Nəriman Nərimanovun vəfatından
99 il ötür
Postsovet ölkələrində
kütləvi şüurun
dəyişməsi nəticəsində
tarix elmi sovet stereotiplərindən,
ideoloji ehkamlarından
azad olundu. Bununla da milli
dövlətçilik ideologiyası
zənginləşdi. Vətən
tarixini yenidən nəzərdən keçirmək,
ondan ibrət dərsləri çıxarmaq
arzusu ölkəmizdə
milli tarixşünaslığın
üstün istiqamətlərindən
biri oldu. Bu baxımdan Azərbaycanın 20-ci əsr
tarixi xüsusi mərhələ təşkil
edir.
20-ci əsrin 20-ci illərində
Azərbaycanda bir-birini
əvəz edən iki respublika - Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdı. Vaxtilə
Rusiya imperiyasına qarşı mübarizənin
inqilabi-demokratik qanadını
təmsil edən bu respublikaların siyasi liderləri Azərbaycan müstəqillik
əldə etdikdən
sonra əks siyasi düşərgələrə
keçdilər. Ölkənin
inkişaf yolları ilə bağlı onlar arasında olan fikir ayrılığı
vətənpərvərlik hissindən, öz xalqını çiçəklənmə
və firavanlıq yolu ilə aparmaq
arzusundan qaynaqlanırdı.
Belə simalar arasında Nəriman Nərimanov
xüsusi yer tutur. Onun adı
Azərbaycanın ictimai
fikir və mədəniyyət tarixində
mühüm yerə malikdir. O, bir tərəfdən ədəbiyyat
tariximizdə görkəmli
nasir, böyük dramaturq, digər tərəfdən də fəal milli ziyalı və publisist kimi tanındı. Stalin diktaturası və şəxsiyyətinə pərəstiş
dövründə partiya
və dövlət quruculuğu məsələlərində
rəsmi siyasətə
fərqli mövqedən
çıxış edənlərə
sovet tarixşünaslığı
da rejimin diqtəsi ilə “əks-inqilabçı”,
“millətçi”, “xalq
düşməni” və
s. damğalar vururdu. Elə olurdu ki, Kommunist partiyasında və sosialist hərəkatında görkəmli
rol oynamış bəzi tanınmış
sovet dövlət xadimlərinin də fəaliyyəti şübhə
altına alınırdı.
Azərbaycanın belə
görkəmli ictimai və dövlət xadimlərindən biri də Sovet Azərbaycanı
hökumətinin ilk rəhbəri,
ölümündən bir
müddət sonra “millətçi” sayılaraq
unudulmuş, sonradan
1950-ci illərin ikinci
yarısında - “Xruşşov
mülayimləşməsi” dövründə bəraət
almış, demək
olar ki, Stalin repressiyalarının
qurbanı kimi tariximizə qaytarılmış
Nəriman Nərimanov idi.
Məlumdur ki, bir xalqın oyanışının
əsas mənbəyi
mətbuatdır. Bu mənada
Nərimanov milləti
oyanışa da səsləyirdi.
“Hümmət” qəzetinin
baş redaktoru kimi onun maarifçi,
oyanış rəhbəri
kimi atdığı addımlar danılmazdır.
Heç kim də bunu danmır.
Yalnız sovet hakimiyyətindən başqa.
Həmin dövrdə
- sovet hakimiyyətinin
müəyyən illərində,
Nərimanovun adı siyasi xadim kimi
yasaq olunmuşdu.
Təsadüfi deyil ki,
ölümündən sonra
da ermənilər tərəfindən
N.Nərimanova qarşı böhtan kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə
imkan vermirdilər. Nəhayət, Azərbaycana
rəhbərlik edən
Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman
Nərimanovun 100 illiyinin
təntənəli şəkildə
keçirilməsinə nail oldu.
Heydər Əliyev görkəmli ictimai-siyasi xadim və yazıçının
fəaliyyətini yüksək
qiymətləndirərək deyirdi: “Nəriman Nərimanovun
əməkçi kütlələri
maarifləndirmək əzmi,
insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön
cərgəsinə çıxartdı.
...Nəriman Nərimanov öz
dövrünün, yaşadığı
mühitin çərçivəsində
böyümüş görkəmli
simadır, böyük
siyasi xadimdir”.
Qeyd edək
ki, bu gün Nəriman
Nərimanovun vəfatından
99 il ötür. O, 19 mart 1925-ci ildə vaxtsız, müəmmalı şəraitdə
Moskvada hökumət nümayəndələri ilə
görüşdən bir
neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. N.Nərimanov ölümünə bir az qalmış oğlu Nəcəfə yazıb: “Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən
səni elə tərbiyə etməyə
çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər
mənə ölüm
qismət olsa, onda mən səndən
xahiş edəcəyəm
ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Yeganə
BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
19 mart, ¹51.- S.7.