Çarlz Dikkensin “Oliver Tvistin
macəraları” romanı
haqqında
Ədəbiyyatın gücünü ölçən
cihaz olsaydı, o, dünya romançılığına
təsiri baxımından
tək-tək qələm
adamından geri qalardı. Zahirən sosial macəralar ustasına, uşaqlar üçün əyləncəli
kitablar yazan müəllifə bənzəsə
də, Dikkens adı Hüqo, Dostoyevski, Tolstoy kimi söz peyğəmbərləriylə
yanaşı çəkilən,
sonuncu ikisinin sənətlə bağlı
təsəvvürünün yaranmasında böyük
rol oynamış, çox güclü dini duyumu olan,
dini ruhlu kitablar yazmış mistik yazıçıdır.
Onun şöhrəti
ingilis ədəbiyyatında
Şekspirin, Bayronun şöhrətiylə yanaşı
durur. Üstəlik, Dikkens o xoşbəxt müəlliflərdəndir ki,
onu uşaq da, böyük də, qanan da, qanmayan da
həvəslə, sevə-sevə
oxuyub. Ona görə keçmiş
zamanda danışıram
ki, o həvəsdən,
sevgidən indiyə nəsə qalıb-qalmadığına
dair bilgim, məlumatım yoxdur. Şəxsən mən uşaqlığımdan bu
mömin qocaya (hərçənd elə
də qoca deyil, vur-tut əlli səkkiz yaşı var) qəlbimdə bir doğmalıq, simsarlıq
hiss eləmişəm,
elə bilmişəm
saqqalından nur yağan bu ingilis
doğmaca babamdır.
Dikkensin kitabları
sayca çox, sanbalca ağır, həcmcə də iridir. “Oliver Tvistin macəraları” ona gənc yaşlarında
böyük ad-san qazandırmış, iyirmi beş yaşında müəllifini
İngiltərənin ən
şöhrətli adamlarından
birinə çevirmiş
“Pikvik klubunun qeydləri”ndən sonra yazıçının ikinci
romanı, ingilis ədəbiyyatında isə
baş qəhrəmanı
uşaq olan ilk romandır. Bu romanın motivləri əsasında
onlarla film çəkilib. Əsər
işıq üzü
görəndə Dikkensin
cəmi iyirmi altı yaşı vardı, məşəqqətli
uşaqlığıyla çoxdan
vidalaşmışdısa da, arada böyük
məsafə yoxuydu, uşaqlığın dadı
damağından, havası
başından hələ
getməmişdi (ömrü
boyu da belə
olasıydı). Reportyorluqdan
nasirliyə adlayan Dikkens bu keçidiylə
özünü məişət
qayğılarının əsirliyindən,
ailəsini maliyyə girdabından, atasını
borclular türməsindən
xilas eləmişdi.
***
Dikkensin romanları
nağıl, dastan estetikası üzərində
qurulub. Onun əsərlərinin sonunda
xeyir hökmən qalib gəlir, şər zəbun olur. Şillerdən tutmuş Bayrona qədər bütün qüdrətli Avropa romantiklərindən fərqli
olaraq o, qaçaq-qulduru,
oğruları, qatilləri
idealizə eləmir, onları qəhrəman donunda qələmə vermir. Dikkensin nəzərində qəhrəmanlıq
mənəvi anlayışdır,
xristianlığın ana
prinsipləri zəminində
güc qazanan, ucalan inanc aktıdır.
Bu gün bizim cəmiyyətimizdə
(elə bütün postsovet ölkələrində)
də oğruları,
narkobaronları, başkəsənləri,
cibkəsənləri qəhrəman
kimi tanıdanlar, belələrini başa çıxaranlar, türmə
qanunlarını sivil
hüquqi normalardan üstün tutanlar, onları gənclərə
nümunə göstərənlər
az deyil (elə əvvəllər də az olmayıb).
Dikkens hələ iki yüz il
əvvəl öz mömin qələmiylə
bu təmayülə qarşı çıxıb,
mənəvi təmizliyi,
əxlaqi saflığı
ən qatı zülməti yaran nur kimi, haram
götürməyən axar
su kimi təqdim
eləyib.
