Viktor Hüqonun “Səfillər”
roman-epopeyası haqqında
Əvvəli ötən
sayımızda...
Monreyl şəhərinin
meri cənab Madlenin yaratdığı
manufakturada çalışan
toxucu qadınların
arasında Fantina adlı biri də var. Fantina
bir neçə il qabaq varlı
bir tələbəylə
sevişib, qızın
hamilə olduğunu biləndə tələbə
aradan çıxıb,
ilim-ilim itib.
Körpəsini tək
böyütməli olduğunu
anlayanda gənc ana onu yedəyinə
alıb Parisdən baş götürüb gedir, iş tapmaq ümidiylə doğma Monreyl şəhərciyinə üz
tutur. Həm dincəlmək, həm də uşağını
yedirmək üçün
Monfermeyl qəsəbəsindəki
“Vaterloo serjantı” adlı bir meyxanada
yolüstü əylənən
ana burada karvansara sahibi Tenardye ailəsiylə tanış olur. Cavan ailənin kiçik qızı var, qızlar tezcə balaca Kozettaya isinişirlər. Razılaşma əsasında
Fantina uşağını
Tenardye ailəsinə
əmanət verir. Kozetta onların himayəsində qaldığı
müddətdə gənc
ana onlara hər ay haqq
ödəyəcək. Fantinanın
çarəsiz vəziyyətdə
olduğunu görən
acgöz, hiyləgər,
ölüsoyan müsyö
Tenardye onun boynuna ciddi məbləğ
yükləyir.
Fabrikdə ağır
zəhmətə qatlaşan
Fantina olar-olmazını
Tenardyelərə göndərir
ki, qızına yaxşı baxsınlar. Əvəzində onlar beş yaşlı Kozettanı qulluqçu yerinə işlədir, onu ac-susuz qoyur,
onunla yağı kimi davranır, qızlarının oyuncağına
toxunmasına belə icazə vermirlər. Bir yandan da
zavallı ananın xəracını cürbəcür
bəhanələrlə gün-gündən
artırırlar. Öz
yükünü ölüm-zülüm
daşıyan Fantina bir zərbə də fabrik nəzarətçisindən alır:
qadın onun qıraqda bic uşaq böyütdüyündən
xəbər tutanda Fantinanı işdən qovur. Zavallı ana əlacsız qalıb hər yerə əl atır - gah saçını, gah dişlərini satır, axırda da heç nəyə əli çatmadığından
bədənini satmağa
məcbur qalır. Bu yolda o hər
əzaba düçar
olur, həm fiziki, həm mənəvi zərbələr
alır. Ananın dərdindən bixəbər
qanunpərəst Javer
onu həbsə atanda cənab Madlen məsələdən
duyuq düşüb Fantinanı azad eləyir.
Mer vərəmə
yoluxmuş qadını
xəstəxanaya yerləşdirir,
onun yığılmış
borclarını ödəyir.
Bu, ər-arvad Tenardyeləri daha da şirnikləndirir, onlar balaca Kozettaya
böyük kapital kimi baxdıqlarından ondan bir az
da bərk yapışırlar. Cənab
Madlen Fantinaya söz verir ki, onu qızına
qovuşduracaq.
***
Şəhərə rəis göndəriləndən
müfəttiş Javer
merdən şübhəlidir,
onu keçmiş katorqa məhbusu Jan Valjana bənzədir.
Mer ağır yüklü arabanı qaldırıb qoca arabaçını təkərin
altından çıxaranda
Javerin şübhələrinə
son qoyulur: əlbəttə, bu, Jan Valjan özüdür,
çünki o, həyatı
boyu bunca ağır bir yükü yerindən dəbərdə biləsi
ayrı Allah bəndəsi görməyib.
