Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı haqqında
Əvvəli ötən sayımızda…
İnsan yalnız
determinist qanunlarla hərəkətə gələn
təbii mexanizm deyil, heyvandan fərqli olaraq onun azad ruhu,
azad düşüncəsi,
azad iradəsi də var. Azad
insan həyatı dəyişmək istəyəndə
çoxluq əvvəl
ona qarşı çıxır, onu daşqalaq eləyir, vurub onu atdan
salmaq istəyir. Həyatı, günü-güzəranı
dəyişəndən sonra
elə həmin çoxluq həmin azad insanı qəhrəman elan eləyir, onu müqəddəs tutur, onun səcdəsinə durur.
İnsan dəyişmir
deyirlər - doğrudur, böyük əksəriyyət dəyişmir,
ömrü boyu necə varsa, elə də qalır, ölənəcən
təbiətdən aldığını xərcləyir.
Ancaq tək-tək dəyişən, özüylə birgə
dünyanı dəyişdirənlər də var. Bəli,
özünü dəyişən, öz təbiətinə
qarşı çıxan dünyanı da dəyişir.
Öz təbiətinin yedəyində gedib dünyanı dəyişənlər
də var, ancaq buna dəyişmək demək olmaz, bu, yeni mərhələyə
adlamaq yox, keçilmiş mərhələyə
qayıtmaqdır. Proqres - həmişə yenilik
axtarışındadır, reqres - bugünün, gələcəyin
çağırışlarından qaçıb ibtidai
dövrün mağaralarına sığınmaqdır.
Oliver hələ
məcburi əməyə məhkum olunduğu günlərdə
də cızığından çıxıb azad iradəsini
ortaya qoya bilir - məsələn, nəzərdə
tutulmuş normadan artıq yemək istəməklə. Onun bu
cəsarəti düşərgə nəzarətçilərində
həm heyrət, həm aqressiya doğurur. Onlar bu presedentlə
heç cür barışa bilməzlər, bu gün Oliver
istəyirsə, sabah bütün düşərgə əlavə
pay istəyəcək. Fəqət artıq ox yaydan
çıxıb, ilk cəsarətli addım atılıb,
zamanı geri qaytarıb bunu yaddaşlardan silmək heç
vaxt mümkün olmayacaq. Qəhrəman cəzalanacaq, ancaq qəhrəmanlıq
unudulmayacaq.
Üstəlik,
Oliver Tvistin azadlıq iradəsi aqressiv deyil, bu iradə silahtək
kiməsə tuşlanmayıb; eynən İsa Məsihin
azadlıq eşqi kimi onun da azadlıq iradəsi sevgidən, mərhəmətdən,
ədalətdən mayalanıb. Bu, kimdənsə, nədənsə
azad olmaq istəyi, iradəsi deyil, bu, azadlıq duyğusunun
özünün qarşısı heç vəchlə
alınmaz istəyə, iradəyə çevrilməsidir.
***
Sevgidən,
insafdan məhrum ədalət hissinin nə qədər
yalın, quru, çılpaq olduğunu müəllif bizə
məhkəmə hakiminin timsalında göstərir. O bəlkə
də adil, dürüst, qanunpərəst hakimdir, ancaq onun ədaləti
mərhəmətdən xalidir, buna görə də humanizmdən
kənardır, qəddarlıqdan bir o qədər
seçilmir. Eynən Hüqonun Javeri kimi bu ədalət
keşikçisi də qanunun nöqtə-vergülünə,
hərfinə mübtəladır, di gəl, ruhundan xəbərsizdir.
Əvəzində məsum uşağın xilasını
xristianlığın ana ehkamlarından birinə sadiq
mömin kimi özünün başlıca vəzifəsinə
çevirən cənab Braunlounun mərhəməti həm
sevgi, həm ədalət duyğusuyla
aşıb-daşır. Belə ədalətli olmaq
üçün qanunlar məcəlləsini əzbərləmək
şərt deyil, bundan ötrü insanlıq qanunlarına
sevgi, sədaqət bəsləmək yetər.
