Bakıda
Müqəddəs Məryəm
Ana kilsəsinin açılışından 16 il ötür
Azərbaycanda heç
bir zaman dinlərarası
problem yaşanmayıb. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar
təşkil edən ölkəmiz tarix boyu digər din və mədəniyyətlərə
dözümlü münasibətilə
seçilib. Bu yanaşma xalqımızın
təbiətindən, insanpərvərliyindən
və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də
qorunub saxlanılır.
Respublikamızda sinaqoq
və kilsələr məscidlərlə yanaşı
fəaliyyət göstərir,
insanlar dini ayinlərini sərbəst
yerinə yetirə bilirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda 16 kilsə və 7 sinaqoq var. Kilsələrdən
5-i pravoslav (Bakıda
3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü
pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından
2-si Bakıda, 2-si Oğuzda,
3-ü Quba rayonunun Qırmızı qəsəbəsində
yerləşir.
Uzun illər ərzində Azərbaycanda
dini mənsubiyyətindən
asılı olaraq yüzlərlə tarixi və dini abidə
bərpa edilib və ya yenidən
tikilib. Azərbaycan ilk səmavi dinlərin - yəhudilik və xristianlığın
qədim zamanlardan yayıldığı bir
məkandır. Ona görə də tarix boyu xalqların
və dinlərin vətəni olan ölkəmizin hər yerində kilsə və sinaqoqlara, məscidlərə və
atəşpərəstlik məbədlərinə
rast gəlmək olar.
Yeri gəlmişkən,
bu gün Müqəddəs Məryəm
Ana katolik kilsəsinin açılış
mərasiminin baş tutmasından 16 il ötür. Bu kilsə Azərbaycan ərazisində fəaliyyət
göstərən yeganə
katolik kilsəsidir.
2002-ci ildə Roma Papası
II İohann Pavelin Azərbaycana səfərindən
sonra 2003-cü ildə
Müqəddəs Məryəm
kilsəsinin tikilməsinə
başlanılmışdı. Tikinti 2007-ci ilin fevralında yekunlaşdı.
7 mart 2008-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin və Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenintin iştirakı ilə açılışı baş
tutdu.
Qeyd edək ki, kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və
Bakı şəhərinin
keçmiş baş
memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. Müqəddəs Məryəmin yeni heykəli isə azərbaycanlı heykəltəraş
Hüseyn Axverdiyev tərəfindən hazırlanmışdır.
Müasir
üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan binada
istilik, havalandırma, yanğınsöndürmə sistemləri
quraşdırılıb. Tikintini Vatikan Dövləti maliyyələşdirmişdi. Binanın
girişində kilsənin
təməlinin qoyulduğu
tarix, memarların və inşaatçı
şirkətin adları
yazılmış lövhə
vurulub. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
7 mart, №44.- S.8.