Ancaq vəziyyət
qəfil dəyişir,
vicdanlı Javer merdən xahiş eləyir ki, yuxarı yanlış məlumat verdiyinə görə onu vəzifəsindən qovsun;
sən demə, gerçək Jan Valjan Arras şəhərində
yaxalanıbmış. Bu
da kim ola
- Şanmatye adlı suçundan bixəbər
bir qoca. Günahını boynuna alsa da, almasa
da, onu ömürlük
katorqa cəzası gözləyir.
Cənab Madlen uzun-uzadı düşünəndən
sonra onun yerinə faktiki ölümə gedəsi miskin bir məxluqun
milçək qədər
dəyəri olmayan günahsız başını
xilas eləməyi on minlərlə insanın rifahından, qurduğu cah-cəlaldan, dişiylə-dırnağıyla yetişdiyi məqamdan üstün tutur. Mer Fantinaya verdiyi
vədin icrasını
təxirə salıb
təcili Arras şəhərinə yollanır,
məhkəmə iclasında
özünü nişan
verib zavallı qocanı qurtarır. Onu yenidən həbsə atırlar. Fantina gözləri yolda canını tapşırır. Ardınca
da Monreyl şəhərinin çöküşü
başlanır, yüksəlişdə
olan həyatın təkəri geri fırlanır.
Keçmiş mer
məhbəsdən qaçır,
Fantinanı heç olmasa ölümündən
sonra əhdinə çatdırmaq üçün
Monfermeyl qəsəbəsinə
gedir. Onun səxavətindən vəcdə
gələn Tenardyelər
Jan Valjandan bacardıqca çox pul qoparmağa çalışırlar. Keçmiş
fabrikant Kozettanı zalım ər-arvadın caynağından almaqdan ötrü onlara fantastik məbləğ təklif eləyir, elə bir məbləğ
ki, tamahkar onun qarşısında duruş gətirə bilməz.
Beləliklə, Jan
Valjan Kozettanı övladlığa götürür,
onu Parisə aparıb monastır nəzdindəki qızlar pansionunda oxudur, özünü başqa ad altında bağban kimi qələmə verib qızı daim nəzarətdə saxlayır.
Onlar iz azdırmaq üçün
paytaxtda bir neçə ev dəyişirlər. Baron nəslinə mənsub Marius adlı tələbə gənc Kozettaya aşiq olur. Marius varlı
deyil, çünki mühafizəkar babası
inqilabi ideyalara meyli üzündən onu evindən qovub. Kirayə otaqda qalan tələbə
əsasən ingilis, alman dillərindən tərcümə eləməklə
dolanır.
***
Tamahı Tenardyenin
başında çatlayır,
qanunpərəst Javer
onu da həbs
eləyir. Ailə müflis olur, ata Tenardye türmədən
çıxandan sonra ər-arvad iki qızıyla birgə səfil günündə
Parisin bətninə soxulur. Onlar Mariusla qonşuluqda mənzil kirələyirlər,
bütün günü
küçələrdə dolaşıb oğurluqla,
dilənçiliklə məşğul
olurlar, xəbər daşıyır, böhtan
danışır, ara
vurur, könül bulandırırlar.
Ata Tenardye tezliklə kriminal aləmə yol tapır, həyatın dibində olan yarıminsanlarla ünsiyyətə
girir. Hüqo onun Paris kanalizasiyasındakı
fəaliyyətinə geniş
yer ayırmaqla əslində, İsa Məsihin hökmünə
tam zidd gedib Tanrı əmanətini - köməksiz
bir uşağı incidən məxluqatın
hər iki dünyada layiq olduğu məqamı bizə göstərir. Dolanışığı qaranlıq,
üfunətli kanalizasiyadan
çıxan Tenardyenin
sığındığı cəhənnəm Dantenin cəhənnəmindən heç
də abad, ondan heç də fərəhli deyil.
