Təbriz
Əli Tudənin xatirələrində
REDAKSİYADAN:
Onun üçün
Vətənin müstəqilliyi,
millətin azadlığı
sözün müqəddəsliyindən
keçirdi. Bütöv
Azərbaycanı illər
boyu yaradıcılığında,
kitablarında, şeirlərində,
ümumiyyətlə, düşüncəsində
yaşatmışdı. Haqqında
danışdığımız şəxs Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri olan şairlərimizdəndir. Söhbət
görkəmli şair
Əli Tudədən gedir.
Ərdəbilin Çanaxbulaq
kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb
və Əli
1924-cü il yanvarın
31-də Bakıda anadan
olub. Atası Qulu neft mədənində
fəhləlik etmiş,
sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdi.
Əli 1 yaşında
olarkən atası, 5 yaşında isə anası dünyasını
dəyişib. O, nənəsi
Qəribin himayəsində
böyüyüb. 150 saylı
orta məktəbdə
oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının
nəzdində Osman Sarıvəllinin rəhbərlik
etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib.
1938-ci ildə həmin
ədəbiyyat dərnəyinin
nəşr etdiyi almanaxda da şeirləri
çap olunub.
1938-ci il repressiya
dövründə 7-ci sinifdə
oxuyarkən o, Cənubi
Azərbaycan mənşəli
olduğundan nənəsi
ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır.
İranda təsərrüfat
işləri və fəhləliklə məşğul
olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi,
ədəbiyyata güclü
meyli onda yazıb-yaratmaq həvəsini
söndürmür.
Milli ruhlu şair
Əli Tudə
1940-cı illərdə Cənubi
Azərbaycanda başlanan
azadlıq hərəkatına
qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.
1944-cü ildə “Vətən
yolunda” qəzetində
Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə
Ərdəbildə çıxan
“Ziddi-faşist”, “Cövdət”
qəzetlərində, ədəbi
almanaxlarda, Təbrizdə
çıxan “Vətən
yolunda”, “Azərbaycan”
qəzetlərində, “Şəfəq”,
“Azərbaycan” məcmuələrində,
“Şairlər məclisi”
almanaxlarında şeirləri
müntəzəm işıq
üzü görür.
O, “Hizbitudeyi İran” partiyasının
üzvü olur (1944).
Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə
yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur.
İran xalq partiyası
Ərdəbil vilayət
komitəsində təbliğatçı
(1944-1945), Milli hökumət
yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri
(1945-1946) işləyir. “Ana
dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində
ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son
müdiri olur. Mahal-mahal, kəndbəkənd
gəzərək istedadları
bu böyük mədəniyyət ocağına
cəlb edir.
Ömür boyu
sovet pasportu daşımadı…
Əli Tudə Cənubi
Azərbaycan demokratik ədəbiyyatının
yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti
ilə bərabər şair öz qələminin qüdrətindən
inqilabın nailiyyətlərinin qorunub saxlanılması
üçün ustalıqla istifadə edir.
Yaradıcılığını, yüksək əqidəsini,
mütərəqqi fikirlərini mübarizə yollarında məşələ
çevirən Əliyə Təbrizin şairlər məclisində
müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü
verilir. Milli hökumət onu ali mükafat “21 Azər”
medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı
var idi və ilk şerlər kitabı da çap ərəfəsində
idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu
xoş günlər, azadlıq və səadət uzun çəkmədi.
Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti
İran dövləti beşikdəcə boğdu. Şairin
üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə
yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız
qətlə yetirilməsi barədə şahın fərmanı
verildi. Şair mübarizəni davam etdirmək və
qayıtmaq məqsədilə öz məsləkdaşları
ilə bir daha Vətəndən Vətənə mühacirət
etmək məcburiyyətində qaldı. 1946-cı il
dekabrın 12-də sərhəddə yazdığı “Mən
nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının
ilk nümunəsi oldu. O taydan gələn
qardaş-bacılarımızın manifestinə, həyat məramına
dönən bu şer tez bir zamanda dillər əzbərinə
çevrildi.
Əli Tudə
ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu
daşımadı. Bir çox yüksək titul və
mükafatlardan məhrum oldu. Şair 1996-cı il fevralın
26-da Bakıda vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
Şairin Təbrizlə
bağlı xatirələri…
Sovet hökuməti
ilə İran hökuməti arasında bağlanmış
müqaviləyə əsasən müharibə qurtardıqdan
sonra Sovet qoşunları İrandan çıxırdı.
Təbrizdə hələ
gözəl may günləri idi. Mavi örpəkli, lalə
yanaqlı, nərgiz gözlü may günləri… Şəhər
sakinləri gündüzlər təbiətin cazibədar
tamaşasından doymur, gecələr isə məstedici rayihəsilə
şirin yuxuya gedirdilər. Belə füsunkar yaz günlərində
qan qardaşlarımız doğma diyarlarına
qayıdırdılar. Bircə ay üzünə öyrəndiyin,
səsini eşitdiyin, ülfətinə isnişdiyin adamdan
ayrılmaq çətindir. O ki ola neçə il bir
redaksiyada görüşdüyün, “Şairlər məclisi”ndə yanaşı əyləşdiyin,
fikir mübadiləsi etdiyin, nəhayət bir masa arxasında
duz-çörək kəsdiyin mehriban adamlar. Özü də
sənin doğma dilində danışan adamlar! Qan
qardaşların! Gec tapıb, tez itirdiyin adamlar!.
