Uilyam Folknerin “Ayı” povesti haqqında
Əvvəli ötən sayımızda…
***
Folknerin başqa əsərlərində olduğu kimi bu povestin də süjeti hamar, düzxətli deyil, təhkiyə anaxronikdir. Ondan on altıya, on altıdan on səkkizə, on səkkizdən iyirmi birə qədər müxtəlif yaşlarda səhnəyə çıxan baş qəhrəman oxucuya üçüncü şəxsin təkində təqdim olunsa da, müəllif hər şeyə, hər kəsə, bütün hadisələrə onun gözüylə baxır. Folkner elə bil bizə yeni bir əhvalat danışmır, eşitdiyimiz, bildiyimiz nələrisə xatırladır; üstəlik də, müəllif kimi hadisələri idarə eləmir, prosesin arxasınca gedir, ona şahidlik eləyir.
1877-ci ilin payızında on yaşlı Ayzek Makkaslin özündən on altı yaş böyük əmisi oğluyla meşəyə ova gedir. Bir pəncəsi tələyə düşdüyündən şikəst olmuş Ben adlı nəhəng qoca ayı illərdir ovçuların girinə keçmir, kimsə onu nə ovlaya, nə tuta bilir. Qoca Ben meşənin həm simvolu, həm padşahıdır. Çikeso adlı hindu qəbiləsinin sonuncu nümayəndəsi, yetmiş yaşlı ovçu Sem Fazers oğlana ovçuluğun qaydalarını, rituallarını öyrətməyə başlayır. Ustadı ona anladır ki, fermerlərin, ovçuların başına illərdən bəri oyun açan Qoca Beni tutmaq üçün onlara yaxşı, igid bir ov iti lazımdır. Əlbəttə, düşərgədə it çoxdur, ancaq onlar ayı ilə döşləşməyə yaramır.
Ənənəyə görə, ov
mövsümünün bir günü nəhəng
ayının izlənməsinə həsr olunmalıdır. Ovçular mövqelərini
tutandan sonra Ayzek hiss eləyir ki, Qoca Ben haradansa onu izləyir.
Fəqət ayının harada olduğunu, haradan
baxdığını kəsdirə bilmir, anlayır ki, Beni
vurmaq heç vaxt ona qismət olmayacaq. Onda belə təsəvvür
yaranır ki, Qoca Ben ölməzdir. Meşə
padşahının nəzərlərini öz üzərində
duyması yeniyetmə oğlanın təbiətlə
kontaktının alındığına işarədir.
Növbəti
ilin iyununda Ayzek mayor de Speynin düşərgəsinə yenidən
qayıdır. Mayorla dostları dincəlməkdəykən
oğlan gizlicə Qoca Benin sorağına çıxır.
Hamı elə bilir ki, Ayzek yaxınlıqda dələ
ovlayır, yalnız Sem Fazers onun niyyətindən duyuq
düşür, uşağı inandırır ki, əlitüfəngli
gedəcəksə, Qoca Ben özünü ona göstərməyəcək.
Ertəsi gün Ayzek tüfəngini düşərgədə
qoyub yalın əllə meşənin dərinliyinə
baş vurur. Meşədə saatını, kompasını da
bir ağacdan asıb, ana təbiətin qoynuna tam “təmizlənmiş”,
“anadangəlmə” şəkildə girir, başqa sözlə,
təbiəti diksindirməmək, meşəni ürkütməmək
üçün sivilizasiya əlamətlərini məbəddən
eşikdə saxlayır. Bundan sonra əliyalın, köməksiz
uşaq qoca ayının izinə düşür, yol-riz
tanımadan cəngəllikdə qarasına hərəkət
eləyir. Az keçmiş Qoca Ben özünü oğlana
göstərir, sonra da balıq səssizcə dəryaya qərq
olan kimi qımıldanmadan, tərpənmədən meşənin
dərinliyində əriyib itir. Balıqdan ötrü dərya
nədirsə, Qoca Bendən ötrü də orman odur. Meşənin
ağsaqqalı cəngəllikdə azmış məsum
uşağa doğru yolu nişan verir, oğlan
ağlasığmaz bir fəhmlə start mövqeyinə
qayıdır.