Yazıçının başqa müsbət qəhrəmanlarıtək mələksima
Oliver Tvist də meydana hazır ilahi keyfiyyətlərlə, xristianlıq
ideallarının təcəssümü,
sevgi, mərhəmət
timsalı, bir sözlə, əsl peyğəmbər övladı
kimi çıxır.
On yaşlı oğlan
bu keyfiyyətləri hansısa müəllimdən
dərs almaqla, hansısa müdrikə, müqəddəsə şagirdlik
eləməklə, ya
alicənab insanların
mühitində böyüməklə
qazanmayıb, bu dəyərlər ona anadangəlmə verilib. Odur ki, Dikkensin
bu əsərində
(elə başqa romanlarında da) təbəddülatlar, çarpışmalar,
didişmələr, boğuşmalar
qəhrəmanların içində
yox, çölündə,
xeyirlə şəri
təmsil eləyən
personajlar arasında baş verir. Burada yaxşı da, pis də
özünü mühakimə
eləmir, heç hansı öz əməlinə şübhəylə
yanaşmır, hər
biri özünə yox, başqasına qalib gəlməyə çalışır. Bir
daha vurğulayıram,
mübarizə insanların
qəlbində yox (Dostoyevski deyirdi ki, bizim qəlbimiz
Tanrıyla Şeytanın
savaş meydanıdır),
insanlar arasında gedir. Sonralar bu “ideoloji” metoddan
bir çoxları, o cümlədən Dostoyevski
“İdiot”, Pasternak “Doktor Jivaqo” romanında gen-bol yararlanacaq.
Dikkens qəhrəmanlarının
içiylə çölü
bir-birini tamamlayır.
Bunu romantiklərə
- şəri cazibəli,
gözəl, xarizmatik
qələmə verən
söz ustalarına protest kimi də
anlamaq olar. Onun mənfi personajları təkcə
əxlaq, mənəviyyat
sarıdan naqis deyil, görkəmcə, davranışca da eybəcərdir, fiziki baxımdan da şikəst, yaxud yarımşikəstdir. Başqa
sözlə, Dikkensin yaradıcılığında etika ilə estetika uzlaşdırılıb.
Onun əsərlərində,
məsələn, Hüqonun
Kvazimodosu kimi üzdən eybəcər,
amma içi sevgi-mərhəmətlə dolu
qəhrəmana rast gəlinməz, onda daxili gözəlliklə zahiri gözəllik bir-birini tamamlayır. Yaxşı sona qədər yaxşılığından,
pis də pisliyindən geri durmur. Axırda yaxşı aydınlığa
çıxır, pis
öz qanında boğulur.
Əlbəttə, bu
deyilənlər ehkam deyil, yazıçının
romanlarında bəlli
qaydalara tabe olmayan bəzi xırda istisnalar da tapılar.
***
Bir az əvvəl Oliver Tvist haqqında “peyğəmbər övladı”
bənzətməsini işlətdim.
Mərhum Dikkens mömin xristian kimi bəlkə də bu bənzətməni
qəbul eləməzdi,
ancaq nədənsə
həmişə mənə
elə gəlib ki, Oliver məhz
İsa peyğəmbərin
kəbindənkənar oğludur
- Maqdalı Məryəmdən
olan tək oğlu.
Əsərdəki reallıqdan
çıxış eləsək,
baş qəhrəman
ictimai normalara zidd həyat tərzi keçirən bir qadının imkanlı kişidən dünyaya gəlmiş qeyri-qanuni övladıdır.
Oğlanın atası
ölüb, ancaq yazılı vəsiyyətində
ona əməllicə
miras qoyub.
Oliver anasını
da xatırlamır, oğlu doğular-doğulmaz
qadın ömrünü
ona tapşırıb.
Uşaq məşəqqətlə
böyüyüb, möcüzə
nəticəsində sağ
qalıb. Bir tikə çörəyə
möhtac yaşıdları
kimi o da yeniyetmələrin məcburi
işə cəlb olunduğu türməyə
bənzər əmək
müəssisəsində məhbus
rejimiylə çalışır.