“Vətən
yolunda” qəzetinin kollektivi bu ayrılıq münasibətilə
redaksiyada görüş təşkil etmişdi. Əslində
bu görüş vida mərasimi idi. Təkcə təbrizlilərin
deyil, bütün azərbaycanlıların yaxşı
tanıdıqları, yazılarını sevə-sevə
oxuduqları söz ustaları Mirzə İbrahimov, Rza Quliyev,
Cəfər Xəndan, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı,
Əvəz Sadıq, Qulam Məmmədli, Qılman Musayev
(İlkin), Seyfəddin Abbasov (Dağlı) məclisdəkilər
arasında idilər. Otaq papiros tüstü-dumanı ilə
dolmuşdu. Fikirli-xəyallı adamlar papirosu-papirosun oduna
yandırırdılar. Tüstü-duman içində közərən
papiroslar dumanda alışan ümid şamlarına bənzəyirdi.
Aşıq Hüseyn Cavanın bu duman içində
tüğyana gələn sazı göy gurultusuna
oxşayırdı. Aşığın şimşək nəfəsində,
şəlalə zənguləsində, ilhamlı
baramqlarında inamla dolu nəğmələr
çağlayırdı. Ancaq elə ki, mizrab sazın adi simlərinin
üstündən sürüşüb sarı simə dəyirdi,
ürəklərdəki sarı simlərdə əks-səda
verirdi. Sanki sazdan qopan şimşək parçaları məclisdəkilərin
başlarına ələnib ayaqları altında
sönürdü. Sonra yenə sarı simlərin
yanıqlı təranələri altında məğrur
başlar yırğalanırdı. Sanki başlar yelpik-yeplik
olub ürəklərdə təzədən közərməyə
başlayan odu söndürmək istərkən daha da
alovlandırırdı. Başlar ağır-ağır
yırğalandıqca sanki vüsalla hicran arasındakı
yolu aram-aram gedib qayıdırdı. Qaşlar
çatılırdı, hicra misrasına dönürdü.
Sonra düyünlənirdi. Sanki ayrılmış yolları
bir-birinə bağlayıb vüsal misrasında çevirmək
istəyirdi...
Nimçədəki
bala bıçaq vuranda o ani olaraq ayrılır. Sonra yenə
dərhal bitişir. Həcmi azalsa da şirinliyi itmir.
Vüsalın da şirinliyi belədir. Araz zağlı xəncərə
dönüb doğma torpağı ayıranda da sevinci
azaltmışdı. Vüsalın şirinliyini isə itirə
bilməmişdi. Qardaşlar yenə
görüşmüşdülər, şirin-şirin
söhbətlər etmişdilər, şirin-şirin
gülmüşdülər, şirin-şirin arzular bəsləmişdilər!
İndi zaman bal dolu nimçəyə təzədən
bıçaq vururdu...
Kür şairi
Hejar masa arxasında mənimlə üzbəüz əyləşmişdi.
Düşmənlər zaman-zaman mehriban qonşuluq şəraitidə
yaşayan qardaş xalqlarımız arasında nifaq salmaq
üçün dərindən-qabıqdan
çıxırdılar. Hejar öz qardaş məhəbbətli
şeirlərilə bizim nəğmələrimizə səs
verirdi. İndi isə qan qardaşımız olan Şimalı
Azərbaycanın söz ustalarını yola salmağa gəlmişdi.
Mən Hejarın bir kürd körpəsi haqqında
yazdığı gözəl bir şeiri xatırladım. Bələkdə
qolları sarınmış körpə
qışqırır, dartınır, ağlayır.
Qollarını açmaq istəyir. Şair isə ona deyir ki,
ay bala, tək sənin yox, bütün xalqın qolları zəncirlər
bağlanmışdır. Gərək xalq öz
qollarının zəncirini qıra ki, sənin də
qolların açıla! Mübariz şair öz çiyninə,
belinı, döşünə güllə dolu qatarlar
bağlamışdı. Bu qatarlar fədai nəğməkarı
cəbhələrə aparan kələ-kötür
döyüş yollarna bənzəyirdi. Bəli! O, doğma
xalqının qollarındakı paslı zəncirləri əbədi
açmaq üçün özü bərk-bərk güllə
dolu qatarlarla sarınmışdı! Tək Hejar deyil, məclisdəkilərin
çoxu silahlı idi. Sanki ziyafət qurtarandan sonra bu adamlar Vətən,
vüsal, səadət uğrunda döyüşlərə
gedəcəkdilər. Gecədən xeyli keçmiş məclis
dağıldı. Tanışlarla, dostlarla, qardaşlarla
görüşüb küçəyə
çıxdım. Gülüstan bağının yanənda
yerləşən mənzilimə sarı addımladım.
Ulduzlarla dolu kəhkəşana bənzəyən
Gülüstan bağı Təbrizin füsunkar guşələrindəndi.
Burda hər gülün öz rəngi, öz ətri, öz
hüsnü var idi! Bu gözəl güllərin hər biri
bir nəğmə idi! Lətafətli, təravətli,
şeiriyyətli nəğmə! Ancaq hələlik bu nəğmədə
yanıqlı hicran notları var idi. Güllərin büllurlaşan
göz yaşları da bu yanğını söndürə
bilmirdi. Artıq mənzilimə çatmışdım. Fəqət
yenə də qulaqlarıma sarı simlərin ürəklərə
od salan səsi gəlirdi...
Davamı növbəti
sayımızda...
Yeni Azərbaycan.-2024.-
27 fevral, ¹37.- S.7.