Ayzekə elə
gəlir gördüyü ovçular hər il bu düşərgəyə
ov ovlamaq, quş quşlamaq üçün yox, bir pəncəsi
zədəli ayını ziyarət eləmək
üçün gəlirlər. Özləri də
yaxşı bilirlər ki, Qoca Beni ələ keçirmək
onlara heç vaxt müyəssər olmayacaq.
***
On üç yaşının tamamında Ayzek Makkaslin artıq təcrübəli ovçudur. Günün birində oğlan ustadı Sem Fazerslə birgə Qoca Beni pusquya salır. Özünə güvənən ağılsız ov köpəyi ayının üstünə cumanda Ayzek iti qurtarmaq üçün irəli atılır, Qoca Ben ürküb hadisə yerindən uzaqlaşır. Bundan sonra ustadla şagird ayıya güllə atmadıqlarına görə bir-birini qınayır. Oxucuda belə təəssürat yaranır ki, onlar şüursuz şəkildə bu oyunu bitirmək, meşə padşahını taxtından salmaq istəmirlər.
Növbəti ilin yay tətilində Ayzek yenə yaşadığı əyalət şəhərindən düşərgəyə yollanır. Artıq o, bir maral ovlayıb. Qoca Sem qədim hindu ovçuluq ənənəsinə uyğun olaraq maralın qanını onun üzünə yaxır, belə demək olarsa, artıq Ayzeklə meşənin nikahı bağlanır, ana təbiət onu köynəyindən keçirir. Sonra o, bir ayı da ovlayır.
Bir gün də düşərgə yaxınlığından dayça leşi tapılır. Kimi dayçanı bəbirin, kimi canavarın, kimi də Qoca Benin yırtıb-dağıtdığını güman eləyir. Ancaq təcrübəli ovçu Sem Fazers leşin üstündəki izlərdən anlayır ki, at balasını vəhşi it öldürüb. Üç gün ərzində qoca hindu köpəyi pusquya salıb dama qatır, onu uzun müddət ac-susuz saxlayıb yavaş-yavaş ələbaxım öyrədir. Aslan adı verdiyi bu bədheybət köpəyin köməyilə Sem Qoca Beni ovlamaq niyyətindədir.
Noyabrda Ayzek də aralarında olmaqla ovçular komandası yenidən düşərgəyə toplaşır. Bu dəfə dəstədə Bun adlı zalım, duyğusuz bir nəfər də peyda olur. Bədheybət köpək qısa vaxtda ona mehir salır, hətta onunla bir komada, bir yataqda gecələyir. Aslan Qoca Benin izinə düşürsə də, çaya çatanda izi itirir. Bir il sonra köpək ayının yolunu kəsə bilir, ancaq Bunun güllələri hədəfdən yayındığına görə Qoca Benə aradan çıxmaq müyəssər olur. Sonrakı il ov mərasimi dekabra qədər uzanır. Nəhayət, ovçular ayını pusquya sala bilirlər. Aslan ləqəbli köpək Qoca Ben ləqəbli ayını boğazlayır, ayı isə caynağını itin qarnına keçirir. Köpəyin köməyinə çatan Bun bıçağını ayının kürəyinə saplayır. Qoca Ben canını tapşırır, bir neçə gün sonra ağır yaralı it də ölür.
Qoca Benin zərər vurduğu əlliyə qədər adam Aslanı təntənəylə dəfn eləyir. Ovun qızğın yerində qəfil yıxılan Sem Fazers də bərk xəstələnir, hərçənd həkim onun sağlam olduğunu, həyatına ciddi bir təhlükə görmədiyini söyləyir. Həkimin optimist proqnozuna baxmayaraq az sonra qoca Sem də Aslanın yanında torpağa tapşırılır. Elə bil onun da canı Qoca Ben ləqəbli ayıda, Aslan ləqəbli köpəkdəymiş.
Ayının zədəli pəncəsini də onların yanına gömürlər. Bu dünyada bir-birinə qənim kəsilmiş üç seçkin varlıq əbədi sülh şəraitində dinc yanaşı yatır. Hər üçü panteistik tanrının bu dünyada onların boynuna qoyduğu missiyanı ləyaqətlə yerinə yetirib: Qoca Ben - ayıların, Aslan ləqəbli köpək - itlərin, Sem Fazers - ovçuların ən yaxşısıdır. Folkner bununla təbiətdə düşmənçiliyin üzdə olduğunu, əslində, bütün canlıların bir başlanğıcdan törəyib eyni kökə, qaynağa qayıtdığını bizə əyani şəkildə göstərir.
