Uçmaq istəyən balıq

 

Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı haqqında

 

Selincerin tərcüməyə çətin gələn dünya şöhrətli əsərlərini dilimizə uğurla çevirmiş Tehran Vəliyevin ruhu şad olsun!

 

Əvvəli ötən sayımızda…

 

Bütün uşaqlar, yeniyetmələr tez böyüməyə, yaşlanmağa, sərbəst həyata başlamağa can atırlar, ancaq Holden uşaqlığından ayrılmaq istəmir. Görüşdüyü, öpüşdüyü qızlar belə ona təsəlli ola bilmir, onun bu dünyadakı tək təsəllisi, qoruyucu mələyi on yaşlı bacısı Fibidir. Kiçik qardaşı Alli dünyadan vaxtsız köçüb, böyük qardaşı D.B. isə müstəqil yazıçılığın daşını atıb Hollivud üçün ssenarilər yazır. Hollivud da, onun artistləri, filmləri də Holdendən ötrü riyakarlığın, saxtakarlığın simvoludur.

Heç şübhəsiz, Amerika kino sənayesinin nəhənginə Selincerin bəslədiyi səmimi, barışmaz nifrətin bir səbəbi də onun gənclik xatirəsindən irəli gəlir. Yazıçı cavanlığında məşhur Amerika dramaturqu Yucin O’Nilin qızı Unaya aşiq olmuşdu. Onda Selincerin 23, qızın 16 yaşı vardı. Selincer müharibəyə yollanandan az sonra 18 yaşlı Una özündən 36 yaş böyük Hollivud aktyoruna - 54 yaşlı Çarli Çaplinə ərə getmişdi. O vaxtdan yazıçı dünya şöhrətli aktyora bəslədiyi kin-küdurəti ömrü boyu sinəsində gəzdirdi, onun filmlərinə heç vaxt baxmadı, Hollivuddan heç vədə xoşlanmadı.

Holden Kolfild də öz yaradanı kimi Hollivud adı çəkiləndə çimçəşir, hətta xəyalən böyük qardaşını Amerikanın qərbində, bir meşənin dərinliyində tikəcəyi komasına çağırıb ona yazıb-yaratmaq üçün rahat şərait quranda belə tək şərti bu olur ki, onun pak daxmasında Hollivud üçün ssenarilər yazılmayacaq.

 

***

 

Holden özünü on iki yaşlı uşaqtək hiss eləməyinə anormallıq kimi baxır, ancaq bundan zövq alır. Uşaqlığını tutub saxlamaqla o, saflığının ömrünü uzatmağa çalışır, həmin saf, təmiz fəhmiylə bilir ki, böyüdükcə o da ikrah duyduğu adamlardan birinə çevriləcək. Oteldə çirkli, kobud liftçi ona qadın təklif eləyəndə Holden razılaşır, amma məqsədi o qadınla dərdləşmək, həmsöhbət olmaq, onu duymaqdır. Qadınsa, əlbəttə, onu başa düşmür, axırda liftçiylə birləşib Holdendən zorla əlavə beş dollar da qoparır. Holden o gecə şüursuz bir cəhdlə oğlanlığını, bakirliyini, həyata, o cümlədən qadına saf baxışını qoruyur. Onsuz da pozulmağa vaxtı çox olacaq.

Holden Kolfildin qiyamı bir az da metafizik qiyamdır. Dostoyevskinin İvan Karamazovu kimi Allahı tanısa da, bu oğlan Allahın yaratdığı dünyanı heç cür qəbul eləyə bilmir. Anlayır ki, bizə bundan başqası verilməyib, insanları dəyişmək heç vaxt mümkün olmayacaq, bununla belə, barışmaz anarxist kimi daim üsyankar halda, permanent qiyam ovqatında yaşamaqdan da usanmır. Bilir ki, bu kainat özgə mülküdür, dünya onun nazıyla oynamır-oynamayacaq, çərxi-fələk onun istəyilə fırlanmır-fırlanmayacaq, bu qumarda onun qazancı olsa-olsa bu olar ki, qumara girməz, yaxasını bu dünyanın əlindən müvəqqəti qoparıb, bir müddət qarı fələyin gözündən oğurlanar. Di gəl, yenə ərköyünlüyündən qalmır, aslana cuman quzu ceyran sayağı üzü üzlər görmüş qocaman kainata kəllə atır, atdıqca da başı qaranlıq, soyuq boşluğa dəyib geri qayıdır.