Fecin
özünü kimsəsiz uşaqların himayədarı
kimi göstərməyə çalışsa da, onun
qayğıkeşliyi, mərhəməti saxtadır. Fəqət
şər hər zaman xeyiri yamsılamağa, onun libasına
bürünməyə məhkumdur, əks halda cəlbedici,
cazibədar görünməz. Şər gerçək sifətini
büruzə versə, hamını özündən itələyər,
əvvəl-axır tək qalar. Bu səbəbdən şər
hər zaman xeyirin şüarlarıyla, ixtiralarıyla
silahlanır. Şeytan fəhləsi heç vaxt Şeytana
işlədiyini boynuna almır, İblis özü də Allah
adından danışır - Qərbdə buna Antixrist, Şərqdə
Dəccal deyirlər. Fecin də xalis Dəccal kimi
Tanrının bazarına girir, müqəddəs elan
olunmuş nə varsa, hamısını ayaqlar altına
atır, məsum uşaqları alçaq əməllərə
alışdırır, onları dar ağacına sarı itələyir.
Bununla da özünü gözləyən dəhşətli
aqibəti tələsdirmiş, Nabokovun (eləcə də
Pasternakın) təbirincə desək, el-aləmi öz
edamına dəvət eləmiş olur.
Dərindən
götürəndə şərə mübtəla hər kəsə
acımaq, belələrinin gününə ağlamaq
lazımdır, çünki onlar, İsa Məsih demişkən,
baxa-baxa görmürlər, dinləyə-dinləyə
eşitmirlər, öz başlarına nə gətirdiklərini
bilmirlər. Məhz elə bu mülahizəylə Oliver Tvist -
saf ruhunun, su kimi yumşaq, sel kimi güclü iradəsinin sayəsində
azadlığa çıxan bu erkək mələk
edamqabağı zindanda sayıqlayan Fecinin ziyarətinə
gedir, ondan ötrü göz yaşı töküb dua eləyir.
İllər sonra İvan Karamazovun uydurduğu pritçada on
altıncı əsr Sevilyasında zühur eləyən
İsa peyğəmbər də onun adından xaçpərəstlərin
qanını sel kimi axıdan Böyük İnkvizitorun
dodaqlarından beləcə bir mərhəmətlə öpəcək...
Şeytan
nökərinin amansız, yırtıcı nökəri Bill
Sayksa gəlincə, ona heç dua-səna, quruca bir mərhəmət,
bir damla soyuq göz yaşı belə qismət olmur.
İrili-xırdalı cinayətkarlar arasında nəfəs
alsa da, qəlbindəki insanlıq, analıq-bacılıq
duyğusu hələ də közərən Nensini qəddarcasına
öldürəndə belə bu qatilin tükü ürpənmir,
Sayksın alter-eqosu olan adamcıl köpəyi onu (yəni
özü özünü) ələ verir, qaçıb
qurtarmaq üçün belinə doladığı kəndir
boğazına keçib onu boğur. Soyuqqanlı qatilin aradan
çıxmaq imkanı varkən öz ayağıyla əcəlinin
üstünə qayıdır, başqalarından qaça
bilsə də, özündən qaça bilmir.
Yazıçı bizə aydın dillə deyir ki, şərə
aludə olan kəsə özgə düşmən gərək
deyil; o özü özünün qənimi, özü
özünə dar ağacıdır.
***
Dikkensin
romanını həm detektiv, yaxud macəra romanı, həm də
sosial, yaxud tərbiyəvi roman kimi oxumaq olar. Ancaq bu
yanaşmaların hər biri yarımçıq olacaq,
çünki “Oliver Tvistin macəraları” bunların
hamısından ötə İncil ehkamlarından, xristian əxlaqından
bəhrələnən dini roman, dini-mistik ədəbiyyat
örnəyidir. Bundan sonra neçə-neçə qalın
kitab yazsa da, bir söz ustası kimi ildən-ilə püxtələşsə
də, Çarlz Dikkens ömrünün sonuna qədər nə
fəlsəfi-etik, nə də bədii-estetik prinsiplərindən
sapacaq. Onun əsərlərindəki uşaq, yeniyetmə
obrazları nüsxələnib bütün Qərb ədəbiyyatına
yayılacaq. Onun qəhrəmanları sözün sənətə
çevrildiyi bütün dillərdə danışacaqlar,
onun kitabları əsasında saysız-hesabsız filmlər
(yanılmıramsa, bu məsələdə yalnız
Şekspirdən geri qalır) çəkiləcək.