Əgər
Jan Valjan romanda intuitiv-ruhani, Javer əqli-rasional xətti təmsil
eləyirsə, Tenardye instinkt yumağı, yırtıcı
ehtiraslar burulğanıdır (az sonra Dostoyevski də bənzər
bədii sxemlərdən gen-bol yararlanacaq). Bir-birindən keyfiyyətcə
seçilən hər
iki şər təmsilçisi roman boyu keçmiş katorqalını qarabaqara izləyir. Jan Valjanın onlara ehtiyacı yoxdur, çünki xeyir özünə yetərlidir,
şər olmadan daha yaxşı dolanır. Antipodları isə ona möhtacdırlar,
onsuz keçinə bilməzlər, çünki
şər orijinal deyil, orijinalın kölgəsidir. Xeyir şərsiz var ola bilər, şər xeyirsiz - yox.
Hüqo Tenardye
ailəsinə qurtuluş
üçün şans
tanımır, yalnız
onların böyük
qızı Eponinanın
barrikada üzərində
qarşıdurma zamanı
özünü Mariusa
tuşlanmış güllənin
qabağına atması,
oğlanı Kozettaya qısqandığına görə
ona yalan söylədiyini boynuna alması, son nəfəsində dilə
gətirdiyi başqa etirafları bu qızın xilasına ümid bəsləməyə
imkan verir.
Eponinanın etirafı
bir vacib həqiqətə işıq
salır. Buna qədər Marius Vaterloo döyüşündə
ağır yaralanmış
atasının - Napoleon
ordusunun polkovniki baron Ponmersinin vəsiyyətinə əsasən
onun xilaskarını axtarırdı ki, adamın borcundan çıxsın. Mərhum
polkovnik onu Tenardye adlı bir serjantın qurtardığını söyləmişdi.
Eponinanın dediyindən
isə məlum olur ki, atası
baronu xilas eləmək yox, soymaq niyyətiylə ona yaxınlaşıbmış,
fəqət polkovnikin
sağ olduğunu görəndən sonra özünü xilaskar kimi qələmə verib, çünki o vaxt qarətçiləri
yerindəcə güllələyirdilər.
***
Jan Valjan Kozettaya aşiq olmuş Mariusdan əvvəl-əvvəl xoşlanmır,
qızlığını bu oğlana qısqanır. Sonralar qızın da Mariusu sevdiyini gördükcə yavaş-yavaş
yumşalır. Üstəlik,
saxta adlar altında gizlənmək,
Kozettanı da bu saxtakarlığa şərik eləmək onu bezdirib, fəqət
həqiqəti açıb
söyləsə, gənclərin
xoşbəxtliyinə haram
qatmış olar, çünki heç kim katorqa məhbusunun
qızını zadəgan
evinə buraxmaz. Fəqət bu müəmma, bu kələf gec-tez hansısa şəkildə
çözülməlidir.
Marius artıq yaşlanmış zəngin
burjuy Jilnormanın kiçik qızından olan nəvəsidir. Babası onu baron atasından qalma mirasla birlikdə
mənimsəyib. Bu dövrün burjuyları on səkkizinci əsrin Fransasındakı
burjua sinfinə bənzəməzlər - o zamankı
burjua monarxiyaya, tiranlığa, feodalizmə,
aristokratiyaya, bir sözlə, köhnəliyə
qarşıydı, inqilabın
avanqardı, respublika tərəfdarıydı; indikilərsə
artıq, belə demək olarsa, aristokratlaşmış, mühafizəkarlaşmış
burjuylardır, hətta
özlərinə Lui
Filipp adlı “burjua kralı” da seçiblər ki, tarixdə bundan absurd bir
gedişat tapılmaz.
Respublikaçıların çiynində hakimiyyətə
gəlmiş burjua sinfi indi respublika
quruluşunu bəyənmir.
