Azərbaycan cazının memarı...
Vaqif Mustafazadənin doğum günüdür
O, muğamın klassik
Amerikan caz musiqisi ilə sintezini yaradaraq yeni caz fikrinin
təsisçisi sayılır.
Təsadüfi deyil ki, onu Azərbaycan
Muğam Caz Hərəkatının memarı
da adlandırırlar.
Azərbaycanın caz sənətindən söz
düşəndə ilk
növbədə Vaqif
Mustafazadə yada düşür. Musiqiyə
hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə
baxırdı.
Bu gün Əməkdar incəsənət xadiminin
anadan olmasından 84
il ötür. Vaqif Mustafazadə
1940-cı il martın 16-da Bakıda,
İçərişəhərdə dünyaya göz açıb. O, lap erkən
yaşlarından musiqiyə
bağlanmışdı. Bunun səbəbini özü belə etiraf edirdi: “Anam, dəniz və İçərişəhər...”.
Atası Əziz
hərbçi olsa da,
musiqiyə son dərəcə
bağlı bir insan idi, gözəl
tar çalırdı. Dahi Üzeyir Hacıbəyli məktəbinin
yetirməsi olan anası Zivər xanım isə gözəl pianoçu olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Kiçik Vaqifin musiqiyə sonsuz həvəsini hər kəsdən öncə ilk Zivər xanım duymuşdu.
Bu haqda Zivər xanım xatirələrində
yazırdı: “Hələ
Vaqifin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun
“Vaqif” poemasından bir
parça oxudum. Üstündən bir qədər keçməmiş
balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki,
Vaqif böyüyəndə qeyri-adi bir insan
olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması
mənim ümidlərimi
doğrultdu”.
Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış
edirdi. O, əsasən
klassik caz, bluz və oynaq
mahnılar ifa edirdi. 1964-cü ildən
“Orero” ansamblına, “Qafqaz”
caz üçlüyünə,
“Leyli” və “Sevil” qadın
vokal instrumental və
“Muğam” instrumental ansambllarına
rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və
festivallarının (“Tallin-66”, “Tbilisi-78”,
Monte-Karlo) laureatı olub.
Vaqif Mustafazadə yaradıcılıq
yolunu ilk dəfə Tiflisdən salır və 1965-ci ildə Gürcüstan Dövlət
Filarmoniyasında “Qafqaz”
triosunu yaradır. Son dərəcə çətin,
məsuliyyətli bir dövrdə fəaliyət
göstərən bu qrupdan ayrıldıqdan sonra Vaqif Mustafazadə
“Opera” ansamblına dəvət
alır. Məhz bu ansablda gələcək
həyat yoldaşı
Elza Banzeladze ilə tanış olur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə
yeni festival keçirilir. Bu festivalın şərtlərinə
görə əsərin
müəllifi, ifaçısı
və ölkəsi gizli saxlanılmalıdır.
Festival başa çatdıqdan
sonra 100-lərlə naməlum
ad içərisindən
bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə.
Monako caz festivalından vətənə
“Ağ royal” mükafatı
ilə qayıdır və növbəti konsertlərindən birinə
hazırlaşır. Ancaq
bədxahlar onun bu istəyini gerçəkləşməyə qoymur. Nəticədə V.Mustafazadə bu konserti reallaşdırmaq
üçün Daşkəndə
yola düşür. Lakin
burada da uğursuzluqla
üzləşir. Vaqif Mustafazadə
Daşkənd konsertində
səhnəyə son dərəcə
əsəbi, incimiş,
haqsızlıqlardan boğaza
yığılmış vəziyyətdə
çıxır.
Piano arxasına keçir və ifa etməyə
başlayır. Getdikcə
şiddətlənən ağrılarına
baxmayaraq... Ancaq Mustafazadəyə konsertin
son akkordlarını vurmaq
nəsib olmur. Dünyanın heyrətlə
izlədiyi və bəstələrinə vurğunluqla
qulaq asdığı
Vaqif Mustafazadə heç
kimin gözləmədiyi
anda hamını tərk edir. Daşkənd qastrolu onun üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da çıxışı
zamanı royal arxasında
infarkt keçirdi. Onu
xəstəxanaya çatdırsalar
da, xilas etmək mümkün olmadı.
Vaqif Mustafazadə əsl sənətkar ömrü
yaşamışdı, çətin
və maneələrlə
dolu. O, həqiqətən
də caz dünyasının ən
sadiq və bənzərsiz simalarından
idi. Sənətkar
1979-cu il, dekabrın 16-da Daşkənddə
qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub. Vaqif Mustafazadəyə
1979-cu ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti fəxri adı verilir. 1982-ci ildə isə ölümündən sonra
Azərbaycan Dövlət
Mükafatına layiq görülüb.
Yeni Azərbaycan
$g 2024.- 16 mart, ¹50.- S.8.
Yeganə BAYRAMOVA