Ancaq Dikkensin
xidməti yalnız Avropa (dolayısıyla həm də
dünya) ədəbiyyatına yeni fəlsəfi-estetik
qapılar açmaqla bitmir. Onun əsərlərində əksini
tapmış sosial problemlər həm özünün
sağlığında, həm də özündən sonra
İngiltərə cəmiyyətini dönə-dönə
çalxalamış, ən yüksək səviyyələrdə
müzakirəyə çıxarılmışdı.
Kabinetində oturub öz işiylə məşğul ola-ola
o, bütün cəmiyyəti, hətta dövlət ərkanını
belə sözün yaxşı mənasında ayağına
gətirmişdi. Kraliçanın saraya dəvətindən
azı iki dəfə imtina eləmişdisə də, monarxiya
başçısı bundan inciməmişdi, özü onu
ziyarətə gəlmişdi. Onun həm də ölkəsinin
gerçəkliyinə güzgü tutan əsərlərinin
sayəsində köhnədən qalmış, yaxud da yeni
uydurulmuş neçə-neçə mürtəce,
antihumanist qanun-qayda ya ləğv olunmuş, ya da tədricən
islah olunmuşdu. Onun bilavasitə təsiriylə İngiltərədə
uşaq əməyinin istismarına məhdudiyyət
qoyulmuşdu (bu məqamda islahatçı rus çarı II
Aleksandrın İvan Turgenevin “Ovçunun qeydləri” silsiləsindən
hekayələrini oxuyandan sonra tərəddüdünə son
qoyub təhkimçilik hüququnu ləğv elədiyini
xatırlamaq da yerinə düşər).
Həqiqətən,
son bir neçə yüz illik tarixə nəzər salanda
görürsən ki, sentimental fransızlardan fərqli olaraq
praqmatik ingilislər inqilablar, çevrilişlər yoluyla yox,
təkamül yoluyla inkişafa üstünlük veriblər
(yəqin həm də ona görə ki, Robespyerin sələfi
Kromvelin tarixi fəaliyyətindən doğru nəticə
çıxarıblar). Fransa imperatoru Hüqonu vətənindən
didərgin salanda İngiltərə kraliçası Dikkensin əsərlərindən
islahat aparmağı öyrənirdi.
***
Çox təəssüf
ki, müasir dünyamızda sözün, sənətin belə
bir gücü qalmayıb. Nə bilim, bəlkə də
artıq buna ehtiyac yoxdur. İndi hətta ədəbiyyatı
bir fənn kimi məktəb proqramlarından çıxarmaq təklif
olunur. Əminəm ki, ədəbiyyatsız, incəsənətsiz
dünya ruhsuz bədən kimi duyğusuz, cansız olar. Bu
dünyanı mənəvi zəmindən məhrum praqmatik
düşüncənin, qəlbin isitmədiyi soyuq
ağılın, əxlaqa söykənməyən
qısır zəkanın ümidinə buraxmaq olduqca
xatalıdır.
Mən mənəvi-əxlaqi
imperativlərə biganə, sözə-sənətə xor
baxan müxtəlif peşə sahiblərini zaman-zaman çox
müşahidə eləmişəm (belələri hətta
dünya siyasətinin aparıcı postlarına da yol
tapıblar). Onlar bu dünyada heç bir dəyərə
inanmırlar, onlar üçün müqəddəs heç
nə yoxdur. Onlar bu fani dünyada onca gün artıq
yaşamaq naminə - inanmadıqları bəşəri dəyərlər
bir yana qalsın - vətənlərini, millətlərini
gözüyumulu qurban verərlər.
İndi ədəbiyyat
fənninə qənim kəsilmiş praqmatik robotlar nə demək
istəyirlər: sözlə, sənətlə bəslənmiş
insan adamlar yeni bir qlobal fəlakətin astanasına
sürüklənən dünyamızı beləmi gələcəyə
təhvil verib getsinlər?..
F.Uğurlu
Yeni Azərbaycan.-2024.-
30 mart, ¹55.- S.7.