Viktor
Hüqonun “Səfillər” roman-epopeyası haqqında
Lev Tolstoy bu əsəri on doqquzuncu əsrin
başlıca romanı
saydığını demişdi,
“Hərb və sülh”ün formasını da məhz ondan təsirlənib tapmışdı,
üstəlik, Hüqonu
Dikkenslə bir sırada “dini ruhu olan yazıçı”
adlandırmışdı. Dostoyevski “Səfillər”dən
bir neçə il sonra işıq
üzü görən
“Cinayət və cəza” romanını Hüqonun epopeyasından üstün tutanlara qarşı qəti etiraza qalxmışdı.
Onu öz dövrünün nəinki
ədəbi-mədəni, həm
də ictimai-siyasi həyatının ən vacib məqamlarında, ən mühüm nöqtələrində iri
planda görmək mümkündür. Viktor Hüqo təkcə sənət meydanında, ya eşq cəbhəsində
yox, azadlıq uğrunda mübarizə barrikadalarında da özünü xalis cəngavər kimi aparırdı. Həyatını
riskə atmaq bahasına dediyi cəsarətli fikirlər
onun zülm-zillət çəkməsinə, vətənindən
didərgin düşməsinə
səbəb olmuşdusa
da, böyük yazıçı ideallarından
ölənəcən əl
çəkməmişdi.
Ancaq onu yalnızca azadlıq mücahidi, demokratiya carçısı kimi qələmə vermək
yarımçıq təqdimat
olar. Viktor Hüqo ilk növbədə
xristianlıq ideallarının
daşıyıcısı, İsa Məsih divanəsi, Tanrı yolçusudur. Katolik mühitində tərbiyə
almış olsa da, onun dini
ayinlərə riayət
elədiyini söyləməyə
əlimizdə ciddi dəlil-sübut yoxdur. Əvəzində onun hansı ideallarla yaşadığını, hansı
missiyanı daşıdığını
ürəklə deyə
bilərik, çünki
qarşımızda təkzibolunmaz
tutalğalar - onun əsərləri var. Viktor Hüqo, eləcə də baş qəhrəmanı
Jan Valjan İsa peyğəmbərin
on doqquzuncu
yüzillikdə zühura
gəlmiş parlaq təcəllasıdır. Yəni
dövrünün ictimai-siyasi
proseslərinə müdaxiləsi,
Fransa burjua inqilabının idealları
(azadlıq, bərabərlik,
qardaşlıq) uğrunda
mübarizəsi, tiranlığa
qarşı mücadiləsi
Hüqonun həyatının
son hədəfi, ali məqsədi deyil, o məqsədə -
göylər səltənətinin
yer üzündə bərqərar olunmasına,
başqa sözlə,
xristianlığın (eləcə
də bütün başqa idealist təlimlərin, fəlsəfələrin)
ideal, ruhani cəmiyyət arzusuna aparan yoldakı maneələri aradan qaldırmaq cəhdidir.
***
1862-ci ildə işıq
üzü görmüş
“Səfillər” epopeyasını
müəllif fasilələrlə
təqribən otuz ilə yazmışdı.
1848-ci ildə Parisdə
baş verən inqilab, çaxnaşmalar ucbatından əsəri yarımçıq qoyan yazıçı roman üzərində işinə
bir də üstündən on ildən də artıq vaxt keçəndən sonra, sürgündə olduğu
zaman qayıda bilmişdi. Nəhayət,
altmış yaşında
o, yaradıcı həyatının
başlıca məqsədinə
yetmişdi.
Romanda hadisələr
1815-1833-cü illər arasında
cərəyan eləyir.
Əsər beş hissədən ibarətdir:
“Fantina”, “Kozetta”, “Marius”, “Plüme küçəsinin idilliyası
və Sen-Deni küçəsinin epopeyası”,
bir də “Jan Valjan”. Hər
hissə kitablara, hər kitab da fəsillərə bölünür. Kitablar,
fəsillər arasında
süjetdən kənara
çıxmalar, haşiyə,
ricət adlandıra biləcəyimiz parçalar
da var. Məsələn,
ikinci hissənin yeddinci kitabı “Mötərizə arasında”
adlanır, bu, ayrıca bir dini-fəlsəfi traktatdır.
