Cerom
Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı
haqqında
Selincerin tərcüməyə çətin gələn
dünya şöhrətli əsərlərini dilimizə
uğurla çevirmiş Tehran Vəliyevin ruhu şad olsun!
Əvvəli ötən sayımızda…
Bütün uşaqlar, yeniyetmələr tez
böyüməyə, yaşlanmağa, sərbəst həyata
başlamağa can atırlar, ancaq Holden
uşaqlığından ayrılmaq istəmir.
Görüşdüyü, öpüşdüyü
qızlar belə ona təsəlli ola bilmir, onun bu
dünyadakı tək təsəllisi, qoruyucu mələyi on
yaşlı bacısı Fibidir. Kiçik qardaşı Alli
dünyadan vaxtsız köçüb, böyük
qardaşı D.B. isə müstəqil
yazıçılığın daşını atıb
Hollivud üçün ssenarilər yazır. Hollivud da, onun
artistləri, filmləri də Holdendən ötrü
riyakarlığın, saxtakarlığın simvoludur.
Heç şübhəsiz, Amerika kino sənayesinin nəhənginə
Selincerin bəslədiyi səmimi, barışmaz nifrətin
bir səbəbi də onun gənclik xatirəsindən irəli
gəlir. Yazıçı cavanlığında məşhur
Amerika dramaturqu Yucin O’Nilin qızı Unaya aşiq olmuşdu.
Onda Selincerin 23, qızın 16 yaşı vardı. Selincer
müharibəyə yollanandan az sonra 18 yaşlı Una
özündən 36 yaş böyük Hollivud aktyoruna - 54
yaşlı Çarli Çaplinə ərə getmişdi. O
vaxtdan yazıçı dünya şöhrətli aktyora bəslədiyi
kin-küdurəti ömrü boyu sinəsində gəzdirdi,
onun filmlərinə heç vaxt baxmadı, Hollivuddan heç
vədə xoşlanmadı.
Holden Kolfild də öz yaradanı kimi Hollivud adı
çəkiləndə çimçəşir, hətta xəyalən
böyük qardaşını Amerikanın qərbində,
bir meşənin dərinliyində tikəcəyi komasına
çağırıb ona yazıb-yaratmaq üçün
rahat şərait quranda belə tək şərti bu olur ki,
onun pak daxmasında Hollivud üçün ssenarilər
yazılmayacaq.
***
Holden özünü on iki yaşlı uşaqtək
hiss eləməyinə anormallıq kimi baxır, ancaq bundan
zövq alır. Uşaqlığını tutub saxlamaqla o,
saflığının ömrünü uzatmağa
çalışır, həmin saf, təmiz fəhmiylə
bilir ki, böyüdükcə o da ikrah duyduğu adamlardan
birinə çevriləcək. Oteldə çirkli, kobud
liftçi ona qadın təklif eləyəndə Holden
razılaşır, amma məqsədi o qadınla dərdləşmək,
həmsöhbət olmaq, onu duymaqdır. Qadınsa, əlbəttə,
onu başa düşmür, axırda liftçiylə birləşib
Holdendən zorla əlavə beş dollar da qoparır. Holden o gecə
şüursuz bir cəhdlə oğlanlığını,
bakirliyini, həyata, o cümlədən qadına saf
baxışını qoruyur. Onsuz da pozulmağa vaxtı
çox olacaq.
Holden Kolfildin
qiyamı bir az da metafizik qiyamdır. Dostoyevskinin İvan
Karamazovu kimi Allahı tanısa da, bu oğlan Allahın
yaratdığı dünyanı heç cür qəbul eləyə
bilmir. Anlayır ki, bizə bundan başqası verilməyib,
insanları dəyişmək heç vaxt mümkün
olmayacaq, bununla belə, barışmaz anarxist kimi daim
üsyankar halda, permanent qiyam ovqatında yaşamaqdan da
usanmır. Bilir ki, bu kainat özgə mülküdür,
dünya onun nazıyla oynamır-oynamayacaq, çərxi-fələk
onun istəyilə fırlanmır-fırlanmayacaq, bu qumarda onun
qazancı olsa-olsa bu olar ki, qumara girməz, yaxasını bu
dünyanın əlindən müvəqqəti qoparıb, bir
müddət qarı fələyin gözündən
oğurlanar. Di gəl, yenə ərköyünlüyündən
qalmır, aslana cuman quzu ceyran sayağı üzü üzlər
görmüş qocaman kainata kəllə atır, atdıqca
da başı qaranlıq, soyuq boşluğa dəyib geri
qayıdır.
