30 il sonra…
Vətəndaşlar
azad olunmuş rayonlarda səs verəcəklər!
Məlum olduğu
kimi, bu il fevral ayının
7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Birmənalı
şəkildə deyə
bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq
ən qürurverici seçkisi kimi tarixə düşəcək.
Fevral seçkilərinin
ən şərəfli
və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin
salınan azərbaycanlıların
bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə
deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında,
Şuşada, Füzulidə,
Cəbrayılda və
azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bundan böyük qürur və sevinc hiss ola
bilməz…
26 seçki məntəqəsi
yaradılıb…
Bəllidir ki, fevralın 7-nə təyin
olunan növbədənkənar
prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində
keçiriləcək. Mərkəzi
Seçki Komissiyasının
(MSK) məlumatına görə,
bunun üçün
işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki
məntəqəsi yaradılıb.
MSK-dan bildirilib ki, azad olunmuş
ərazilərdə məskunlaşan
vətəndaşlar da
rahatlıqla səsə
verə bilərlər:
“Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi
üçün bütün
seçki məntəqələri
lazımi texniki vasitə və metodiki vəsaitlərlə,
yanğın təhlükəsizliyi,
fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini
sərbəst şəkildə
etmələri üçün
səsvermə kabinələri
quraşdırılıb, məntəqələrə
seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici
siyahıları və
məlumat lövhələri
asılıb. Seçki
məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar
və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər
üçün yerlər
müəyyənləşdirilib. Seçki məntəqələrinin
ərazisində seçkiqabağı
təşviqatın aparılması
və təşviqat materiallarının lövhələrdə
yerləşdirilməsi üçün
müvafiq yerlər müəyyənləşdirilib”.
Vətəndaşlar üçün hər cür şərait yaradılıb…
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Ərazi-təşkilat məsələləri
şöbəsinin müdirinin
müavini Niyaz Əliyev bildirib ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində
ilk dəfə olaraq keçiriləcək
prezident seçkilərinin
azad, demokratik və şəffaf şəkildə təşkili
üçün şəhər
və rayonlarda böyük hazırlıq
işləri aparılır:
“Artıq 6319 seçki
məntəqəsi seçkilərə
tam hazırlıq vəziyyətinə gətirilib.
Min seçki məntəqəsinə vebkameraların
quraşdırılması təmin edilib.
Azad olunmuş ərazilərdə 26 seçki
məntəqəsi təşkil
edilib. Bu seçki məntəqələrində
22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri
həmin ərazilərə
daimi yaşamaq üçün köçənlərdir.
18 min nəfərdən
çoxu isə tikinti-quruculuq işlərində
çalışan vətəndaşlardır.
MSK nümayəndələri ilə bir yerdə
seçki məntəqələrinin
monitorinqini keçiririk.
Bütün seçki
məntəqələrinin maddi-texniki təchizat məsələləri öz
həllini tapıb. Seçki məntəqələri
etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının
bütün ölkə
ərazisində olduğu
kimi, işğaldan azad olunmuş ərazilərdə də
rahat səs verməsi üçün
hər cür şərait yaradılıb”.
Qalib vətəndaşların
səsi…
Mövzu barədə
“Yeni Azərbaycan”a
danışan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun rəhbəri
Rauf Zeyni bildirib ki, Azərbaycan
xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və
suverenliyi tam bərpa edilən şəkildə seçkidə
iştirak edəcək:
“Müstəqil Azərbaycanın
tarixində ilk dəfə olaraq seçkilər bütün
ölkə ərazisində
keçiriləcək. Bu
seçkilər ərazi
bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə
vətəndaşı kimi
seçkilərdə iştirak
edəcək. Prezident
seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın
bütün ərazilərində,
kənd və şəhərlərində keçiriləcək.
Əminliklə deyə
bilərik ki,
2024-cü il fevral seçkiləri hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda - Xankəndi, Şuşa, Laçın,
Kəlbəcər, Xocalı,
Cəbrayıl, Zəngilan
və s torpaqlarda Azərbaycan bayrağı
dalğalanır. Xalqımız
Prezident İlham Əliyevin rəhbərliyi
altında bu sınaqdan da uğurla çıxacaq”.
Bu məntəqələrdə
seçicilər az olmayacaq…
R.Zeyni qeyd
edib ki, azad olunmuş ərazilərdə yeni məntəqələrin
yaradılması mühüm amildir: “Bəziləri deyə
bilər ki, o ərazilərdə hələ məskunlaşma
istənilən səviyyədə deyil, az sayda insan məskunlaşıb.
Amma yaddan çıxarmaq lazım deyil ki, keçmiş
məcburi köçkünlərin
geri qayıtması və məskunlaşması
davam edir, azad olunmuş ərazilərdə çox
geniş quruculuq işləri gedir. Yəni, Azərbaycanın
digər ərazisində
qeydiyyatda olan vətəndaşlar həmin
ərazilərdə işləyirlər.
Ona görə də seçki günü onların işlərini dayandırıb
qeydiyyata olduqları məntəqəyə gəlmələrinə
ehtiyac yoxdur, onlar məhz işlədikləri yerlərdə
yaradılan yeni məntəqlərdə səs
verəcəklər. Bu
mənada yeni yaradılan məntəqələrdə
seçicilərin sayının
heç də az olmayacağı qənaətinə gəlmək
olar”.
Yeganə
BAYRAMOVA
Yeni Azərbaycan.-2024.-
17 yanvar, ¹8.- S.8.