***
Üstündən bir neçə il də keçəndən sonra gənc Ayzek Makkaslin köhnə ovlaqları gəzməyə gedir, ustadı qoca Semin, Aslan adlı köpəyin yatdığı yamacı ziyarət eləyir. Oğlan duyur ki, Sem onun gəlişindən xəbərdardır. Onda belə bir möhkəm qənaət yaranır ki, təbiətin qoynunda, meşədə ölüm yoxdur, bu torpağın altında yatanlar puça çıxmayıblar, eləcə öz əzəllərinə, mənbələrinə, vətənlərinə dönüblər. Onlar haldan-hala düşə-düşə, dondan-dona girə-girə, rəng alıb rəng verə-verə daim hərəkətdədirlər, onlar dan işığıyla oyanıb gün uzunu ormanda min biçimdə zühur eləyir, gecəylə yuxuya dalıb dinclik tapırlar. Əlbəttə, Folknerin ruhun ölməzliyinə, fərdi əbədiyyətə inandığını söyləmək üçün əlimizdə tutarlı dəlil yoxdur, ancaq onun panteistik cənnətə ümid bəslədiyi ən azı bu əsərini oxuyan kəsdə şübhə doğurmaz.
Mayor de Speyn ovlaq yerlərini meşə təsərrüfatıyla məşğul olan şirkətə satıb. Kəsik ağaclar meşənin ortasından çəkilmiş dəmiryolla sivilizasiya mərkəzinə daşınır. Orman bir xeyli seyrəlib, keçəlləşib. Adamlardan, texnikadan ürkən zavallı ayı hələ mişar dəyməmiş bir ağacın başında otuz altı saat ac-susuz daldalanıb sivilizasiyanın gözündən yayınmağa çalışır. Ağacdan-ağaca atılan dələlər böyür-başındakı ağaclar kəsildiyindən tək qalmış bir evkalipt ağacının üstündə aşağı-yuxarı qaçışırlar, qırxa qədər dələ həyəcanla öz sonunu gözləyir.
Ağacın altında oturmuş zalım Bun - Qoca Benin müxənnət qatili öz xidməti müqabilində artıq sivilizasiyadan, kapitalist dünyasından payını qoparıb - onu şirkətə mühafizəçi götürüblər. Sökük silahının hissələrini çəkiclə döyəcləyən Bun gözünü yerdən qaldırmadan dələlərə işarəylə quduz bir tərzdə bağırır: “Rədd olun buralardan! İşiniz olmasın onlarla! Birinə də barmağınız dəyməsin! Hamısı özümündür, hamısı mənimdir!”
***
Folkner təsəvvüründəki Allahın yaratdığı dünyanı olduğu kimi qəbul eləyir, onu dəyişməyə, söküb yenidən qurmağa çalışmır. Onun fəlsəfi yanaşmasından belə nəticə çıxara bilərik: biz bu dünyanın, həyatın, yaradılışın mənasını anlamaqda acizik, nəyin nədən, kimin kimdən üstün olduğunu, xeyirin harada, şərin harada olduğunu heç vədə qanmayacağıq, ona görə də bu dünyaya gəlişimizi xoş təsadüf, uğurlu qismət kimi qəbullanıb təbiətə, təbii qanunlara uyğun ömür sürməliyik.
O yolu ki biz getməliyik, onsuz da gedəcəyik; ya könüllü gedəcəyik, ya da sürüyə-sürüyə aparacaqlar. Təbiət bizim taleyimiz, valideynimiz, biz də onun bir parçası, zərrəsiyik. Yaxşı olar taleyimizin pişvazına könüllü çıxaq, onun görüşünə öz ayağımızla gedək, ona sözsüz təslim olaq, yoxsa o gec-tez bizi cəzalandıracaq. Təbiəti öyrətməyə yox, ondan öyrənməyə çalışaq. Onun qisası amansız olur.
Bu mənada Uilyam Folkner çox dərin, çox da yetkin bir stoik, sivilizasiyaya pəncərədən baxan zahiddir. Öz ömrünü də bu qədim, müdrik təlimin qaydalarına uyğun yaşayıb.
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
17 fevral, ¹31.- S.7.