Əgər dünyanı, insanları dəyişmək
mümkün deyilsə, çıxış yolu nədədir?
Dünyadan, insanlardan uzaqlaşmaqda. Zahidlik yolu, Budda təriqi.
Zahid özü də öz tənhalığının
şüşə köşkündə gizlənmiş
anarxistdir.
***
Sivil həyat,
sivil insanlar Holdenin ürəyini bulandırır. Bu dünya
ona ögey ananın beşiyi kimi soyuq, yad gəlir. Hətta
sivilizasiyanın ən parlaq nişanələrindən olan
avtomobillər, snobist həyat tərzi keçirənlərin
qürur, təşəxxüs yeri maşınlar belə onda
daxili etiraz doğurur, öz-özünə deyir ki, at bu
cansız mexanizmlərdən qat-qat yaxşıdır,
çünki atda nə qədər olmasa insani nələrsə
var, atla barı danışa bilərsən.
Taksiylə
donmuş gölün yanından keçəndə Holden
sürücüdən soruşur, bu gölün ördəkləri
qışda hara uçurlar? Sürücüyə elə gəlir,
oğlan onunla məzələnir, cavabında deyir, ördəklərin
hara getdiyini bilmirəm, amma balıqlar dəqiq buradadırlar,
heç yana getməyiblər... Bu incə yumorun, istehzanın
altında nə yatır? Buz bağlamış gölməçə
Holdenin içində böyüdüyü mühitə
çox bənzəyir. O göldə sağa-sola çovuyan
balıqlar öz dünyalarında özlərini xoşbəxt
sanırlar, yeyirlər, yeyilirlər, bundan başqa
dünyanı heç arzulamırlar da. Ancaq o balıqların
arasında bir balaca balıq da var ki, gölü zindana döndərmiş
buz layını deşib çıxıb pərvazlanmaq, yerə
göydən baxmaq istəyir, ördəklərə
qoşulub isti, işıqlı, rahat ölkələrə
uçmaq istəyir.
Holdenin tək
arzusu Qərb bölgələrinə gedib orada bir meşəyə
çəkilmək, tənha bir daxma qaraldıb gözdən-könüldən
uzaqda ömür sürməkdir. Getdiyi yerlərdə o,
benzindoldurma məntəqəsində işə düzələcək,
özünü lallığa-karlığa vurub heç kəslə
danışmayacaq, sonra da bir gözəl lal-kar qız
tapıb onunla evlənəcək. Uşaqlarını məktəbə
qoymayacaq, onlara özü yazıb-oxumaq öyrədəcək.
Bu xəyallarını
o, teatra dəvət elədiyi Salli Heyslə bölüşəndə
qız ona ağıldanseyrək kimi baxır. Onun birlikdə
qaçmaq təklifinə Salli soyuq ağılla cavab verir,
çünki bu qız içində yaşadığı cəmiyyətin
burnundan düşüb, kübar mühitdə, diqqət mərkəzində
olmağı çox xoşlayır, pulun-malın
gücünü, dadını, qiymətini yaxşı hiss eləyir.
Salli Holdenin yaşıdı olsa da, romantik yox, praqmatik xislətlidir.
Qızla kobud davranıb onu özündən
uzaqlaşdıranda oğlan sövq-təbii saf, romantik xəyallarını
kirli, praqmatik ağılın təcavüzündən
qoruyur.
***
Salli Heysə ürəklə zəng vursa da, əvvəlki
istəklisi Ceyn Qallaherin nömrəsini yığmağa
Holden özündə cəsarət tapmır. Artıq onun
özündənrazı sinif yoldaşı Stredleyter Ceynin qəlbinə
girə bilib, necə deyərlər, yeməyənin
payını yeyərlər. Holdenin davranışından
görünür ki, onun Ceynə münasibəti sevgiyə
çevrilmək ərəfəsindədir, bəlkə də
artıq çevrilib. Stredleyter Ceyni ələ ala bilsə də,
onu duymaq, anlamaq iqtidarında deyil. Yaraşıqlı,
imkanlı olsa da, bu oğlanın içi boşdur, onun
kişi gözəlliyi mənəvi əsasdan məhrumdur.
