Cəfər Cabbarlının doğum günüdür...

 

 

Otuz beş illik qısa ömürdə yaşananlar, görülən işlər saysız-hesabsız məqalələrə, kitablara sığmazmış. XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan Cəfər Cabbarlı haqda danışarkən ilk olaraq bunu düşünür insan. Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının yaradıcılığı əsasən, Xalq Cümhuriyyəti dövrünün, sonradan isə sovet dövrü ədəbiyyatşünaslığının elmi düşüncəsinin diqqət mərkəzində olmuşdu. Cəfər Cabbarlı istedadı ilə ədəbi-mədəni mühitə gətirdiyi yeniliklərlə çox gənc yaşlarından diqqəti cəlb etmişdi. Elə o vaxtlardan haqqında dəyərli fikirlər söylənilməyə yazılmağa başlanılmışdı.

...Bu gün görkəmli dramaturqun anadan olmasından 125 il ötür. O, 1899-cu il martın 20-də Bakının 110 km- yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdu. Cəmisi 35 il ömür sürsə , böyük bir yaradıcı irsi xalqına miras qoya bildi...

 

Yaradıcılığına həsr olunmuş ilk yazı...

 

Onun yaradıcılığından bəhs edən birinci yazı 107 il bundan qabaq işıq üzü gördü. Həmin vaxtlar Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Cəfər CabbarlınınƏdirnə fəthipyesi tamaşaya qoyulmuşdu. “Tamaşaçıimzası iləAçıq sözqəzetinin 1917-ci il 18 dekabr taixli sayında dərc edilən resenziyada da “Ədirnə fəthi”ndən bəhs olundu. Müəllifinin görkəmli tənqidçi Seyid Hüseyn olduğu güman edilən yazıda əsərin doğurduğu təəssüratlar diqqət çəkirdi. Müəllif dekabrın 15-i, cümə günü sənət məktəbinin tələbələrindən biri - Cabbarlının yeni yazmış olduğuƏdirnə fəthiadlı pyesinin Aktyorlar İttifaqı tərəfindən birinci dəfə tamaşaya qoyulduğunu yazırdı: “...Bu pyes o qədər şirin, o qədər ruh qabardacaq bir üslub ilə yazılmışdır ki, doğrudan da, bu vəqtə qədər səhnəmiz şirinlik ruh yüksəkliyi cəhətindən böylə bir əsər görməmişdir”.

O zaman çox gənc olmasına baxmayaraq, C.Cabbarlı artıq “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Ulduz” pyeslərini yazmışdı. “Ədirnə fəthi”ndən sonra da ədəbi-mədəni mühitdə maraqla qarşılanan neçə-neçə dram əsərinin müəllifi oldu. Bu pyeslər xalqımızın teatr epopeyasının formalaşmasında mühüm rol oynadı.

Dramaturgiya yaradıcılığında xüsusi yer tutsa da, Cəfər Cabbarlı istedadı yalnız bir sahədə məhdudlaşmadı. Onun yaradıcılıq yolu zəngin və məhsuldar oldu. Gözəl şair olan Cəfər Cabbarlı həm lirik, həm də satirik şerlərin müəllifidir.

 

Azərbaycan sovet dramaturgiyasının banisi

 

Sovet hakimiyyəti onun cümhuriyyət dövründə və sonralar göstərdiyi ictimai-siyasi fəallığı unutmadı. Buna görə təqiblərə məruz qaldı, iki dəfə həbs edildi. Şübhəsiz ki, 1937-ci ilin repressiya burulğanı Cəfər Cabbarlıdan da yan keçməyəcəkdi. Amma böyük millətsevər o vaxtadək yaşamadı. 1935-ci ildə vəfat edən sənətkarın ölümü ilə bağlı yazılmış dövlət nümayəndələrinin rəsmi başsağlığında ondan “Azərbaycanın sevimli yazıçısı, Zaqafqaziyanın böyük dramaturqu”, “təvazökar və sosializm quruluşu işinə sadiq adam” deyə bəhs olundu. Buna baxmayaraq, bütün yaradıcılığı, əsərləri təqdir olunmadı. Çünki onların bir çoxunda C.Cabbarlının yolunda canından keçməyə hazır olduğu ideyalar əksini tapmışdı. Sovet dövründə lazımınca tədqiq olunmasa da, bir sıra əsərləri gizlədilsə də, bəzilərinin üzərindən sükutla keçilsə də, Cəfər Cabbarlı unudulmadı. Bu, mümkün də deyildi. Ona görə ki, C.Cabbarlısız Azərbaycan teatr sənəti solğun, kasıb görünərdi. Dövrün ideologiyasına uyğun olaraq onu “Azərbaycan sovet dramaturgiyasının banisi” kimi təqdim etdilər.

Cəfər Cabbarlı haqqında geniş məzmunlu elmi-tənqidi məqalələr, həyat və yaradıcılığına həsr olunmuş memuarlar yazıldı. 1917-ci ildən başlayaraq sovet hakimiyyətinin ilk illərinədək Seyid Hüseynlə yanaşı, Abdulla Şaiq, Xəlil İbrahim, Abbas Mirzə Şərifzadə, Hacıbaba Nəzərli, Böyükağa Talıblı, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyev və dövrünün digər tanınmış ziyalıları cabbarlışünaslığın yaranmasında, formalaşmasında fəal iştirak etdilər.

 

Müstəqillik illərində Cabbarlışünaslıq...

 

Ötən əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Həmin illərdən başlayaraq əksər sahələr kimi, ədəbiyyatşünaslıqda da canlanma müşahidə olundu. Cabbarlışünaslığa sanballı töhfələr olan əsərlər yazıldı, sənətkarın həyat və yaradıcılıq yolu araşdırıldı. Ədəbiyyatşünas alimlərimizdən professorlar Timuçin Əfəndiyev “C.Cabbarlı və romantik dramları” (1999), Elçin “Cəfər Cabbarlı. Şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələr” (2000), “Şəxsiyyət və istedad” (2000), Səlahəddin Xəlilov “Sıxılmış zaman və ya Cabbarlı fenomeni” (2000), “Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti” (fəlsəfi etüdlər) (2001), Teymur Əhmədov “Böyük sənət baharı” (2001), Alxan Bayramoğlu “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat” (2003), Asif Rüstəmov “Susmaz duyğuların səltənətində” (2002), “Cəfər Cabbarlı: həyatı və mühiti” (2009), bu günlərdə nəşr olunmuş “Cəfər Cabbarlı və cabbarlışünaslıq” kitabları bu qəbildəndir. Hər zaman müasirliyini, aktuallığını saxlayan ədəbi-bədii nümunələr bütün dövrlərdə ədəbiyyatşünaslığın diqqətini cəlb edir. Azərbaycan ədəbiyyatında öz dəstxətti olan Cəfər Cabbarlının zəngin bədii irsi də bu cəhətləri ilə həmişə ədəbiyyatşünaslar, tədqiqatçılar üçün maraqlı olaraq qalacaq və tədqiq ediləcək...

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 20 mart, ¹52.- S.8.