Xalqımızın yeganə
seçimi cənab İlham Əliyevdir
Müsahibimiz YAP Xətai rayon təşkilatının
sədri, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər
doktoru, professor Vüqar Rəhimzadə
- Vüqar müəllim, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirən cənab İlham
Əliyevin Prezidentlik fəaliyyətinin 20 ili tamam oldu. Sizcə,
ötən 20 il müasir tariximizə hansı möhtəşəm,
unudulmayacaq qürur səhifələrini
yazdı?
- Son 20 ildə keçilən yola nəzər salmaq
üçün öncə bu yolun uğurlu davamını
şərtləndirən mühüm məqamları qeyd etməliyik.
Prezident İlham Əliyevin vurğuladığı kimi,
bugünkü reallıqları 2003-cü illə yox,
1993-cü illə müqayisə etməliyik. Çünki məhz
o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm
qoydu. Azərbaycanın müstəqilliyinin bərpasının
ilk illərində yaşadıqları tariximizin qara, faciəli
səhifəsidir. O illərdə hakimiyyəti zəbt edənlərin
siyasi savadsızlığı, səriştəsizliyi, idarəçilik
təcrübələrinin yoxluğu, ən əsası şəxsi
ambisiyalarının quluna çevrilərək dövlət
maraqlarını arxa planda saxlamaları ucbatından Azərbaycan
müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qalmışdı. Əgər 1993-cü ildə
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan
bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq
dövlət kimi, bir yarımmüstəmləkə kimi
yaşaya bilərdi. Dövlət başçısı
İlham Əliyevin cəmiyyətin avanqard qüvvəsi olan
Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin fonunda
keçirilən VII qurultayında səsləndirdiyi bu
çağırışı xatırlatmaq istərdim: “ O
dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil
bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub
saxlaya bilmişik. Kimə biz borcluyuq.”
Son 20 ildə Prezident İlham Əliyev 1993-2003-cü
illərdə formalaşdırılan möhkəm təmələ
söykənərək həyata keçirdiyi
düşünülmüş siyasəti ilə ölkəmizin
hər bir sahədə uğurlu inkişafına nail oldu,
dünyaya inkişafın Azərbaycan modelini təqdim etdi.
Reallıq budur ki, Ümummilli Liderin 2003-cü ildə
Prezidentliyə namizədliyini cənab İlham Əliyevin
xeyrinə geri götürərək xalqa tarixi müraciəti
bugünkü xoşbəxt həyatımız naminə
atılmış həlledici addım oldu. Çünki
2003-cü il müstəqillik
tariximizin həlledici dövrü
idi. Məlum olduğu kimi, hər bir ölkənin
inkişafında güclü lider və
düşünülmüş siyasət amilləri əsasdır.
Xalqımız məhz bu amili əsas götürərək 2003-cü ildə düzgün
seçim etdi, Heydər Əliyev yolunun davamına səs verərək
cənab İlham Əliyevi Prezident seçdi. Artıq bu
gün Azərbaycanın həyatında yeni dövr
başlayır. Tarixin inkişaf qanunauyğunluqlarından da məlum
olduğu kimi, hər
dövrün öz tələbi var. Son 20 ildə Azərbaycanda
zamanın çağırışlarına adekvat
addımlar atmaq daim diqqət mərkəzində
saxlanılıb. Başqa sözlə, inkişafın hər
mərhələsinin qarşıya
qoyduğu yeni hədəflər
ölkə Prezidentinin təkmil islahatları, təşəbbüsləri,
qəbul etdiyi müdrik qərarlarla tamamlanıb.
Əgər bu gün Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tam təmin
olunmasından, Qarabağın, Şərqi Zəngəzurun
dirçəlməsindən bəhs ediriksə, təbii ki,
bunu son 20 ilin uğurlarının ümumiləşdirilmiş
ifadəsi kimi xarakterizə etməliyik. Bu məqamda cənab
İlham Əliyevin YAP-ın VII qurultayında səsləndirdiyi
bu çağırışı xatırlatmaq yerinə
düşərdi: “Hər dövrün öz tələbləri
var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə
yaşaya bilmərik. Hətta bu gün müharibədən
sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə
əldə edilmiş bütün uğurları biz kənara
qoymalıyıq. Bəli, bu, bizim üçün fundament
yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə
çataq. Ancaq əgər biz oturub bütün günü o
dövr haqqında danışsaq, gələcək
haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək
haqqında düşünməliyik. Biz zamanı
qabaqlamalıyıq.”