Yaxud da üçüncü hissənin
birinci kitabının
sərlövhəsi belədir:
“Parisin zərrə-zərrə
gözdən keçirilməsi”.
Adından göründüyü
kimi, bu kitabda müəllif oxucunu Fransa paytaxtına ekskursiyaya aparır. İkinci hissənin “Vaterloo” başlıqlı birinci kitabında yazıçı
Napoleon Bonapartın sonuncu ölüm-dirim savaşı olan məlum döyüşün
tarixindən danışır.
Beşinci hissənin ikinci kitabında (“Leviafanın bətni”) isə Hüqo Parisin yeraltı dünyasından - şeytanın
bətninə bənzətdiyi
kanalizasiya sistemindən
yerli-yataqlı bəhs
eləyir. Bu hissələri ixtisara salmaq üçün naşiri ona yalvarsa da, yazıçı
inad göstərib üslubuna toxunulmasına imkan verməmişdi.
Az sonra “Hərb
və sülh”ü
yazanda Tolstoy da buna bənzər
üsullara əl atacaqdı. Roman-epopeya janrına aid olunan bu tip
əsərləri tələm-tələsik,
birnəfəsə oxumaq
mümkün deyil. Belə kitabları gərək aram-aram, səbirlə, ruhuna hopdura-hopdura, beyninə yedirə-yedirə həftələrlə,
bəlkə də aylar uzunu oxuyasan.
***
On doqquz il məhbus həyatı yaşayandan sonra Jan Valjan azadlığa buraxılır.
Gün doğandan piyada
yola çıxan katorqalı günbatan çağı kiçik
Din şəhərinə çatır,
axşama düşdüyündən
qalmağa yer, yeməyə çörək
axtarır. Onun kimliyindən duyuq düşən şəhər
əhli katorqadan sağ çıxmış
məhbusun üzünə
qapı açmır,
cibində pulu ola-ola Valjanı meyxanadan da, karvansaradan da qovurlar, sakinlər ona nəinki evdə, tövlədə belə yer vermirlər, yemək bir yana qalsın, bir içim suyu belə Allah qonağına qıymırlar.
Yolçu bütün
ümidini itirəndə
bir qarı ona kilsə qapısını göstərir.
Yetmiş beş yaşlı mömin yepiskop Şarl Mirielin qapıları gecə-gündüz hər
kəsin üzünə
açıqdır. Jan Valjan
Tanrı dərgahına
ayaq basıb özünü təqdim eləyir, katorqadan buraxılandan sonra dörd gündür piyada yol gəldiyini
deyir. Keşiş onu xoş üzlə
dinləyib şam süfrəsi arxasına oturdur, keçmiş məhbusa isti yemək, rahat yatacaq verir. Jan Valjan bu lütfkarlıqdan
riqqətə gəlsə
də, gecəylə yepiskopun evindəki gümüş qab-qacağı
götürüb aradan
çıxır. Jandarmlar onu tutub keşişin
yanına gətirirlər.
Yepiskop onlara deyir ki, bahalı qab-qacağı keçmiş
katorqa məhbusuna özü bağışlayıb,
hətta Jan Valjanın
ona peşkəş verilmiş bir cüt gümüş şamdanı unutduğunu
söyləyib azı
iki yüz frank dəyəri olan şamdanları da jandarmların
gözü qarşısında
ona verir. Polislər qandalları Valjanın qolundan açıb gedirlər.
Keşiş Mirielin comərdliyindən möhkəm
sarsılan katorqalı
bütün bunların
səbəbini soruşanda
yepiskop ona deyir ki, bununla mən sənin ruhunu satın alıb onu Şeytandan
Allaha ötürürəm.
Əgər Faust öz
ruhunu İblisə təhvil verirsə, burada tərsinədir, cəhənnəmin dibindən
çıxmış, insanlıq
simasını itirmiş
bir məxluqun paslı ruhu Tanrıya təslim olunur. Bununla da Valjanın cəhənnəmdən cənnətə
keçidinə körpü
salınır.