Odur ki, varlı Jilnorman baba respublikaçı nəvəsi
Mariusu çölə
atıb. Marius barrikada
döyüşlərində ölümcül yaralananda
onu kürəyinə
alıb aradan çıxaran da Jan Valjan
olur. Valjan hadisələrin qaynar nöqtəsinə inqilaba
rəğbətinə görə
yox, gələcək
kürəkəninin sorağıyla
dürtülür. Kozettanı
gözüyaşlı qoymamaq
xatirinə o, Mariusu paytaxtın yeraltı yollarıyla, Tenardyenin yiyələndiyi cəhənnəm
tunelləri - Parisin bağırsağıyla
aparır. Tunelin sonunda kanalizasiyanın darvazasını da onların
üzünə (əlbəttə,
pul müqabilində!)
şeytan nökəri,
cəhənnəm qarovulçusu
açır. Tenardye onları tanımır, o,
Jan Valjanın kimisə
öldürdüyünü, bu yolu da meyidi
Sena çayında batırmaq
üçün gəldiyini
düşünür, iki
daşın arasında
cinayət faktını
qazanc mənbəyinə
çevirməyə çalışır.
Ümumiyyətlə, insanın
sevincindən, xoşbəxtliyindən,
rifahından, şadlığından
faydalanmaq onun xislətinə yaddır,
o yalnız dərddən,
bədbəxtlikdən, faciədən,
fəlakətdən pul
qırtır.
Mariusu Parisin cəhənnəmindən
keçirib aydınlığa
çıxarmaqla Hüqo
bizə nə demək istəyir? Dantenin dediyinimi? Ki, cənnətə, xoşbəxtliyə
gedən yol mütləq əzab-əziyyətdən,
işgəncədən keçməlidir?
Bəlkə də...
Kozettanı Mariusa qısqansa da, Jan Valjan qızlığının qismətini
çiyinlərində daşıyır,
onu babasına çatdırıb ad vermədən uzaqlaşır.
Yarası sağalandan
sonra Marius Kozettaya elçi düşür.
Kozetta saxta soyadla nikaha girir. Əslində qoca Valjana da elə bu lazımdır - bundan sonra baronessa
Kozetta Ponmersi qondarma tərcümeyi-halını
arxivə atıb gerçək soyadıyla
yaşayacaq, atalığının
saxta ömür dəftərindən adını
siləcək, onun zalım taleyinin hökmü altından çıxacaq.
***
Jan Valjan bir bəhanəylə
toydan yarımçıq
gedir. O indi içindəkiləri kimləsə
bölüşməyə, insan oğlu insanın qarşısında
tövbə eləməyə
dəhşətli ehtiyac
duyur. Ertəsi gün Mariusla görüşüb ürəyini
boşaldır, əsl
adını, gerçək
kimliyini ona açır, Kozettanı çox sevdiyini, onsuz yaşaya bilmədiyini deyir. Marius onun etiraflarından sarsılır, Kozetta ilə atalığının
əlaqəsini kəsmək
barədə düşünür.
Jan Valjan Kozettanın xoşbəxtliyinə kölgə
salmamaq üçün
bir müddət sonra özü onlardan aralanmaq qərarına gəlir. Yenə də hücrəsində təkbaşına,
kimsəsiz gün keçirir. Bu ara Tenardye Mariusu tapır, onun səadətinə zəhər
qatmağa, qayınatasını
gənc baronun gözündən salmağa
çalışır. Fəqət
onun satmağa, daha doğrusu, sırımağa cəhd
elədiyi qiymətli məlumatlar barona artıq bəllidir. Söhbət əsnasında
Tenardye özü də bilmədən ona gerçəkdən dəyərli bir məlumat verir. Marius anlayır ki, ölümcül
yaralandığı zaman onu
Valjan xilas eləyib. O, Tenardyenin “haqqını” ödəyib
onu qapıdan qovur (Tenardye onun verdiyi pulla
Amerikada qul alverinə girişəcək),
özü isə Kozetta ilə birlikdə Jan Valjanın görüşünə tələsir...
Əgər Jan Valjanın
Fantinaya münasibəti
İncildəki Mariya Maqdalina
rəvayətinə işarədirsə,
onun Kozettaya sevgisi Piqmalion haqqında qədim yunan mifini xatırladır.