Azərbaycan həqiqətən də zamanı
qabaqlayaraq bütün sahələrdə davamlı
uğurlara imza atır. Torpaqlarımızın 30 il
işğal altında qalmasına gəldikdə isə, bu,
heç də Azərbaycanın hansısa bir sahədə zəif
olmasından irəli gəlmirdi. Azərbaycan dövləti məsələnin
sülh yolu ilə həllini istəyirdi. Çünki bunun
üçün hüquqi əsas mövcud idi. BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 4 qətnamədə Qarabağın Azərbaycan ərazisi
olduğu, erməni silahlı birləşmələrinin
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılmasının vacibliyi öz əksini
tapmışdı. Lakin beynəlxalq hüququn bu fundamental tələbinə
baxmayaraq, əksər dünya güclərinin reallıqda ikili standartlara əsaslanan siyasəti
Azərbaycanı ruhdan salmadı, əksinə dövlətimiz
hücum diplomatiyasını daha da gücləndirərək
diplomatik uğurlarının miqyasını genişləndirdi,
hər sahədə sürətli inkişafını təmin
etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuzun 44 günlük İkinci
Qarabağ müharibəsində yazdığı Zəfər
səhifəsi ölkəmizin bütün sahələrdə
qazandığı uğurların ümumiləşdirilmiş
ifadəsi oldu. Ötən il Azərbaycan
Silahlı Qüvvələrinin həyata keçirdiyi
birgünlük lokal antiterror tədbirləri nəticəsində
suverenliyimizin, bundan öncə aprelin 23-də Laçın
buraxılış-keçid məntəqəsinin
yaradılması ilə ərazi
bütövlüyümüzün tam təmin edilməsi
çağdaş tariximizə növbəti zəfər səhifələrinin
yazılmasına gətirib çıxardı. Əvvəldə
də qeyd etdiyim kimi, güclü lider və
düşünülmüş
siyasət ölkəmizin bugünkü möhtəşəm
qələbələrinin təminatçısıdır.
Bu gün artıq Qarabağımız və Şərqi
Zəngəzurumuz dirçəlir, keçmiş məcburi
köçkünlər doğma yurd-yuvalarına
qayıdırlar. Bu günədək Füzuli və
Laçın şəhərləri, Ağalı,
Talış və Zabux kəndləri sakinlərinə
qovuşub və bu ərazilərə qayıdış davam
edir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya
kanallarına müsahibəsində belə bir müjdəni də
verdi ki, 2024-cü ildə keçmiş məcburi
köçkünlər Şuşa, Cəbrayıl, Kəlbəcər,
Xankəndi və Xocalı şəhərlərinə
qayıdacaqlar. Bütövlükdə 2026-cı ilədək
işğaldan azad edilmiş ərazilərimizə qayıdan
sakinlərin sayı 140 min nəfərə çatacaq. Yeri gəlmişkən
onu da qeyd edim ki, qarşıdakı illərin hədəfləri
sırasında Qərbi Azərbaycana
qayıdışımız da əsas yer tutur. Tarixi ədalət
bu hədəfə çatmağımızı da diktə
edir.
- Haqqında söhbət açdığınız
yeni dövrün şərtləndirdiyi mühüm hadisələrdən
biri fevralın 7-də prezident seçkilərinin keçirilməsidir.
Artıq seçkilərin təşviqat mərhələsindəyik.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol
oynayan Yeni Azərbaycan Partiyası prezidentliyə namizədi cənab
İlham Əliyevin seçkiqabağı təşviqat
kampaniyasını “Qalib xalqın qalib Lideri!” devizi altında
uğurla həyata keçirir. Prezident seçkilərinin bu mərhələsində seçicilərə hansı
çağırışları edərdiniz?
-Birmənalı vurğulamalıyam ki, 7 fevral tarixində
keçiriləcək prezident seçkiləri
çağdaş tariximizə Zəfər seçkiləri
kimi yazılacaq. Bu seçkilər müstəqillik tariximizdə
ilk dəfə olaraq
bütün ərazilərimizi əhatə edəcək.
Qürurvericidir ki, işğaldan azad edilmiş ərazilərimizdə
soydaşlarımızın
seçkilərdə yüksək səviyyədə
iştirakını təmin etmək üçün
seçki məntəqələri yaradılıb. Bu
seçkilər, eyni zamanda, dövlət
başçısı cənab İlham Əliyevin Prezident
kimi fəaliyyətinin 20 ilinin təqdimatı olacaq. Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam təmin
olunmasının timsalında xalqımıza verdiyi
bütün vədləri layiqincə yerinə yetirən cənab
İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına
müsahibəsində növbədənkənar prezident
seçkilərini şərtləndirən amilləri qeyd edərək
bu məqamı xüsusi qeyd etmişdir ki, prezident seçkiləri yeni
dövrə xeyir-dua verəcək. Yeni dövrün yeni hədəfləri
olmalıdır. Yeni dövrə köhnə hədəflərlə
gedə bilmərik, çünki o hədəflər artıq
əldə edildi.
Məhz yeni dövrün diktə etdiyi bu ali hədəflərə
çatmaq üçün hər birimiz seçki
hüququmuzdan istifadə edərək 7 fevral prezident
seçkilərində fəal iştirak etməli, “Qalib
xalqın qalib Lideri”, Yeni Azərbaycan
Partiyasının namizədi cənab İlham Əliyevə səs
verməliyik. Çünki bu seçim gələcəyimizin
təminatıdır. Daim Azərbaycanı zəfərlərə
aparan, adını tariximizə qalib Lider kimi qızıl hərflərlə
yazdıran cənab İlham Əliyevə xalqın sevgisi,
inamı, etimadı sonsuzdur. Qalib Azərbaycan bundan sonra da qalib
Prezidentinin rəhbərliyi ilə yeni zəfərlərə
doğru inamla addımlayacaq. İnkişafımızın belə
bir taleyüklü mərhələsində
xalqımızın yeganə seçimi Yeni Azərbaycan
Partiyasının Prezidentliyə namizədi cənab İlham
Əliyevdir və biz qalib xalq
olaraq fevralın 7-də bu seçimimizi seçki məntəqələrində
öz səsimizlə rəsmiləşdirməliyik!
Yeni Azərbaycan.-2024.-
2 fevral, ¹20.- S.5.