***
Jan Valjan katorqa zülmünə hələ heç iyirmi yaşına çatmamış məhkum
olunub. Onda onun ata-anası çoxdan köçünü
dünyadan sürmüşdü,
bacısı Jana analıq eləmişdi. Varı-yoxu bir bacısının əri
də öləndən
sonra yeddi körpənin yükü
cavan dayının - odunçu oğlu odunçunun çiyninə
düşmüşdü. İşinin dayandığı,
gəlirinin olmadığı
mövsümdə bacısı
balalarının dözülməz
aclıq çəkdiyini
görən gənc dayı onları kiritmək üçün
çörək dükanından
oğurluq eləyir, buna görə tutulub beş il katorqa cəzası
alır. Dörd dəfə həbsdən qaçmağa cəhd göstərdiyinə görə
cəzası artırıldığından
on doqquz ilini katorqada amansız işgəncələr
altında keçirəsi
olur.
Azadlığa buraxılan
Jan Valjan tutulanda həyata yenicə vəsiqə almış gənc idisə, indi artıq günü keçmiş qocadır.
Adam kimi yaşamağın,
adamlarla adam kimi ünsiyyət qurmağın nə olduğunu yadırğayıb.
Nə bacısından,
nə də onun övladlarından xəbəri var, onların öldü-qaldısını
belə bilmir. Yerlə göyün arasında kimsəsiz qalıb. Tək yolu hansısa cinayətə əl bulayıb yenidən o cəhənnəmə qayıtmaqdır.
Cəmiyyətdə katorqalı
haqqında daşlaşmış
rəy formalaşıb:
bu adamlar yüz il qala
düzəlməzlər, onlara
əsla etimad göstərmək olmaz. Polis xəfiyyəsi Javer də ona
yenidən məhbəsə
qayıtmaqdan başqa
yolu qalmadığını,
bir dəfə suça bulaşan canini islah eləməyin
mümkün olmadığını
qəddarcasına açıq
mətnlə söyləyir.
Belə bir çıxılmaz məqamda,
çarəsiz durumda
keşiş Miriel onun dadına çatır, onu batdığı cəhənnəm
bataqlığından, Şeytanın
caynağından qoparıb
qəlbini xaç suyuna çəkir, çiyninə missiya qoyub onu qaranlıq
dünyadan işıqlı
dünyaya ezam eləyir. İblisin labirintində azıb itmiş cəhənnəm
sakininin üzünə
bu başdan baxanda o başı görünən aydın
yol açılır.
Keşişin bağışladığı
bir cüt gümüş şamdanın
işığında onun
gecələri də gündüzə çevrilir.
Xeyirdən xeyir,
şərdən də
şər törəyər.
Keşiş Miriel yaxşı bilir ki, yatmış ruhu yalnız sevgi, mərhəmətlə
oyatmaq olar. Mövlananın təbirincə
desək, bu görüşdə yanan
şam yanmayan şama toxunur. Jan Valjanın İblisin emalatxanasında
(katorqada) qartıyıb
bərkimiş, sürtülmüş
gövdəsi Tanrının
laboratoriyasında (kilsədə)
ilahi iksirin möcüzəsiylə yumşalıb
muma dönür.
O, yeni ad-soyadla,
başqa kimlik altında yeni həyata başlayır. Bacarıqlı iş adamı cənab Madlen dənizqırağı
Monreyl şəhərini
sənaye mərkəzinə
çevirir, öz fəhlələrinə də,
yoxsullara da qayğı göstərir.
Qurduğu fabriklər
ona külli gəlir gətirir. Kral onu xidmətlərinə
görə həmin şəhərin meri təyin eləyir. İşlər, necə deyərlər, yağ kimi getməkdəykən Jan Valjanı hələ katorqadan tanıyan, bir zaman orada nəzarətçi
işləmiş müfəttiş
Javer şəhərə
polis rəisi göndərilir.
***
Javer qanun-qaydaya
sadiq dövlət məmurudur. O, Jan Valjanın antipodudur, sevgidən, mərhəmətdən
məhrum ədalət,
qanun keşikçisi,
qanunçuluğu xurafata
çevirmiş fanatikdir.