Əfsanəvi heykəltəraş
fil sümüyündən
düzəldib Qalateya
adı verdiyi qadın fiquruna - öz yaratdığına
aşiq olur. Jan Valjan da
Kozettanın Piqmalionudur,
bu qızı Tanrıdan sonra ikinci dəfə yaradandır. Onun Kozettaya sevgisi nə atalıq istəyi, nə də erotik həvəsdir; bu hissin adı platonik məhəbbətdir.
Jan Valjan Kozettaya bəslədiyi duyğudan baş çıxarmasa da, onu Tanrının Məryəmi sevdiyi kimi sevir: Kozetta
onun həm övladı, həm anası, həm də sevgilisidir. Kozettanın Mariusdan doğacağı oğlan
onun həm nəvəsi, həm qardaşı, həm də oğlu olacaq.
Jan Valjan özü isə yepiskop Mirielin bağışladığı şamdanların işığında
bu dünyadan Məsih kimi bakir, məsum gedəcək...
***
Viktor Hüqo monastır həyat tərzinin, rahib əxlaqının tərəfdarı
deyildi, çünki monastırda bərabərlik,
ruhani dinclik olsa da, azadlıq
yoxdur, eşq yoxdur. Monastır başqa, kilsə başqa. Kant deyirdi ki, inanclı
xristianların bir yerə toplaşdığı
istənilən məkan
kilsədir. Monastır
tənhalıq, kilsə
vəhdət məkanıdır.
Monastır daha çox buddizm əxlaqına, buddist düşüncəsinə uyğun
bir yerdir. Budda deyir ki,
hər bir fərd ayrıca ada, ayrıca bir ulduzdur. Məsih
isə insanları birliyə, qardaşlığa
səsləyir. Stendalın
“Parma monastırı”
romanının qəhrəmanı
ehtiraslar, intriqalar, savaşlarla dolu cəhənnəmdən sağ
qurtarandan sonra monastıra pənah aparır. Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının qəhrəmanları
isə kilsəni eşq məbədinə,
dinin, dövlətin şərindən qaçanların
sığınacaq yerinə
çevirirlər.
Monastır başqa,
kilsə başqa. Hüqo kilsə əhlindəndir, ümumbəşəri
birlik, sufi təbirincə desək, vəhdəti-vücud təşnəsidir.
Baş rahibənin dirənişinə baxmayaraq
Kozettanın monastırda
ömürlük qalmasına
nə müəllif, nə Jan Valjan,
nə qız özü razı olur. Hər cür idealist əxlaqa, o cümlədən
xristian əxlaqına
görə, insan başqaları üçün
yaşamalı, başqalarında
təcəlla eləməlidir,
qalan bütün hallarda həyat puç, mənasızdır.
İnsan insanlığa
aşiq olmalı, özünü sevdiklərində
əritməlidir. Sevdiklərində,
yəni Tanrıda, çünki Tanrı dediyin məxluqatın cəmidir, sən o cəmliyi duyanda Allaha qovuşmuş olursan. Hər halda dini-mistik təlimlərə görə
belədir.
Əxlaq da pul kimidir, gərək
daim dövriyyədə
olsun, bir küncdə yatıb qalanda dəyəri-qiyməti
bilinmir. Monastır, zahid əxlaqı da dövriyyədən çıxarılmış, yaxud
dövriyyəyə buraxılmamış
puldur, ona bir kibrit çöpü
də verməzlər.
Kilsə insanı dünyaya ezam eləyir (eynən keşiş Miriel Jan Valjanı göndərdiyi kimi), onun çiyninə missiya qoyur, monastır insanı dünyadan geri çağırır. Monastır
təklik, kilsə cəmlik evidir.