Əgər dünyanı, insanları dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir? Dünyadan, insanlardan uzaqlaşmaqda. Zahidlik yolu, Budda təriqi. Zahid özü də öz tənhalığının şüşə köşkündə gizlənmiş anarxistdir.

 

***

 

Sivil həyat, sivil insanlar Holdenin ürəyini bulandırır. Bu dünya ona ögey ananın beşiyi kimi soyuq, yad gəlir. Hətta sivilizasiyanın ən parlaq nişanələrindən olan avtomobillər, snobist həyat tərzi keçirənlərin qürur, təşəxxüs yeri maşınlar belə onda daxili etiraz doğurur, öz-özünə deyir ki, at bu cansız mexanizmlərdən qat-qat yaxşıdır, çünki atda nə qədər olmasa insani nələrsə var, atla barı danışa bilərsən.

Taksiylə donmuş gölün yanından keçəndə Holden sürücüdən soruşur, bu gölün ördəkləri qışda hara uçurlar? Sürücüyə elə gəlir, oğlan onunla məzələnir, cavabında deyir, ördəklərin hara getdiyini bilmirəm, amma balıqlar dəqiq buradadırlar, heç yana getməyiblər... Bu incə yumorun, istehzanın altında nə yatır? Buz bağlamış gölməçə Holdenin içində böyüdüyü mühitə çox bənzəyir. O göldə sağa-sola çovuyan balıqlar öz dünyalarında özlərini xoşbəxt sanırlar, yeyirlər, yeyilirlər, bundan başqa dünyanı heç arzulamırlar da. Ancaq o balıqların arasında bir balaca balıq da var ki, gölü zindana döndərmiş buz layını deşib çıxıb pərvazlanmaq, yerə göydən baxmaq istəyir, ördəklərə qoşulub isti, işıqlı, rahat ölkələrə uçmaq istəyir.

Holdenin tək arzusu Qərb bölgələrinə gedib orada bir meşəyə çəkilmək, tənha bir daxma qaraldıb gözdən-könüldən uzaqda ömür sürməkdir. Getdiyi yerlərdə o, benzindoldurma məntəqəsində işə düzələcək, özünü lallığa-karlığa vurub heç kəslə danışmayacaq, sonra da bir gözəl lal-kar qız tapıb onunla evlənəcək. Uşaqlarını məktəbə qoymayacaq, onlara özü yazıb-oxumaq öyrədəcək.

Bu xəyallarını o, teatra dəvət elədiyi Salli Heyslə bölüşəndə qız ona ağıldanseyrək kimi baxır. Onun birlikdə qaçmaq təklifinə Salli soyuq ağılla cavab verir, çünki bu qız içində yaşadığı cəmiyyətin burnundan düşüb, kübar mühitdə, diqqət mərkəzində olmağı çox xoşlayır, pulun-malın gücünü, dadını, qiymətini yaxşı hiss eləyir. Salli Holdenin yaşıdı olsa da, romantik yox, praqmatik xislətlidir. Qızla kobud davranıb onu özündən uzaqlaşdıranda oğlan sövq-təbii saf, romantik xəyallarını kirli, praqmatik ağılın təcavüzündən qoruyur.

 

***

 

Salli Heysə ürəklə zəng vursa da, əvvəlki istəklisi Ceyn Qallaherin nömrəsini yığmağa Holden özündə cəsarət tapmır. Artıq onun özündənrazı sinif yoldaşı Stredleyter Ceynin qəlbinə girə bilib, necə deyərlər, yeməyənin payını yeyərlər. Holdenin davranışından görünür ki, onun Ceynə münasibəti sevgiyə çevrilmək ərəfəsindədir, bəlkə də artıq çevrilib. Stredleyter Ceyni ələ ala bilsə də, onu duymaq, anlamaq iqtidarında deyil. Yaraşıqlı, imkanlı olsa da, bu oğlanın içi boşdur, onun kişi gözəlliyi mənəvi əsasdan məhrumdur. Holden Ceynin Stredleyterə təslim olmasının mümkünsüzlüyünə özünü inandırmağa nə qədər çalışsa da, zalım gerçəklik onun çiynindən basır, həyat reallığı yenə arzulara qalib gəlir. Bu reallığı Ostrovskinin “Cehizsiz qız” pyesində olduğu kimi təxminən belə ifadə eləmək olar: gözəl qızlar həmişə əxlaqsız kişilərə meyil göstərirlər.