Fəqət onun keşiyində durduğu ilahi ədalət deyil, toplumların yaratdığı, quruluşlar,
hakimiyyətlər dəyişdikcə
cildi, arşını,
tərəzisi dəyişən
ədalət anlayışı,
sosial ədalətdir.
Javer rasional tipdir, o, ruhsuz bədən, əslində
bədən də yox, ruhsuz-bədənsiz kəllədir, könüldən
ayrı düşmüş
başdır. O, dövlət,
qanun qarşısında
öhdəliklərini vicdanla,
dəqiq yerinə yetirir, intəhası onun vicdanı xaç suyuna salınmayıb, onun vicdanı əxlaqdan, sevgidən, mərhəmətdən
yox, rasional, dünyəvi məntiqdən,
başqa sözlə,
yalın, çılpaq,
köksüz-köməksiz ağıldan güc alır. Di gəl,
qəlbə dayanmayan,
əxlaqdan güc almayan ağıl çox təhlükəli
silahdır. Klassik ürfan ədəbiyyatında
da ağıl eşqə, saf inama qarşı qoyulur. İnama söykənməyən ağıl
kəsik başdır.
Javerə görə,
qanun əxlaqdan, imandan həm ayrı, həm artıqdır. Beləsi əxlaqa köhnəliyin qalığı kimi baxar, qanunlar məcəlləsini müqəddəs
kitabdan, sürüşkən
ictimai normaları tərpənməz, topdağıtmaz
minillik dəyərlərdən,
öz rəisini İsa Məsihdən, kralı Allahdan üstün tutar. Ondan qanun dediyinin
haradan alındığını
soruşsan, cəfəng
cavablar verər. Halbuki ən mükəmməl qanun da ilahi əxlaqa
layiq olmağa, onun ucalığına çatmağa çalışır.
Qədim kahinlər, peyğəmbərlər bir
dağ başına çıxıb, ya bir mağaraya çəkilib Tanrıdan
hökmlər, buyruqlar
gətirərdilər. Hər
biri öz dövrünə görə
qanun sayılan ehkamlar saf qəlbin,
ləkə götürməyən
ruhun dövrün imkanlarına, reallıqlarına
uyğun buyruqlarıdır.
Hammurapi qanunlarından
tutmuş millətlər
birliyinin insan haqları deklarasiyasına
qədər bütün
proqressiv normalar əxlaqın, vicdanın çağırışlarıdır.
Müfəttiş Javer
üçün keşiyində
durduğu qanunlar aprioridir, dəyişilməzdir,
pozulmazdır. İnqilabların
qapını kəsdirdiyini,
monarxiyanın müqəddəs
saydığı qanunlarıyla
birgə iflasa uğradığını Javer
görmür, zamanın
harayını, gələcəyin
çağırışını eşitmir, ona görə də bir kölə sədaqətiylə tələbə
hərəkatına qarşı
var gücünü sərf eləyir, bu yolda canını
riskə atmaqdan çəkinmir.
Sovet hakimiyyətinin
xüsusən erkən
çağlarında kommunistlər
arasında da belə qanunpərəst tiplər az olmamışdı. Onlar dövlətin beş qəpiyini mənimsəməyi
özlərinə qəbahət,
cinayət bilər, ancaq əqidələrini bəyənməyən günahsız
insanları güllədən
keçirərdilər. Faşistlər,
fundamentalistlər içində
də bənzər tiplər çox olub, indi də
var. Onlar başa düşmürlər
ki, aprior olan əxlaqdır, qanun, məcəllə zamana görə dəyişkən, əxlaq
isə əbədidir.
Yer üzündə qanunlar ta ilahi
əxlaqın əyninə
kip oturanacan təkmilləşəcək.
Hüqo Jan Valjanla Javerin timsalında əbədi qanunlarla ötəri qanunları üz-üzə
gətirir. Valjan əlində yüz faizlik imkan ola-ola
ondan qisas almır, onu öldürmür. Əvəzində
Javer özü özündən öc alır, öz canına özü qıyır. Eşqə təslim olmayan quru ağıl iflasa uğrayır.
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
6 fevral, ¹22.- S.7.