Jan Valjan Tanrı yürüşünə
kilsədən çıxmışdı,
nəticədə özünü
insanlara fəda eləməkdən, öz
ömrünü, istəklərini,
sərvətini, Şeytandan
sələmlə aldığı
xislətini qurban verməkdən çəkinmədi.
Cəmi bəşərə
nur yağdıran Allah eşqi qarşısında bütün
bunlar onun gözündə bir çürük qozdan baha getmədi. Odur ki, bu
gün adsız məzarda yatdığına
baxmayaraq onu bütün bəşər
tanıyır, onun qəziyyəsi bütün
dünyaya bəllidir.
Onu uşaq da, böyük də, qadın da, kişi də
sevir. Müəllifiylə
birgə onun yeri peyğəmbərlər
panteonudur.
***
“Səfillər” epopeyası
çoxplanlı, çoxşaxəli,
çoxqatlı əsərdir.
Romanın kompozisiyası
mürəkkəb, üslubu
unikal, oxunub qavranması çətindir.
Bununla belə bir dahiyanə əsərdən alınan
zövq yüz min ortabab əsərin
verdiyi həzzdən daha dolğun, daha dərin, daha güclüdür. Bir güclü əsəri yüz dəfə təkrar oxumaq yüz zəif əsər oxumaqdan yüz qat faydalıdır.
Hüqonun ən
böyük ustalıqlarından
biri də budur ki, o, tarixi
kataklizmlərlə, həm
sənət, həm elm sahəsində ixtiralarla, qəhrəmanlarla,
dahilərlə zəngin
bir əsrdə sadə insanı tarixin, kainatın mərkəzinə çəkir.
Şairlərin, filosofların,
sərkərdələrin, ixtiraçıların yox,
sadə bir katorqa məhbusunun timsalında (sonralar Tolstoyun, Dostoyevskinin də eləyəcəyi kimi) İsa peyğəmbəri öz
dövrünə gətirir,
onun təlimini on doqquzuncu yüzilliyin
Fransasında sınaqdan
keçirir.
Hadisələrin qaynaşdığı,
süjet xətlərinin
Parisdən vurub kənddən çıxdığı,
təsadüflərin saga-sola
at oynatdığı
romanda ən xırda adamların fərdi taleləriylə tarixin oxunu fırlayan
savaşlar, inqilablar elə ustalıqla bir araya gətirilib
ki, elə bil bu əhvalatlar,
bu qəziyyələr
insan fantaziyasının
gücüylə yox,
Tanrı iradəsiylə
yazılıb, sanki təsadüflər də
təsadüf deyil, fatum, qəzavü-qədər,
ilahi zərurətdir.
Elə bil bütün bunlar Jan Valjanın ruhani səfərə çıxması, Kozettanı
tapması, onu xoşbəxt sonluğa çatdırması yolunda
qurulmuş bir oyundur.
Sağda monarxiya,
solda respublika, sağda müharibələr,
solda inqilablar, sağda din, solda ateizm, sağda
keçmiş, solda gələcək... Adama elə gəlir, tarix yalnız bunlar deməkdir. Ancaq yerin tarazlığını
saxlayan bu iki qütbün arasından üzüyuxarı
bir yol da
gedir. O yol Viktor Hüqo
yolu, o yol Jan Valjan yoludur. O yolun yolçularını
yalnız bəsirət
gözünlə görə
bilərsən. Görəndə
anlayırsan ki, krallar
da, inqilabçılar da, rahiblər
də, generallar da, ordular da, barrikadalar da, keçmiş də, gələcək də, sağ da, sol da yalnız dekorasiya, yalnız fon imiş. Anlayırsan ki, tarix krallara yox, inqilabçılara
yox, Jan Valjana işləyirmiş.
Bunu anlamağa
nə var - geriyə baxaq görək hansı imperator, hansı cəngavər, hansı ixtiraçı Qərb sivilizasiyasının tarixinə
İsa peyğəmbərdən artıq təsir göstərib. Hansı?..
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
7 fevral, ¹23.- S.7.