Holdenin yeganə sevinci Fibiyə gözü dolusu baxmaq, karuseldəki atın belində oturanda onu qıraqdan seyr eləməkdir. Bacısı da çamadanını yığıb gətirib onunla birgə uzaqlara getmək istədiyini deyəndə Holden elə bil ayılır, Fibiyə əvvəlcə boz üz göstərsə də, sonra qızın könlünü almağa çalışır. Bu dünyada onu təmənnasız istəyən, onun dalınca dünyanın o başına getməyə hazır olan tək varlıq Fibidir. Qardaşı dansa da, Fibi anlayır ki, onu yenə məktəbdən qovublar. Holdeni heç nəyi bəyənməməkdə, hər şeyə, hər kəsə, bütövlükdə həyata nihilist münasibət bəsləməkdə qınayan bacısına oğlan normal ağıla sığmayan qəribə cavab verir. Bacı-qardaş arasında dialoqun bir parçasına diqqət yetirək:

 

“ - Bilirsən mən nə olmaq istəyərdim? - Dedim. - Bilirsən nə? Əgər mən əclafa imkan versəydilər...

- Nə? Bəsdir də, söyüş söymə.

- Sən bu mahnını bilirsən: “Oğlan qızı tutmuş olsa çovdarlıqdan keçən zaman...”

- Düz demədin, mahnının sözləri belədir: “Qız oğlana ürcah olsa çovdarlıqdan keçən zaman...” - Fibi dedi. - Özü də bu, mahnı yox, şeirdir. Robert Börnsün şeiridir.

- Mən də bilirəm Robert Börnsün şeiridir.

Düz deyirdi. Doğrudan da, şeirdə “ürcah olsa” idi. Mən bunu tamam unutmuşdum.

- Mən onu “oğlan qızı tutmuş olsa” kimi bilirdim, - dedim. - Nə isə, bilirsən, bu şeiri yadıma salanda gözümün qabağına belə bir səhnə gəlir: bütün körpə uşaqlar axşamçağı yığışıb ucsuz-bucaqsız bir çovdar zəmisində qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də - yəni böyükləri deyirəm - yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Mənim işim bu qayanın altındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora yıxılmasınlar. Bütün günü işim ancaq bu olur: çovdar zəmisində uşaqları uçurumdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan tək peşə varsa, o da budur...”

 

***

 

Fəqət yer kürəsində belə bir iş, vəzifə yoxdur. Bəs eləysə Holden Kolfildə nə qalır? Onun gələcəyi necə olacaq, bu zalım dünyada nə təhər baş girləyəcək?

Holdenin üç yolu var: ya Balzakın saflığını itirmiş qəhrəmanları kimi içində boğulduğu zalım, saxta cəmiyyətin çirkabına bulaşıb, öz ekzistensial varlığından üz döndərib əclaflığın min bir fəndinə yiyələnəcək, ya amansız dünyanın basqısı qarşısında tərksilah olunub intihar eləyəcək, ya da öz etiraflarını, qəlbinin intim sirlərini qələmə alıb Selincer olacaq.

Xoşbəxtlikdən o, üçüncü yolu seçdi. Selincer iyirminci əsrin Buddası kimi özünə alınmaz qala qurub varlığını kənar müdaxilədən, “sarı iblisə” aşiq cəmiyyətin təcavüzündən qorumağı bacardı. İndən belə o qalanı heç kim uçura bilməz. Sənətin möcüzəsi bax budur.

 

F.Uğurlu

Yeni Azərbaycan.-2024.- 23 fevral, ¹35.- S.7.