Burada cəmiyyətin
qaranlıq zirzəmisinə
atılmış məxluqlara
bir ananın doğduğu faktiki insan kimi yox,
zinakar valideynlərin haram münasibətindən
törəmiş ifrazat,
atılğı, günahkar
məxluq kimi baxırlar. Qəddar mühitə alışmış
yeniyetmələr özlərindən
asılı olmayan reallıqların qurbanıdırlar.
Onlara qurtuluş yoxdur, tək xilas yolu ölüm,
ya da buradakından
daha betər, daha zərərli əməklə məşğul
olmağa razılaşmaqdır.
Tabutqayırana şagird
verilməsi də Oliverin vəziyyətini yüngülləşdirmir. Boş
tabutlar arasında gecələməyi bir yana, özündən yaşlı, həm də güclü bir oğlan onu daim basqı
altında saxlayır.
Oliver bundan da ağır işə göndərilməsin
deyə hər əziyyətə qatlaşır,
di gəl, şuluq gədə ona anasının dünyadan pozğun kimi köçdüyünü
deyəndə dözməyib
cılız canıyla
qansızın üstünə
atılır. Buna görə Oliveri möhkəm cəzalandırırlar,
oğlan işgəncələrə
tab gətirməyib evdən qaçır, üzü Londona bir həftə ac-susuz yol yortur.
***
Paytaxt yaxınlığındakı
qəsəbədə Oliver
Tvist bir tay-tuşuyla tanış olur. Yeni tanışı
onun ac qarnını
doyurandan sonra Oliveri Londondakı gizli mənzilə aparır. Burada xeyli uşaq, yeniyetmə var, onlar, belə demək olarsa, cəmiyyətin sahilinə
atılmışlar, oğru
sektasının üzvləridir.
Oğrubaşı Fecin
onlara cib soymağı məşq elətdirir. Şekspirin Şeyloku, Balzakın Qobseki kimi Fecin
də yəhudidir, sələfləritək o da
daş-qaş, sərvət
hərisidir. Şekspiri,
Balzakı deyə bilmərəm, ancaq Dikkensin Fecini yəhudi qiyafəsinə bürüməsiylə bu
qədim qövmün
İsa peyğəmbərə
divan tutdurmasına işarə vurduğuna şübhəm yoxdur. Bayaqkı məntiqdən yola çıxsaq, yazıçının mesajını
belə yoza bilərik: Tanrının əziz oğlunu güdaza verdilər, indi də nəvəsinin
ruhunu satın almağa girişiblər.
Fəqət Oliverdən
oğru düzəltmək
mümkün deyil, onun pak, təmiz
ruhu kir götürmür. Dikkens balaca qəhrəmanını
çirkabdan qorumaqla öz dövründə (elə ondan da qabaq) çox
populyar olan, sosioloqların indi də keşiyində durduqları belə bir qondarma determinist
düşüncəyə qarşı çıxır
ki, guya insan yalnız içində böyüdüyü
ictimai-siyasi mühitin,
dibçəyində yetişdiyi
coğrafi-bioloji-antropoloji zəminin,
havasıyla nəfəs
aldığı dini-milli-kulturloji
atmosferin yetirməsidir,
hər bir fərd bu amillərin
şərikli məhsuludur,
heç bir individ bu faktorların
cazibəsindən qırağa
çıxa bilməz.
Bəs onda yer üzünə yenilikləri kim gətirir, böyük tarixi dəyişimlər,
siyasi-iqtisadi-mədəni çevrilişlər,
qlobal sıçrayışlar
necə baş verir, misilsiz ixtiralar, tarixə təkan verən kəşflər haradan qaynaqlanır? Şəxsiyyəti
yalnız cəmiyyət
yaratsaydı, onda bəs o cəmiyyəti kim irəli aparardı? Bəli, mən də razıyam ki, bəşəriyyətin, şərti
desək, doxsan doqquz faizi yedəkdə
gedir. Ancaq qızıl birfaizlik kəsim də var ki, həmişə
lokomotiv kimi qalan doxsan doqquzu
arxasınca çəkib
aparır. O bir faiz olmasa, tarixin
təkəri irəli
hərlənməz. Hərçənd
o təkəri geri fırlamaq istəyənlər
də yatmayıblar, hər dövrün özünə uyğun üsullarıyla gecə-gündüz
fəaliyyətdədirlər.
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
29 mart, ¹54.- S.7.