biz də bu istiqamətdə
müxtəlif proqramlar
həyata keçirir,
uşaqlar arasında teatr ideyasını yaymaq üçün dərnəklər təşkil
edirik. İnteraktiv metodlar axtarılır.
Bizim muzeyin 3D texnologiyalı
saytı fəaliyyət
göstərir. Bu, respublika
muzeyləri arasında
ilk və hələ
ki, yeganə belə texnologiyalı saytı olan muzeydir. Saytda interaktivliyi qorumağa çalışmışıq
- müxtəlif əyləncəli
pazllar, oyunlar təşkil edirik. Muzeyimizdə videoyazılışlar
var. Səs yazılarını
disklərə köçürmüşük.
Tamaşaçılar üçün
səs yazılarından
da istifadə edə bilərik. Ötən əsrin 30-cu illərində
tamaşalar şüşə
neqativlərə çəkilirdi.
O şüşə neqativlərdən
foto aşkarlamaq mümkün olmurdu. Musiqi redaksiyasında belə bir avadanlığın
olduğunu öyrənəndən
sonra o şüşə
neqativləri aşkarlaya
bildik. Muzey eksponatlarının elektronlaşdırılması
ilə də məşğul oluruq. Bir
sözlə, sənət
tariximizi yaşadan bu məkana daha çox ziyarətçi, sənətsevər
cəlb etməyə çalışırıq...
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2023.-
24 noyabr, ¹215.- S.8.