Holden Ceynin Stredleyterə təslim olmasının
mümkünsüzlüyünə özünü
inandırmağa nə qədər çalışsa da,
zalım gerçəklik onun çiynindən basır, həyat
reallığı yenə arzulara qalib gəlir. Bu
reallığı Ostrovskinin “Cehizsiz qız” pyesində
olduğu kimi təxminən belə ifadə eləmək olar:
gözəl qızlar həmişə əxlaqsız kişilərə
meyil göstərirlər.
Holdenin yeganə sevinci Fibiyə gözü dolusu baxmaq,
karuseldəki atın belində oturanda onu qıraqdan seyr eləməkdir.
Bacısı da çamadanını yığıb gətirib
onunla birgə uzaqlara getmək istədiyini deyəndə Holden
elə bil ayılır, Fibiyə əvvəlcə boz üz
göstərsə də, sonra qızın könlünü
almağa çalışır. Bu dünyada onu təmənnasız
istəyən, onun dalınca dünyanın o başına getməyə
hazır olan tək varlıq Fibidir. Qardaşı dansa da, Fibi
anlayır ki, onu yenə məktəbdən qovublar. Holdeni
heç nəyi bəyənməməkdə, hər şeyə,
hər kəsə, bütövlükdə həyata nihilist
münasibət bəsləməkdə qınayan
bacısına oğlan normal ağıla sığmayan qəribə
cavab verir. Bacı-qardaş arasında dialoqun bir
parçasına diqqət yetirək:
“ - Bilirsən mən nə olmaq istəyərdim? -
Dedim. - Bilirsən nə? Əgər mən əclafa imkan versəydilər...
- Nə? Bəsdir də, söyüş söymə.
- Sən bu mahnını bilirsən: “Oğlan
qızı tutmuş olsa çovdarlıqdan keçən
zaman...”
- Düz demədin, mahnının sözləri belədir:
“Qız oğlana ürcah olsa çovdarlıqdan keçən
zaman...” - Fibi dedi. - Özü də bu, mahnı yox,
şeirdir. Robert Börnsün şeiridir.
- Mən də bilirəm Robert Börnsün
şeiridir.
Düz deyirdi. Doğrudan
da, şeirdə “ürcah olsa” idi. Mən bunu tamam
unutmuşdum.
- Mən onu
“oğlan qızı tutmuş olsa” kimi bilirdim, - dedim. - Nə
isə, bilirsən, bu şeiri yadıma salanda
gözümün qabağına belə bir səhnə gəlir:
bütün körpə uşaqlar axşamçağı
yığışıb ucsuz-bucaqsız bir çovdar zəmisində
qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə
uşaq, ətrafda bircə nəfər də - yəni
böyükləri deyirəm - yoxdur, tək mənəm. Mən
də uca, sərt qayanın lap qırağında
dayanmışam. Mənim işim bu qayanın altındakı
uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı
onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının
altını görmür, hara qaçdıqlarını veclərinə
almırlar. Ona görə də uçuruma
yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki,
ora yıxılmasınlar. Bütün günü işim
ancaq bu olur: çovdar zəmisində uşaqları
uçurumdan qorumaq! Bilirəm, bu da bir cür
sarsaqlıqdır, ancaq ürəyimə yatan tək peşə
varsa, o da budur...”
***
Fəqət yer kürəsində belə bir iş, vəzifə
yoxdur. Bəs eləysə Holden Kolfildə nə qalır? Onun
gələcəyi necə olacaq, bu zalım dünyada nə təhər
baş girləyəcək?
Holdenin üç yolu var: ya Balzakın
saflığını itirmiş qəhrəmanları kimi
içində boğulduğu zalım, saxta cəmiyyətin
çirkabına bulaşıb, öz ekzistensial
varlığından üz döndərib əclaflığın
min bir fəndinə yiyələnəcək, ya amansız
dünyanın basqısı qarşısında tərksilah
olunub intihar eləyəcək, ya da öz etiraflarını, qəlbinin
intim sirlərini qələmə alıb Selincer olacaq.
Xoşbəxtlikdən o, üçüncü yolu
seçdi. Selincer iyirminci əsrin Buddası kimi özünə
alınmaz qala qurub varlığını kənar müdaxilədən,
“sarı iblisə” aşiq cəmiyyətin təcavüzündən
qorumağı bacardı. İndən belə o qalanı
heç kim uçura bilməz. Sənətin möcüzəsi
bax budur.
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
24 fevral, ¹36.- S.7.