Elm bir nurdur ki, paylaşdıqca çoxalar...
Kitab Bağışlama Gününü
necə qeyd etməli?
Kitablar bəzən
insanların hisslərini
ifadə etmək üçün önəmli
bir vasitəyə çevrilə bilir. Kitab oxumaq qətiyyət, səbr və öyrənmək istəyinin
əlamətidir. Kitab oxumaq
bir millət üçün nicat əlamətidir. Kitab insanlara
danışmağı, yazmağı,
həyatı, insanlığı
öyrədir.
Kitab üçün buna bənzəyən
çoxsaylı ifadələr
işlədə bilərik.
Çünki kitab həyatımızda
xüsusi yeri olan və bizə
nə isə izah etməyə həsr olunmuş bir nemətdir. Bəzi insanlar bundan sui-istifadə edirlər. Məsələn,
bəzi hallarda hansısa dini və inancları ləkələmək üçün
kitabdan istifadə olunur. Maraqlısı odur ki, həmin insanları da kitablar vasitəsilə doğru yola çəkmək mümkündür.
Belə bir ifadə var ki, hər insan kitab yaza bilməz, amma hər kəs kitab oxuya bilər. Bu mənada kitablar hər kəsin düşüncəsinə,
zövqünə xitab
edir. Kitab elə bir məfhumdur ki, paylaşdıqca insanlara daha çox fayda verir. Buna görə də, kitab ianələri çox vacibdir. Çünki hər kəsin kitab almağa büdcəsi olmaya bilər. Ona görə də oxuduğunuz kitabları çox insan oxusun deyə paylaşın.
Yeri gəlmişkən,
14 fevral Beynəlxalq
Kitab Bağışlama Günüdür.
Bu gün hər kəs oxumaqdan zövq aldığı kitabları bağışlamaqla
başqalarının faydalanmasına
kömək edə bilər. Bəzi yeni və ya səliqəli
istifadə olunmuş kitablar yerli kitabxanalara, yerli məktəbə, vətəndaş
cəmiyyətlərinə və ya yerli
quruma bağışlana
bilər.
Bu gün həm də oxumaq sevgisini yaymaq üçün bir fürsətdir. Bütün
dünyada kitabların
bağışlanması savadlılığı
dəstəkləyə və
oxumağa təşviq
edə bilər.
Kitab oxumağın faydaları
Kitab oxumaq diqqəti və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir, təxəyyülü artırır,
stressi azaldır, yaddaş gücünü
yaxşılaşdırır. Kitab həm də oxumağa həvəsi olan insanlar üçün
ən yaxşı hədiyyədir. Kitabların
qiyməti də sərfəlidir və diqqətinizi problemlərdən
yayındırır, bəzən
sizi həyəcanlandırır,
dünya haqqında öyrədir və geniş baxış bucağına sahib olmağa
kömək edir.
Beynəlxalq Kitab Bağışlama
Gününün mənşəyi
haqqında dəqiq məlumat yoxdur. Ancaq ehtiyacı olan uşaqlar üçün kitab və
ya pul bağışlamağın
vacibliyinə görə
bu günü qeyd etmək vacibdir. Bu günün yaradılmasında əsas
məqsəd uşaqları
kitab oxumaq vərdişinə
yiyələndirməkdir. Bu mənada Kitab Bağışlama
Günü bir çox uşaq üçün bu vərdişi əldə etmək şansı verə bilər.
Beynəlxalq Kitab Bağışlama
Gününün əhatə
dairəsi genişlənməkdə
davam edir. 2014-cü ildə Beynəlxalq Kitab Bağışlama Günü
Avstraliya, Kanada, Cənubi
Afrika, Fransa, Hindistan, İrlandiya,
Yaponiya, Yeni Zelandiya, Sinqapur, Filippin, Türkiyə, Böyük
Britaniya, ABŞ, Almaniya,
Nigeriya, Braziliya, Misir,
Polşa, Yunanıstanda
qeyd olunub. Eləcə də Portuqaliya. Onu Meksika, Makedoniya, Malavi, Macarıstan,
Malayziya, İsrail, Danimarka, Tayland, İndoneziya, İordaniya, Çin, Puerto-Riko, Bolqarıstan
və Nikaraquada da insanlar bu günü
qeyd edirdilər.
Necə qeyd etmək lazımdır?
Ancaq çox
təəssüf ki, inkişaf
etməkdə olan ölkələrdə uşaqların
əksəriyyətində kitab yoxdur. Məsələn, İngiltərədə uşaqların
üçdə birində
kitab yoxdur. ABŞ-da yoxsulluq
içində yaşayan
uşaqların üçdə
ikisinin kitabı yoxdur. Bu mənada Beynəlxalq Kitab Bağışlama
Günü uşaqların
kitablara əlçatanlığını
və həvəsini artırmaq məqsədi daşıyan könüllü
təşəbbüsdür.
Ümid edirik
ki, bütün dünyada
insanlar öz icmalarında ehtiyacı olan uşaqlara kömək etməyin ən yaxşı yollarını nəzərdən
keçirəcəklər.
Kitabların bağışlanmasının
vacibliyi haqqında maarifləndirmək üçün
sosial şəbəkələrdə
fotoşəkillər və
fikirlər paylaşıla
bilər. Bu günü
dostlara, qohumlara kitab hədiyyə etməklə
qeyd etmək olar. Kitabları iş yerlərinə, kafelərə və yaxınlıqdakı kitabxanalara
hədiyyə etmək
də bu günü qeyd etməyin bir yolu ola bilər.
Qeyd edək
ki, bayram əsasən
İngiltərədə qeyd
olunsa da, dünyanın
hər yerindən kitabsevərlər hər
il bu bayramlara qatılırlar və bir-birlərinə, qurumlara
kitab bağışlayaraq bu
günü xoş ovqatla keçirirlər.
Günel ABBAS
Yeni Azərbaycan.-2024.-
14 fevral, №28.- S.8.